Hüqo haqqında fundamental tədqiqat
Fransız ədəbiyyatına Azərbaycanda daim böyük maraq olmuşdur. Hələ XIX əsrin ortalarında bir sıra Azərbaycan ziyalısı, o cümlədən də görkəmli maarifçi-mütəfəkir, dramaturq M.F.Axundzadənin oğlu Rəşid bəy Axundzadə Fransada təhsil almış, Avropanın bu mədəniyyət mərkəzi ilə Azərbaycan arasında körpü salmışlar. M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında Fransa mövzusu, fransalı obrazı təsvir edilmiş, bu ölkədə baş verən inqilablara obrazlı şəkildə münasibət bildirilmişdir.
Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı özünün “Rəşid bəy və Səadət xanım” hekayəsini 1835-ci ildə fransız dilində yazmışdır.
Fransız klassik ədəbiyyatının bir sıra görkəmli nümayəndəsinin əsərləri hələ XX əsrin əvvələrindən etibarən dilimizə tərcümə edilərək nəşr olunmağa başlamışdır. Bu yazıçılardan xüsusilə E.Zolyanın, J.Vernin, V.Hüqonun, A.Dümanın, J.Sandın, Stendalın, O.Balzakın, Q.Floberin, A.Dodenin, A.Kamyunun, A.Moruanın, F.Saqanın əsərləri dilimizə tərücümə edələrək nəşr olunmuşdur. Son illərdə fransız ədəbiyyatının nümunələrinin həm dilimizə tərcüməsi intensivləşmiş, həm də bu ədəbiyyatın bir sıra ədəbi-tarixi və elmi-metodoloji problemləri daha dərin şəkildə araşdırılmağa başlanmışdır. Hazırda Azərbaycanda fransız ədəbiyyatının ayrı-ayrı nümunələrini orijinaldan dilimizə çevirən bir sıra istedadlı tərcüməçi və bu ədəbiyyatın tarixi sahəsində dərin araşdırmalar aparan peşəkar tədqiqatçı alimlər yetişmiş, bir sıra qiymətli araşdırmalar yaranmışdır. Bu tədqiqatlar arasında fransız-Azərbaycan ədəbi əlaqələri istiqaməti də başlıca yerlərdən birini tutur.
Fransa hələ lap Orta əsrlərdən başlayaraq dünya ədəbiyyatı tarixinə çoxsaylı qiymətli bədii ədəbiyyat nümunələri bəxş etmişdir. Bunlara misal olaraq, xüsusilə Orta əsrlərin qiymətli ədəbi nümunələri olan “Roland haqqında dastan”ı, Kretyen de Truanın romanlarını, fablioları və vaqant poeziyasını göstərmək olar. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, fransız-Şərq ədəbi əlaqələrinin ilkin tarixi də elə məhz bu dövrdən etibarən başlanmışdır. Fransız-Şərq ədəbi əlaqələri kontekstində diqqətəlayiq hadisələrdən biri - “Eşşəyin vəsiyyəti” fobliosu ilə S.Ə.Şirvaninin “Köpəyə ehsan” satirasının əlaqəsini göstərmək olar. Demək olar ki, bu iki əsərin fabulası, süjeti, obrazlar sistemi və ideya-məzmunu faktiki olaraq tam mənada adekvatdır. Bu gün bu əsərlərin belə eyniliyinin, adekvatlılığının genetik əlaqələrini müəyyən etmək, demək olar ki, çox çətindir. S.Ə.Şirvaninin bu Orta əsrlər fransız abidəsi ilə hansı yolla tanış olması, onun süjetini və ideya məzmununu necə əxz etməsi məsələsinin izahı açıq olaraq qalmaqdadır.
Fransa sonrakı dövrlərdə də dünya ədəbiyyatı tarixinə F.Viyon, F.Rable, M.Monten, P.Kornel, J.Lafonten, J.-B.Molyer, J.Rasin, N.Bualo, Volter, D.Didro, J.-J.Russo, V.Hüqo, J.Sand, A.Düma (ata və oğul), Stendal, O.Balzak, Q.Flober, Qonkur qardaşları, Ş.Bodler, E.Zolya, G.Mopassan, R.Rollan, M.Prust, L.Araqon, J.-P.Sartr, A.Kamyu, F.Moriak, A.Morua, F.Saqan və neçə-neçə bu qəbildən olan sənətkarlar bəxş etmşdir. Təəssüflə qeyd etmək lazımdır ki, bu görkəmli yazıçıların bir çoxunun əsərləri hələ bugünə qədər dilimizə tərcümə edilməmişdir.
