Heydər Əliyev
siyasəti yaşayır və qalib gəlir
Heydər Əliyevin mənsub olduğu xalq qədim dövlətçilik tarixinə, zəngin mədəniyyətə, həsəd aparılası müasirlik ruhuna malik olmasına baxmayaraq, bir neçə əsrdən bəri əzilir, ləyaqəti tapdalanırdı. Haqqı olmasına baxmayaraq, onun dünya xalqları arasında layiqli yerini tutmasına imkan verilmirdi. Bu xalqın bütün imkan və bacarığını dünya ictimaiyyətinə nümayiş etdirə bilən şəxs ancaq Heydər Əliyev oldu.
Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi. Ulu öndər təkcə əsrlərlə yığılıb qalmış problemləri həll etmədi, böyük işləri, nəhəng fəaliyyəti ilə yadda qalmadı, öz xalqının böyük oğlu apardığı mübarizəni qələbə ilə başa çatdıra bildi. Bu qələbə sayəsində Azərbaycanın müstəqilliyi təmin edildi, düşmən qüvvələr neytrallaşdırıldı, ölkənin gələcək inkişaf xətti müəyyənləşdirildi.
Qədim yunan alimi Arximed deyirdi: “Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım”. Arximed belə bir istinad nöqtəsi tapa bilmədi. Amma xalqının inamına istinad edən Heydər Əliyev çökən bir ölkəni dirçəldib ayağa qaldıra bildi.
1993-cü ilin fırtınalı iyun günlərində Bakıya gəlib ölkəyə rəhbərlik məsuliyyətini öz üzərinə götürərkən ulu öndər demişdir ki, bundan sonrakı ömrünü xalqına bağışlayır. Doğrudan da belə oldu. Ümummilli liderimiz yalnız Vətəni və xalqı üçün yaşadı. Xalqa bağışlanan ömür isə heç vaxt unudulmur.
Heydər Əliyev Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən məsul missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbi bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bir bölgəsində ümummilli liderin quruculuq fəaliyyətinin silinməz izləri vardır.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Heydər Əliyevin xalqına ən böyük xidmətlərindən biri də özündən sonra layiqli siyasi varis qoyub getməsidir. Böyük öndərimiz seçkilər ərəfəsində xalqa ünvanladığı müraciətində İlham Əliyevi dəstəkləməyə çağırır və əminliklə bildirirdi ki, onun axıra çatdırmağa macal tapmadığı taleyüklü məsələləri, planları xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək.
Bu inamın doğruluğunu həyat özü təsdiqləməkdədir. Ümummilli liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır və Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Bütün bu qazanılmış uğurların təməlində isə məhz xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin islahatlar siyasəti dayanır.
“Mən hər bir azərbaycanlının prezidenti olacağam”, – deyən İlham Əliyev verdiyi vədini ləyaqətlə doğruldub. Neftlə yanaşı, qeyri-neft sahəsinin inkişafının vacibliyini vurğulayan İlham Əliyev Azərbaycanın iqtisadiyyatının çoxşaxəli inkişafını prioritet elan edib və bu strategiya uğurla həyata keçirilir.
Azərbaycanın problemlərinin həllinə nail olmaq üçün çox işlər görür və qarşıda duran məsələlərin öhdəsindən cənab İlham Əliyev layiqincə gəlir. Çünki o həmişə xalqa arxalanıb və bu dəstəyin gücü ilə böyük nailiyyətlər qazanıb.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq olan, respublika Prezidenti böyük məhəbbətlə, bacarıqla və uğurla bu kursu nəinki davam etdirir, eyni zamanda dünyada müşahidə edilən, bəzi hallarda çox mürəkkəb xarakter daşıyan, geosiyasi və iqtisadi dəyişiklikləri nəzərə alaraq, bu kursu daim müasir dövrə uyğun inkişaf etdirir. Ölkə müstəqilliyinin möhkəmləndirilməsi üçün Prezidentin xüsusi fəaliyyəti nəticəsində dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə münasibətlər və əməkdaşlıq yeni, daha yüksək mərhələyə və səviyyəyə çatmışdır, bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Energetika sahəsinin davamlı və tarazlı inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm dövlət proqramları qəbul olunmuş, ciddi tədbirlər və irimiqyaslı işlər – layihələr həyata keçirilmişdir və hazırda davam etməkdədir. Nəticədə müsbət dəyişikliklər müşahidə olunur, neftin, qazın, enerjinin istehsalı ildən-ilə artır, ölkəmizin sənaye, məişət obyektlərinin və əhalinin tələbatları lazımi qədər ödənilir neft məhsulları, təbii qaz və elektrik enerjisi ilə təchizat daim yaxşılaşır, artıq ölkəmizin enerji təhlükəsizliyi təmin olunub və gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Bu bir həqiqətdir ki, qaz hasilatı və elektrik enerjisinin istehsalı artmaqdadır. Ehtiyatlarına görə dünya miqyaslı Şahdəniz yatağından ilk təbii qazın hasil edilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması və bu kəmərlə Gürcüstana, Türkiyəyə və Avropaya mavi yanacağın ixrac edilməsinə lazımi imkan yaranmışdır.
Xəzər regionunda böyük və zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın müstəqil enerji siyasəti, ildən-ilə neft və qaz hasilatının, elektrik enerjisi istehsalının həcmlərinin artırılması, geniş nəqliyyat-tranzit şəbəkəsinin, o cümlədən nəhəng Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə sahib olması, regionda neft və qaz axınlarının diversifikasiya məqsədinə nail olunması, əlverişli coğrafi mövqeyi və imkanları dünyanın bir çox ölkələrinin və xüsusilə Avropa İttifaqının bizim ölkəyə olan marağını və diqqətini xeyli artırmışdır.
Bütün bu cəlbedicilik ulu öndərin neft strategiyasının bəhrəsidir. Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil. Onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında ümummilli lider Heydər Əliyevin yetirməsi, onun siyasi məktəbinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin əlindədir. İnanırıq ki, Azərbaycan ulu öndər dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini əbədi qoruyub saxlayacaqdır.
Asif ZEYNALOV,
Energetika Nazirliyi
Dövlət Qaz Nəzarəti İdarəsinin
rəisi.
Respublika.-2014.-8 may.-S.9.