HEYDƏR
ƏLİYEV VƏ AZƏRBAYCAN TİBB ELMİ, TİBB
TƏHSİLİ SİSTEMİ
Azərbaycan tibb elmi və tibb təhsili sistemi qədim tarixə, şərəfli bugünə, işıqlı gələcəyə malik bir sistemdir. Bu sistemin indiyəqədərki inkişafının ən mühüm mərhələsi birbaşa ümummilli liderimiz dahi Heydər Əliyevin adı ilə bağlıdır. 35 ilə yaxın bir müddətdə ulu öndərin himayədarlığı ilə inkişaf edib şöhrətlənən Azərbaycan tibb elmi və tibb təhsili sistemi son 11 ildə ümummilli liderimizin sədaqətli davamçısı, dünya şöhrətli siyasətçi cənab Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində yeni ugurlara doğru inamla irəliləyir.
Əsası 1919-cu ildə qoyulmuş müasir tibb elmi və tibb təhsili sistemi, 1930-cu ilə qədər — 11 il müddətində Bakı Universitetinin tibb fakültəsində ilk addımlarını atmışdır. Lakin təəssüflər olsun ki, bu illərdə milli kadrların hazırlığına az diqqət yetirilirdi və demək olar ki, bu sahədə elə bir ciddi inkişaf hiss olunmurdu. Tibb təhsilinin tədrisi yalnız rus dilində aparılırdı ki, bu da azərbaycanlı gənclərin böyük əksəriyyətinin bu təhsildən kənarda qalmasına səbəb olurdu. 1930-cu ilin may ayının 9-da BDU-nun tibb fakültəsi bazasında sərbəst Azərbaycan Dövlət Tibb İnstitutu yaradılarkən bu ali tibb təhsili ocağına azərbaycanlı alimlər rəhbərlik etməyə başladılar və bundan sonra milli kadrların kütləvi hazırlığına, qismən də olsa, münasib şərait yarandı.
Yeni yaradılmış ali məktəbdə dərslərin rus dili ilə yanaşı, Azərbaycan dilində də tədris olunması Azərbaycanın uzaq rayonlarından gəlmiş gənrclərin bu ali tibb təhsili müəssisəsinə qəbulu üçün zəmin yaratmışdı. Lakin Azərbaycan dilində dərsliklərin olmaması onları yenə də böyük çətinliklərlə üzləşdirirdi. Həmin dövrdə belə çətinliklərlə yanaşı, maddi-texniki baza çətinlikləri də ortaya çıxmışdı. Keçən əsrin 30-cu illərinin əvvəllərində instituta rəhbərlik professor Əziz Əliyevə tapşırıldıqdan sonra bu çətinliklərin aradan qaldırılmasının təməli qoyuldu və bir sıra islahatların həyata keçirilməsinə başlanıldı. Əziz Əliyevin rektorluğu dövründə Azərbaycanın görkəmli alimlərindən M.Mirqasımov, M.Topçubaşov, K.Balakişiyev, Ü.Musabəyli, C.Hüseynov, Ə.Həsənov, İ.İsmayılzadə və digər alimlər səfərbər edildi və qısa müddətdə Azərbaycan dilində müxtəlif fənlər üzrə dərsliklər və dərs vəsaitləri yazılıb tələbələrin istifadəsinə verildi. Əziz Əliyevin nəzarəti altında milli kadr hazırlığına da daim diqqət yetirilirdi. Belə ki, keçən əsrin 30-cu illərinin əvvəllərində Əziz Əliyevin səyi
nəticəsində tibb elmini inkişaf etdirmək məqsədilə ATİ-də ilk dəfə təşkil edilmiş aspirantura şöbəsində 17 nəfər təhsil alırdısa, həmin illərin sonunda onların sayı 42 nəfərə çatdırılmışdı, onlardan da 27 nəfəri azərbaycanlı kadr olmuşdur.
1930-cu ildə ATİ-də çalışan 24 professordan cəmi 1 nəfəri azərbaycanlı olduğu halda, 1940-cı ildə 40 professordan 20 nəfərini azərbaycanlı alimlər-milli kadrlar təşkil edirdi.
1941-1945-ci illər müharibəsi tibb təhsilinin tədrisinə və tibb elminin inkişafına öz ləngidici təsirini göstərsə də, tibb alimləri həmin dövrdə böyük fədakarlıq göstərərək üzləşdikləri ağır vəziyyətdən çıxmağa çalışırdılar. Müharibədən sonrakı illərdəki bərpa dövründə tibb təhsilinin tədrisində edilən dəyişikliklər müəyyən qədər öz bəhrəsini verməyə başladı. Lakin bütün bunlar Azərbaycan tibb elminin, tibb təhsilinin daha geniş miqyasda inkişafına zəmin yarada bilmirdi.
