Gerçəkləşən arzular

 

Xidməti, elmi ictimai işlərimlə əlaqədar olaraq, mən gənc neftçi alim mütəxəssislərlə, xarici həmkarlarımladünyanın məşhur neft şirkətlərinin nümayəndələri ilə tez-tez görüşürəm. Adətən söhbətlərimiz Azərbaycanda neft sənayesinin tarixi, onun inkişaf mərhələləri və müasir  vəziyyəti barəsində məlumatla başlanır və belə vaxtlarda mən ümummilli liderimiz Heydər Əliyevin respublikada neft hasilatının artırılması, neftçilərin sosial problemlərinin həll olunması üçün gördüyü böyük işləri xatırlayanda ürəyim iftixar hissi ilə döyünür. Çünki ömrümün təxminən yarısı, həyatımın bir çox maraqlı və mənalı çağları bu böyük insanın, ulu şəxsiyyətin, qüdrətli siyasət və dövlət xadiminin xalqımıza rəhbərlik etdiyi dövrlərlə bağlı olmuş, qəlbimdə silinməz izlər qoymuşdur.

Adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış  Heydər  Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı tanıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, mürəkkəb və coxçalarlı dünya siyasətində ən görkəmli  simalardan biri idi. Dövlət və siyasət adamına, el ağsaqqalına, qədim və müdrik bir xalqın liderinə lazım olan bütün keyfiyyətləri özündə birləşdirmiş ulu öndərin həyatı və mübarizəsi bütünlüklə doğma xalqa həsr olunmuş parlaq ömür epopeyasıdır.

Şəxsən mənim üçün bu epopeyanın ilk səhifəsi 1968-ci ildə başlandı. Ulu öndərimiz o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin  sədri idi. Türkiyənin o zamankı Baş naziri  Süleyman Dəmirəl Moskvada keçirdiyi  rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi. O vaxt  hörmətli qonağı Qum adasına müşayiət edən  rəsmi şəxslərdən biri də Heydər Əliyev idi. Tale mənim üzümə gülmüşdü, çünki Türk dünyasının iki böyük oğlu ilə  bir gündə tanış olmuşdum. Cənab Süleyman Dəmirələ dəniz yataqları barəsində məlumat verdim. Bu hadisə və ulu öndərimizlə ilk tanışlığım  yaddaşıma həmişəlik həkk olundu.

1969-cu  il iyul ayının 14-nü də yaxşı xatırlayıram. Həmin gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. O vaxt respublika iqtisadiyyatının digər sahələri kimi, neftqaz sənayesində də  böyük tənəzzül hökm sürürdü. Heydər Əliyev respublikaya bışçılıq etdiyi ilk günlərdən neftçilər aydın hiss etdilər ki, tənəzzül, gerilik kimi anlayışlar ona yaddır və o, mövcud vəziyyətlə barışmaq fikrində deyildir.

Respublikanın neftqaz sənayesində dönüş yaratmaq, həm dənizdə, həm də  qurudakı sahələrdə neftqaz hasilatının yüksəldilməsinə nail olmaq məqsədilə olduqca əhəmiyyətli qlobal tədbirlərin həyata keçirilməsinə başlandı. Heydər  Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-80-ci illərində Azərbaycanın neft sənayesi üçün müxtəlif təyinatlı gəmilər, o cümlədən  ağır yükqaldıran kran gəmiləri, dənizin dərin sahələrində işləmək üçün   özüqalxan və yarımdalma üzən qazma qurğuları alındı, dünyada analoqu olmayan Dərin Dəniz Ozülləri Zavodu inşa edildi. Beləliklə də Xəzərin daha böyük dərinliklərində neftqazla zəngin   yataqların  kəşf edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdəniz”, “Kəpəz” yataqları kəşf olundu.

Sonra ötən əsrin 90-cı  illəri gəldi. Bunlar böhranlı illər idi. Respublikanın o vaxtkı siyasi-iqtisadi vəziyyəti hamımızın yadındadır. Bu vəziyyəti ürək ağrısı ilə izləyən böyük siyasətçi Heydər Əliyev bilirdi ki, Azərbaycanda müstəqilliyi, suverenliyi, dövlətçiliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Yaranmış vəziyyətdən çıxmaq üçün ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsini sürətləşdirmək və bu məqsədlə dünyanın nəhəng, qüdrətli şirkətlərini, onların madditexniki potensialını Azərbaycana cəlb etmək  lazım idi. Bu fikir Heydər Əliyev siyasətinin uzaqgörənliyini nümayiş etdirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” dünyanın 7 ölkəsinin 11 iri neft şirkəti ilə məşhur Saziş imzalandı. Bununla da Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsinə başlandı.

