“Naxçıvan — qədim mədəniyyət
diyarı” adlı elmi konfrans
Bu günlərdə Suraxanı
rayonu Heydər Əliyev Mərkəzində
“Naxçıvan qədim
mədəniyyət diyarı”
adlı elmi konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının
90 illik yubileyinə həsr olunmuş konfransı Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti birgə təşkil etmişdir.
Əvvəlcə konfrans iştirakçıları
Azərbaycan xalqının
ümummilli lideri, ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında
ucalan abidəsini ziyarət etmiş, önünə əklil və tər güllər qoymuş, sonra Heydər Əliyev Mərkəzi ilə tanış
olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, 2009-cu il
may ayının 4-də fəaliyyətə
başlayan Suraxanı
rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə
çevrilmişdir. Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik
fəaliyyətinin müxtəlif
dövrlərini əks
etdirən materiallar, fotoşəkillər və
eksponatlar nümayiş
etdirilir. Mərkəzdə
müxtəlif mərkəzi
icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri,
elmi institutlar ilə birgə 2009-cu ildən bəri 130-dən
yuxarı tədbir
keçirilmişdir.
Mərkəzlə tanışlıqdan sonra Elektron lektoriya zalında konfrans Naxçıvan Muxtar Respublikasının sürətli
sosial-iqtisadi inkişafından
bəhs edən videoçarxın nümayişi
ilə başlamışdır. Diqqətə
çatdırılmışdır ki, bu konfrans
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin “Naxçıvan
Muxtar Respublikasının
90 illik yubileyinin keçirilməsi haqqında”
2014-cü il 14 yanvar tarixli sərəncamına əsasən
keçirilən tədbirlərdən
biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəyli konfransda “Nuh çıxandan — Naxçıvana: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış
etmişdir. Akademik İsa Həbibbəyli
muxtar respublikanın tarixi, mədəniyyəti
haqqında ətraflı
məlumat vermişdir.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanovun “Naxçıvanın
folkloru haqqında”, Azərbaycan Milli Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Naxçıvanın
ədəbi mühiti
haqqında”, Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun şöbə
müdiri, tarix üzrə fəlsəfə
doktoru Səfər Aşurovun “Naxçıvanın
tarixi haqqında” məruzələri dinlənilmişdir.
Bakı
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Fidumə Hüseynova, Naxçıvan
Muxtar Respublikasının
Bakı şəhərindəki
daimi nümayəndəliyinin
rəhbəri Bəxtiyar
Əsgərov, Suraxanı
Rayon İcra Hakimiyyətinin
başçısı İlqar
Abbasov çıxış
edərək muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafı,
həyata keçirilən
böyük quruculuq işləri barədə
məlumat vermişlər.
Xüsusi vurğulanmışdır ki, muxtar respublikanın
əhalisi müstəqil
Azərbaycan Respublikasının
qurulması və möhkəmləndirilməsi, ölkədə
demokratik dəyərlərin
bərqərar olması
kimi amallara qovuşmaq üçün
ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə
qayıtması uğrunda
mübarizənin ön
sıralarında getmişdir.
Sonda konfrans iştirakçıları ulu
öndər Heydər
Əliyevin muxtar respublika ilə bağlı fəaliyyətini
əks etdirən fotoslayda baxmışlar.
Rauf İLYASOĞLU,
Respublika.-2014.-6 may.-S11.