Ölkədə, eyni zamanda onun tibb elmi və tibb təhsili sahəsində yaranan çətinliklərin aradan qaldırılmasının həyata keçirilməsinə qayğı göstərməyi bacaran güclü, qüdrətli bir dövlət başçısının olmasına kəskin ehtiyac yaranmışdı. Nəhayət, 1969-cu il Azərbaycanın bütün sahələrində olduğu kimi səhiyyə sahəsində də əsaslı dönüş ilinə çevrildi. Həmin ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bütün sahələri, o cümlədən tibb elmi və tibb təhsili sistemini həm kəmiyyət, həm də keyfiyyət cəhətcə əsaslı surətdə kökündən dəyişdirdi. Bu dəyişikliklər tibb sahəsində özünü daha qabarıq şəkildə nəzərə çarpdırırdı. Həkimlərə, bütün səhiyyə işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşan ümummilli lider ilk növbədə tibb elminin və tibb təhsilinin maddi-texniki bazasının gücləndirilməsini ön plana çəkirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə bir-birinin ardınca yeni xəstəxana və poliklinikaların, yeni tibb müəssisələrinin, Elmi-Tədqiqat İnstitutlarının, müalicə-diaqnostika mərkəzlərinin yaradılması Azərbaycanda səhiyyənin, o cümlədən tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Bir vaxtlar Əziz Əliyevin etmək istədiyi, lakin müəyyən iqtisadi-texnoloji səbəblər üzündən tibb elmi və tibb təhsili üçün edə bilmədiyi işlər ulu öndər Heydər Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilirdi. Ümummilli liderimizin səyi və təşəbbüsü ilə ölkəmizdə həmin dövrdə bir sıra beynəlxalq konfranslar keçirildi, Azərbaycan tibb elminin beynəlxalq aləmə inteqrasiyasına geniş imkanlar yarandı. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Bu vaxta qədər Azərbaycanın səhiyyə işçilərinin, tibb alimləri ordusunun arzusunda olduqları, lakin qayğısızlıq üzündən yerinə yetirə bilmədikləri işlər dahi Heydər Əliyev tərəfindən əsaslı surətdə yerinə yetirilir, uğurla həyata keçirilirdi.
XX əsrin 70-ci illərinin əvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi, genişmiqyaslı, həmahəng inkişafın yenilməz bir bünövrənin qurulması, yaranması, təşəkkül tapması demək idi. Ulu öndər Heydər Əliyev gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. Ulu öndər “Gənclər bizim gələcəyimizdir”— dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. O, bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus kağızdır. Hər bir ölkədəki cəmiyyətin səviyyəsini müəyyənləşdirən gənclərdir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”. Hər bir ölkənin istər intellektual, istər mədəni, istər elmi, istər siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta onların görünməyən tərəflərini belə aydın görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai-siyasi baxışlarının itiliyinə diqqət yetirərək, onların bu istiqamətdə inkişafına geniş şərait yaradırdı. Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycanın müstəqillik əldə edəcəyini sanki əvvəlcədən görürdü və onun möhkəm dayaqlarını yaradırdı. Bununla o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq, vətənpərvərlik duyğularımızın saflığına, ucalığına, səmimiliyinə çalışırdı. Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələbatların bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. Ölkəmizin hər yerində, hər sahəsində olduğu kimi səkkiz minə yaxın tələbə-gənci, dinləyicisi, rezidenti, doktorantı, elmi-tədqiqatçısı olan Azərbaycan Tibb Universitetində də bu təməl indi son dərəcə möhkəm və əzəmətli görünür. Bu təməl öz möhkəmliyini, öz əzəmətini gələcəkdə daha da artıracaq, Azərbaycanın başını daim ucalara qaldıracaq, ona ləyaqətlə xidmət edəcəkdir.
Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən müqəddəs ideyaların ən möhtəşəm uğurlarından biri də ondan ibarət oldu ki, o, Azərbaycana, xalqımıza, millətimizə İlham Əliyev kimi gənc, eyni zamanda qüdrətli və şöhrətli Prezidenti bəxş etdi. Böyük məmnunluqla təkrar-təkrar, dönə-dönə qeyd etmək lazımdır ki, ulu öndərin xalqımız tərəfindən daim bəyənilən və dəstəklənən iqtisadi siyasi kursu hazırda ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev siyasətinin davamlığı bəşəri bir davamlıqdır və bu davamlıq xalqımızın bəşəri duyğularının millilik və dünyəvilik, fərdilik və bəşərilik harmoniyasının sarsılmaz rəmzi ifadəsinə çevrilmişdir.