Xarici tərəfdaşlarımızla birlikdə bu il biz  “Əsrin müqaviləsi”nin 20 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü hamılıqla qeyd etdiyimiz bu günlərdə onun müdrikliyinın və uzaqgörənliyinin möhtəşəm ifadəsi olan “Əsrin müqaviləsi”nin, yeni neft strategiyasının iyirmi illik yekunlarını nəzərdən keçirməyimiz yerinə düşərdi.

Həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri müqavilələri sırasına aid edilən “Əsrin müqaviləsi”nin iki əsas müsbət cəhətini qeyd etmək istəyirəm.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi, dünyanın aparıcı dövlət və şirkətlərini əmin etdi ki, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 32 saziş bağlandı.

“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə gəldikdə isə deməliyik ki, neft hasilatı  Azərbaycanın neft hasilatı tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, neft hasilatı 5,6 dəfə  artdı.

Respublikada hasil edilən neftin və qazın  əsas hissəsi Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları hesabına əldə edilir. Hazırda Çıraq, Azəri və Günəşli yatağının dərinsulu hissəsində 77 hasilat quyusundan ayda orta hesabla 2,8 milyon ton qədər neft və 1,1 milyard  kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən Azəri-Çıraq-Günəşli yatağından 333,6 milyon ton neft və 95,5 milyard kubmetr qaz hasil edilmişdir.

Artıq 15-ci ildir ki, Azəri-Çıraq-Günəşli yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən  gəlir əldə edir.  1999-cu ilədək  neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin  ilin dekabrından Azərbaycanın “mənfəət nefti” ilə dolu  tankerlər xarici  bazarlara çıxarılır. 2014-cü il mayın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 177,2 milyon tona qədər mənfəət nefti satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə  2013-cü ildə Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu,  yəni 68,8 faizi  Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur. “Mənfəət neftinin  satışından əldə edilmiş gəlir ulu öndərimiz tərəfindən yaradılmış “Neft Fondunda toplanır,  Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf edilir.

Azərbaycan nefti Avropayadünya bazarlarına 1997-ci  ildən “Şimal istiqaməti” (Bakı-Novorossiysk) və 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) ilə çıxarılırdısa, 2006-cı ilin mayında bunlara unikal Bakı-Tbilisi-Ceyhan əsas  ixrac neft kəməri də əlavə olundu. Xatırladım ki, Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1769 kilometr, keçiricilik qabiliyyəti ildə 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq olar.

2014-cü il mayın 1-dək dünya bazarlarına 345 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 244,6 milyon ton, Bakı-Supsa kəməri ilə 67,7 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 11,2 milyon ton və dəmir yolu ilə  20,2 milyon ton neft ixrac edilmişdir.

“Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının  kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

Xatirimdədir ki, 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində çıxış etmək üçün ulu öndərimiz mənə də söz verdi. Mən Xəzərdə zəngin neftqaz yataqlarının kəşf edilməsində və işlədilməsində  ümummilli liderimizin misilsiz xidmətlərindən danışdım, “Şahdəniz” yatağı və onun ehtiyatları barədə məlumat verdim. Dedim ki, “orada ehtiyat bir trilyon kubmetrdən az olmaz. Bəlkə, artıq olacaq, amma əskik olmaz”.

Təqdimat mərasimindəki yekun nitqində Heydər Əliyev əldə edilən nailiyyətlərə görə ARDNŞ-ikonsorsiuma daxil olan şirkətləri təbrik edərək dedi: Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildən mənim Azərbaycana başçılıq etdiyim zamandan 70-80-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüşböyük xidmətlər göstərmişdim. Xoşbəxt düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neftqaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik”.

“Şahdəniz-1” mərhələsi üzrə 2013-cü ildə yataqdan gündə 25,5 milyon kubmetr, il ərzində isə 9,0 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulmuşdu. Lakin faktiki olaraq ötən ilAlfa” platformasında istismarda olan 6 quyudan 9,8 milyard kubmetr qaz və 3,1 milyon kubmetr kondensat hasil edilmişdir. Orta hesabla gündə 26,8 milyon kubmetr qaz  və 8,5 min kubmetr kondensat  çıxarılmışdır. İşlənmənin əvvəlindən isə “Şahdəniz” yatağından 13,3 milyon ton kondensat və 51,0 milyard kubmetr qaz hasil edilmişdir.