Azərbaycanda fransız ədəbiyyatı tarixinin, bu ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin həyat və yaradıcılığı ilə, eləcə də Azərbaycan-fransız ədəbi və mədəni əlaqələri sahəsində peşəkar səviyyədə və sistemli şəkildə fəaliyyət göstərən istedalı ədəbiyyatçı, tərcüməçi və alimlərdən biri də filologiya üzrə elmlər doktoru, professor Əsgər Zeynalovdur.
Professor Əsgər Zeynalov haqqında arayış: Əsgər Məmməd oğlu Zeynalov doğma el-obasından didərgin düşmüş, başı min bir bəla çəkmiş yüz minlərlə qərbi azərbaycanlı soydaşlarımızdan biridir. O, Qərbi Azərbaycanın Zəngibasar mahalının Yuxarı Necili kəndində dünyaya göz açmış, orta təhsilini doğma kəndində aldıqdan sonra, Bakıda təhsilini davam etdirmiş, Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra o, bir müddət Qarabağın Ağdərə bölgəsinin Manikli və Xatınbəyli kəndlərində əmək fəaliyyətinə başlamışdır. Sonra o, doğma kəndinə gedərək, orada müəllim işləmişdir. Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından sonucu dəfə deportasiya edildiyi zaman - 1988-ci ildə o, yenidən Bakıya pənah gətirmiş, məşəqqətli, ağır şəraitdə də olsa, həm müəllim kimi fəaliyyət göstərmiş, həm də elmi tədqiqatla məşğul olmuşdur: ilk olaraq iki görkəmli Azərbaycan alimi - professor M.Ə.Seyidovun və professor T.Ə.Əhmədovun rəhbərliyi altında o, “Azərbaycan bayatıları Qafqaz regionunda” adlı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Əsgər Zeynalov bu dissertasiya üzərində çalışarkən Ermənistan Əlyazmalar İnstitutunda - Matenadaran kitabxanasında, Ermənistan Xalq
Yaradıcılığı Evində, Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində dərin axtarışlar aparmış, erməni mənbələrindən 550-dən artıq türkdilli Azərbaycan bayatısını aşkar etmiş, onları elmi-filoloji və nəzəri-metodoloji aspektlərdə araşdıraraq qiymətli nəticələr əldə etmişdir. Tədqiqatçı tam haqlı olaraq belə bir elmi qənaətə gəlmişdir ki, erməni xalqının bayatıları olmamışdır, onların istifadə etdikləri bu xalq şeiri nümunələri birmənalı şəkildə Azərbaycan xalqına məxsusdur. Ermənilərin fasiləsiz olaraq Azərbaycanın musiqisini, xalq mahnılarını, çalğı alətlərini, hətta milli mətbəxinə məxsus olan xörəkləri belə özləşdirməyə cəhd etdikləri məqamda bu elmi qənaət ifşaedici xarakteri ilə mühüm əhəmiyyət kəsb edir.
Fransız dili mütəxəssi olan Əsgər Zeynalov bundan sonra öz həyatını və elmi fəaliyyətini əsasən fransız ədəbiyyatının müxtəlif problemlərinin tədqiqinə həsr etmişdir. O, filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)” adlı çox maraqlı bir dissertasiya da müdafiə etmişdir. Fransız elmi qaynaqlarına əsaslanan Əsgər Zeynalov bu dissertasiyasında fransız Maarifçilik hərəkatının və ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Volterin həyatı və yaradıcılığı, bu mütəfəkkirin nəsr, dram və fəlsəfi əsərlərində Şərq mövzusunun işlənmə tendensiyası, ümumiyyətlə, Avropa Maarifçilik ədəbiyyatında Şərq konsepsiyasının yeri və əhəmiyyəti barədə maraqlı elmi fikirlər söyləmişdir. Burada xüsusilə diqqəti cəlb edən məsələlərdən biri fransız Maarifçilik konsepsiyasının formalaşmasında ümumşərq mədəniyyətinin, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatının və fəlsəfəsinin xüsusi rol oynamasının elmi dəlililərlə sübut olunması məsələsidir.
