Hüquqi dövlətin banisi
Heydər Əliyevin siyasi irsi və zəngin ölkəni idarəetmə təcrübəsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Xalqımız öz dövlətçiliyinin demokratik, dünyəvi, hüquqi əsaslar üzərində bərqərar olmasına ulu öndər Heydər Əliyevin dərin zəkası və qətiyyəti nəticəsində nail olmuşdur. Ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilməsi qurtuluş proseslərinin təməlini qoydu və ölkəmizin tarixinə “Milli qurtuluş günü” kimi daxil oldu. Bununla da Heydər Əliyev xalqının xilaskarı missiyasını üzərinə götürdü.
Heydər Əliyev daha öncə – sovet Azərbaycanının siyasi rəhbərliyinə gələnə qədər 14 iyun 1969-cu ildən başlayaraq Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Kommitəsinin birinci katibi olduğu, həmçinin keçmiş SSRİ-nin siyasi rəhbərliyində təmsil olunduğu dövrlərdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeç müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Bu fədakar əməllərinin nəticəsi olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndər 1970-1980-cı illərdə “Qoy ədalət zəfər çalsın!” şüarını irəli sürmüş, ədaləti ədalətsizliklə bərpa etməyin yolverilməzliyi fikrini müdrikliklə qabartmış, milliyyətindən, dinindən, cinsindən, irqindən, sosial statusundan asılı olmayaraq hər bir insanın qanun qarşısında bərabərliyi prinsipini önə çəkmişdir. Həmin illərdə o, Azərbaycanın şəhərlərini və rayonlarını, hətta kəndlərini qarış-qarış gəzərək insanlarla canlı təmasda olmuş, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənmiş, çətinlikləri aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görmüş, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərindəki hər cür psixoloji baryerə və bürokratik əngəllərə qarşı çıxmışdır. Azərbaycanı qısa müddət ərzində keçmiş SSRİ-nin geridə qalmış respublikasından hər il “keçici qırmızı bayraq” alan respublikasına çevirmiş, milli kadrların hazırlanmasına böyük önəm vermiş, bütün sahələrdə, xüsusən də peşəkar hərbiçi və hüquqşunasların yetişdirilməsi, onların yüksək bilik alması üçün mühüm addımlar atmışdır. Çoxlu sayda azərbaycanlı gənc təhsil almaq üçün keçmiş SSRİ-nin Moskva, Leninqrad, Kiyev və digər şəhərlərində yerləşən nüfuzlu ali məktəblərinə göndərilmişdir. Ulu öndərin sadə insanların övladlarına istənilən ixtisas üzrə oxumaq imkanını yaratması mənim də həyatımda mühüm rol oynamışdır.
Ulu öndər təkcə siyasi hakimiyyətdə olduğu dövrdə deyil, qərəzli surətdə hakimiyyətdən kənarlaşdırıldığı dövrdə də xalqımızın daima yanında olmuş, onun sevincinə sevinmiş, kədərinə şərik olmuşdur. 1990-cı ilin 20 Yanvar faciəsi ilə bağlı Heydər Əliyevin özünün və ailəsinin həyatını təhlükəyə ataraq imperiyanın mərkəzindən səsini ucaldıb xalqına başsağlığı verməsi və sovet imperiyasının rəhbərlərinin törətdiyi qanlı cinayətə etirazını bildirməsi onun “ümummilli lider” olmasını bir daha təsdiq etdi.
Daha sonra xalqın çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdaraq ölkəmizi müharibə fəlakətindən, xaos və hakimiyyətsizlik bəlasından xilas etmiş, mütəşəkkil cinayətkar dəstələrin cəzasızlığına son qoymuş Heydər Əliyev ictimai-siyasi sabitliyin təmin edilməsinə nail olmuş və bununla köklü islahatların həyata keçirilməsi üçün zəmin hazırlamışdır.
