Məhkəmə orqanlarında mütərəqqi islahatların banisi

 

Xalqlarının taleyində müstəsna xidmətlər göstərən xarizmatik liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilirlər. Bu mənada, indi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, ötən əsrin ortalarında — 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqımızı milli müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcına çevrilmişdir.

Haqq-ədalət uğrunda mücadiləni özünün həyat kredosuna çevirmiş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla, ədalətli və qanunpərəst rəhbər olduğunu təsdiqləmişdir. Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasihüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün saymışdır.

Ulu öndər Azərbaycan KP MK-nın məşhur 5 avqust 1969-cu il tarixli plenumunda ölkədə qanunçuluğun, hüquq qaydalarının təminatı sahəsində vəziyyətin qənaətbəxş olmadığını vurğulamış, sonrakı mərhələdə hüquqi mexanizmlərin gücləndirilməsinə başlayaraq, məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır.

1981-ci il noyabrında “Literaturnaya qazetayaverdiyiQoy, ədalət zəfər çalsın!” başlıqlı məşhur müsahibəsində isə ulu öndər demişdir: “...Bizqanunçuluq” deyəndə Cinayət Məcəlləsindən çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özühüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, sovet adamının hüquqlarına hörmətdən, ləyaqət və şərəfinin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətlərinin, yüksək əxlaqi prinsiplərin tərbiyə edilməsindən gedir”.

Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi, yüksək bilik səviyəsi ilə fərqlənən gənclərə üstünlük vermişdir. Heydər Əliyevin rəhbərliyinə qədərki dövrdə hüquqşünaslığın, belə demək mümkünsə, “irsən ötürülməsi cəhdləri” geniş vüsət almışdı. Nəticədə imkansız, lakin savadlı və qabiliyyətli gənclərin, fəhlə-kəndli övladlarının hüquqları kobud şəkildə pozulur, onların hüquq təhsili almaq arzusu arzu olaraq qalırdı. Heydər Əliyev 70-ci illərdə ali məktəblərə qəbul prosesində özünü göstərən neqativ halların qarşısını almaq, ölkənin hüquq sistemini saflaşdırmaq üçün vəzifəli şəxslərin övladlarının, o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar qəbul etmişdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə görülən işlərin — elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə on ildən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin formalaşdırmışdır. Məhz belə bir zəmin üzərində SSRİ-də yaranmış tarixi şəraitdən bəhrələnərək öz hüquqları uğrunda mübarizəyə qalxan xalqımızın fədakarlığı nəticəsində Azərbaycan, nəhayət ki, dövlət müstəqilliyini bərpa etmişdir. Fəqət 1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər — siyasi böhranın, xaosanarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Böhranlı bir mərhələdə — 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyət sükanı arxasına keçən ümummilli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır.

Xilaskarlıq missiyası ilə milli qurtuluşu təmin edən ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq, dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi sistemin formalaşmasına başlanılmış, hüquqi-siyasi islahatların aparılmasına fundamental baza yaradılmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquqlarının etibarlı təminatı ilə bağlı olması da kifayət qədər diqqətçəkici məqamdır.

Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, respublikada birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgünobyektiv həllinə şərait yaratmış olur.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixdə “Məhkəmələr və hakimlər haqqında” qanunun qəbulu isə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmin qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaqprokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılmasına da xüsusi diqqət yetirilmişdir. Xatırlatmaq yerinə düşər ki, məhkəmə orqanlarının müstəqilliyinin təmin edilməsi üçün hakimlərin tamamilə şəffaf və demokratik yollatest üsulu ilə seçilməsi təcrübəsinin əsası hələ 2000-ci ildə, ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmişdir. Bunun nəticəsi olaraq hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşmışdır.

Ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu çoxşaxəli islahatları ötən 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev hər bir fərdin qanuni maraq və mənafeyinin təminatı baxımından məhkəmə-hüquq və ədliyyə sistemində mütərəqqi islahatları təmin etmişdir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı mütərəqqi hüquqi islahatlar üçün fundamental baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş təşkilati-hüquqi tədbirlərin mahiyyətindən irəli gələn bu fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələri, habelə Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ öyrənilərək tətbiq olunmuşdur.

Hakimlərin yüksək yükünün məhkəmə ara

şdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyev 17 avqust 2006-cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanla respublika məhkəmələri hakimlərinin sayını 153 ştat artırmışdır. Ötən illərdə hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılmışdır.

