ULU ÖNDƏRİN ZƏNGİN İRSİ BÖYÜK MƏKTƏBDİR

 

Zəmanəmizin qüdrətli şəxsiyyəti Heydər Əliyev millətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi mənəvi tərəqqisinə, dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlının birliyinə, güclü diasporumuzun formalaşmasına ana dilimizin dövlət dili statusu səviyyəsinə yüksəlməsimə nail olub. Təsadüfi deyil ki, fəaliyyəti öz əhəmiyyəti etibarı ilə Azərbaycanın hüdudlarından çox-çox kənara adlayan Heydər Əliyev adı və əməlləri dünya durduqca daim xatırlanacaq dahigüclü şəxsiyyətdir.

Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi  iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə,  dövlətimizin  beynəlxalq aləmdə uğurlar  qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.

Ulu öndərimiz tarixi keçmişimizi yaşatmaqla, milli-mənəvi irsimizin cəmiyyətdə tam bərqərar olmasına, milli təhsilimizin inkişafına nail olmaqla müasir Azərbaycanın təməlini hörüb. Ən mühümü isə məhz bu möhkəm, sarsılmaz bünövrə üzərində bu günkü qüdrətli Azərbaycanı qurub, xalqımızın firavan gələcəyinin əsasını qoyub. Demokratik, dünyada yetərincə söz sahibi olan müstəqil Azərbaycan adlı şah əsərini yaradıb. Bu gün qazandığımız nailiyyətlərin, inkişaf göstəricilərimizin hansı birinə nəzər salsaq, onlarda məhz Heydər Əliyevin imzasını və silinməz izlərini görərik.

Ulu öndərimizin milli neft strategiyasi ölkəmizin sonrakı möhtəşəm uğurlarının əsasını qoyaraq, iqtisadiyyatımızın sürətli tərəqqisinin təməl daşına çevrilib. “Əsrin müqaviləsi” çərçivəsində mərhələ-mərhələ həyata keçirilən “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəmərləri Azərbaycana nəinki iqtisadi, həm də siyasi dividendlər gətirib. Təsadüfi deyil ki, Azərbaycan bu gün regionda təhlükəsizliyin qarantı,  lider dövlətidir.  Milli sərvətlərimiz indi xalqın mənafeyinə xidmət göstərir. Neftdən əldə olunan mənfəət Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verib.

Heydər Əliyev yaradıcı, qurucu lider olmaqla yanaşı,  həm də yorulmaz müəllim, əsl örnək idi. Dünya siyasətində öz xarizması, əzəməti və parlaq şəxsiyyəti ilə seçilən, müasirlərindən çox-çox irəlidə duran bu dahi insanın bizə miras qoyduğu irsi hər birimiz üçün böyük məktəbdir. Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq istərdim: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünkü o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülhsabitlik mərhələsinə keçdi. Mən ondan çox şey öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”. Həqiqətən də bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursuna alternativ yoxdur və məhz bu müdrik siyasətin  Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə davam etdirilməsi möhtəşəm uğurlarımızın rəhnidir.

Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da ulu öndərimizin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindəndir. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyev xalqımızın təkcə bugününü deyil, həm də gələcəyəni düşünərək  bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil İslahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə İslahat Proqramına uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz  təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. Təhsil haqqında Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi,  ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət başçısı Heydər Əliyevin doğum günü hər il olduğu kimi, bu il də məktəbimizdə geniş qeyd olundu. Bu günlər məktəbimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirildi. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək ulu öndərimizin keçdiyi şərəfli ömür yolundan ətraflı danışdı. Bu dahi şəxsiyyətin tarix, xalq və dövlət qarşısında əsl azərbaycanlı kimi vəzifə borcunu ləyaqətlə həyata keçirdiyini, onun tarixi şəxsiyyət, istedadlı diplomat, millətini sevən dövlət başçısı olduğunu önə çəkdi. Məktəb rəhbərlərinin və qonaqların çıxışlarında ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin nəinki dünənimiz və bugünümüz, eləcə də gələcəyimiz üçün böyük məktəb olduğu, onun müdrik siyasi kursunun daim yaşayacağı, bu kursa alternativ olamadığı xüsusi vurğulandı. Sonra yeniyetmə məktəblilərin ifasında ulu öndərə həsr olunmuş seir parçaları səsləndi, mahnılar oxundu. Tədbirin sonunda dəvət olunmuş qonaqlarla birgə dərs prosesi izlənildi, fənn kabinələrinə baxış keçirildi.

Bu gün ulu öndərimiz cismən aramızda olmasa da onun əməlləri yaşayır və xalqımıza düzgün yol göstərir. Ulu öndərimizin Fəxri Xiyabandakı məzarı xalqımızın ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış Böyük Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz ona fəaliyyətinin bütün dövrlərində böyük önəm verib. Təhsilə qayğının artırılmasına dövlət siyasətinin üstün prinsipi, prioritet məsələsi kimi yanaşıb. Sevinirik ki, ulu öndərimizin təməlini qoyduğu  bu gözəl ənənəni hazırda dövlətimizin başçısı  İlham Əliyev uğurla, böyük qətiyyətlə davaminkişaf etdirir. Azərbaycan sözün həqiqi mənasında dünyada söznüfuz sahibi olan qüdrətli ölkəyə çevrilir.

 

Sədaqət ƏZİMOVA,

Səbail rayonundakı 239 saylı orta

məktəbin direktoru, əməkdar müəllim.

 Respublika.-2014.-9 may.-S.6.