Tarix və şəxsiyyət:
Heydər Əliyev fenomeni
Heydər
Əliyevin anadan olmasından 91 il
ötür. Hər ötən il Heydər
Əliyev dühasının böyüklüyünü,
möhtəşəmliyini bir daha üzə
çıxarır. Zaman Heydər Əliyevin
siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir. Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən
gözlənilməz dəyişikliklər və bütün
bu təlatümlərin fövqündə dayanan müasir
milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində,
mükəmməl bir
məntiqdən — Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir. Böyük
siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi
həyat yolu və bütöv bir xalqın gələcəyini
müəyyən edən uğurlu siyasi kursunun kökündə
dayanan səbəblər haqqında çoxsaylı dəyərli
əsərlər yazılmışdır. Bu
araşdırmalarda Heydər Əliyev yeni tarixdə
xalqımızın yetişdirdiyi ən böyük düha
sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda — XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə,
dövlət rəhbərləri ilə bir sırada nəzər
salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş
olar. Məhz bu rakursda biz Heydər
Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin
qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya
inkişafına təkan verən proseslərin
yaşandığı qlobal ziddiyyətlərlə dolu
dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər
dünyanın bu günkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi. Bəşəriyyət
məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya
keçid aldı. XX əsrin tarixi məhz
şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz
bir dövr oldu. Bu tarixi
Çörçillsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və
eləcə də Heydər Əliyevsiz təsəvvür etmək
mümkün deyil.
Zaman-zaman
Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin,
dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin
və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər
Əliyevin fövqəladə
çevikliklə öz qətiyyətli mövqeyini birbaşa
xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə
qarşı birləşdirməyə nail ola bilməsi də
onun siyasi cəsarətinin və xalqla rəhbər arasında
qarşılıqlı inamın nadir nümunəsidir.
1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis
Dəstəsinin xarici dövlətlərin
kəşfiyyat idarələri ilə birgə ölkəmizdə
dövlət çevrilişi cəhdinə qarşı Heydər
Əliyevin inamlı duruşu yaxın tariximizdə siyasi qətiyyət
nümunələrindən biridir. Oktyabrın 4-də
axşam radələrində televiziya və radio ilə xalqa
müraciət edən Heydər Əliyev böyük natiqlik
nümunəsi göstərməklə dövlətçiliyimizin
təhlükə altında olduğunu açıq şəkildə
ifadə edərək milli maraqlarımızın müdafiəsi
naminə insanları Prezident Administrasiyasının
qarşısına səslədi. Qısa
zaman ərzində bu çağırışa səs verən
on minlərlə Azərbaycan vətəndaşı Prezident
Administrasiyasının qarşısına toplaşaraq
dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə
eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin
yaradılmasını təmin edən xalq-rəhbər birliyi
dövlət çevrilişinin qarşısını
aldı. Örnək gətirdiyimiz tarixi faktlar yenə də xalqların
taleyinin müəyyənləşdiyi həlledici məqamlarda
tarixi şəxsiyyət amilinin nə qədər önəmli
rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll
kimi iki tarixi şəxsiyyəti birləşdirən
mühüm bir keyfiyyət — xalqlarının ən çətin
anlarında onları toplum olaraq səfərbərliyə
ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və
xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu
keyfiyyət həmin tarixi şəxsiyyətlərin
uzaqgörən siyasi gedişlərinə uğur gətirərərək
toplumun bir ideya ətrafında sıx birləşməsinə
rəvac vermişdir. Eyni zamanda, Şarl De
Qoll və Heydər Əliyev bir-birindən fərqli
situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən
demokratik təsisatlara keçməyin tarixi
labüdlüyünü vaxtında dərk etmiş və bu
mütərəqqi prosesin təşkilatçıları
olmuşlar.
Həyat və mübarizə yollarına nəzər
saldığımız liderlər fəaliyyət göstərdikləri
məkanın coğrafi sərhədlərini aşaraq
universal düşüncə sahibləri, dünyanın yeni
sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə
gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar
üçün məkan və zaman fərqi yoxdur. Bu
baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər
və siyasi qabiliyyətlər ona istənilən siyasi
mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək
pilləsində qərarlaşmağı təmin edə bilərdi.
Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub
olması və özündən sonra bu xalqın tarixində
yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması
bütövlükdə xalqımızın milli uğuru və
iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı
üçün və bəzi hallarda isə həmin siyasi
xadimləri belə üstələyən keyfiyyətlərə
malik olduğu üçün Heydər Əliyev dünya
miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər
Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin
rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradır: sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edir. Heydər Əliyevin ozamankı və sonrakı həyat
yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər
Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də
Sovet İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və
yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə
fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı.
Bütün
siyasi karyerası boyunca Heydər Əliyevə qarşı
qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail
Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə — Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir.
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xəttlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyəti və həmin
ölkələrin bu günkü siyasi-iqtisadi durumuna nəzər
saldıqda daha aydın görmək mümkündür.
Belə bir müqayisədə də Heydər
Əliyev siyasəti öz möhtəşəmliyi ilə
üzə çıxır. Həm də
bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın
yerləşdiyi geopolitik məkan digər post-sovet ölkələrindən
mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.
Heydər Əliyevdən başqa vaxtilə Sovet
Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin
heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil
bir dövlətin həyat yoluna çevrilmədi.
Dünya inkişafının perspektivini aydın görən,
ona doğru addımlayan və ölkəsini, xalqını
ona doğru istiqamətləndirən Heydər Əliyevin
uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasıını təmin
edərək onun
müstəqilliyini əbədi və dönməz etdi. Bu
siyasət, hər şeydən əvvəl, uzunmüddətli
sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu
siyasət zaman çərçivəsi ilə məhdudlaşmır
— gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət
hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi.
Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə etdiyi
davamlı səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev Yeni Azərbaycanın əsasını qoydu.
İstənilən xarakterli böhrandan sabitliyə
keçidin uzunmüddətli və ağrılı proses
olduğu şübhəsizdir. Heydər
Əliyevin siyasi dühasının böyüklüyü isə
onda idi ki, uzaqgörən siyasi gedişləri ilə
bugünkü sürətli inkişafımızın
kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda
yorulmaz fəaliyyətini bir an belə
dayandırmadı. Yalnız Heydər Əliyevin
güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl
gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. ATƏT-in
Lissabon sammitində ölkəmizin ərazi
bütövlüyünün yekdil şəkildə dəstəklənməsi
artıq Azərbaycanın dünya birliyi tərəfindən
suveren dövlət kimi qəbul edilməsinin əyani
nümayişi oldu. Məhz onun yorulmaz səyləri
nəticəsində Azərbaycan konservativ, tipik post-sovet
ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə
sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu
tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXİ əsrə müasir dövlət kimi daxil olmasına
şərait yaratmışdır. Bu fikirlər
Heydər Əliyev tərəfindən yürüdülən
siyasətin ölkə daxilində sabitliyə və iqtisadi
inkişafa təkan verdiyini ifadə etməklə
yanaşı, ümummilli liderimizin bütövlükdə
regional müstəvidə kəsb etdiyi sülhyaradıcı
və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini
bir daha təsdiqləyir.
Böyük
Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu
irs ilə fəxr edə bilər”.
Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər
Əliyev şəxsiyyətinə Azərbaycan, region və
ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur”. Doğrudan
da, Heydər Əliyev öz xalqının tarixi köklərinə
bağlı olan elə bir şəxsiyyətdir ki, o,
bütün siyasi fəaliyyəti ərzində türk
dünyasının birliyinə, bütövləşməsinə
və vahid güc mərkəzinə çevrilməsinə
böyük inam bəsləmiş və bu prosesin də
davamlı inkişafına çalışmışdır.
Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər
Əliyevin təşəbbüsü ilə 2000-ci ildə
Bakıda təşkil olunmuş Türk Dövlətləri
Başçılarının Zirvə Toplantısı və
bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri
onun türk dünyasının birliyi naminə göstərdiyi
xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir
ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız
fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər
Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaq. Və
hər zaman bu şəxsiyyətin tarixdə
oynadığı əhəmiyyətli rol daha dərin məzmunda,
daha geniş panoramda və daha konseptual şəkildə
açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Heydər Əliyev müasir Azərbaycanımızın
qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına əsaslanan
geniş spektrli fəaliyyəti ilə bəşər
tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
Fəlsəfə
doktoru.
Respublika.-2014.-9 may.-S.5.