AZƏRBAYCANIN UĞURLU
SOSİAL-İQTİSADİ İNKİŞAF STRATEGİYASI
Regionların inkişafı bu
strategiyanın əsas tərkib hissəsidir
Bu gün Azərbaycan sürətli və hərtərəfli
inkişaf edən, dünya miqyasında müstəqil siyasət
yürüdən, öz sözünü deyən
güclü dövlətdir. Cənubi Qafqazın lideri statusunu
daşıyan, dünyanın qlobal enerji təhlükəsizliyinin
təminatında vacib rol oynayan ölkəmiz artıq regionda
hadisələrin inkişaf istiqamətini müəyyən edən
aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə
iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri,
beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə
alır, onunla hesablaşırlar. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, bizim iqtisadi
gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi
böyük dərəcədə gücləndirib. Bunun sayəsində ölkəmiz son illər
çox böyük uğurlara imza atıb. Düşünülmüş, güclü
sosial-iqtisadi siyasət, demokratiyanın və vətəndaş
cəmiyyətinin möhkəmləndirilməsi Azərbaycanı
davamlı inkişaf etdirmək yolunda vacib amillər kimi önə
çəkilib. Bütün bunlar bir daha ölkədə
həyata keçirilən daxili və xarici siyasətin uğurlu
olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli
maraqların müdafiəsinə yönəldiyini əyani surətdə
təsdiqləyir.
Konseptual əsasları
Heydər Əliyev tərəfindən hazırlanmış və
hazırda onun ən layiqli siyasi varisi, əsrimizin yeni parlaq
lideri, Azərbaycan Prezidenti İlham Əliyevin müasir şəraitə
uyğun olaraq yeni keyfiyyətdə uğurla davam və
inkişaf etdirdiyi müstəqil Azərbaycanın
sosial-iqtisadi inkişaf modeli çox qısa müddətdə
ölkəmizin inanılmaz dərəcədə müasirləşməsinə,
iqtisadi cəhətdən qüdrətli dövlətə
çevrilməsinə imkan verib. Bu uzaqgörən
qlobal siyasi kursun təməl daşı ulu öndərimizin
milli neft strategiyasının hazırlanması və mərhələ-mərhələ
uğurla həyata keçirilməsi ilə qoyulub. Heydər Əliyev hələ o vaxt bilirdi ki, ölkəmizin
təbii sərvətlərindən, xüsusən də,
neft-qaz ehtiyatlarından düzgün istifadə etməklə
Azərbaycan iqtisadiyyatını sürətlə inkişaf
etdirmək və xalqın maddi rifah halını
yaxşılaşdırmaq mümkün olacaqdır.
“Əsrin müqaviləsi”nin icrasına
başlanılması xarici investisiyaların ölkəyə
cəlb olunmasına güclü təkan verdi və ilbəil
artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə
iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan
dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən
birinə çevrildi. Cənab İlham Əliyev 2003-cü ildə
xalqın dəstəyi ilə Prezident seçildikdən sonra
çox qısa müddətdə Azərbaycanın hərtərəfli
inkişafına nail olmağı, bunun üçün isə
neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltməklə
regionların inkişafının sürətləndirilməsini
dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən
biri kimi müəyyənləşdirdi.
İstənilən ölkənin milli
iqtisadiyyatının normal inkişafı onun dövlət tərəfindən
nizamlı şəkildə tənzimlənməsindən
çox asılıdır. İqtisadiyyatın
maksimum dərəcədə liberallaşdırılması
belə dövlətin iqtisadi proseslərin idarə edilməsində
iştirakını inkar etmir. Azərbaycanda
iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
siyasəti dövlətin iqtisadi həyata təsir dərəcəsini
müəyyən edir. Dərin elmi əsaslara söykənən
və dünyada baş verən siyasi-iqtisadi prosesləri incəliklərə
qədər nəzərə alan belə bir tənzimləmə
siyasəti düzgün şəkildə həyata
keçirilməsəydi, sözsüz ki, ölkəmizdə
bazar münasibətlərinin formalaşmasına yönəlmiş
fəaliyyət istiqamətlərini səmərəli şəkildə
əlaqələndirmək mümkün olmazdı, nəticədə
isə Azərbaycanda hazırda müşahidə etdiyimiz
sürətli və dayanıqlı, habelə
genişmiqyaslı və şaxələndirilmiş iqtisadi
inkişafa nail olunmazdı. Bunu Azərbaycanın
son 10 ildə əldə etdiyi inanılmaz uğurları və
mövcud iqtisadi tərəqqisi də bir daha sübut edir.