Son 5 ildə ölkədə 20-dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayının 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvürlər formalaşdırır. Xüsusi qeyd etmək istərdik ki, Məhkəmə-Hüquq Şurasının rəhbərliyi altında son illər hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmləri müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini artırır. Hakimlərin fəaliyyətininin qiymətləndirilməsi ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün aparılması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətinin davam etdirməyə yararlılığın müəyyən edilməsi məqsədi ilə aparılır. İqtisadi-sosial həyatın sürətlə inkişafı yeni qanunların qəbulunu, hakimlərin peşə səviyyəsini yüksəldilməsini, bilik səviyyəsinin, ümumi dünyagörüşünün artırılmasını tələb edir. Obyektiv və ədalətli qiymətləndirmələr və təyinatlar nəticəsində cəmiyyətin məhkəmələrə olan inamı daha da möhkəmlənir, ölkəmizin beynəlxalq imici yüksəlir.

Məhkəmələri əhatə edən vahid internet portalının yaradılması vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə xidmət etməklə, onlara ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı verir.

Dünya Bankı tərəfindən dəstəklənən “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində məhkəmələr üçün müasir binalar inşa olunmuşdur. Yeni məhkəmə binalarında hakimlərlə vətəndaşların birbaşa ünsiyyətin məhdudlaşdırılması şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.

Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyasında hüquqi islahatlara geniş yer verilmiş, eyni zamanda respublikanın yaxın perspektivdə orta inkişaf etmiş ölkədən yüksək inkişaf etmiş ölkəyə çevrilməsi məqsədi qarşıya ali məqsəd kimi qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixliElektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradır. Sərəncamın imzalanmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təminatı, habelə müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. “Elektron məhkəmə” sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, sürüdürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradacaq, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edəcəkdir.

Yeni sistemin tətbiqi vətəndaşlara məhkəmələrə elektron formada müraciət ünvanlamaq, proses barədə məlumatları elektron daşıyıcıda operativ şəkildə əldə etmək, məhkəmə proseslərini audio-video və digər texniki vasitələrlə qeydə almaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradacaqdır. Nəticədə vətəndaşların vaxt itirərək şəxsən məhkəmələrə gəlmələrinə və poçt xidmətlərindən istifadə etmələrinə ehtiyac qalmayacaqdır. Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların elektron qaydada ötürülməsi prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını da aradan qaldıracaqdır. Yeni sistemə əsasən, tərəflər vəsatət və şikayətləri də informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər.

Sərəncamda göstərilmiş məsələlərin praktik surətdə reallaşdırılması hər bir vətəndaşa istənilən məkandan internet vasitəsilə, real vaxt rejimində və sonradan məhkəmə proseslərini izləmək imkanı yaradacaqdır. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. Nəticədə məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxacaqdır. Bundan başqa, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron “şəxsi kabinetə” malik olacaq, işlərin elektron dövriyəsi təşkil ediləcəkdir.

Yeni informasiya sistemi hər bir proses iştirakçısının məhkəmədə işlərin təyin olunduğu vaxt, proseslərin aparılacağı yer (məhkəmə zalları) və müvafiq hakimlər barədə məlumatları sərbəst şəkildə əldə etmək üçün elektron cədvəllərin tərtib olunmasını da vacib məsələ kimi önə çəkir. Bu isə vətəndaşların məhkəmə prosesinin vaxtı və yeri barədə düzgün məlumatlandırılmaması ilə bağlı yaranan mübahisə və narazılıqların qarşısını alacaqdır.

Elektron məhkəmə” informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan informasiya sistemlərinə, habelə “Elektron hökumət” portalına inteqrasiyası isə vətəndaşlara e-xidmətlərdən “bir pəncərə” prinsipi əsasında bəhrələnmək imkanı yaradacaqdır.

Yeni sistemin tətbiqi zamanı müasir dünya ölkələrinin mütərəqqi təcrübələri nəzərə alınmışdır. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması da diqqəti xüsusi cəlb edir. Müasir İKT-nin ən son nailiyyətləri isə Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində - Avstriya, Estoniya, MaltaPortuqaliyada tam tətbiq olunur.

Sərəncamla Nazirlər Kabinetinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdır.

Bütün bunlar təsdiqləyir ki, ölkənin məhkəmə-hüquq sistemi keçdiyi uğurlu inkişaf yoluna görə məhz ulu öndər Heydər Əliyevə borcludur. Məhz Heydər Əliyev siyasətinin ötən illərdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi hər bir vətəndaş üçün qürur mənbəyinə çevrilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Və həm də ürəkdən inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni dövrün tələblərinə uğyun davam etdirilən mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə təkan verəcəkdir.

 

Sənan HACIYEV,

Bakı Apellyasiya Məhkəməsinin hakimi.

 Respublika.-2014.-8 may.-S.8.