Əsgər Zeynalov bugünə qədərki elmi və pedoqoji fəaliyyəti dövründə 20-dən artıq kitab, 300-dən artıq elmi-publisistik məqalə yazıb çap etdirmişdir. Onun yaradıcılıq dipazonu çox genişdir. Belə ki, professor Ə.Zeynalov həm folklorşünaslıq, həm fransız ədəbiyyatı tarixi, həm Maarifçilik və romantizm ədəbi cərəyanlarının nəzəri-estetik problemləri, həm tədris-metodiki vasitələri, həm də vətəndaş mövqeyini əks etdirən, qismən elmi səciyyə daşıyan irihəcmli publisistik əsərlər yazmışdır. O, bir sıra respublika və beynəlxalq konfrans, simpozium və qurultaylarda elmi məruzələrlə çıxışlar etmişdir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ə.Zeynalovun publisistikası heç də onun elmi-pedoqoji fəaliyyətindən az əhəmiyyət kəsb etmir. Belə ki, keçən yüzilin əvvəllərindən başlayaraq erməni vəhşiliyinin qurbanları olan, dönə-dönə (1905, 1918, 1948, 1988-ci illər) öz doğma el-obasından, yurd-yuvasından didərgin salınan, yüz minlərlə soydaşımızın acı taleyi, əslən bu torpaqlardan çıxmış dünya şöhrətli ziyalılarımızın həyatı daim bu vətəndaş-alimin maraq dairəsinə daxil olmuş, bu sahədə də o, çox qiymətli araşdırmalar aparmış, maraqlı kitablar çap etdirmişdir. Xüsusilə onun bu mövzuya həsr olunmuş elmi-publisistik kitabları içərisində “İrəvan ziyalıları” kitabını göstərmək olar. Bu kitab altı dəfə Azərbaycan və rus dillərində Bakı, Moskva və Sankt-Peterburq şəhərlərində çap edilmiş, geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Ə.Zeynalovun vətən sevgisi və ürək ağrısı ilə qələmə aldığı bu kitab vətənpərvərlik düyğularının ifadəsi ilə yanaşı, həm də qiymətli məlumatlar mənbəyi kimi də mühüm əhəmiyyət kəsb edir. 1999-cü ilə çap etdirdiyi bu kitabda Ə.Zeynalov ilk dəfə olaraq əslən irəvanlı olan bir sıra çox görkəmli Azərbaycan ziyalıları - alimlər, ictimai-siyasi xadimlər, bəstəkarlar, yazıçılar haqqında çox qiymətli məlumatlar toplamış və maraqlı publisistik səpgidə onları qələmə almışdır. Bu kitabda, o, akademik Mustafa Topçubaşov, professor Əziz Əliyev, akademik Heydər Hüseynov, professor M.Mirbabayev, bəstəkar Səid Rüstəmov, şair Əhməd Cəmil, kanorejissor Hüseyn Seyidzadə və b. haqqında ətraflı məlumatlar vermişdir.
Ümumiyyətlə, tədqiqatçı bir sıra 180-200 illik ziyalı kökünə mənsub nəsilləri üzə çıxarmışdı.
Qərbi Azərbaycanı - İrəvan torpaqlarını, Zəngibasar mahalını, əziz Yuxarı Necili kəndini heç cür unuda bilmir. Keçmiş günləri xatirində canlandıran Əsgər müəllim “Hara gedir bu qatar” kitabında yazır: “Sonralar İrəvanı Yerevana çevirdilər. Az qala izi-tozu da qalmadı. Hanı Təpəbaşı, Toxmaqgöl, Qırmızı, Dəmirbulaq, Gedərçay məhəllələri? Bəs başı göylərə ucalan minarəli məscidlər - Göy məscid, Novruzəli məscidi, Günnüklü məscidi, Hüseynəli məscidi, Hacı Bəyim məscidi, Şəhər məscidi, Zal xan məscidi!..”.
Professor Ə.M.Zeynalov Azərbaycanda dünya ədəbiyyatı ilə, xüsusilə fransız ədəbiyyatının müxtəlif sahələri ilə məşğul olan peşəkar tədqiqatçılardan biridir. Əsgər müəllim həm vətənimizdə, həm də vətənimizdən uzaqlarda - daha dəqiq desək, Fransada fransız dili və ədəbiyyatı mütəxəssisi kimi yaxşı tanınan və qəbul edilən alimlərdən biridir. “Fransız ədəbiyyatında Şərq” (1996, təkmilləşmiş nəşri - 1999), “Volter yaradıcılığında Şərq” (2001), “Viktor Hüqo” (2001), “O, bir əsr idi” (2010), “Viktor Hüqo və Lui Araqon şeirlərinin tərcüməsi” (2012), “Fransız ədəbiyyatının milyarderi” (2013, fransız dilində) və “Hüqo” (2014, Azərbaycan və fransız dillərində) əsərlərindən göründüyü kimi, onun tədqiqatı birbaşa fransız ədəbiyyatının müxtəlif problemlərinə həsr edilmişdir.