Azərbaycan Prezidenti İlham Əliyev nailiyyətlərimizin əsasında
dayanan vacib amilləri önə çəkərək deyib:
“Düşünülmüş siyasət, siyasi və iqtisadi
islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən
ölkədə aparılan iqtisadi islahatlara dəstəyin
verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət,
sabitlik—budur, bizim uğurlarımızı şərtləndirən
əsas amillər.
Təbii
ki, Azərbaycanın hərtərəfli və dinamik
inkişafı ilk növbədə, məhz regionların tərəqqisi,
bütün şəhər və rayonlarımızda
müasir infrastrukturun yaradılmasını zəruri edirdi və
bu istiqamətdə üç regional Dövlət
Proqramının təsdiq olunması, onlardan ikisinin uğurla
başa çatması, bu ildən isə
üçüncü Proqramın icrasına
başlanılması bölgələrimizdə mövcud olan
əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafını sürətləndirmək və aqrar
sektorda islahatları dərinləşdirmək,
sahibkarlığı inkişaf etdirmək, əhalinin məşğulluğunu
artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu
yeniləşdirmək, əlverişli investisiya şəraiti,
müasir tipli müəssisələr, yeni iş yerləri
yaratmaq, turizm kimi çox əlverişli sahəni inkişaf
etdirmək istiqamətində sistemli tədbirlərin həyata
keçirilməsini təmin etdi. Son on ildə
Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən
islahatların miqyası, həqiqətən də, nəhəngdir
və dünyanın ən mötəbər beynəlxalq
qurumları tərəfindən də heyranlıqla
qarşılanır.
İqtisadi inkişafda investisiya faktoru kifayət qədər
mühüm əhəmiyyətə malikdir. Bu sahədə
də Azərbaycan böyük uğurların müəllifi
kimi çıxış edir. İqtisadiyyatın
bütün sahələrində proporsional inkişaf ciddi
investisiya tələb edən məsələ olduğundan Azərbaycan
dövlətinin son illərdə daim yüksələn maliyyə
imkanları bu sahədə qlobal layihələrə
başlamaq, problemlərin həllinə kompleks yanaşmaq
imkanı vermişdir. Neft strategiyasının konkret nəticələrə
yol açması iqtisadi inkişaf sahəsində maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir çox problemlərin
məhz hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə
artımını təmin etmiş, regionların tarazlı və
davamlı inkişaf tədbirlərinin
reallaşdırılmasına yaxşı imkanlar
açmışdır. Təsadüfi deyil ki,
2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı
dönüş mərhələsi kimi qiymətləndirilir.
Dövlət
başçısı İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair (2004-2008-ci illər) Dövlət Proqramı”
aktuallığına, əhəmiyyətinə və
miqyasına görə mühüm əhəmiyyət kəsb
etmiş və bu mükəmməl konsepsiyanın icra vəziyyəti
ilə bağlı hər il hökumətin xüsusi
müşavirələri keçirilmişdir. Dövlət
proqramı regionların tarazlı inkişafına yönəlməklə
yanaşı, həm də yerlərdə enerji infrastrukturunun,
nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə
elmi-texniki tərəqqi, mədəni yüksəliş,
müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin
həllini özündə ehtiva etmişdir.
Bu
müddətdə regionların da inkişafında
mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
inşası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi mühüm layihələr
başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir
yolunun inşasına başlanmış, Azərbaycan regionun
mühüm iqtisadi güc mərkəzinə
çevrilmişdir. Dövlət İnvestisiya
Şirkətinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi də özəl sektorun,
qeyri-neft sektorunun inkişafında keyfiyyətcə yeni mərhələ
açmışdır. Nəticədə
özəl sektorun ümumi daxili məhsul istehsalındakı
xüsusi çəkisi 2003-cü ildəki 73 faizdən 83 faizə
yüksəlmişdir. Regionların
inkişafı məqsədilə həyata keçirilən hər
üç dövlət Proqramında investisiya amili xüsusi
diqqət mərkəzində yer alır. Müxtəlif
rayonlar və burada hansı sahələrə investisiya yatırılacağı
da sözügedən proqramlarda aydın şəkildə
vurğulanır. Ölkədə “bir pəncərə”
prinsipi üzrə vahid dövlət qeydiyyatının
yaradılması regionlarda sahibkarlığın tərəqqisi
ilə yanaşı, burada onlar tərəfindən geniş həcmli
sərmayə qoyuluşuna şərait yaradan əsas amillər
sırasında yer alır.
