Sahib ƏLƏKBƏROV: “Tour
d’Azerbaidjan” veloyürüşü möhtəşəm bir
idman yarışı olmaqla bərabər, həm də
ölkəmizin beynəlxalq arenada tanıdılmasına xidmət
edən mühüm bir tədbirdir
7-11 may tarixlərində ölkəmiz daha bir nüfuzlu beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan” beynəlxalq veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov velotura hazırlıq işlərinin gedişi, eləcə də Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsi ilə bağlı müsahibə vermişdir.
– Sahib müəllim, “Tour d’Azerbaidjan” veloyürüşünün keçirilməsi artıq bir ənənə halını almaqdadır. Yarışın başlanmasına cəmi bir neçə gün qalır. Hazırlıq işləri necə gedir?
– Həqiqətən də, Azərbaycanda belə bir veloyürüşün keçirilməsi artıq ənənə halını almışdır. İki il əvvəl biz 23 yaşınadək gənclər arasında ilk veloyürüşü, bir il sonra isə kontinental komandalar arasında beynəlxalq “Tour d’Azerbaidjan” yarışını təşkil etdik. Hər iki yarışın təşkili Beynəlxalq Velosipedçilər İttifaqını qane etdiyindən, o bu il bizim təklifimizi qəbul edərək “Tour d’Azerbaidjan” veloyürüşünün səviyyəsini artırmış və ona 2.1 kateqoriyası vermişdir. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək builki turda yalnız kontinental və milli komandalar deyil, həm də peşəkar kontinental komandalar iştirak edə biləcəklər. Azərbaycana gəlişi təsdiqlənmiş, bütün qitələri və 22 ölkəni təmsil edən 25 komandadan 8-i - “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) məhz pro-kontinental lisenziyalıdır.
Hazırda dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-nin bizim turda iştirakı öz-özlüyündə bir müsbət göstəricidir.
Hazırda turun Təşkilat Komitəsi tərəfindən marşrutlar boyunca yolların və onların ətrafının yürüş üçün hazırlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, komandaların və çoxsaylı texniki heyətin hazırlığı və fəaliyyəti üçün şəraitin yaradılması, turun işıqlandırılması məqsədilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmaq üzrədir.
– “Tour d’Azerbaidjan” veloyürüşünün marşrutları ötənilkindən fərqlənirmi?
– Beş marşrutdan üçü, demək olar ki, keçənilki kimidir. Dəyişikliklər isə birinci və sonuncu mərhələlərlə bağlıdır. Bu il birinci mərhələ Dövlət Bayrağı Meydanından start götürərək Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşacaq. Sonuncu, beşinci mərhələdə velosipedçilər Azadlıq meydanından start götürərək Zığ şosesi, Qala yolu, Şüvəlan, Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Nardarana qədər gedərək geriyə dönəcək və aeroport yolundan keçməklə, Heydər Əliyev prospekti ilə yenə Azadlıq meydanına qayıdacaq, daha sonra Neftçilər prospekti tərəfdən İçərişəhərə daxil olaraq paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vuraraq Hökumət Evinin qarşısında finiş xəttini keçəcəklər. Turun 2, 3 və 4-cü mərhələlərinin marşrutları, demək olar ki, əvvəlki kimi qalmışdır. Beləliklə, yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin ahəngi ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, Azərbaycan tarixinin canlı nümunəsi olan qədim İçərişəhərlə, eləcə də Böyük Qafqaz dağları ilə, öz füsunkar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonları ilə tanış olacaqlar.
Velosiped idmanı digər idman növlərindən bununla fərqlənir ki, digər yarışlar əsasən bir qapalı məkanda keçirildiyi halda, bu yarışlar yüzlərlə kilometr məsafəni əhatə etməklə düzənlik, dağlıq ərazilərdə və müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması üçün, onun görməli, turistlər üçün maraqlı olan yerlərinin bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Bu baxımdan, yarışın çox zəngin mədəni və tarixi irsə və gözəl təbiətə malik bölgələrimizdən keçməsi, həm velosipedçilərin öz güclərini sınaması, həm də bu yarışın izləyiciləri olacaq milyonlarla xarici ölkə vətəndaşı üçün ölkəmizin tanıdılmasına xidmət edir.
