Vətənə və xalqa xidmətin misilsiz
nümunəsi
Ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Hələ sağlığında canlı əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır.
Azərbaycanın iqtisadi və mədəni tənəzzül dövrü yaşadığı 1960-cı illərin sonunda Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev dərhal öz təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu. Bu pozitiv proses də milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti respublikamızı keçmiş İttifaqın ən inkişaf edənləri sırasına çıxardı. Ulu öndərimiz özünəməxsus intuisiya və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə necə sürətlə inkişaf edirdi. Sonralar müstəqil dövlət quruculuğuna aparan yolda, əslində, 1969-cu ildən–Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.
1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində ölkəmizin nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində müasir dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq isləri aparılırdı. Keçmiş İttifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli liderimiz doğma xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıqlar göstərmiş, buradakı quruculuq işlərinin hərtərəfli inkişaf etməsinə dəstək vermişdir.
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun nəhəng dövlətçilik fəaliyyəti təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyət üçün də zəngin bir xəzinə, çox dəyərli bir irsdir. Öz xalqının böyük oğlu kimi o, nəinki doğma vətəninin və millətinin tərəqqisi, həm də Azərbaycanın dünya miqyasında layiqli yer tutması naminə hər cür fədakarlıqlar göstərmiş xalqlar arasında dostluğun, qardaşlığın möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Məhz buna görə də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanlar buranı özlərinin doğma vətəni kimi sevir, onun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının təntənəsi olmaqla yanaşı, respublikamızın uğurlu inkişafını təmin edən mühüm faktorlardandır.
Taleyi bu torpaqla bağlı olan hər kəs üçün Heydər Əliyevin adı və fəaliyyəti qürur, iftixar mənbəyidır. Tarixi fenomen bir şəxsiyyət kimi o, müasir Azərbaycan dövlətçiliyinin əsasını qoymuş, müstəqilliyini möhkəmləndirmişdir.
Keçmiş Sovetlər İttifaqının rəhbərliyində işlədiyi beş il Heydər Əliyevin dünya siyasətçiləri sırasında önəmli yer tutmasına səbəb oldu. Azərbaycan xalqının bu böyük oğlu və qüdrətli lideri o illərdə keçmiş İttifaqın bütün xalqlarının ehtiramını və sevgisini qazanmışdı. İttifaq miqyaslı bir sıra iri sosial-iqtisadi layihələrin uğurla icra edilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur və bu xidmətlər həm tarixin, həm də insanların yaddaşına əbədi həkk olunmuşdur.
Hamımıza yaxşı məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası çox mürəkkəb iqtisadi-siyasi şəraitdə baş tutmuş, onun dönməzliyinin təmin edilməsi yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi sayəsində mümkün olmuşdur.
Azərbaycan dövlət müstəqilliyinin əbədiliyini təmin edən, onun müasir hüquqi-demokratik dəyərlərə söykənən təsisatlarını yaradan, respublikanı ağır sosial-iqtisadi böhrandan çıxaran Heydər Əliyevin fəaliyyəti misilsiz hünər, şücaət və tarixi qəhrəmanlıq idi. Ulu öndər öz parlaq dühası və müdrikliyi sayəsində milli birliyi və həmrəyliyi bərpa edərək, vətəndaş qarşıdurmasını aradan qaldırdı, beynəlxalq əlaqələri möhkəmləndirdi, bütün sahələrdə köklü islahatlar apardı, sosial-iqtisadi inkişaf üçün möhkəm təməl yaratdı. Bu tarix bizim gözlərimiz önündə yaşanmış, hər birimizin həyatında öz müsbət izlərini qoymuşdur. Heydər Əliyevin apardığı daxili və xarici siyasət milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir sakininə özünü bu azad, suveren dövlətin tamhüquqlu vətəndaşı kimi hiss etməyə imkan vermiş, layiqli həyat şəraitinə qovuşması üçün geniş imkan yaratmışdır.
Bu gün ölkəmizdə böyük infrastruktur layihələrı icra edilir. Həm magistral, həm də qəsəbələrarası yollar çəkilir. Şəhərlərarası yollar, kənd yolları, paytaxtda yeni qovşaqlar, körpülər, tunellər tikilir. Bu işlər şəhərimizin müxtəlif yerlərində gedir. Bakıətrafı qəsəbələrdəki yolların tikintisi də böyük əhəmiyyət kəsb edir və demək olar ki, yenidən qurulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən müddət ərzində ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmuşdur. Ulu öndərin başladığı işlərin davam etdirilməsi, xüsusən milli neft strategiyasının uğurla həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsı ölkəmizin qarşısında geniş inkişaf perspektivləri açmışdır. Dövlətimizın başçısı xalqın milli sərvəti olan neftdən əldə edilən gəlirləri bütün sahələrin inkişafına, sosial problemlərin həllinə yönəltmişdir.
Ümummilli liderimiz bu gün
aramızda yoxdur. Təsəllimiz odur ki, Heydər
Əliyevin sönməz
ideyalarının davamçısı
olan layiqli siyasi varis, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
gələcəyə addımlayırıq.
Bu isə o deməkdir
ki, dövlətimiz etibarlı əllərdədir.
Möhtərəm Prezidentimizin təşəbbüsü
və rəhbərliyi
ilə işlənib hazırlanmış Dövlət
proqramlarının icrası
bütün sahələrdə
misilsiz bir canlanma, işgüzarlıq
ovqatı yaratmışdır.
Azərbaycanda bu gün ümummilli
liderimizin ideyaları yaşayır və dövrün çağırışlarına
müvafiq, müvəffəqiyyətlə
həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda
Heydər Əliyev siyasətinə alternativ yoxdur və bu siyasət respublikamızın uğurlu
inkişafının əvəzsiz
təminatıdır. Əminik ki, Heydər Əliyev ideyaları, əməlləri əsrlər
boyu yaşayacaqdır.
Qara QARAKİŞİYEV,
Nizami Rayon İcra Hakimiyyəti
başçısının Keşlə qəsəbəsi
üzrə
nümayəndəsi,
YAP Nizami rayon təşkilatının
idarə heyətinin üzvü.
Respublika.-2014.-8 may.-S.9.