Heydər Əliyevin qayğısı ilə əvvəllər keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində, dövlət müstəqilliyimizin bərpasından sonra isə dünyanın bir sıra ali məktəblərində təhsil alan gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu xoşniyyətli təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin həyatında da özünü aydın göstərir. Bu ali tibb təhsili ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə demək olar ki, ulu öndərin fədakarlıqla yerinə yetirdiyi cahanşümul işlərin sayəsində Azərbaycanda tibbin, bütövlükdə səhiyyənin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz məktəblərini yarada biliblər. Tibb sahəsində qısa müddətdə beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi sahəsində bu cür fundamental məktəblər yaranıbsa, demək Heydər Əliyev ideyaları bu gün də yüksək səviyyədə həyata keçirilir, sabah da belə olacaqdır.
İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricdə çalışmaları Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun təşkilatlanaraq möhkəmlənməsinə zəmin yaradan ən dəyərli insan faktorlu, intellekt meyarlı vasitələrdəndir.
Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb. Ümummilli liderimiz XX əsrin 70-80-ci illərində Azərbaycanın tibb təhsili sistemində ölçüyəgəlməz islahatlar aparmış və ozamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında yenidən tanınmağa, öz sözünü deməyə başlamışdır.
XX əsrin 70-ci illərində tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır. Ulu öndər hər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun da maddi-texniki bazalarının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı. Bir-birinin ardınca çoxsaylı yeni tədris binaları, səhiyyə müəssisələri tikilib xalqın istifadəsinə verilmişdi. 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində artıq Azərbaycanın tibb ixtisaslı alimlərinin beynəlxalq əlaqələri xeyli genişlənməyə başlamışdı. 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmişdir və o, bu münasibətlə institutun əməkdaşlarının bir qrupunu fəxri adlara layiq görmüşdür. Akademik Mustafa bəy Topçubaşovun və bir neçə səhiyyə işçisinin keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan “Sosialist Əməyi Qəhrəmanı” ordeninə layiq görülmələri ulu öndərin səyi nəticəsində mümkün olmuşdur. Belə görkəmli alimlərin, bacarıqlı həkimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elminin tanıdılması demək idi.
Ümümmilli liderimiz Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin çıxış yollarını peşəkarcasına göstərirdi.
Ulu öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən bu məqama toxunaraq demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərinin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
O, vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N. Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ Səhiyyə İdarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək, onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N. Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında xoş sözlər deməkdə bir qədər xəsislik edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə sözün həqiqi mənasında böyük təəssürat oyatmışdı. Akademik N.N. Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram.
Akademik N.N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru olmuş akademik N.N.Trapeznikov Azərbaycan Rekspublikası müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıda olmuşdur və hər dəfə ulu öndərimiz onu qəbul etmiş, onunla səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər keçirmiş, müzakirələr aparmışdı. Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssislərlə də sıx əlaqə saxlayır, onların diqqətini Azərbaycana cəlb edir, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafına yeni töhfələr verirdi.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi ölkəmizin səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül yaranmışdı. İllərlə ulu öndər tərəfindən çətinliklə yaradılanlar, baxımsızlıq üzündən asanlıqla dağıdılırdı. Xoşbəxtlikdən bu uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını ala bildi. Ümummilli liderimiz Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sisteminin də xilaskarına çevrildi. Səhiyyə sistemini yenidən canlandırmaq üçün Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə böyük ehtiyac yaranmışdı. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. 1994-cü il mayın 14-də imzalanan atəşkəs rejimi və həmin ilin sentyabr ayının 20-də imzalanan böyük neft müqaviləsi “Əsrin müqaviləsi” kimi tarixə düşdü. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı. Bu, dərhal ölkəmizin bütün digər sahələrində olduğu kimi səhiyyənin, tibb elmi və tibb təhsili sistemi sahələrinin tərəqqisində də özünü
büruzə verdi. Tezliklə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri genişləndi və ölkəmizin bu ali tibb ocağı 1996-cı ildə Londonda çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil edildi. O, vaxtlar MDB ölkələrindən yalnız Rusiya Federasiyası və Ukraynanın bir neçə ali məktəbi bu şərəfə nail olmuşdu. Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində Azərbaycan Tibb Universitetinin tədris bazalarının çatışmaması dərslərin gedişinə mənfi təsir göstərirdi. Bundan xəbər tutan ulu öndər bünövrəsi SSRİ dövründə onun tərəfindən qoyulmuş tədris binasının tikintisinin bərpa olunması üçün vəsait ayırdı və onu öz nəzarətində saxladı. 1998-ci ilin sentyabr ayının 28-də Azərbaycanın müstəqilliyi dövründə ATU nun 11 mərtəbəli yeni tədris binasının açılışında şəxsən iştirak edən ulu öndər Heydər Əliyev Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə, Tibb Universiteti tələbələrinə sanki qol-qanad verdi. Ulu öndər binanın açılışında çıxış edərək dedi: “Tibb Universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir”.