Onu da qeyd etmək istərdim ki, 2015-ci ilin Avropa Oyunlarında iştirak edəcək velosipedçilərin də “Tour d’Azerbaidjan”ın son, Bakı mərhələsinin marşrutunun Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılaşdırılmış şəhərdaxili hissəsi ilə hərəkət edəcəkləri nəzərdə tutulduğundan, builki yarış həm də Avropa Oyunlarına hazırlıq xarakteri daşıyacaqdır.
– Azərbaycanı bu yarışda “Synergy Baku” komandası təmsil edəcək. Komandamız haqqında Sizin fikirlərinizi bilmək maraqlı olardı. Yeni yaradılmış komandanın nəticələrindən razısınızmı?
– “Synergy Baku” çox gənc bir kontinental komandadır. 2013-cü il
komanda üçün debüt ili olsa da, onun üzvləri
ötən il iştirak etdikləri UCI təqviminə daxil
edilmiş yarışlarda 15 dəfə podiuma çıxa və
Azərbaycanı ləyaqətlə təmsil edə
bilmişlər. Komandanın tərkibində bu il trek üzrə
dünya çempionu olmuş avstraliyalı Lük Deyvison,
öz ölkələrinin çempionları titulunu
qazanmış irlandiyalı Metyu Bremiye, Konnor Makkonvey və azərbaycanlı
Elçin Əsədov kimi güclü velosipedçilər
var. Komandaya rəhbərlik edən peşəkar menecer və
məşqçilər onun dinamik inkişaf planını
hazırlayıb həyata keçirirlər.
Mən
inanıram ki, hər ay bir neçə beynəlxalq
yarışda iştirak edən “Synergy Baku” bu dəfə daha
güclü rəqib olan pro-kontinental komandalarla mübarizə
aparsalar da, yenə də əvvəlki kimi ölkəmizi
layiqincə təmsil edəcəklər. Biz
komandamızın azərbaycanlı üzvlərindən
Elçin Əsədov, Samir Cəbrayılov, Tural İsgəndərov
kimi perspektivli velosipedçilərə böyük ümidlər
bəsləyirik.
– Sahib müəllim, “Tour d’Azerbaidjan” Avropa turu hesab
olunsa da, əslində, dünyanın bütün qitələrindən
olan komandaların qatıldığı bir dünya
yarışıdır. Belə səviyyəli
velosiped idmanı yarışlarının mühüm bir
xüsusiyyəti də onların geniş
işıqlandırılması, dünya televiziya
kanallarının diqqətini yarışa cəlb etməkdir.
Bu istiqamətdə hansı işlər
görülür?
– Siz
çox mühüm bir məsələyə toxundunuz. Əvvəl də qeyd etdiyim kimi, bu səviyyəli
velosiped yarışları yüz minlərlə
tamaşaçı toplayan, milyonlarla idman həvəskarlarının
televiziya vasitəsilə izlədiyi möhtəşəm bir
idman hadisəsi olmaqla bərabər, həm də onun
keçirildiyi ölkənin bütün dünyaya
tanıdılması və təbliği üçün
gözəl bir imkandır. Biz də bu
imkandan yetərincə yararlanmaq üçün
yarışın həm yerli, həm də beynəlxalq
televiziya kanallarında və sosial şəbəkələrdə
geniş yayılmasına çalışırıq.