Prezident İlham Əliyevin regional inkişaf Dövlət
proqramlarının icrasına şəxsən nəzarət
etməsi inkişafın dinamikasını şərtləndirən
mühüm amillərdir. İdarəetmə
sisteminə dinamizm və müasirlik çalarları gətirən
dövlətimizin başçısı hökumətin həyata
keçirməli olduğu tədbirlərin icra prosesini daim
şəxsi nəzarətdə saxlayır, habelə ölkənin
strateji resurslarını milli inkişafa təkan verən
qlobal layihələrin reallaşdırılması
yönündə səfərbər edir. Bu
baxımdan regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi
istiqamətində reallaşdırılmış tədbirlər
xüsusi vurğulanmalıdır. Dövlətimizin
başçısının 10 il ərzində bölgələrə
səfərləri çərçivəsində 1300-dək
müxtəlif təyinatlı infrastruktur obyektlərinin və
yeni müəssisələrin açılış və təməlqoyma
mərasimlərində şəxsən iştirakı, müəssisələrin
fəaliyyəti ilə yaxından tanış olmağı,
eləcə də ictimaiyyətlə keçirilən
görüşlərdə qaldırılmış məsələlərin
həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin
ayrılması barədə imzaladığı 240 sərəncam
regionların inkişafına göstərilən diqqətin
bariz nümunəsidir.
Azərbaycanın
bütün rayonlarına səfərlər edən, eləcə
də Bakıətrafı kənd və qəsəbələrdə
olan cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər
verdiyini, bütün fəaliyyətində vətəndaşların
maraq və mənafeyini, firavanlığını uca
tutduğunu əməli olaraq təsdiqləmişdir. Dövlət başçısı bəyan
etmişdir ki, Azərbaycanda iqtisadi və sosial məsələlərin
bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir.
Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Azərbaycan
vətəndaşının rifah halını
yaxşılaşdırmaq üçün güclü
iqtisadi əsaslar olmalıdır və bu əsasları
yaradırıq. Ölkə
iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər
—investisiyalarla bağlı olan təşəbbüslər,
yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar
proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı
daha da yaxşı yaşasın.
Bunun nəticəsidir
ki, Dövlət proqramlarının icra olunduğu 10 il ərzində
ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən
qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd
təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə,
əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı
5,5 dəfə artıb. Bu müddətdə həyata
keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni
iş yeri, 55,6 min müəssisə yaradılmış,
işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə
enib. Dövlət proqramları çərçivəsində
görülmüş genişmiqyaslı işlər bölgələrimizin
qarşıdakı illərdə də inkişafı
üçün möhkəm zəmin yaradıb.
Ümumilikdə
I və II regional dövlət proqramlarının icrasına
bütün mənbələr hesabına 50,7
milyard, o cümlədən regionların sosial-iqtisadi
inkişafına dair 2004-2008-ci illəri əhatə edən
birinci dövlət proqramın icrasına 16 milyard,
2009-2013-cü illəri əhatə edən ikinci dövlət
proqramının icrasına isə 34,7 milyard manat vəsait
yönəldilmişdir.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun tərəqqisi,
sənaye potensialının gücləndirilməsi, hərbi
sənaye kompleksinin inkişafının daha da sürətləndirilməsi
istiqamətində böyük layihələr həyata
keçirilir.
Dövlət İnvestisiya Proqramı da
uğurla icra olunur və bu, Azərbaycanda nəhəng
investisiya layihələrinin reallaşmasına həm maliyyə,
həm də güclü texniki dəstək verir. Xüsusən də
iqtisadiyyatımızın şaxələndirilməsi prosesi
uğurla icra olunur. Məhz bunun sayəsində
Azərbaycan rəqabət qabiliyyətliliyinə görə
MDB məkanında birinci yerə yüksəlib və mötəbər
beynəlxalq təşkilatlar tərəfindən ən
islahatçı ölkə elan edilib. Azərbaycan
dünyada və
regionda etibarlı tərəfdaş statusu
qazanıb.