Professor Əsgər Zeynalov fransız ədəbiyyatının çoxsaylı korifeyləri içərisindən əsas iki nəhəng sənətkarı–maarifçi Volteri və romantik Viktor Hüqonu tədqiq etməkdə yanılmamışdı və onun seçimi təsadüfi də deyildir. Məlumdur ki, fransız Maarifçilik hərəkatının inkişafanda Volterin, romantizmin bərqərar olmasında isə V.Hüqonun əvəzsiz rolu olmuşdur ki, Ə.Zeynalov da bu görkəmli sənətkarların yaradıcılığı istiqamətləri ilə Azərbaycan elmi ictimaiyyətini yaxından tanış etməyə çalışmışdır.
Müəyyən mənada Maarifçilik hərəkatının davamı olan, eyni zamanda da onun bir sıra nəzər-estetik prinsiplərini qəbul etməyərək yeni ədəbi sistem yaradan romantizm ədəbi cərəyanı dünya ədəbiyyatı tarixində xüsusi bir mərhələ olmuşdur. Həm Almaniyada, həm İngiliərədə, həm də Fransada bu ədəbi cərəyan vüsət almış, dünya ədəbiyyatı tarixinə bir sıra əvəzsiz sənətkarlar bəxş etmişdir. R.Şatobrian, E.Syu, Ş.Sent-Böv, J.de Stalla yanaşı, V.Hüqo, J.Sand, A.Düma (ata və oğul), A.Müsse, A.Vinyi, T.Qotye kimi görkəmli fransız romantikləri öz qiymətli əsərləri ilə dünya ədəbiyyatını zənginləşdirmişdir. Heç şübhəsiz ki, bu sənətkarlar içərisində V.Hüqonun müstəsna yeri var və elə buna görə də Ə.Zeynalov məhz bu görkəmli yazıçının həyat və yaradıcılığına xüsusi diqqət ayırmış, onun haqqında özünün ən sanballı əsərlərindən birini yazmışdır.
V.Hüqonun yaradıcılığını əsaslı şəkildə araşdırmaq qərarına gəlmiş Ə.Zeynalov 2010-cu ildə “O, bir əsr idi” adlı kitabını çap etdirmişdir. Bu kitab çap olunana qədər müəllif fransız ədəbiyyatının bir sıra görkəmli nümayəndələrinin yaradıcılığına həsr olunmuş məqalələrlə mətbuatda çıxış etmişdi. O, Volter, O.Balzak, J.Sand, A.Düma (ata), Q.Flober və G.Mopassan haqqında maraqlı tədqiqatların müəllifidir. Bununla belə, Ə.Zeynalov V.Hüqonun yaradıcılığına ayrıca monoqrafiya həsr etmişdir.
Bu yaxınlarda zəhmətkeş tədqiqatçı Ə.Zeynalovun “Hüqo” adlı monoqrafiyasının yeni nəşri (Redaktorları: prof. Teymur Əhmədov və fəlsəfə doktoru Vazeh Əsgərov, Bakı: “Mütərcim”, 2014) çap olunmuşdur. Bu nəşr eyni adlı kitabın birinci variantına nisbətən daha kamildir və həm də bu kitab iki dildə - Azərbaycan və fransız dillərində çapdan çıxmışdır. 411 səhifədən ibarət olan bu kitabda həm V.Hüqonun həyat və yaradıcılığı, həm son dövrlərə qədər ədəbiyyat aləmi üçün qaranlıq qalan Hüqonun bioqrafiyası ilə bağlı bəzi problemlər, Hüqonun İslam dini ilə münasibəti məsələsi, həm Hüqonun bəzi şeirlərinin Ə.Zeynalovun tərcümələri (xalq şairi Söhab Tahirin redaktəsi ilə), həm də müəllifin Fransa səfəri və fransız mütəxəssislərinin onun haqqında fikirləri əks olunmuşdur.