2003-cü ildə “Şahdəniz” layihəsinin iştirakçıları Cənubi Xəzər boru kəməri şirkətini yaratdılar və 2007-ci ilin iyul ayında Cənibi Qafqaz Boru Kəmərini, yəni Bakı-Tbilisi-Ərzurum kəmərini istismara buraxdılar. Ümumi uzunluğu 971 kilometr, keçiricilik qabiliyyəti ildə 20 milyard kubmetrə  qədər olan bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından  başlayır, Azərbaycan və Gürcüstan ərazilərindən keçib Türkiyənin Ərzurum şəhərinə çatır və burada Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur. İstismara verildiyi gündən 2014-cü il mayın 1-dək “Şahdəniz” yatağından Gürcüstana 3,9 milyard kubmetr və Türkiyəyə 27,4 milyard kubmetr qaz verilmişdir.

Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixrac olunması üçün artıq mühüm addımlar atılmışdır. 2013-cü il iyunun 28-də Bakıda “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün konsorsium tərəfindən Trans-Adriatik Boru Kəmərinin (TAP) seçilməsi çox mühüm hadisələrdən biri oldu. Qeyd etmək lazımdır ki, TAP layihəsi  çərçivəsində Avropa bazarlarına ilkin mərhələdə ildə 10 milyard  kubmetrdən çox Azərbaycan qazı nəql ediləcək.

Azərbaycan və Türkiyə arasında TANAP — Transanadolu Qaz Boru Kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması da bu istiqamətdə atılmış mühüm addımlardandır. Müqavilədə ARDNŞ 80, Türkiyə isə 20 faiz paya malikdir.

TANAP layihəsinin həyata keçirilməsi işlərinə artıq başlanmışdır. Uzunluğu təqribən 1800 kilometr, diametri 56 düym olan kəmərin 2018-cü ilin ortalarında istismara veriləcəyi gözlənilir.  Onun ilkin nəqletmə gücü 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetr qaz olacaqdır. İlkin mərhələdə nəql ediləcək 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropaya tranzit olunacaq, 6 milyard kubmetri isə Türkiyəyə veriləcək. Beləliklə də Cənub Qaz Dəhlizi ideyası tam şəkildə reallaşacaq.

“Şahdəniz-2” layihəsinin ilkin mərhələsi  Azərbaycan, Gürcüstan, Türkiyə,  Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanı, sonrakı mərhələdə isə Monteneqro və Xorvatiyanı əhatə edəcəkdir. Qarşıdakı illərdə boru kəmərini Rumınya, Macarıstan və Avstriya istiqamətinə uzatmaq nəzərdə tutulur.

Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda Cənub Qaz dəhlizinin ən böyük investorlarından biri ARDNŞ olacaqdır.

2013-cü il dekabrın 17-də Bakının Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” layihəsi  üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış etmiş  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsidirsə, “Şahdəniz-2” müqaviləsi XXI əsrin müqaviləsidir. Bu müqavilə Azərbaycanın uzunmüddətli inkişafını, eləcə də bu tarixi layihənin iştirakçısı olan dövlət və şirkətlərin geniş əməkdaşlığını təmin edəcəkdir.

“Şahdəniz” layihəsi barədə danışarkən belə bir faktı da xatırlamaq yerinə düşər ki, bu gün Azərbaycanda 2,5 trilyon kubmetrdən artıq təsdiq olunmuş qaz ehtiyatı var.

Burada mən bir məsələni də qeyd etmək istəyirəm. Müstəqillik illərində dənizdə axtarış-kəşfiyyat işlərini biz  əsasən xarici şirkətlərlə birlikdə aparmışiq. Lakin 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Xəzərdə yeni bir yataqÜmidqaz-kondensat yatağı kəşf etdi.  Bu, müstəqillik illərində şirkətimizin daxili imkanları hesabına kəşf edilmiş ilk yataq oldu.

Hazırda bu yataqda iki istismar quyusu işləyir. Hələ işlənilmənin ilkin mərhələsində olan yataqdan indiyədək 345,5 milyon kubmetrə qədər qaz və 57 min tonadək kondensat hasil edilmişdir. İlkin hesablamalara görə “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.

