Heydər Əliyev
siyasəti hər bir soydaşımızı birləşdirən
ümid körpüsü idi
Gürcüstanın böyük dövlət xadimi
Eduard Şevardnadze “Keçmiş və gələcək
günlər barədə memuarlar”ında ulu öndər Heydər
Əliyevin çoxcəhətli fəaliyyətindən, eləcə
də dahi şəxsiyyət tərəfindən 90-cı illərin
gərgin dövrlərində bu ölkədə yaşayan
soydaşlarımıza göstərilən tükənməz
qayğıdan geniş bəhs olunur.
Mənim üçün xüsusilə xoşdur ki, soydaşlarımızın üzləşdikləri problemlərin diqqət mərkəzində saxlanılması, çətinliklərin aradan qaldırılması o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi mənə həvalə edilmişdi. E. Şevardnadze yazır ki, Aslan Aslanov əziz dostum Heydər Əliyevin tapşırıqlarını tam dəqiqliyi ilə operativ şəkildə yerinə yetirirdi... “Aslan Aslanov Azərbaycan Prezidentinin tapşırıqları və tövsiyələrinin, ümumiyyətlə, onun daxili siyasətinin əsil ötürücüsü idi”. İndi bu sözləri oxuyarkən yaxın keçmişin çoxlu adi və qeyri-adi olayları yada düşür. Ulu öndərin anadan olmasının 91 illiyini qeyd etdiyimiz günlərdə onun tapşırığı və tövsiyəsi ilə görülmüş işləri yada salmaq, ümumilli liderimizin soydaşlarımıza olan sevgi və məhəbbəti barədə oxucularda təsəvvür yaratmaq istərdim.
...O dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi, qonşu Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində də ağır vəziyyət hökm sürürdü. Terror terroru, faciə faciəni əvəz etdikcə camaat qorxu, həyəcan içində çaş-baş qalmışdı. Bir növ arxasız, köməksiz olan soydaşlarımızın Azərbaycana köçhaköçü, kütləvi axını başlanmışdı.
Azərbaycanın öz problemlərinin, necə deyərlər, başdan aşdığı bir dövrdə belə Prezident Heydər Əliyev əzabkeş soydaşlarımızı əsla unutmurdu. İlk növbədə soydaşlarımızın itirilmiş inamını, etibarını, tapdalanmış milli hisslərini dirçəltmək, elindən-obasından bir növ əllərini üzmüş insanları yenidən öz dədə-baba yurdlarına bağlamaq kimi mühüm bir prosesin həyata keçirilməsi diqqət mərkəzində idi. Azərbaycanlıların dədə-baba yurdlarından köçməsinin qarşısının alınması üçün Gürcustanla əlaqələri yaxşılaşdırmağı, soydaşlarımızın əmin-amanlığını təmin etməyi, burada azərbaycanlılara məxsus olan abidələri, adət-ənənələri qorumağı, onlara qayğı və diqqət göstərməyi ön plana çəkirdi.
Ulu öndər vəziyyətlə müntəzəm maraqlanır, bizə tövsiyələr, tapşırıqlar verirdi...Şaxtalı, çovğunlu bir qış günündə ilk humanitar yardım maşın karvanı Dmanisi rayonuna yola salındı. Sonra daha bir karvan... Daha bir karvan... Həftələr, aylar keçdikcə, xeyriyyə karvanları daimi xarakter aldı. Soydaşlarımız hiss elədilər ki, müstəqil ölkəmiz, Azərbaycan xalqı, xüsusilə dünya şöhrətli Heydər Əliyev mövcud problemlərlə yaxından maraqlanır və onlara hər an hər cür kömək göstərməyə hazırdır. Nankor ermənilərin, eləcə də Qamsaxurdiya rejiminin fitnə-fəsadından, terror əməllərindən sarsılaraq evini-eşiyini yiyəsiz qoyub Azərbaycana gəlmək istəyən insanların köçünün qarşısı alındı.
Gediş-gəliş artdıqca, soydaşlarımızın qəlbində inamsızlığı ümid, qorxunu cəsarət əvəz etdi. Əsrlərdən bəri mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasında Heydər Əliyevin müdrik siyasəti sayəsində dostuğun yeni mərhələsi başlandı. Müntəzəm görüşlər, əlaqə-ünsiyyət, səmimi münasibətlər insanların psixologiyasına, əhval-ruhiyyəsinə güclü təsir etdiyindən soydaşlarımızın öz dədə-baba yurdlarından perikməsinə son qoyuldu.