Kitab bu sətirlərin müəllifinin yığcam ön sözü, Bezanson şəhərində 2007-ci ildə nəşr olunan “L,Est Republicain” qəzetində çap olunmuş Daniel Bordürün “Viktor Hüqo yaradıcılığının azərbaycanlı tədqiqatçısı Dil Vərdişləri Mərkəzində” adlı məqaləsi və məşhur fransalı hüqoşünas, görkəmli alim, Viktor Hüqonun Dostları Cəmiyyətinin və Viktor Hüqo və ona bərabər olanlar Festivalının sədri Arno Lasterin kiçik giriş sözü ilə açılır. Daniel Bordür azərbaycanlı alim haqqında fransız oxucularına məlumat verərək yazır: “Viktor Hüqo yaradıcılığının azərbaycanlı tədqiqatçısı Dil Vərdişləri Mərkəzində: Bakıda XVII, XVIII və XIX əsrlərin fransız ədəbiyyatını tədris edən Əsgər Zeynalov bir aylığa Bezansondadır. Ağız təkcə yemək üçün deyil, həm də danışmaq üçündür. Ancaq necə danışmaq? Bu başlıca məsələdir. Aforizmləri sitat gətirməyi sevən Əsgər Zeynalov Hüqo haqqında məhz belə düşünür”.
Arno Laster isə bu alim haqqında belə deyir: “Azərbaycanın universitet müəllimi Əsgər Zeynalov bizimlə ünsiyyət yaratmışdır. Filologiya elmləri doktoru (doktorluğu Volter yaradıcılığı üzrədir), Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, bir sıra kitab və məqalənin (La Fonten, Volter, Hüqo, Balzak, Jorj Sand, Düma, Flober, Mopassan və digər yazıçıların əsərləri haqqında məqalələri, hansı ki onların bəziləri İranda, Türkiyədə və Moskvada nəşr olunmuşdur) müəllifidir”.
Haqqında bəhs olunan bu kitabın “Viktor Hüqonun həyatı”, “Hüqo və Azərbaycan”, “V.Hüqonun Şərq baxışı”, “Şairin fərdi kədəri”, “Paris Notrdam kilsəsi” romanında haqsızlıq problemi”, “Səfillər” romanı, “Hüqo şeirlərinin fransız dilindən Azərbaycan dilinə tərcüməsi”, “Hüqonun çıxışları (Volter - 1878 və Balzak - 1850) haqqında”, “Hüqo fransız yazıçıları haqqında (Balzak, Düma, Jorj Sand)”, “Viktor Hüqonun müasirləri (Balzak, Düma, Jorj Sand, Flober, Mopassan”, “Parisə məktublar və Parisdən məktublar”, “Hüqonun fransız mütəxəssisi: Arno Laster” adlı bölmələrində müəllif həm V.Hüqo haqqında apardığı tədqiqatların nəticələrini vermiş, həm bu romantik yazıçının Şərqə münasibətini, eləcə də ümumiyyətlə, fransız romantizm estetikasında Şərq konsepsiyası məsələsini, bu problemlə birbaşa bağlı olan Hüqonun İslam dininə münasibətini, şair Hüqonun şeirlərinin ilk dəfə orijinaldan dilimizə tərcüməsi, müəllifin fransız alimləri ilə əlaqələri kimi çox maraqlı məsələlərdən bəhs edilmişdir.
Görkəmli rus yazıçısı M.Qorkinin V.Hüqo haqqında dediyi sözlərdən çıxış edərək müəllif bu fransız yazıçısının əsl dəyərini göstərməyə çalışır. M.Qorki V.Hüqo haqqında yazırdı: “Bu tribun şair dünyanın başı üzərində bir tufan kimi gurlayıb, insanın ruhunda olan bütün gözəlliklərə həyat verdi, can verdi... O, bütün insanlara həyatı, gözəlliyi, həqiqəti və Fransanı sevməyi öyrətdi”.
Kitabın maraqlı hissələrindən biri “Hüqo və Azərbaycan” adlanır. Burada ilk dəfə olaraq bu görkəmli yazıçının yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə əlaqələrindən geniş şəkildə bəhs olunmuşdur. Xüsusilə diqqəti cəlb edən məqamlardan biri isə görkəmli Azərbaycan romantik şairi Abbas Səhhətin Hüqonun “Yatmış Uşaq” şeirinin tərcüməsinin verilməsi və bu əsərin təhlil edilməsidir. Bu hissədə, eyni zamanda Hüqonun nəsr əsərlərinin Azərbaycan dilinə tərcümə tarixindən ətraflı şəkildə bəhs edilmişdir. Belə ki, müəllif burada göstərir ki, Azərbaycanın böyük ziyalılarından biri olan məşhur ədəbiyyatşünas Mikayıl Rəfili V.Hüqonun “Gülən adam” (1927-ci il), “Paris Notrdam kilsəsi” (1936-cı il), “Doxsan üçüncü il” (1948-ci il) romanlarını dilimizə tərcümə etmişdir.