Əksər nəzəri kafedralar, ATU-nun kitabxanası, informatika mərkəzi, hərbi kafedra, internet mərkəzi yeni tədris binasında yerləşdirildi. Bu, XX əsrin sonu, XXI əsrin başlanğıcı ərəfəsində ATU-da çalışan və təhsil alan müəllimlərə, həkimlərə, tələbələrə verilən ən böyük hədiyyə idi.
Ulu öndər 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gəldi və burada 500 yerlik unikal akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70-illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, ATU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri, respublikanın tibb ictimaiyyətinin nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələri və sakinləri ümummilli lider Heydər Əliyevi hərarətli, sürəkli alqışlarla, məhəbbət dolu səmimiyyətlə, tər çiçəklərlə qarşıladılar. Yenicə istifadəyə verilmiş unikal akt zalının tribunasından birinci olaraq ulu öndər Heydər Əliyevin tarixi nitqi səsləndi. O, Azərbaycan Tibb Universitetinin fəaliyyətini yüksək qiymətləndirərək dedi: “...Tibb Universiteti Azərbaycanın başqa ali təhsil müəssisələri ilə müqayisədə xüsusi yer tutur. Mən başqa ali təhsil müəssisələrinin — universitetin, institutun fəaliyyətini, yaxud cəmiyyət üçün əhəmiyyətini bununla azaltmaq istəmirəm.
Azərbaycanda
tibbi ali təhsil Tibb Universitetində cəmlənibdir.
Ötən 70 ildə burada çox iş
görülübdü, tibb sahəsində böyük alimlər
hazırlanıblar. Ən əsası odur ki, bizim universitetimiz
təşkil olunaraq, həm özü üçün
yüksək səviyyəli müəllim, professor kadrları,
həm də səhiyyə üçün ali
təhsilli çoxlu kadr hazırlayıbdır. Biz bunları çox yüksək qiymətləndirməliyik.
Azərbaycan Prezidenti kimi mən bunu xüsusi
qeyd etmək istəyirəm”. Ümümmilli
liderin nitqi bizim üçün proqram sənədinə
çevrildi və biz gələcək planlarımızı
dahi Heydər Əliyev ideyalarının müddəaları əsasında
qurduq. Azərbaycan Tibb Universitetinin
professor-müəllim heyətinin nümayəndələri
elmi və pedaqoji fəaliyyətlərində əldə
etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq
qurumlara üzv seçildilər.
Ulu öndərin göstərişi ilə 2000-ci ildə
ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən
hərbi tibb fakültəsi yaradıldı. Onun ATU-ya
göstərdiyi dövlət qayğısı sayəsində
Azərbaycan Tibb Universiteti Qaradənizhövzəsiətrafı
Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq
Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü seçildi.
Ümummilli liderimiz Heydər Əliyevin
qayğısı sayəsində 2002-ci ildə Azərbaycan
Tibb Universiteti nəzdində onun tarixində ilk klinika olan
Stomatoloji Klinika təşkil edildi və bununla da ATUnun öz
klinikalarının yaradılmasının möhkəm
bünövrəsi qoyuldu.
Dahi Heydər Əliyevin qurduğu bünövrəyə
söykənərək ATU öz müzəffər
yürüşünü hazırda da müvəffəqiyyətlə
davam etdirir. Çünki Azərbaycana rəhbərlik edən cənab
İlham Əliyev ulu öndərin yolunun uğurlu davamına
yeni çalarlar gətirərək onu gündən-günə
genişləndirir, bütün zamanların dayağına,
istinad nöqtəsinə çevirir. Təkcə onu demək
kifayətdir ki, 2006-cı ildə ATU-nun Onkoloji
Klinikasının təşkilinə başlanıldı və
bu proses 2007-ci ilin iyun ayında başa
çatdırıldı. 2007-ci ilin avqust
ayında isə biz cənab İlham Əliyevə müraciət
edərək terapevtik kafedraların qarşısında yaranan
problemin həlli üçün kömək istəmişdik.
Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalan cənab
Prezident bizim xahişimizi bir an belə ləngitmədən ona
adekvat cavab verdi. Qısa bir
müddətdə o, həmin ilin sentyabr ayının 11-də
ATU-nun terapevtik klinikasının yaradılması və
tikintisinə başlanılması haqqında sərəncam
imzaladı. Bu tikintiyə sərf olunacaq vəsaitin ilin əvvəlində
büdcədə nəzərdə tutulmamasına baxmayaraq, cənab
İlham Əliyev Prezidentin Ehtiyat Fondundan tikinti
üçün vəsait ayırlmasını da həmin sərəncama
saldı və 2007-ci il sentyabrın 18-də
tikintinin təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində cənab İlham
Əliyevlə birlikdə Azərbaycanın birinci
xanımı Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi.
2010-cu il oktyabrın 1-də isə cənab
Prezident İlham Əliyevin və onun xanımı Mehriban
Əliyevanın iştirakı ilə Tədris-Terapevtik
Klinikanın açılış mərasimi keçirildi. Hazırda ulu öndər Heydər Əliyevin
tikdirdiyi 11 mərtəbəli tədris binası ilə cənab
İlham Əliyevin təşəbbüsü və
qayğısı sayəsində inşa edilən 14 mərtəbəli
Tədris-Terapevtik Klinika yanaşı dayanır. Fərəhli
haldır ki, cənab İlham Əliyev 2008-ci il
mart
ayının 13-də daha bir sərəncam imzalamışdır. Bu
sərəncamla Tədris-Cərrahiyyə Klinikasının
yaradılmasına və tikintisinə
başlanılmış, 2013-cü il
sentyabrın 12-də istifadəyə verilmişdir: İndi
artıq ATU nun Tədris-Cərrahiyyə Klinikası da ulu
öndərin bünövrəsini qoyduğu Azərbaycan Tibb
Universiteti klinikaları sırasına daxil olmuşdur.
Ümummilli liderimizin Azərbaycan səhiyyəsinin, eləcə
də Azərbaycan tibb elmi və tibb təhsili sisteminin
dayanıqlı və sabit inkişafının təminatına
işıq salan ideyaları heç vaxt sönməz və
tükənməz enerji mənbəyimiz, zəngin xəzinəmizdir.
Azərbaycanda
milli dövlətçilik ənənəsinin
formalaşması və həyatın bütün sahələrini,
o cümlədən tibb təhsili, tibb elmi və səhiyyə
sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət,
əldə olunan parlaq uğurlar, milli-mənəvi dəyərlərin
təşəkkül tapması, tarixi soy-kökə
qayıdış, azərbaycançılıq dəyərləri,
dünyagörüşünün formalaşması məhz
ulu öndərin ideyalarının reallığa çevrilməsinin
məntiqi nəticələridir.
Bu nəticələrin əldə edilməsində Azərbaycanın
dünya şöhrətli alimi, görkəmli oftalmoloq, ulu
öndər Heydər Əliyevin ömür-gün
yoldaşı akademik Zərifə Əziz qızı
Əliyevanın da böyük xidmətləri olmuşdu. Bu ilin aprel ayının 28-də
SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax
adına mükafatının laureatı, Azərbaycan
Respublikası Elmlər Akademiyasının həqiqi
üzvü, əməkdar elm xadimi, akademik Zərifə
xanım Əliyevanın da anadan olmasının 91 illiyi
ölkəmizdə geniş qeyd edildi. Uzun illər
bir-birinə dayaq olan iki böyük şəxsiyyət
xalqımızın qəlbində, tarixin yaddaşında daim
yaşayır və yaşayacaqdır.
Azərbaycan
Tibb Universiteti kollektivi ulu öndərimiz Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü münasibətilə
mayın 2-də ATU-nun Tələbə Elmi Cəmiyyəti tərəfindən
təşkil edilmiş tələbələrin və gənc
həkimlərin I Beynəlxalq elmi konqresi, mayın 7-də isə
Azərbaycan Tibb Universiteti əməkdaşlarının beynəlxalq
elmi-praktik konfransı keçirilmişdir. Tibb
elminin, tibb təhsili sisteminin bu təntənələri Heydər
Əliyev ideyalarının təntənəsidir, onun daim Azərbaycan
xalqına dayaq olmasının, Azərbaycanın bütün
uğurlarının şah zirvəsində dayanmasının
təntənəsidir.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı
laureatı, Milli Məclisin deputatı.
Respublika.-2014.-7 may.-S.6.