Sumqayıtda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş parad keçirilmişdir

 

May ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar hadisə ilə bağlı may ayının ilk günlərindən başlayaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif formatda çoxsaylı tədbirlər keçirilir. Belə tədbirlərdən birimay ayının 6-da Sumqayıt şəhərində baş tutmuşdur.

Dördüncü ildir ki, Sumqayıtda şəhər rəhbərliyinin tövsiyəsilə məktəblilərin hərbi paradı keçirilir. Sumqayıtın ən böyük küçəsi olan Sülh prospekti ilə keçən həmin hərbi yürüşdə üç mindən çox məktəbli iştirak etmişdir. Paradda ibtidai və yuxarı sinif şagirdləri ilə yanaşı, milli ordunun əsgərləri, hərbi orkestr, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları, zirehli maşın və mexanizmlər, eləcə də texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tanklar və “Difai” müdafiə dəstəsini tərənnüm edən 20 nəfər atlı iştirak etmişdir.

Paradı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları, şəhərin ayrı-ayrı idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları qəbul etdi.

Parad ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etdiyindən yürüşü 10 minlərələ sakin izləyə bilmişdir. Şəhərdə böyük bayram, sevinc əhval-ruhiyyəsi hiss olunurdu.

Əməkdaşımızın “bu cür tədbirlərin gənclərimizin vətənpərvər kimi tərbiyə olunmasında nə dərəcədə rolu var?”- sualına Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələkbərov belə cavab vermişdir:Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev dövlətçiliyin əsas atributlarından biri kimi Milli Ordu quruculuğuna çox böyük diqqət yetirmiş, hər kəsin bu sahəyə qayğı və həssaslıqla yanaşmasını tövsiyə etmişdir.

Ulu öndərin nəsihətlərinə uyğun olaraq gənclər arasında orduya sevgini və inamı artırmaq, gələcəyin nümunəvi əsgərini yetişdirmək, sözün əsl mənasında vətənpərvər olmağı təbliğ etmək məqsədilə Sumqayıt məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi işinə xüsusi önəm verilir, müxtəlif idman oyunları, yarışları və hərbi paradlar keçirilir. Bu baxımdan bu gün baş tutan paradın da şagirdlərin milli-mənəvi dəyərlərimizin qorunması və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması işində, eləcə də fiziki sağlam böyümələrində müstəsna rolu var”.

 

Söhrab SƏfiyev,

Respublika.-2014.- 7 may.- S.10.