MƏHƏBBƏTƏ MƏHƏBBƏTLƏ

 

Azərbaycan oxucusunu yaxşı şeirlə heyrətləndirmək çox çətindir—onun zövqü minilliklərin möhtəşəm milli poeziyası ilə cilalanıb. Ona görə də İradə Əlilinin “Mənim sevgi dünyam” adlı toplusuna nəzər salanda, tanış mövzunun səmimilik təravətini, hissə sədaqət ruhunu, sevdalı xarakterini dəqiq duymaq olur.

Kitab mövzu baxımdan klassik poeziyamızın həmişəyaşar ruhuna çox doğmadır. Formaca tamam fərqlidir ondan, yaxşı olan nəyi varsa ancaq bu günə—müasirliyə  bağlıdır.  Ona görə də içindəki şeirlərə təkbətək səviyyələri ilə deyil, onların hamısına toplu halında dəyər verilməsi daha doğruobyektiv olardı. Kitab həvəslə oxunur, səhifələri tez-tez aşırırsan ki, təzə, isti, doğma bir sevgiyə qovuşmağa gecikməyəsən.

Şeirlərin ümumi ruhunda gizli bir giley hiss olunur. Amma bu giley daşlaşmayıb, kövrəkdir, ən xəfif səmimiyyətin qarşısında tab gətirə bilməyəcək dərəcədə məsumdur. Lirik qəhrəman məhəbbətdən acıqlı, sərt, şikayətçi, tələbkardır, buna baxmayaraq səmimidir, öz hissinə hörmət edən həsrətlə vüsal gözləyən birimizdir. Müəllifin özünəməxsusluğu məhz bu biçimin içində qərarlaşıb—o, sanki özü-özünə şeir yazıb, təəssüfünü, qəzəbini bildirir, küsür, barışır, sonda yenə məhəbbətin gücünə pənah aparır. Bu cür realizə olunmaq İradə Əlili sevgisinin müxtəliflikdən yaranan vəhdətini poetik sözə xidmətə istiqamətləndirə bilir. Şair İlyas Tapdığın kitaba ön sözündə oxuyuruq: “...İradə xanımın, doğrudan da, sevgidən kənar mövzusu yoxdur. Bunların hamısı onun üçün Vətən sevgisi, Ana sevgisi, çağlayan su sevgisi, quşların cəh-cəhi ilə birləşir, bəlkə bütün bunlar İradə xanım haqqında ritorik sözlər kimi anlaşılsın, əslində belə deyil... Bircə arzusu var: Dünya sevgi ilə yatıb, sevgi ilə oyansın”.

Həqiqətən , İradə Əlili səmimi duyğular şairidir. Onda ictimai mövzunu poeziyaya gətirmək həvəsi niyyəti qəti yoxdur. Müəllifin belə bir demokratizmi heç nədən çəkinmədən etiraf etmək bacarığına söykənir. Bunu yazmaq olar, bunu isə belə yazmaq olmazsüni qadağası yoxdur onda. Ola bilsin, bu cəhət onun bir qism oxucunu itirməsinə səbəb olur, amma bütövlükdə qazancı sevən könülləri qovuşdurmaq məmnunluğudur.

Ümumiyyətlə, hər misrasından məhəbbət daman kitabdakı misra-motivlər həm tanış gəlir, həm doğma, buna görə onları müqayisəyə düzüb fərqləndirmək yaradıcılıq üçün meyar deyil. Bu fikrin məntiqinə görə kitabı bütövlükdə, birnəfəsə mütaliə etmək məsləhətdir.

Yeri gəlmişkən, bir məsələyə toxunaq: “Mənim sevgi dünyamkitabı  yaxşı mahnı sözlərikimi öz bəstəkarını gözləyən toplu kimi diqqətəlayiqdir.

Qadın məntiqiİradə Əlilinin şeirlərində çox güclüdür. Bugünkü rahatsız dünyadaBir sakit dünya istəyirəm mən; Orda çiçəklərin savaşı olsun”, yaxudBöyük qəbahətim, ən böyük səhvim; Sənə ürək verdim, ürəksiz qaldımtipli arzu-ittihamlara kitabda sıx-sıx rast gəlinir.

Müəllifin daxili dialoq—zamanla, Vətənlə, dostla, uşaqla-böyüklə, sevgili ilə—forması ilə süjetli şeir, lirik-psixoloji tablo yaratmaq meyli   maraqlıdır: “Evimin bəzəyi olan şəklinə; Baxıb səndən sənə umub-küsmüşəm”.

Bu tipli fikirlər onun hətta nisgilli şeirlərinin içində isti ovqatdan işartı verir, oxucuda təsəlli yaradır, sevdaya inamını çoxaldır: “Özümdə səni mən, özüm bilmişəm; Könlüm bu sevdadan yaman gileyli!”.

Sevirəm Vətənim Azərbaycanı; Onun hər guşəsi könül bağımdır”—bu kolorit müəllifin Sevgi dünyasını daha da şaxələndirir, hər həyat anını, hər kiçicik maddiliyi məhəbbətləşdirir.

Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı bayatılar, uşaq şeirləri daxildir. Sevgi lövhələrini sözə çəkən mənsur mənzum şeirlər isə kitabdakı qafiyəli şeirlərin başqa biçimdə davamını xatırladır. Bu, ovqatın tədricənsərinləşdiyideyil, poetik fikrin ifadə sərbəstliyindən yaranan nikbin yaradıcılıq üsulu kimi diqqət çəkir. müəllifin vaxtsa nəsrə keçə biləcək bir nasir qığılcımına da sahib olduğu gizlinini açır.

Kitabda istifadə olunan şəkillər məzmunludur, hər biri şeirlərə qovuşaraq lirikliyi artırır.

İradə Əlilinin şeir dünysı Plotonik məhəbbət uzaqlığı üzərində qurulub. Onun təsəvvür etdiyi GÖZƏLLİK yaxındadır, amma problem ona sahib çıxa bilənin yoxluğundadır. Ona görə İradə Əlilinin sevda üsyanı, bax bu poeziya ideologiyası uğrundadır.

Müəllifin şeir yazmaq texnikası sadədir, bəzən hətta qafiyə, üslub, poetik ritm pozuntularına da rast gəlinir. Lakin bunlar ötəridir, fikrimizcə, peşəkar nəşriyyat redaktoru gələcəkdə bunları asanlıqla islah edə bilər.

...Axı təkcə məhəbbət şeirlərilə həyata əlavə demək olar? “Mənim sevgi dünyam”ın cavabı belə bir ritorik sualı çox asanlıqla miskinləşdirir:

Sevməyi bacaran qadın—gözəldir!

Sevməyi bacaran kişi—pis ola bilməz!

 

Elçin VƏLƏDOĞLU,

Respublika.-2014.-6 may.-S.12.