Meliorasiya və su təsərrüfatı sisteminin misilsiz himayədarı

 

Müstəqil Azərbaycan Respublikasının bugünkü dövlət quruluşu modelinin banisi, yaradıcısı, qurucusu və ona əbədi həyat bəxş edən yeganə şəxs ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndərimizin həyat salnaməsini diqqətlə araşdırdıqda əmin olursan ki, o, bütün ömrü boyu doğma xalqı barəsində düşünüb, bütün şüurlu həyatını canı ilə, qanı ilə sevdiyi Azərbaycanın tərəqqisinə həsr edib. Gənclik illərində də, sonra da müxtəlif məsul vəzifələrdə çalışdığı vaxtlarda Azərbaycan xalqının taleyi onu həmişə düşündürmüşdür.

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə maraq XIX əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perspektiv proqramların qəbul edilməsi ulu öndərimizin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir.

Bu illərdə onun rəhbərliyi, şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1969-cu ildə, ulu öndərimiz respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və İttifaq hökumətinin bir neçə tarixi qərarının qəbul olunmasına nail oldu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) qərarlarını göstərmək lazımdır. Bu qərarlarla kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf proqramları qəbul olunmuşdur.

Ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı — “Azərsutikinti” Baş İdarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-ci illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında münbit torpaq sahələrində yüksək məhsul götülməsinə imkan vermişdir.

Ümumiyyətlə, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə Sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailliyyətlər əldə olunmuşdur.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını həyata keçirən Heydər Əliyev fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və küllü miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.

Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı, milli sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il müddətinə “Əsrin müqaviləsi” bağlandı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.

Aqrar sahə ilə paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlandı. İlk növbədə islahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq sənəd hazırlandı. 1996-cı ildə “Meliorasiya və irriqasiya haqqında”, 1997-ci ildə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003-cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlar qəbul edildi.

Azərbaycan meliorativ fondunun əksər hissəsi dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və onların istismarı müəssisələri olduğundan, su anbarları, rayonlararası magistral kanallar və kollektorlar, təsərrüfatlararası suvarma kanalları və kollektorlar, selötürücülər, iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri, Kür-Araz və dağ çayları boyunca mühafizə bəndləri, irriqasiya meşə zolaqları, rejim müşahidə quyuları, istismar müəssisələri və özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin sırasına daxil edildilər.

Ulu öndərimiz Heydər Əliyevin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələri rəhbər tutaraq, Meliorasiya və Su Təsərrüfatı ASC-nin (o dövrdə komitə idi) mərkəzi aparatı və yerli idarəetmə orqanlarının yeni strukturu və yeni əsasnaməsi hazırlandı. “Meliorasiya və irriqasiya haqqında” qanuna uyğun 1997-ci il yanvarın 1-dən respublikada mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlandı.

Müəyyən təşkilati çətinliklər olmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində respublika üzrə sudan istifadəedənlər birliklərinin yaradılması başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

Hazırda Səhmdar Cəmiyyət tərəfindən istismar olunan suvarma və kollektor-drenaj şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrin balasında olmuş daxili təsərrüfat sistemləridir. Respublikamızda aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələri ləvğ olunduqdan sonra bu şəbəkələr bir müddət sahibsiz qaldığından və baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton novlu suvarma və qapalı şəbəkələr dağılıb sıradan çıxmışdı.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu şəbəkələr 2000-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir-bərpasına və tənzimlənməsinə başlandı. Təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin dövlət himayəsinə götürülməsi ulu öndərimizin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla, bu sistemlərin tamamilə məhv olması təhlükəsini aradan qaldırdı.

İstismar tədbirləri və əsaslı təmir hesabına bu şəbəkələrdə hər il müəyyən həcmdə təmir-tənzimləmə işləri aparılır və onların normal istismarı təmin edilir.