Qaçqın karvanı əvəzinə bizə minnətdarlıq məktublarının axını başlandı.
AXC-Müsavat hakimiyyəti dövründə ölkənin müxtəlif rəhbər orqanlarına atamın yazdığı məktublar, teleqramlar yada düşür. Sözü bu idi ki, Heydər Əliyev respublika rəhbərliyinə dəvət olunsun. Gördü ki, yuxarılarda bu fikrə əhəmiyyət verən yoxdu, 1992-ci il aprelin 16-da özü birbaşa Heydər Əliyevə məktub yolladı (həmin məktubu və sonra göndərilən məktubları atamın əziz yadigarı kimi saxlayıram). Məktubda deyilirdi: “Möhtərəm Heydər Əlirza oğlu! Respublikamız böhran içindədir. Xalqı bu faciədən yalnız Siz xilas edə bilərsiniz. Sizdə bu qabiliyyət, qətiyyət, təcrübə, savad və mənlik vardır. Ona görə də artıq dərəcədə xahiş edirəm, tezliklə Azərbaycan Respublikası prezidentliyinə öz namizədliyinizi verəsiniz. Xalqımızın ümidi yalnız Sizədir. Ölkəni bu bəladan yalnız Siz xilas edə bilərsiniz.
Dərin hörmətlə,
Əli Aslanov”.
...1993-cü ildə xalqın tələb və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı xaosdan xilas etdi. İndi də ondan Gürcüstandakı soydaşlarımız nicat gözləyirdilər. Budur, dağ vüqarlı, polad iradəli Heydər Əliyev soydaşlarımızın köməyinə gəlib... 1996-cı ilin mart ayında
Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasına ilk rəsmi səfəri çox mətləblərə işiq saldı. Gürcüstan-Azərbaycan dostluğunun qədim tarixinə yeni səhifələr yazıldı, yeni fəsillər əlavə olundu... Burada uzaqgörən ulu öndərimizin müdrikliyindən, tükənməz milli təəssübkeşliyindən, soydaşlarımıza, onların ata-baba yurdlarına olan dərin məhəbbətindən xəbər verən bir epizod yada düşür. Cənab Heydər Əliyevin Gürcüstana səfəri ilə əlaqədar keçirilən təntənəli toplantı zamanı çıxış edən Eduard Şevardnadze xalqlarımızın tarixi dostluğundan danışarkən necə oldusa “Azərbaycan diasporu” sözünü işlətdi. Cənab Heydər Əliyev o dəqiqə söhbətə müdaxilə etdi. “Diaspor-yox-dedi, -azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar. Buralar onların əzəli, əbədi məskənləridir”. Şevardnadze gülümsədi və cənab Heydər Əliyevin sözünü təsdiq etdi.
...“Gürcüstan” qəzeti 75 illik yubil
eyə hazırlaşırdı. Qəzetin maddi-texniki bazası isə çox zəif idi. Söhbətlərdən birində dövlətimizin başçısı soydaşlarımızın mətbu orqanı olan “Gürcüstan” qəzetinə lazımi qayğı göstərilməsinin vacibliyini bildirmişdi. Prezidentin tövsiyəsini, tapşırığını dərhal reallaşdırdıq. Qəzetin 75 illik yubileyi ərəfəsində yaradıcı kollektivə bir neçə ton kağız, kompyuter dəsti, faks, surətçıxaran aparat, iki ədəd printer və digər avadanlığı hədiyyə etdik. Qəzet əməkdaşlarının bir neçə aylıq əmək haqqının ödənilməsini yoluna qoyduq. Gördük ki, qəzetin kollektivi nəqliyyat sarıdan əziyyət çəkir. Bunu eşidən rəhmətlik atam “Qaz-24” markalı “Volqa” maşınını redaksiyaya bağışladı.
Biz təkcə soydaşlarımıza yox, ulu öndərin tövsiyəsi ilə gürcü dostlarımıza da yardımlar aparırdıq. Xüsusən, Abxaziyada milli münaqişələrdən sonra doğma ev-eşiklərindən, yurd-yuvalarından qaçqın düşüb Tbilisidəki “İveriya” mehmanxanasında məskunlaşan gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrində sığınacaq tapan qaçqınlara da əl tutur, müəyyən yardımlar edirdik.