Aprel
ayının 14-dən başlayaraq hər gün bir neçə
dəfə bizim hazırladığımız musiqili reklam
videoçarxı “Eurosport İnternational” və “Eurosport-2”
kanallarında bütün dünyaya yayımlanır və bu
yarışın sonunadək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə həmin videoçarx aprelin 25-dən etibarən
“Euronews” televiziya kanalı vasitəsilə də
yayımlanır. “Eurosport” televiziya
kanalı ilə əldə olunmuş razılığa əsasən,
yarışın hər mərhələsindən sonra
velosiped həvəskarları gərgin mübarizənin 26 dəqiqəlik
geniş icmalını bu kanal vasitəsilə izləyə
biləcəklər. Beşinci mərhələnin son 1,5 saatı isə həm “Eurosport”, həm də
“İdman Azərbaycan” televiziya kanalları ilə canlı
olaraq yayımlanacaqdır. Bundan başqa, xarici
ölkələrdən gəlmiş çoxsaylı idman
jurnalistləri də turu geniş işıqlandıracaq, eləcə
də turun rəsmi www.tourdeazerbaidjan.com saytı yarışa
informasiya dəstəyi verəcəkdir.
– Velosiped
yarışı ilə əlaqədar Bakı şəhərində
yenə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqmı?
–
Yarışın 5-ci mərhələsində və qismən
də 1-ci mərhələsində Bakı şəhərində,
eləcə də veloturun marşrutunun keçdiyi istiqamətlərdəki
yollarda nəqliyyatın hərəkəti müvəqqəti
olaraq məhdudlaşdırılacaq və ya
dayandırılacaqdır. Bu, dünyanın hər
yerində belədir.
Məsələn,
Fransada yüz ildir ki, keçirilən “Tour de France”
yarışları zamanı Parisin mərkəzi və onun əsas
yollarından biri olan “Yelisey çölləri”, əlli ildir
ki, keçirilən “Tour of Turkey” zamanı İstanbulda şəhərin
mərkəzi, Topkapı Sarayının ətrafı və
İstanbulun Asiya ilə Avropa hissəsini bir-birinə
bağlayan və əsas hərəkət qovşağı
olan körpü belə bağlanır. Bu il
5 yarış günündən 3-ü, yəni mayın 9-u,
10-u və 11-i iş günü olmadığından, bu məhdudiyyətlər
nəqliyyatın hərəkətinə elə bir ciddi problem
yaratmamalıdır. Ümumiyyətlə, hər il yarışın son - Bakı mərhələsi
isə paytaxt sakinlərinin rahatlığına ciddi xələl
gətirməmək məqsədilə həftənin bazar
günləri keçirilir. Saat 14.00-a qədər
yarış başa çatır və bütün yollar
açılır. May ayının 11-də
həmin vaxta kimi əhalidən xahiş olunur ki, alternativ
yollardan istifadə etsinlər. Əhalinin əvvəlcədən
məlumatlandırılması məqsədilə nəqliyyatın
hərəkətinin məhdudlaşdırılacağı ərazilərdəki
binaların girişlərində yerləşdirilməsi
üçün xüsusi plakatlar çap edilərək
müvafiq icra hakimiyyətlərinə paylanmışdır.
Bu barədə yarış ərəfəsində
polis orqanlarının nümayəndələri də KİV
vasitəsilə sürücülərə lazımi xəbərdarlıq
edirlər.
– Sahib müəllim, istər “Tour d’Azerbaidjan” velosiped
yürüşünün keçirilməsi, istərsə də
son illər həvəskar velosipedçilər
üçün yaradılan şərait bu idman növünə
ictimai marağı artırmışdır. Azərbaycanda
velosiped idmanının inkişafı üçün
hazırda daha hansı işlər görülür?
– Əgər
iki il əvvəl küçələrimizdə
və yollarda çox nadir hallarda velosipedçi görmək
olardısa, artıq Azərbaycanda velosipedsürənlərin
sayının artdığını hər birimiz
müşahidə edirik. Onu da nəzərə
almaq lazımdır ki, velosiped təkcə idman aləti deyil.
O, həm də insanların sağlamlığına xidmət
edən, hamının böyük maraq göstərdiyi,
ekoloji cəhətdən təmiz bir nəqliyyat vasitəsidir.
