“Əziz rəhbər”
kitabının təqdimatı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
ərəfəsində Suraxanı
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şair-publisist Zərəngiz
Dəmirçi Qayalının
“Əziz rəhbər”
kitabının təqdimatı
keçirildi.
Tədbiri giriş sözü ilə Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Mərziyə Əhmədova açdı. O qeyd etdi ki, Zərəngiz Dəmirçi Qayalı ədəbi mühitdə vətənpərvərlik mövzuda yazdığı “Haqqı sevdim”, “Vətən mənim”, “Qayalı” kitabları ilə oxucuların rəğbətini qazanıb. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında “Xocalı” tamaşası səhnələşdirilib. Sonra Mərziyə Əhmədova müəllifin “Əziz rəhbər” kitabının Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev dühasına həsr olunduğunu söylədi.
Təqdimatda Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyət, ulu öndər Heydər Əliyev haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçi Mehdi Təhməzov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Bülbülə qəsəbə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev çıxış etdilər.
3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Mahir Cəfərov çaldığı saz ifası ilə tədbirə xoş ovqat bəxş etdi. Şagirdlərdən Ramin Qasımlının və Əliağa Ələkbərovun “Əziz rəhbər”, Sevgi Quliyevanın və Gülüstan Quliyevanın “Heydər baba, sən illərin babasısan” şeirləri alqışlarla qarşılandı. Zərəngiz Dəmirçi Qayalının 1992-ci il mayın 9-da xain ermənilər tərəfindən işğal olunan Şuşaya həsr etdiyi “Şuşa” şeirini isə əslən Şuşadan olan fidan bala Mirsahil Məmmədov sazın sədaları altında söylədi.
Tədbirin sonunda şair-publisist Zərəngiz Dəmirçi Qayalı çıxış edərək, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin bütün dünyanın görkəmli lideri, türk xalqlarının yenilməz və vüqarlı xilaskarı, müdrik rəhbəri olduğunu bir daha diqqətə çatdırdı.
Təranə CƏBİYEVA,
Respublika.-2014.-8 may.-S.15.