O qanlı-qadalı günlərdə “İveriya” mehmanxanasında olan bir görüş heç yadımdan çıxmır. Abxaziyada milli münaqişələrdən sonra yurd-yuvalarından didərgin düşmüş gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlib sığınacaq tapan qaçqınlara Şəmkirdən xeyli ərzaq aparmışdıq. Sovqatlar paylanan zaman Gürcüstanın Yazıçılar İtifaqının sədri, xalq yazıçısı Quram Pancikidze həyəcanla deyirdi: “Mənim xalqım gözütox, zadəgan, knyaz nəslindəndir. Onlar acından və şaxtadan ölsələr də, öz qürurlarını saxlayaraq heç kimə əl açmayıblar. Bu gün şəmkirlilərin sovqatını qardaş payı kimi qəbul edirik. Bilirik ki, bu yardımlar gürcü ziyalılarının sevimlisi Heydər Əliyevin tapşırığı ilə gətirilib”.
Mərhum Q.Pançikidzenin Heydər Əliyevə böyük məhəbbəti var idi. Öz prezidentinə hörməti olsa da, Şəmkirdə mənim köməkliyimlə tərcümə edilərək, çap olunmuş əsərlərinin təqdimatı mərasimində dediyi sözlər yadıma düşür: “Heydər Əliyev Politbüronun üzvlərinin içərisində öz müdrikliyi ilə digərilərindən seçilən dövlət xadimi idi”. Qeyd edim ki, o vaxtdan Q. Pançikidzenin ailəsi ilə yaranmış dostluq əlaqələrimiz indi də davam edir. Q. Pançikidzenin qızı, Gürcüstan Respublikasının xarici işlər naziri Maya Pançikidze Heydər Əliyevin göstərdiyi qayğını həmişə xoş xatirələrlə anır. Çünki Heydər Əliyev hər zaman Q.Pançikidzeyə və digər Gürcüstan yazıçılarına diqqətlə yanaşır və mənə bu barədə tapşırıqlar verirdi. Hətta Şəmkirdə təqdimat mərasimi zamanı Heydər Əliyev şəxsən zəng edib maraqlanmışdı.
Ulu öndərin ünvanına belə xoş sözlər tez-tez səslənirdi. Bir dəfə din xadimlərinin dilindən eşitdiyim söhbətləri heç unuda bilmirəm. Soyuq qış günlərindən biri idi. Təbii qaz balonları və ərzaq məhsulları aparmışdıq. Ümumgürcüstan katolikosu-patriarx II İlya Azərbaycan xalqının xeyirxahlığından minnətdarlıqla söz açdı. Dövlətimizin başçısının müdrikliyini xüsusi vurğuladı. “Cənab Heydər Əliyevin qədrini bilin-dedi, -o, bütün Qafqazın ağsaqqalıdır. Həmişə insanlar arasında səmimiyyət, mehribanlıq yaratmağa çalışır. Çətinə, dara düşənlərə əl tutur, qayğı göstərir. Qoy Tanrı onu qorusun”. Sonra da məndən dönə-dönə xahiş etdi ki, Gürcüstanın bütün din xadimlərinin səmimi salamlarını və dərin təşəkkürünü cənab Heydər Əliyevə yetirim.
XIX əsrin sonlarında və XX yüzilliyin əvvəllərində Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən biri sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. Ulu öndər tapşırıq verdi ki, bu qədim şəhərdə dünyasını dəyişən ziyalıların taleyini araşdırım. İlk öncə Mirzə Fətəli Axundovun geniş və
yaraşıqlı evi müəyyən təmir-bərpa işləri aparılaraq azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində, “Molla Nəsrəddin” jurnalının redaksiyasında, “Qeyrət” mətbəəsində təmir-bərpa işləri aparılaraq xatirə muzeyləri yaradıldı. Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin nəzdində İbrahim İsfahanlı adına teatrın fəaliyyəti bərpa olundu. Az qala, unudulmaqda olan bu səhnə fədaisinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Cümə məscidinin qənşərində böyük sənətkarın yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Tbilisidəki Nəbatat bağında yenidənqurma işləri aparıldı. Köhnə qəbirlər tamamilə sıradan çıxa bilərdi. Ulu öndərin tövsiyəsilə iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsil ziyarətgaha çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovım büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfı Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsən bəy Ağayevin büstü qoyuldu. Qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri güşə yaradıldı. Zərli boya ilə “Azərbaycan övladları” sözləri yazılmış mərmər lövhədə öz dövrünün adlı-şanlı ziyalılarının, böyük şəxsiyyət kimi tanınan soydaşlarımızın: Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə həyata keçirildi.