Dövlətimizin
başçısının liderlik keyfiyyətləri
sırasında yer alan vacib məqamlardan
biri də qarşıya konkret hədəflər qoyması və
xalqı bu hədəflərə çatdırmaq
bacarığıdır. Bu mənada cənab
İlham Əliyevin siyasi idarəçiliyi həm də uzaq hədəflərə
hesablanmış proqram xarakteri daşıyır. Bu
baxımdan Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan
2020: gələcəyə baxış İnkişaf
Konsepsiyasının hazırlanması barədə” Sərəncamı
fövqəl əhəmiyyət daşıyır və bu sənəd
ölkəmizin yeni, daha yüksək inkişaf mərhələsinə
qədəm qoymasını bir daha təsdiqləyir. Yeni inkişaf mərhələsinin əsas
xüsusiyyəti qarşımızda duran məqsədlərin
daha yüksək səviyyəli, çoxşaxəli
olması və zamanın
çağırışlarının nəzərə
alınması ilə bağlıdır. Bu məqsədlərə
nail olmaq üçün ciddi elmi əsaslara söykənən
ən müasir idarəetmə üsullarının tətbiqi
tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli
dövrü əhatə etməsi zərurəti yaranır.
Bölgələrin
hərtərəfli inkişafı sahəsində 2004-cü
ildən başlanılmış məqsədyönlü
siyasətin davamı olaraq Prezident İlham Əliyev bu il fevralın 27-də Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafına dair III Dövlət Proqramının təsdiq
edilməsi haqqında fərman imzalayıb. Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlətimizin
başçısı bununla bağlı bildirib: “İlin
birinci rübündə regionların sosial-iqtisadi
inkişafına dair üçüncü Dövlət
Proqramı qəbul edildi. Biz ikinci Proqramın
yekunlarını fevral ayında müzakirə etmişik.
Üçüncü Proqramın qəbul edilməsi əminəm
ki, qalan sosial və iqtisadi məsələlərin növbəti
beş il ərzində həlli
üçün bizə böyük dəstək olacaq. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl
bir sənəddir. Proqramda bütün məsələlər
öz əksini tapıbdır. Hər bir
rayon üzrə konkret vəzifələr,
tapşırıqlar var. Təbii ki, icra mexanizmləri, maliyyə
resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu
proqramın icrası nəticəsində bölgələrdə
əsas sosial infrastruktur, iqtisadi məsələlər öz
həllini tapacaq. Eyni zamanda Bakı və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafı
Proqramı qəbul edilib. Bu Proqram
2016-cı ildə başa çatacaqdır. O vaxta qədər
Bakının qəsəbələrində bütün
infrastruktur layihələri icra ediləcəkdir”.
Yeni Proqramın əsas hədəfi regionlardakı
iqtisadi gücü tam səfərbər etməklə istifadə
olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını
istehsal prosesinə cəlb etməkdən ibarətdir. Bölgələrdəki
istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə
gətirilməsi üçün kənd təsərrüfatının,
aqrar-sənaye, emal komlekslərinin müasir istehsal prosesinin tələblərinə
uyğun yenidən qurulması işləri həyata
keçiriləcək. Dövlət
Proqramında kənd təsərrüfatının
inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət
kəsb edir. Qarşıdakı illərdə
bank sistemində daha sağlam rəqabət mühiti
formalaşdırılacaq, regionlar keyfiyyətli və geniş
çeşidli bank xidmətləri ilə tam təmin ediləcək.
Qeyri-neft sektorunun inkişafı istiqamətində
regionlarda 2014-2018-ci illərdə informasiya və kommunikasiya
texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək,
regionlarda əhaliyə müasir elektron xidmətlərin
göstərilməsi daha da genişləndiriləcək.
Eyni zamanda, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq
ixracyönümlü və rəqabətədavamlı məhsul
istehsalı istiqamətində sahibkarlığın
inkişafının sürətləndirilməsi, əhalinin,
xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin
artırılması, yoxsulluğun səviyyəsinin
azaldılması kimi mühüm vəzifələr nəzərdə
tutulmuşdur.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev müşavirədə
görülən işlərə yekun vuraraq deyib: “Bu illər
ərzində Azərbaycan böyük uğurlara imza
atmışdır. Şəhərlərimiz
abadlaşdı. Hər bir şəhərdə,
hər bir rayonda abadlıq işləri görülür,
ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət
ocaqları, küçələr, binalar abadlaşır.
Əlbəttə ki, Bakı hər bir şəhər
üçün nümunədir. Bakı
bu gün artıq dünya miqyasında ən gözəl
şəhərlərdən biridir, dünyanın ən
gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər
də Bakıya oxşamaq istəyir. Ancaq hər
bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi
vardır. Əsas odur ki, insanlar
üçün hər bir yerdə, hər bir şəhərdə,
hər bir kənddə yaşamaq, işləmək, istirahət
etmək üçün normal, yaxşı şərait
yaradılsın”.
Xatirə HÜSEYNOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının kafedra müdiri,
iqtisad elmləri doktoru, professor.
Respublika.-2014.-8 may.-S.13.