Ulu öndərimizin göstərişləri əsas tutulalaq, xarici investisiyalar, ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşnun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan Kollektoru tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR-də Vayxır su anbarınin tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan Kollektorunun tikintisinə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 km-lik birinci buraxılış obyektinin tikintisi 1994-cü ildə istismara verilmişdir. Kollektorun 52,7 km-lik ikinci hissəsinin tikintisinə İslam İnkişaf Bankının krediti hesabına 1998-ci ildə, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisi Dünya Bankının krediti hesabına 2000-2002-ci illərdə başa çatdırılmışdır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Bankı, Samur çayı üzərində baş suötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan 50 km-lik hissəsinin tikintisinə isə Dünya Bankı tərəfindən kredit ayrılmış və 2001-ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Vayxır su anbarının tikintisinin davam etdirilməsinə başlanmışdır. Vayxır su anbarı 2005-ci ildə tikilib istismara verilmişdir. Adları cəkilən bu obyektlərdən başqa, məhz ulu öndərimizin şəxsi təşəbbüsü və yaxından köməkliyi sayəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə irihəcmli işlərin reallaşması ilə bağlı çoxsaylı faktlar sadalamaq olar.

Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bütövlükdə 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, bu sahə üzrə həyata keçirilmiş əzəmətli işlərin və əldə edilmiş nailiyyətlərin həmmüəllifi, həm də təşkilatçısı Heydər Əliyevdir. Eləcə də əvvəlki illərdə həyata keçirilmiş meliorativ quruculuq işləri nəticəsində respublikamızda 53 min km suvarma kanalları, 31 min 578 km kollektor-drenaj şəbəkələri, 116 min 695 hidrotexniki qurğu, 135 su anbarı, 16 hidroqovşaq, 978 nasos stansiyası, 7 min 693 subartezian quyusu, 2037 km mühafizə bəndləri, 3 min 40 km boru kəmərlərindən ibarət müasir tələblərə cavab verən nəhəng meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Suvarılan sahələr 1432,8 min hektara, meliorasiya olunmuş sahələr 609,4 min hektara çatdırılmışdır.

Fəxr etməyə dəyər ki, ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır.

Cənab İlham Əliyevin təşəbbüsü ilə təsdiq olunub uğurla başa çatdırılan birinci və ikinci “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qeyri-neft sahəsi, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafında mühüm rol oynamışdır.

Möhtərəm Prezidentimizin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü Su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq və tövsiyələr bunun bariz sübutudur.

Onun fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında və tədbirlər planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 2010-cu ildə 2003-cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır.

Dövlətimizin başçısının bu sahəyə diqqətinin nəticəsi olaraq 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 37 dəfəyə yaxın artmışdır.

Bunun nəticəsində mövcud meliorasiya obyektlərinin istismarı yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1200-dən artıq maşın-mexanizm alınmışdır.

Xarici investisiyalar hesabına əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil-Muğan Kollektorunun sonuncu 3-cü 31 kilometrlik hissəsinin qurğularla tikintisi 2006-cı ildə, Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 188 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007-ci ildə, 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi 2006-cı ildə, Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 km-lik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçay çayında suqəbuledici qurğunun, respublika çaylarında 56 km uzunluğunda beton-daş beton bəndlərin və onlarca belə obyektin tikintisi müxtəlif illərdə başa çatdırılmışdır.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Şəmkir maşın kanalının birinci növbəsinin, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı, Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi, 2013-cü ildə də konkret tədbirlər işlənib həyata keçirilmişdir.