Burada çox önəmli bir epizodu da xatırlatmaq istərdim. 1996-cı ilin soyuq qış günlərindən biri idi. Həmişə olduğu kimi, soydaşlarımızla görüş üçün Tbilisiyə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat doqquz olardı. Mənə məlumat verdilər ki, ağbirçək bir qadın təklikdə görüşmək, nəsə bir söz demək istəyir. Görüşdük, söhbətdən məlum oldu ki, qocaman müəllimə xalqımız üçün çox böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq fikrindədir. Müəllimə illər boyu heç kimə bildirmədiyi bir həqiqəti-Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı: “O zaman-dedi, -Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar...”.
Sonra qadın o yeri göstərib dedi ki, buradakı ermənilər xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm.
Həmin gün axşam Şəmkirə qayıtdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda ölkə Prezidentinə ağbirçək müəllimənin dediklərini də çatdırdım. Ümummilli liderimiz dərhal soruşdu: “Bu məsələdən daha kimin xəbəri var?” Cavab verdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir. Ani sükutdan sonra Heydər Əliyev soruşdu:
—Yorulmamısan? Dedim: -Xeyir. Tapşırdı ki, elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M. F. Axundovun büstünün yanına köçürülməsini təmin edin. F.X.Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm.
Ulu öndərin dediyi kimi də elədik. Abidə
vaxtında hazır oldu. Çox gözəl
də alındı. 1996-cı il mart
ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan
Xoyskinin büstünün açılışında şəxsən
iştirak etdi.
Bu cür genişmiqyaslı əlaqəli-əhatəli
problemlərin həlli ilə yanaşı, dövlətimizin
başçısı hər bir ziyalının, hər bir
soydaşımızın qeydinə qalır, onun taleyi ilə
maraqlanırdı. Yəqin oxucuların yadındadır: 1996-ci ilin mart
ayının 17-də Bakıdan Borçalı mahalına gedən
avtobus Tovuz rayonu ərazisində qəzaya
uğramışdı. İyirmi altı nəfər
bir anda həyatdan köçdü. Aralarında
yenicə dil açan körpələr də var idi,
nişanlı qızlar da, yeniyetmə oğlanlar da. Elə həmin gün ulu öndər Şəmkirə
zəng çaldı. Mənə
tapşırdı ki, mərhumların ata-baba yurdlarına
çatdırılmasını, onların el adətincə
son mənzilə yola salınmasını və onların
hüzn məclislərinin keçirilməsini təşkil
edim. O qəmli-hüznlü günlərdə qədirbilən
insanların, el ağsaqqallarının göz yaşları
içərisində Heydər Əliyevə necə
xeyir-dua etdiklərini ömürboyu unuda bilmərəm. Onu da qeyd edim ki, ulu öndərimizə hörmətin
ifadəsi olaraq həmin mərasimlərdə Eduard
Şevardnadze də mənimlə birgə iştirak edirdi.
Ustad
aşıq Kamandar dünyasını dəyişəndə
ulu öndər mənə dedi ki, dəfnində, yasında
iştirak etmək lazımdır. Bax gör, nəyi var, nəyi
yox... Qəbirüstü abidəyə də
özün fikir ver.
Bir də görürdün ən “sadə” bir insanın
günü-güzəranı, xeyri-şəri ilə
maraqlanır.
Biz də çalışırdıq ki, hər işi o
böyük, dahi insanın adına layiq
görək.
Gürcüstanın xalq artisti İbrahim
İsfahanlının yüz illik yubileyi, demək olar ki,
unudulmuşdu.
Cənab Heydər Əliyev yada saldı. Yığışıb Tbilisiyə getdik.
Şota Rustaveli adına Dövlət
Akademik Dram teatrında təntənəli yubiley gecəsi
keçirildi. Yaşadığı binaya xatirə lövhəsi
vuruldu, barelyefi qoyuldu... Bu cür tədbirlər
saysız-hesabsızdır.