Son illərdə əldə edilən nailiyyətlərdən biri də “Abşeronqaz-kondensat yatağının kəşf edilməsidir. Bu hadisə 2011-ci il sentyabr ayının 9-da  baş verdi. Həmin gün Fransanın “Total” və ARDNŞ şirkətləri Xəzərin Azərbaycan sektorunda yeni bir iri qaz-kondensat yatağının — “Abşeron” yatağının kəşf olunduğunu elan etdilər.  Burada qazılmış quyu Fasilə lay dəstəsinin sınağı zamanı gündə 920 min kubmetr qaz və 430 kubmetr kondensat  verdi.

İlkin hesablamalara görə “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan ibarətdir.

Abşeron” və “Ümid” yataqlarının kəşfi Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimalını artırmış oldu. Əldə edilmiş yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyinə  inamı artırır.

Son 20 ildə Azərbaycanın neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən belə fikri xüsusi vurğulamaq istəyirəm ki, “Əsrin müqaviləsi” ilə başlanmış yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Genişmiqyaslı islahatlar aparılmış, sənayenin şaxələndirilməsi həyata keçirilmişdir. Hazırda ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neftqaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. ARDNŞ 15 ölkənin 25 şirkəti ilə imzalanmış 17 Hasilat Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycan Respublikasının neft-qaz sektoruna təqribən 51,6 milyard dollar məbləğındə sərmayə qoyulmuşdur.

Azərbaycanın yeni neft  strategiyası sayəsində Dövlət Neft Şirkəti dünya standartlarına cavab verən, böyük sərmayə qoyuluşu tələb edən layihələri həyata keçirməyə qadir olan müasir bir şirkətə çevrilmişdir. Bu gün ARDNŞ Azərbaycandan kənarda - Gürcüstanda, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə - ən müxtəlif layihələri uğurla həyata keçirir.  Trans-Adriatik Boru Kəməri layihəsini, ARDNŞ-in 350 milyon ABŞ dolları həcmində sərmayə qoyaraq Gürcüstanda istifadəyə verdiyi Kulevi terminalını, bu ölkədəki geniş yanacaqdoldurma məntəqələri şəbəkəsini və qazpaylayıcı şəbəkəni, SOCAR-Turkaz/İnjaz alyansı çərçivəsində Türkiyənin iri neft-kimya kompleksi olan Petkim şirkətinin 2 milyard ABŞ dolları dəyərində 51 faiz aksiyasını almasını, İzmir şəhərində Petkim neft-kimya kompleksi yaxınlığında “Star” adlı neft emalı zavodunun inşasını və s. buna misal göstərmək olar.

Aparıcı reyting agentlərinin fikrincə, 2009-cu ildən başlayaraq, ARDNŞ dünyanın ən iri 50 şirkətinin sırasındadır.

“Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan keçən müddət ərzində qazanılmış nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətləridir. Neftçilərə xüsusi münasibətini və qayğısını  heç vaxt unutmadığımız bu parlaq şəxsiyyəti xalqın tarixi yaddaşında yaşatmaq, onun yaratdığı və həyata vəsiqə verdiyi neft strategiyasının hərəkətverici qüvvəsi olan “Əsrin müqaviləsi”nin nəinki Azərbaycanın, eləcə də Avropadünya dövlətlərinin iqtisadiyyatındakı rolunu bir daha nümayiş etdirmək bizim müqəddəs borcumuzdur.

Hazırda ölkəmizin taleyi Azərbaycanda dövlətçiliyin qarantı olan, Heydər Əliyev siyasi xəttini və diplomatiyasını,  respublikanın gələcək mənafeyini göz bəbəyi kimi qoruyan, onu beynəlxalq aləmdə uğurla təmsil edən, yüksək intellektual səviyyəsi, biliyi, bacarığı ilə seçilən yeni tipli dövlət xadimininİlham Əliyevin əlindədir. Ölkənin durumunun ağır dövrlərində, gərgin mübarizə yollarında sınaqlardan uğurla çıxmış, böyük siyasi-ictimai xadimə çevrilmiş İlham Əliyev daim xalqa arxalanan əvəzedilməz rəhbərdir. Müstəqil Azərbaycan ulu öndərin arzuladığı çiçəklənən diyara bu gün məhz onun başçılığı ilə çevrilir.

 

Xoşbəxt YUSİFZADƏ,

Azərbaycan  Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,

AMEA-nın həqiqi üzvü.

Respublika.-2014.-8 may.-S.6.