Hesabat ilində mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarlarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil, Yuxarı Mil, Yeni Xanqızı, Baş Muğan, Samur-Abşeron magistral kanallarında, Yuxarı Qarabağ kanalının Yevlax-Gəncə avtomobil yolu ilə kəsişməsində kanalın beton üzlüyə alınması, kanalın Tərtərçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda və R-7 paylayıcısında, Yuxarı Şirvan kanalının Türyançay və Göyçay çay dükerlərində, Şəmkir rayonunda Ceyrançöl I və II pillə nasos stansiyalarında,Tərtər rayonunda P-7-1 paylayıcı kanalında, Əyriçay su anbarının beton üzlüklü bəndində, torpaq məcralı Cənubi Muğan kanalının qurğularında, Salyan rayonunda Akkuşa kanalında, Sabirabad rayonunda Sabir kanalında, K-1, K-2, K-2a suötürən nasos stansiyalarının aparıcı beton kanallarında, Saatlı rayonunda Aşağı Muğan kanalının Baş Mil-Muğan kollektoru ilə kəsişməsindəki akvedukda, K kollektorunun Baş Mil-Muğan kollektoruna tökülən hissəsindəki sudüşürəndə, Göyçay rayonunda Qarayazı kanalında, Ağcabədi rayonunda K-3-3 kollektorunda, Baş Mil-Muğan və Sabir kollektorları üzərindəki 2 ədəd çoxaşırımlı körpülərdə, 712 ədəd hidrotexniki qurğuda, 55 ədəd tərpənməz və 26 ədəd üzən nasos stansiyalarında, 84 ədəd subartezian quyusunda, 211 km suvarma kanallarında, 193 km kollektor-drenaj şəbəkələrində, Ağcabədi, İsmayıllı, İmişli, Yevlax, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının ərazisində 4263 metr nov kanallarda, ayrı-ayrı rayonların qış otlaq sahələrində 18,0 km uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 2146 metr daş-beton mühafizə bəndlərdə, bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Bu işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Kür çayı boyunca 37,86 km (Zərdab rayonu ərazisində 15,7 km, Ağcabədi rayonu ərazisində 1,66 km, Bərdə rayonu ərazisində 20,5 km), Araz çayı boyunca İmişli rayonu ərazisində 1,8 km və Girdiman çayı boyunca Kürdəmir rayonu ərazisində 7,19 km olmaqla, hesabat ilində cəmi 48,84 km uzunluğunda mövcud torpaq mühafizə bəndlərində hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüş, Sabirabad, Salyan, Neftçala, Zərdab, İmişli, Hacıqabul, Saatlı rayonları və Şirvan şəhəri ərazisində 2080 metr uzunluğunda daş-betonla sahilbərkitmə işləri aparılmışdır.

Bundan əlavə, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,7 milyon kubmetr həcmində (15900 km) lildən təmizləmə işləri görülmüşdür. 6424 hidrotexniki qurğu, 1075 hidropost, 2438 subartezian nasosu, 46 stasionar nasos, 305 elektrik və dizel mühərriki, 276 transformator təmir edilib işlək vəziyyətə gətirilmişdir.

Çay məcralarında 16,9 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 18,5 min kubmetr şax-daş və faşın, 4,1 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 23,4 min kubmetr həcmində təmir işləri görülmüşdür.

Vegetasiya suvarması başlananadək su anbarlarında 15,5 milyard kubmetr həcmində su toplanmışdır ki, bu da ötən ilin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsinə şərait yaratmışdır.

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1358,7 min hektar sahədə orta hesabla 3,2 dəfə, o cümlədən taxıl 583386 hektarda 2,3 dəfə, pambıq 26242 hektarda 3,2 dəfə, tütün 1569 hektarda 4,0 dəfə, yem bitkiləri 433692 hektarda 3,6 dəfə, bostan-tərəvəz 73057 hektarda 4,7 dəfə, çoxillik əkmələr 85370 hektarda 3,3 dəfə və həyətyanı sahələr 155481 hektarda 4,6 dəfə suvarılmışdır. Hazırda payızlıq əkinlərin suvarılması davam etdirilir.

Bütün suvarma mənbələrindən 8,1 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,7 milyard kubmetr su verilmişdir. Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 160 hektar sahədə yeni meşə zolaqları salınmışdır.

Hesabat ilində Cəmiyyətlə sudan istifadəedənlər birlikləri arasında qarşılıqlı əməkdaşlıq davam etdirilmiş və onlarla müqavilələrin bütünlüklə bağlanılmasına nail olunmuşdur.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə 2013-cü il ərzində bütün mənbələrdən, o cümlədən büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 69 ədəd keçid və 7 ədəd yeni obyektdə layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri aparılmışdır.

Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir.