2001-ci ilin avqust ayında cənab Heydər Əliyevin
tapşırığı ilə mən və akademik Məmmədtağı
Cəfərov Marneuli şəhərinə getdik. Azərbaycanın
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi,
şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar
onun dədə-baba ocağında ev-muzeyinin və barelyefinin
açılışında iştirak etdik. Xatırladım ki, ev-muzeyin yerləşdiyi
küçəyə həmin vaxt asfalt örtük çəkilməsi
də unudulmamışdı. Onu da deyim ki,
sözügedən açılış mərasimində
şairin oğlu, ədəbiyyatşünas-alim Kamal
Talıbzadə çıxışında ulu öndər
Heydər Əliyevə dərin minnətdarlığını
bildirdi.
Azərbaycanda hamı yaxşı bilir ki, Şərqin böyük
siyasətçilərindən hesab olunan yazıçı, həkim
Nəriman Nəcəf oğlu Nərimanov Tbilisidə anadan
olub. N. Nərimanov
doğulub, boya-başa çatdığı binanı Kərbəlayı
Allahverdi qədim müsəlman məhəlləsində
oğlu Nəcəf üçün, yəni Nəriman Nərimanovun
atası üçün tikdirib... Sovet rejimi bərqərar
olandan, daha dəqiq desək, 1929-30-cu illərdən sonra hərə
bir yana dağılıb, mülk əldən-ələ
keçib. İndi isə bütün dünya azərbaycanlıları
fəxrlə, qürurla deyə bilərlər ki,
tanınmış dövlət xadimi, yazıçı,
doktor Nəriman Nərimanovun Tbilisidə də ev-muzeyi var. Qeyd
edim ki, həmin ev-muzey ulu öndərin
tapşırığı ilə mənin adıma özəlləşdirilmişdir.
Yeri gəlmişkən,
ermənilərdən alınaraq mənim adıma özəlləşdirilmiş
N. Nərimanovun və C. Məmmədquluzadənin (“Qeyrət”
mətbəəsi də burada yerləşir) ev-muzeylərinin
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
mülkiyyətinə keçirilməsi də tarixi bir hadisədir.
Bu missiyada iştirak etdiyimə görə məmnunluq
hissi keçirirəm. Ümumiyyətlə,
həmin evlərin xalqa qaytarılması ilə bağlı
müraciətimə tez bir zamanda cavab və icrasına
göstəriş verdiyinə görə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevə minnətdaram.
Müdrik Heydər Əliyev iki qonşu xalq arasında
mehribanlığın, səmimi dostluğun, əlaqə-ünsiyyətin
günü-gündən inkişafı üçün
mümkün olan hər bir tədbirdən istifadə edirdi. Həyatın
hər sahəsində – istər mənəvi münasibətlər,
istərsə də ədəbi-mədəni əlaqələr
getdikcə genişlənirdi. Bununla
bağlı bir neçə faktı diqqətə
çatdırmaq istərdim. Dövlətimizin
başçısının yeritdiyi müdrik siyasət sayəsində
Eduard Şevardnadzenin “Mənin seçimim” kitabı
gürcücədən Azərbaycan dilinə, “Azərbaycan-Gürcüstan.
Dostluğumuzun təntənəsi” adlı məqalələr
toplusu isə azərbaycancadan gürcü dilinə çevrilərək
nəşr olunmuşdur. Görkəmli türk publisisti
İrfan Ülkünün Prezidentimiz-ulu öndər Heydər
Əliyevin həyatından bəhs edən Qızıl ulduzdan
hilala doğru əsəri türk dilindən, “Əsrin
adamı”, habelə Mir Cəlalın “Bir gəncin manifesti” əsəri,
Aşıq Ələsgərin Qoşmaları Azərbaycan
dilindən gürcü dilinə tərcümə edilmiş,
gürcücə-azərbaycanca lüğətlər nəşr
olunmuşdur. Nodar Dumbadzenin “Mən günəşi
görürəm” adlı əsəri, Quram Pançikidzenin
“Saf daş” romanı, Çansuq Çarkvianinin “Mən və
mən” şeirlər kitabı, Moris Posxişvilinin “İki məhəbbət”
poeması, İmir Məmmədlinin “Peyğəmbərin kəlamları”,
ümumən 50-dən çox kitab Azərbaycan oxucusuna
çatdırılmışdır.