Burada Azərbaycan yazıçı və tənqidçiləri M.İbrahimovun, Ə.Sultanlının, M.Quluzadənin, M.Rəfilinin, M.C.Cəfərovun bu yazıçı haqqında tədqiqatlarından söhbət açılmışdır.
Məlum olduğu kimi, alman maarifçi şairi İ.V.Getenin məşhur “Qərb-Şərq divanı”ndan sonra, demək olar ki, əsasən əksər romantik yazıçılar Şərq mövzusunda əsərlər yazmışlar. İngilis romantizmini görkəmli nümayəndələri C.H.Bayron (“Şərq poemaları”), P.B.Şelli (“İslamın üsyanı”), V.Skottla (“Talisman”) yanaşı, fransız romantikləri də bu mövzuya böyük maraq göstərmişlər. Fransız romantiklərindən isə V.Hüqo bu mövzuda özünün çox maraqlı əsərlərindən biri olan “Şərq motivləri” adlı şeirlər toplusunu yazmışdır. Ə.Zeynalov V.Hüqonun bu kitabını da əsaslı şəkildə təhlilə cəlb etmişdir. Tədqiqatçı şairin bu kitabının 1829-cu ildə çapdan çıxmasını qeyd etməklə, həmin əsərin yazılma tarixçəsi və səbələrini də göstərmişdir. Müəllif fransız ədəbi tənqidində bu kitabla bağlı mövcud olan bəzi tendensiyalı fikirlərə münasibət bildirərək yazır: “Türklərə qarşı “qəzəb” hissi olan bir çox tədqiqatçılar “Şərq motivləri”nin yaranmasının əsas səbəbini məhz bu dövrdə gedən türk-yunan müharibəsində (1821-1829) görürlər. Və yaxud şairin bu əsərindən söhbət açarkən, elə təqdim etməyə çalışırlar ki, guya kitab türk-yunan müharibəsinə həsr olunmuş şeirlərdən, daha doğrusu, türklərə qarşı yönəlmiş şeirlərdən ibarətdir”. Bu yanlış fikri təkzib edən müəllif bu məsələyə belə münasibət bildirir:
“Bəs bu silsilənin yaranmasına səbəb nə idi?
Həmin suala Hüqonun özü gözəl cavab verir: “Bu dövrdə misli görünməmiş dərəcədə Şərqlə məşğul olurlar. Şərqin öyrənilməsi heç vaxt bu qədər inkişaf etməmişdi. Əgər XIV Lüdovikin dövründə (1643-1715-ci illər - Ə.Z.) onlar ellinist idilərsə, indi şərqşünasdılar”.
Hüqo poeziyasının həm tərcüməçisi, həm də peşəkar tədqiqatçısı Əsgər Zeynalov şairin “Şərq motivləri” toplusunun ideya-məzmun xüsusiyyətlərini əsaslı şəkildə araşdıraraq, onun həm mövzu dairəsini, həm də ictimai-siyasi mündəricəsini müəyyən etməyə çalışmış, bu mövzuların aktual səciyyə daşıdığını qeyd etmişdir. Gənc romantik şair Viktor Hüqo üçün mövzu məhdudiyyəti yox idi, o, azad bir quş kimi poeziya bağçasında istədiyi səmtə uçur, istədiyi budağa qona bilirdi. Şair bu toplunun müqəddiməsində öz yaradıcılıq kredosunu müəyyən edərək yazımışdır: “Şair sərbəstdir, qoy o öz yolunu seçsin. Onun fantaziyasını məhdulaşdırmağa heç kəsin haqqı yoxdur”. Məhz elə bu cəhətlərinə görə şairin ilk şeirlərindən və romanlarından başlayaraq bütün əsərlərində mübarizlik, vətənpərvərlik, insanpərvərlik kimi motivlər qabarıq şəkildə özünü göstərmişdir.