Eyni zamanda Bankın krediti ilə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çevrəsində respublikanın 40656 hektar torpaq sahəsində, o cümlədən İmişli (2405 ha), Saatlı (5615 ha), Sabirabad (3751 ha), Ağcabədi (4466 ha), Beyləqan (8316 ha), Goranboy (2044 ha), Qusar (4795 ha), Zaqatala (3747 ha), Zərdab (2255 ha), Xaçmaz (2479 ha) və İsmayıllı (783 ha) rayonlarında yerləşən sudan istifadəedənlər birliklərinin ərazilərində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri davam etdirilmişdir. Zərdab, Ağcabədi, Quba, Qusar, Xaçmaz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Balakən, Qax, Zaqatala, İsmayıllı və Qəbələ rayonları ərazisində 180 ədəd ofis binasının tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 312216 metr uzunluğunda drenaj şəbəkələrində, 400640 metr uzunluğunda suvarma kanallarında qazma və lildəntəmizləmə işləri aparılmış, 24164 metr uzunluğunda mövcud kanallar betonla üzlənmiş, 240 ədəd hidrotexniki qurğu təmir olunmuş və 650 ədəd yeni qurğu tikilmişdir.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinə daxil olan ümumi sututumu 268 mln. kb.m olan Taxtakörpü su anbarının SES-lə birlikdə, uzunlugu 23,51 km olan Vəlvələçay-Taxtakörpü (II mərhələsi) və uzunlugu 110,33 km olan Taxtakörpü-Ceyranbatan kanallarının tikintisi işləri cari ildə başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü -Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə, Kürdəmir rayonu ərazisində Çərtəyaz, Çöl Ərəb və Muradxanlı kəndlərinin və Laçın rayonunda torpaqların su təminatını yaxşılaşdırmaq üçün magistral kanalların, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının tikintisi və Qayğı kanalının yenidənqurulması, Ağstafa rayonunun ərazisindəki Candar kanalından su götürən R-17 kanalının əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolunun və Qazax rayonunun Şıxlı arxının yenidənqurulması, Goranboy rayonunda “Xanarx” beton kanalının bərpası və yenidənqurulması üzrə işlər davam etdirilmişdir. Kürdəmir rayonu ərazisində Axtaçı-Ərəbqubalı kanalının tikintisinin başa çatdırılması ilə 4 min hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.

Qazax rayonunun Kəmərli, Aslanbəyli, Xanlıqlar, İkinci Şıxlı və Qaymaqlı kəndlərinin, sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli, Ürkməzli kəndlərinin, Ağcabədi rayonunun Nəcəfqulubəyli, Tovuzçay su anbarından rayonun əkin sahələrinə suvarma suyunun verilməsi və Ağdam rayonunun Ergi massivinin su təminatının yaxşılaşdırılması üçün nasos stansiyasının, təzyiqli boru kəmərlərinin tikintisi işləri davam etdirilmiş, Ağcabədi rayonunun Salmanbəyli kəndində bu işlər başa çatdırılmışdır.

Şəmkir çayı üzərində dəryaçanın bəndində gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda bu tikinti komplesinə daxil olan Sol və Sağ sahil Şəmkir, qidalandırıcı, nəqledici, qurğularla birlikdə suötürücü kanalların, tunelin, eləcə də Tovuz rayonunda Tovuzçay su anbarının tikintisi işləri yerinə yetirilmişdir. Eyni zamanda Qəbələ rayonunun kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Yengicə su anbarının tikintisi, Şəki rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidənqurulması, Qanıx çayından nasos stansiyası vasitəsilə qış otlaqlarının suvarılması üzrə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır.

Respublikanın rayonlarında su təchizatının yaxşılaşdırılması üzrə rayonların ərazisində 1610 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün 60 ədəd subartezian quyusunda qazma işləri tamamlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 may 2013-cü il tarixli 2894 s nömrəli sərəncamı ilə respublikanın 29 rayonunun 104 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə 107 ədəd subartezian quyusunun qazılması işləri başa çatdırılmışdır. Qazılmış quyuların vasitəsilə 2400 hektar sahədə su təminatı təmin olunmuşdur.

Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində, rayonun sərhədyanı ərazilərində, Yevlax rayonunda, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində, Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində, Bərdə, Tərtər və Şəmkir rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədi ilə 124659,2 metr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmışdır. Görülmüş işlərin nəticəsində 3055 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5750 metrlik hissəsində yenidənqurma işləri aparılmış, Suraxanı rayonu üzrə Hövsan nasos stansiyasılarında hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması və Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən Ziyarətgahın ətrafında 250 hektar ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması üzrə 2200 metr uzunluğunda qapalı suyığıcı çəkilmişdir.

Respublikanın ən təhlükəli hesab olunan çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi işləri həyata keçirilmişdir. Ölkə ərazisindəki (Göyçay çayı, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudialçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qarqarçay və Dəmiraparançay) çaylarında 11771 metr uzunluğunda sahilbərkitmə işləri (dəmir-beton, daş-beton, beton, daş tökmə) yerinə yetirilmişdir. Bundan əlavə, Türyançay çayının məcrasında 4195 metr uzunluğunda məcratəmizləmə işi görülmüşdür. Araz çayında sahilbərkitmə işlərinin aparılması üçün daş üzlüklü mühafizə dambasının layihə-smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.

Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri, Şəki rayonunda Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının və İcra Hakimiyyətinin inzibati binasının Kiş çayının sel sularından və Lənkəran rayonunun Vilvan, Viravul və Separadi kəndlərinin ərazisinin Viravulçay və Ulumçay çaylarının sel və daşqın sularından mühafizəsi üçün layihə sənədləri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.

Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində yaşayan 200-dən çox məcburi köçkün ailələrinə ayrılmış torpaq sahələrinə gediş-gəlişi yaxşılaşdırmaq və həmin torpaqlardan səmərəli istifadə etmək məqsədi ilə Yuxarı Mil kanalı üzərində yeni körpü tikilmişdir.

Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində müvafiq olaraq 3 min hektar və 1000,0 hektar dövlət ehtiyat fondu torpaqlarında iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Yuxarı Mil kanalının 4,75 km-lik hissəsinin tikintisi, 2,3 km-lik hissəsində yenidənqurma və onun üzərində 1 ədəd nasos stansiyasının tikintisi işləri başa çatdırılmışdır. Hacıqabul rayonunun inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsini suvarma suyu ilə təmin etmək üçün, Hacıqabul magistral kanalının 4,3 km-lik, eyni zamanda Padar kəndinin 800 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Padar magistral kanalının 3,4 km-lik hissəsinin tikintisi tamamlanmış, Yuxarı Şirvan kanalının üzərində 2 ədəd akvedukun yenidənqurulması üzrə işlər başa çatdırılmışdır.

Meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində Cəmiyyət fəaliyyətini davam etdirir.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclaslarında, regionlara səfərləri zamanı etdiyi çıxışlarında dövlət başçısı hər zaman ölkədə meliorasiya və su təsərrüfatının inkişafına ciddi önəm verir.

Xalqın taleyüklü problemlərini həll etmək zərurəti əbədi liderimizi zirvəyə ucaltmış, doğma xalqını da ardınca aparmağa sövq etmişdir. Bunun müqabilində Azərbaycan xalqı da Heydər Əliyev dühasından bəhrələnərək mənən güclənmiş, siyasi və iqtisadi inkişaf yolları ilə irəliləmiş, öz işıqlı gələcəyini təmin etməyə qadir olduğunu sübuta yetirmişdir. Sonrakı dönəmdə ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev onun ideyalarını uğurla davam və inkişaf etdirmişdir.

Dövlətimizin və onun başçısı cənab İlham Əliyevin diqqət və qayğısına söykənən, ulu öndərimizin müəyyən etdiyi kursa sadiq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, onun çoxminli kollektivləri şübhə yoxdur ki, qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaqlar.

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin sədri.

Respublika.-2014.-8 may.-S.7.