Bütün bu sosial-mənəvi məsələlərlə
yanaşı, ulu öndər Heydər Əliyev bir sıra
beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm
proqramların həyata keçirilməsində də
qonşu Gürcüstan Respublikasının maraqlarına
xüsusi önəm verirdi. Uzun illər cənab Heydər
Əliyevlə çiyin-çiyinə
çalışmış Eduard Şevardnadze öz
“Memuarlar”ında ulu öndərimizin bu tarixi xidmətlərini
minnətdarlıqla xatırlayaraq yazır: “...Əliyev enerji
daşıyıcılarının əsas marşrutunun
Gürcüstandan keçməsi üçün əlindən
gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft borusu tez
bir zamanda 6-7 ay ərzində inşa olundu... Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərinin tikilişi beynəlxalq maraqlara, eləcə
də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə
çevrilməsinə səbəb oldu və Gürcüstana
çox əhəmiyyətli bir beynəlxalq funksiya
qazandırdı”. Bütün bunlar
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
GürcüstanAzərbaycan dostluğu yolunda
yaratdığı ulu körpünün qızıl kərpicləri
sayıla bilər. Bu dostluq bədxah
qonşularımız istəsələr də, istəməsələr
də getdikcə möhkəmlənir, yenilməz qüvvəyə
çevrilir.
Tarixin yaddaşında müdrik Heydər Əliyevin əvəzsiz
işləri barədə saysız-hesabsız faktlar
yaşayır.
Eduard Şevardnadze öz “Memuarları”nda ulu öndər Heydər
Əliyevlə bağlı çox mühüm mətləblərdən
söz açır: “Tale elə gətirdi ki, Əliyev və
mən 10 il ərzində öz ölkəmizə rəhbərlik
etdik. Bu illər mükəmməl dostluq və
qardaşlıq illəri idi. Moskvada
olduğumuz zaman biz ailəvi yaxın idik-mənim həyat
yoldaşım Nanulı Heydər Əliyevin həyat
yoldaşı Zərifə xanımın xətrini səmimi-qəlbdən
istəyirdi. O, çox gözəl insan, həkim və
professor idi... Xatırlatmaq istəyirəm ki,
Əliyevə öz kurasiyasından başqa, tez-tez digər məsələlərlə
birgə, müxtəlif regionlarda xarici-siyasi əlaqələrin
həllini də tapşırırdılar, o da bunu
özünəməxsus məsuliyyətlə yerinə yetirir
və böyük nailiyyətlər əldə edirdi. Möhkəm iradəli və olduqca müdrik bir
dövlət xadimi idi. Tezliklə bütün ittifaq
miqyasında nüfuzu artdı...”.
Burada bir məqamı da nəzərə
çarpdırmaq istərdim. 1994-cü il
oktyabr və 1995-ci ilin mart hadisələrində ölkəmiz
xarici düşmənlərin təsiri altına
düşmüş daxili qüvvələrin təcavüzünə
məruz qalanda, dövlət çevrilişinə cəhd
göstəriləndə bunun qarşısının
alınması məqsədilə Şəmkir rayonunda, qərb
bölgəsində mənim rəhbərliyim altında
xüsusi qərargah yaradılmışdı. O zaman ulu
öndərin ölkədə sabitliyin qorunub saxlanması
üçün verdiyi tapşırıqlar nə qədər
çətin və ağır olsa da, qətiyyətlə
yerinə yetirdim. Yaxşı xatırlayıram: həmin
günlər od-alov içində keçirdi. İndi bununla fəxr
duyuram ki, dahi rəhbərin mənə verdiyi
tapşırıqları ləyaqətlə yerinə
yetirmişəm...
Yeri gəlmişkən, həmin dövrdə Kəlbəcər
uğrunda ağır döyüşlər gedirdi. Cəbhənin
silah-sursatla təchizatı ilə bağlı ulu öndər
mənə də müəyyən tapşırıqlar
vermişdi. Bununla əlaqədar Tbilisidən
30 ədəd tank mühərriki alıb hərbi hissəyə
göndərmişdim. Dahi öndər bundan xəbər
tutduqda zəng edib soruşdu ki, mühərrikləri neçəyə
almısan?.. Qiyməti dedim. Gülərək
bildirdi ki, bu işi davam etdir. Ölkənin maliyyə vəziyyətinin
indiki ağır vaxtında bizim Müdafiə Nazirliyi həmin
ehtiyat hissələrini dəfələrlə baha qiymətə
Ukraynadan alır... Xatırladım ki, o zaman 30 ədəd
Zil-131” maşını, 17 ədəd raketi ucuz qiymətlərlə
alıb cəbhə bölgəsinə təhvil verdim.