Mübariz, inqilabi ruhlu şairin yaradıcılığında müəyyən qədər üstüörtülü şəkildə olsa da, dərin kədər çaları hiss olunmaqdadır. Şairin yaradıcılığının bu cəhəti Ə.Zeynalovun kitabına daxil edilmiş “Şairin fərdi kədəri” bölməsində təhlil edilmişdir. Tədqiqatçı “Səfillər” romanının Fantina, Kozetta kimi personajlarının nümunəsində bu motivi araşdırmışdır. Şairin kədəri, heç şübhəsiz ki, ilk növbədə ictimai səciyyə daşıyır, o, vətəninin, ümumiyyətlə, o vaxtkı Avropanın mövcud vəziyyətinə, zavallı insanların “səfillərin” ağır həyatına acıyır, bayronsayağı “dünya kədəri” hissləri ilə yaşayırdı. Öz müasirləri Balzakın, Floberin, Dümanın (ata), J.Sandın dünyasını dəyişməsi, təbii ki, şairin kədərinə səbəb olmuşdu. Ə.Zeynalov Hüqonun fərdi kədərinin dərin köklərinin bir səbəbini də qızı Leopoldinanın faciəli ölümü ilə əlaqədar olduğunu göstərmişdir.
Demək olar ki, Ə.Zeynalovun bu kitabına daxil edilən bütün bölmələr yeni məlumatlar və maraqlı faktlarla zəngindir. Amma bu kitabda yer alan “Hüqo İslam dinini qəbul etmişdirmi?” ritorik sual başlığı ilə verilmiş bölmə isə həm gözlənilməzliyi, həm də əhəmiyyətliliyi baxımından xüsüsi əhəmiyyət kəsb edir.
Avropa siyasətçiləri V.Hüqonun Avropamərkəzçi (Avrosentrizm) ideologiyasının tərəfdarı olduğunu iddia edirlər. Digər tərəfdən isə, bu mütəfəkkir yazıçının yaradıcılığının ümumbəşəri səciyyə daşıdığını inkar etmək olmaz. Bu yazıçının yaradıcılığında, nə millətçilik, nə irqçilik, nə zorakılıq motivlərinə rast gəlmək mümkün deyil. Əksinə o, demək olar ki, bütün əsərlərində, həm bədii, həm publisistik, həm də elmi araşdırmalarında daim insanpərvərlik, xeyirxahlıq, bərabərlik ideyalarını qabarıq şəkildə ifadə etmişdir.
Hüqonun dini inancı və dünyagörüşü məsələsi də onun yaradıcılığı ilə sıx bağlı olmuşdur. Məlum olduğu kimi, hələ 1859-cu ildə yazıçının “Əsrlərin əfsanəsi” adlı bir kitabı işıq üzü görmüşdür. Buraya şairin islam dini, bu dinin peyğəmbəri Məhəmməd peyğəmbər mövzusunda çox qiymətli üç poetik əsəri - “Hicrətin doqquz ili”, “Məhəmməd” və “Sidr ağacı” daxil edilmişdir. Bu kitab şairin yüz illik yubileyindən - 1902-ci ildən sonra düz yüz il ərzində, 2002-ci ilə qədər heç bir yerdə çap olunmamışdır.
Bu kitabın nəşr taleyi haqqında bəhs edən azərbaycanlı tədqiqatçılar - Aygün Əliyeva və Əsgər Zeynalov Hüqonun İslam dini ilə əlaqələri məsələsini araraşdırmış və fransız mənbələrinə istinad edərək bir sıra qiymətli elmi faktlar aşkarlamış, bu mübahisəli problem haqqında maraqlı fikirlər söyləmişlər. Ə.Zeynalov bu barədə yazır: “Son vaxtlar fransız dilində əldə etdiyimiz məlumatlar “Hüqo müsəlman idi”, “Hüqo müsəlman? Bir təkidli səs-küyün hadisəsi”, “Əbubəkr Hüqo” Gestion Ali İnstitutunun keçmiş ENSUT Universitetinin əməkdaşı cənab Han İbrahimin “Hüqo” əsəri ilə bağlı yazılar bu sualın cavabını tapmağa kömək edir”.