Azərbaycanda velosiped idmanına bugünkü kimi diqqət
heç vaxt göstərilməmişdir. Ölkə
başçısı cənab İlham Əliyevin velosiped hərəkatının
inkişafı ilə bağlı tövsiyələrinə
uyğun olaraq, ölkəmizdə geniş və kompleks tədbirlər
proqramı reallaşdırılır. Artıq
İsmayıllıda müasir velosiped zavodunun tikintisinə
start verilmişdir və bu zavodun gələn il
öz məhsullarını satışa
çıxaracağı planlaşdırılır.
Dənizkənarı Milli Parkda yaradılmış
velosiped yolları artıq böyük populyarlıq
qazanmışdır. Burada hər gün müxtəlif
yaşlı insanlar səhərdən axşama qədər
velosiped sürürlər. Bu yaxınlarda
Gəncə şəhərində müasir velosiped kirayə
məntəqələri, habelə uzunluğu 20 km-ə
çatan velosiped yolları istifadəyə verilib. Belə
yollar Şəmkir və digər rayonlarda da
salınmışdır və bu proses davam edir.
Bakının Səbail rayonunda Şıx çimərliyi
ilə üzbəüz dağlıq ərazidə yaradılmış
velopark velosiped həvəskarları arasında böyük
marağa səbəb olmuşdur. Veloparkda həm peşəkar
velosiped yarışlarının, həm də təlim və
məşqlərin keçirilməsi, habelə Bakı sakinlərinə
burada müxtəlif idman növləri, yaxud ailəvi aktiv
istirahətlə məşğul olmaq üçün
gözəl imkan vardır. Burada dağ
velosiped idmanının (mountain bike) inkişafı
üçün də xüsusi yollar çəkilmişdir.
Hazırda bu ərazidə 2015-ci ildə
keçiriləcək Avropa Oyunlarının idman obyektlərindən
biri olan BMX stadionun inşası davam etdirilir.
20 Yanvar metrosu yaxınlığındakı köhnə
velotrekin yenidən qurulması işləri də
yekunlaşmaq üzrədir və bir neçə aydan sonra o,
velosipedçilərimizin istifadəsinə veriləcəkdir.
Velosiped
idmanının populyarlaşdırılması
üçün hər il bölgələrdə
müxtəlif yarışlar, o cümlədən velosiped
idmanı üzrə Azərbaycan çempionatları təşkil
olunur. Yeni klublar və məktəblər
yaradılır, istedadlı gənc velosipedçilərə
təqaüdlər ayrılır, maddi-texniki bazasının
gücləndirilməsi üçün lazımi addımlar
atılır. Uşaqların və gənclərin velosiped
idmanına marağını artırmaq üçün
ayrıca tədbirlər həyata keçirilir. Məsələn,
gənclərin kompyuter oyunlarına marağını nəzərə
alaraq, həmçinin onların diqqətini “Tour d’Azerbaidjan”
veloturuna cəlb etmək məqsədilə veloturun elektron
oyun versiyası hazırlanaraq internetdə yerləşdirilmişdir.
ümidvarıq ki, görülən işlər velosiped
idmanının daha da inkişaf etdirilməsinə və
kütləviləşdirilməsinə, əhali, xüsusilə
də gənclərimız arasında bu idman növünə
marağın artmasına təkan verəcəkdir. Velosiped idmanının inkişafı isə, öz
növbəsində, dövrümüzün ciddi bir bəlasına
çevrilməkdə olan ürək-damar xəstəliklərinin
azalmasına, habelə vaxtının çoxunu kompyuterlərin
və ya televiziya ekranlarının qarşısında
keçirən gənclərimizin müəyyən bir
müddətə bu məşğuliyyətdən uzaqlaşaraq
təmiz havada, təbiət qoynunda aktiv istirahətlə məşğul
olmalarına və sağlam həyat tərzinə
üstünlük vermələrinə də müsbət təsir
göstərə bilərdi.
Fürsətdən istifadə edərək, mən
hamını bu möhtəşəm idman bayramına
tamaşa etməyə və “Synergy Baku” komandasını dəstəkləməyə
dəvət edirəm.
Respublika.-2014.- 6 may.-S.10.