Əlbəttə, bu, qonşu ölkə ilə
aramızdakı şəxsi dostluq münasibətinin nəticəsi
idi...
Ulu öndər həmişə şəxsi dostluq
münasibətlərinə hörmətlə
yanaşırdı. Məlumat üçün bildirim ki,
Gürcüstanın əməkdar jurnalisti, fotomüxbir Qivi
Vaxtanqadze Heydər Əliyevin Moskvada işlədiyi zaman
fotomüxbiri olmuşdur. Q.Vaxtanqadze sonralar Heydər Əliyevin Sovet
İttifaqı dövründəki şəkillərinin bir
hissəsini ulu öndərə göndərmişdir.
Bir gün Heydər Əliyev mənə zəng edərək dağıdılmış arxivinin və şəkillərinin bərpasında Qivi Vaxtanqadzenin köməyini yada salaraq onun ünvanını tapmağı, ona köməklik və qayğı göstərilməsini tapşırdı. Mən onun Tbilisidəki Poliaşvili küçəsi 80 ünvanında yaşadığını öyrəndim və Gürcüstanda vəziyyət çətin olduğundan ona xeyli maddi vəsaitlə kömək etdim. Q. Vaxtanqadze Heydər Əliyev haqqında cox gözəl fikirlər söylədi. O, həmçinin məktubda da yazmışdı: “Mən Siyasi Büronun bütün üzvlərini tanıyırdım. Amma Heydər Əliyev yüksək mənliyi olan şəxsiyyət idi. İşçilər ona çox böyük hörmətlə yanaşırdılar. Siz fəxr edə bilərsiniz ki, belə Prezidentiniz var...” Sonra Qivi sağaldı və bizim qarşılıqlı münasibətlərimiz davam etdi və ailəvi dostluğumuz da yarandı. O, Heydər Əliyevə yazmışdı ki, mən əməkdar jurnalist adına layiq görülmüşəm, “Şərəf” ordeni almışam. Amma mənə bu addan və ordendən daha dəyərlisi fərmanınız olardı. Heydər Əliyev Q.Vaxtanqadzenin 70 illik yubileyi münasibətilə fəxri fərman imzaladı. Şəmkirdə böyük tədbir keçirdik və fəxri fərmanı təntənəli şəkildə ona təqdim etdik.
Daha bir xatirəmi bölüşmək istərdim. Gürcüstanın əməkdar yazıçısı Leyla İradze Almaniyada xəstə yatırdı. Şevardnadze mənə dedi ki, onun müalicəsinə kömək lazımdır. Mən istərdim ki, bunu siz edəsiniz. Mən də xeyli vəsait tapıb L.İradzenin ailəsinə göndərdim. Bir müddət sonra, Heydər Əliyevin Gürcüstana səfəri zamanı nahar süfrəsi arxasında Şevardnadze Heydər Əliyevə bildirdi ki, Aslan Aslanov belə bir yardım etmişdir. Heydər Əliyev bunu bilmirdi və məndən soruşdu ki, mənə niyə deməmisən? Sonra elə nahar süfrəsi arxasında gülümsünərək əlavə etdi: “İndi mən tapşırıram ki, yenə yardım edin”.
Cənab Prezidentimiz İlham Əliyevin 2004-cü ildə Qurtuluş Günündə şəmkirlilərlə görüşündə dediyi sözləri diqqətə çatdırmaq istəyirəm: “Siz bütün dövrlərdə Azərbaycanın dövlətçiliyinə xidmət etmisiniz. Müstəqil Azərbaycanımızın, müstəqil dövlətimizin müstəqilliyini gücləndirmisiniz. Azərbaycan üçün ən çətin dövrlərdə şəmkirlilər Azərbaycan dövlətçiliyinə arxa və dayaq olmuşdur. Bunu bütün Azərbaycan bilməlidir”.
Bir sözlə, Gürcüstan-Azərbaycan dostluğunun tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu isə ilk öncə dahi Heydər Əliyev kursunun bəhrəsidir. Bütün bunları yada saldıqca, böyük siyasətçi Eduard Şevardnadzenin müdrik sözləri yada düşür: “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək”.
Aslan ASLANOV,
YAP Siyasi
Şurasının üzvü.
Respublika.-2014.-7
may.-S.7.