Maraqlı burasıdır ki, son vaxtlara qədər nə fransız, nə rus, nə də digər xalqların hüqoşünasları “Əsrlərin əfsanəsi” kitabının adını dönə-dönə çəksələr də, bu kitaba daxil olan əsərlərdən bəhs etməyiblər. Bu son dərəcə mübahisəli məsələ ilə yaxından məşğul olan Əsgər Zeynalov fransız dilində nəşr olunmuş elmi mənbələrə istinadən belə bir qənaətə gəlmişdir ki, həqiqətən də görkəmli fransız romantiki Viktor Hüqo müsəlman olmuş, hətta özünə müsəlman adı da götürmüşdür. Ə.Zeynalov fransız dilində tapdığı bir mənbədən delə bir parça verir: “Şairlərin ən parlağı Hüqo müsəlman idi. Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi... Şübhəsiz ki, onun müsəlman olduğunu mediada (mətbuatda) demək olmurdu... Bu təkrarsız poemaların müəllifi Hüqo inam yolunu (cahad) təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur, Məhəmməd onun elçisidir. 1881-ci ilin sentyabr ayının 6-da onun göndərdiyi (şübhəsiz ki, Tanrı nəzərdə tutulur - Ə.Z.) Şeyx İbrahim dö Tlemcen Əlcəzairli parisdə onun otağında (Hüqonu otağında - Ə.Z) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə Hüqonu yanına gələrkən ona bir canamaz (sayyada - Ə.Z.) gətirmişdi. O, 1885-ci ildə bir müsəlman kimi dünyasını dəyişmişdir”.
Ə.Zeynalov V.Hüqonun İslam dinini qəbul etməsini heç də təsadüfi hesab etmir, bu addımı atmış daha bir neçə məşhur avropalıların adlarını çəkir. O, yazır: “Əldə edilən tədqiqatlardakı verilən məlumatlara görə, Artur Rimbo (1854-1891), Alfons dö Lamartin (1790-1869), Yohan Volfhanq Gete (1749-1832) də İslam dinini qəbul etmişlər. Hüqonun müsəlman dinini qəbul etməsi ilə bağlı digər yazılarda bu sıraya Napoleon Bonapartın (1769-1821) da adı əlavə olunur”.
Ə.Zeynalov bu faktı daha inandırıcı etmək məqsədilə Hüqonun “Hicrətin doqquzuncu ili” poemasını ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə tərcümə etmişdir. Bu əsərdə şairin müsəlman peyğəmbərinə səmimi münasibəti, böyük rəğbəti açıq-aylın şəkildə görünməkdədir.
Bundan başqa, Əsgər Zeynalovun “Hüqo” kitabında fransız yazıçısının “Paris Notrdam kilsəsi”, “Səfillər” romanları ətraflı şəkildə təhlil edilmişdir. Azərbaycanlı tədqiqatçı bu romanların ideya-məzmununu, obrazlar sistemini, romantik qəhrəman problemini, fabula, süjet, baş qəhrəman və epizodik personaj məsələlərini də dərindən araşdırmışdır.
“Hüqo” kitabının maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, burada Əsgər Zeynalov fransız romantizminin patriarxının öz müasirləri Balzak, Düma, Flober, J.Sand haqqında fikirlərini də vermişir. Geniş dünyagörüşə malik olan Viktor Hüqo romantik yazıçı olsa da, Balzak və Flober kimi realist yazıçıları da yüksək qiymətləndirmiş, onların haqqında maraqlı fikirlər söyləmişdir. “Hüqonun müasirləri” bölməsində Balzak haqqında (“Qüdrətli nəslin nümayəndəsi”), Düma (ata) haqqında (“Ağlı qədər ürəyi böyük”), J.Sand haqqında (“Vətənin ehtiyacı olan insan”), Flober haqqında (“Tufanların sarsıda bilmədiyi yazıçı”), Mopassan haqqında (“Floberin layiqli yetirməsi”) və fransız ədəbiyyatının ədəbi-tarixi və nəzəri-metodoloji problemlərinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən tədqiqatlar təqdim olunmuşdur.
Professor Əsgər Zeynalovun həm elmi, həm pedoqoji, həm də ictimai fəaliyyəti Azərbaycan-fransız ədəbi-mədəni münasibətlərinin inkişafında xüsusi rol oynayır. Bu kitab həm dünya ədəbiyyatının araşdırılması, həm də konkret fransız ədəbiyyatının görkəmli nümayəndəsi olan Viktor Hüqonun yaradıcılığının Azərbaycanda öyrənilməsi baxımından fundamental tədqiqat əsəridir. “Hüqo” kitabı Dövlət Mükafatına layiqdir.
Cəlil
Nağıyev,
BDU-nun Dünya ədəbiyyatı
kafedrasının müdiri, professor.
Respublika.-2014.- 7 may.- S.10,11.