Heydər Əliyev və
ölkədə qadın siyasəti
Azərbaycanda qadın hərəkatının qədimdən çox zəngin tarixi, müqəddəs ənənələri var və hər bir Azərbaycan qadını üçün bunlar önəmlidir. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Azərbaycanda qadın hərəkatının inkişaf etməsində və genişlənməsində ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri və rolu olub. “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin formalaşmasında müstəsna rol oynamışdır” — deyən ulu öndərin ardıcıl fəaliyyəti və dəstəyi nəticəsində ölkədə qadın hərəkatı güclənmiş, onun həyatın bütün sahələrində özünü təsdiqləməsinə lazımi şərait yaradılmış, ən bacarıqlı qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək vətənimizin inkişafına öz töhfələrini vermişlər. 1993-cü ildə ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sabitlik şəraitində qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Heydər Əliyevin imzaladığı “Azərbaycan qadınlarının rolunun artırılması” haqqında 14 yanvar 1998-ci il tarixli sərəncamı və “Azərbaycan Respublikası dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanı kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə qadınların dövlət idarəçiliyinin müxtəlif səviyyələrində təmsil olunmasının təmin edilməsi, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması məqsədlərinə xidmət edən önəmli addımlardır. 1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə respublikamızda qadın hərəkatının müxtəlif təbəqələrində təmsil olunan qadınlardan ibarət Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Tarixən Azərbaycan cəmiyyətində ağbirçəklərin, anaların xüsusi hörmətə və nüfuza malik olmasını nəzərə alaraq 1995-ci ildə böyük öndərin tövsiyəsilə YAP-ın tərkibində qadın şuraları yaradıldı ki, bu da bizim milli mentalitetimizə uyğun bir hadisə, qədim mənəvi dəyərlərdən cəmiyyətimizi sağlamlaşdırmaq və möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü idi. YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Elə buna görə də min illər boyu mənəvi dəyərləri qoruyub saxlamış Azərbaycan qadını gələcək taleyini inandığı, etimad bəslədiyi bu siyasi qüvvəyə etibar etmişdir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partiyanın mübariz bir dəstəsidir. Rayonumuzun timsalında da bunu aydın görürük. Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının 70 ilk partiya təşkilatından 19 ilk partiya təşkilatına qadınlar rəhbərlik edir. Bütün sahələrdə, xüsusilə təhsil, səhiyyə, mədəniyyət sahəsində daha çox üstünlük təşkil edən qadınlarımız üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, ölkəmizdə gedən demokratik proseslərin möhkəmlənməsinə, iqtisadi inkişafın yüksəlməsinə, gənclərimizin vətənpərvərlik tərbiyəsində öz töhfələrini verirlər. Rayonda təhsil sistemində işləyən 4800 nəfərdən 3554 nəfəri qadındır. 67 ümumtəhsil məktəbindən 36-na qadınlar rəhbərlik edirlər. Mədəniyyət sahəsində 479, səhiyyədə 1389 nəfər qadın çalışır. Qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına da diqqət yetirilir. Sahibkarlıq xidmətilə məşğul olan qadınların sayı 537 nəfərə çatmışdır. Bu gün biz fəxrlə qeyd etməliyik ki, ümummilli liderin siyasi kursu çox etibarlı bir əldədir.
Yeni dövrün, yeni əsrin lideri kimi ölkənn demokratik qüvvələrini öz ətrafında toplayan Möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qadınların xüsusi çəkisinin yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirir, Azərbaycan qadınları üçün daha geniş üfüqlər açılır, respublikamızda qadın hərəkatı durmadan inkişaf edir. Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərirlər. Çünki ölkəmizin birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə qadın hərəkatını nəinki canlandırdı, onun tarixində yeni bir mərhələ açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə qadın hərəkatının forma və metodları müasirləşdi. Onun humanist və mədəni layihələri onlarca ölkələr tərəfindən dəstəklənir. Xalqın gələcəyi, balalarımızın xoşbəxt sabahı üçün yeni məktəblər tikməkdən, onlara cəmiyyətin ümumi qayğısını təşkil etməkdən səmərəli heç nə ola bilməz.
Mərd və mübariz Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk on illiyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradır. Çünki bu gün onların yaşadığı ölkədə qadınlar üçün idarə etmək, özünü sübuta yetirmək imkanı yaranmışdır. Zaqatala qadınları ulu öndərimiz Heydər Əliyevin yaratdığı və onun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanın vətəndaşı olmaqla fəxr edirlər.
Vəfa
SÜLEYMANOVA,
Zaqatala Rayon İcra Hakimiyyəti
başçısının müavini,
YAP rayon təşkilatı qadınlar
şurasının sədri.
Respublika.-2014.-6
may.-S.7.