18 oktyabr 1991-ci ildə “Müstəqillik haqqında konstitusiya aktı”nı qəbul etməklə Azərbaycan Respublikası rəsmi surətdə müstəqilliyini bərpa etməsini elan etdi. Bu barədə ümummilli lidər Heydər Əliyev demişdi: “1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixdə varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”.
Həmin konstitusiya aktında öz ifadəsini tapan əsas müddəalardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə təminatın verilməsi oldu. Təəssüf ki, müstəqilliyin ilk illəri Azərbaycan dövləti və Azərbaycan xalqı üçün çox ağrılı olan fəlakətlə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə etnik təmizləmə siyasəti həyata keçirilmişdi, Qarabağ bölgəsində elan olunmamış müharibə gedirdi. Sovet İmperiyası Mərkəzinin dəstəyi ilə 20 faiz ərazimiz işğal olundu və bir milyondan çox əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və onların bütün konstitusion hüquqlarının pozulması ilə müşaiyət olundu. Bundan başqa, iqtidarın səriştəsizliyi nəticəsində Ölkədə özbaşınalıq, cinayətkarlıq, cəzasızlıq və xaos baş alıb gedirdi.
Ulu öndərin bütün bu olanların fonunda yenidən hakimiyyətə qayıdışından sonra ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri 9 avqust 1994-cu il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi haqqında” fərmanı olmuşdur ki, həmin fərmanla hüquq mühafizə orqanları özlərinin uzun müddətli dövr üçün fəaliyyət proqramını müəyyənləşdirmişlər.
Elə həmin vaxt Heydər Əliyev Məhkəmə-hüquq islahatlarına böyük əhəmiyyət vermiş və onların konseptual istiqamətlərinin müəyyən edilməsində həlledici rol oynamışdır. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ümummilli liderin Azərbaycanda demokratik, hüquqi, sivil, dünyəvi dövlətin qurulması prosesi ilə bağlı baxış və ideyalarını əks etdirən tarixi sənəd kimi qəbul edilməlidir.
Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında çıxış edən ümummilli lider Heydər Əliyev qəbul olunacaq Əsas Qanunun fəlsəfəsini açıqlayarkən demişdi: “Bizim yeni konstitusiyamız ilk növbədə dövlət müstəqilliyini yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Dünya ölkələrinin əldə etdiyi nailiyyətlərdən, konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycanın özünəməxsus tarixini, milli ənənələrini ehtiva edən prinsipləri özündə cəmləşdirməlidir. Biz elə bir konstitusiya yaradacağıq ki, o, Azərbaycan Respublikasının nəinki qısa vaxtda, həm də uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin etsin”.
1993-cü ildən böyük strateqin müdrikliklə irəli sürdüyü milli inkişaf konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Ulu öndərin şəxsən özünün rəhbərliyi və iştirakı ilə hazırlanmış, hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsində göstərilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətlərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1996-cı il tarixli sərəncamına əsasən ölkə başcısının sədrliyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Hüquqi İslahat Komissiyası yaradılmışdır.
Həmin komissiyanın fəaliyyəti nəticəsində müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “məhkəmələr və hakimlər haqqında”, “prokurorluq haqqında”, “polis haqqında” qanunlar, mülki, mülki-prosessual, cinayət, cinayət-prosessual, vergi, gömrük və digər məcəllələr qəbul edilmişdir.
Məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin yeniləşməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi məsələsinə, habelə insan taleyi ilə bağlı qərar verən hakimlərin yüksək mənəvi əxlaq keyfiyyətlərə malik olmasına daim xüsusi fikir verən ulu öndər “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” deyirdi. Ölkəmizdə ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarını əhatə edən müstəqil məhkəmə hakimiyyətinin yaradılması baxımından, açıq, ədalətli və səmərəli ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun yaradılması zəruri şərtlərdən biridir. Bu zərurəti önə çəkən Heydər Əliyev “hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər” deyirdi.
Ulu öndərin fəaliyyəti nəticəsində 1995-2003-cü illərdə hüquqi dövlət quruculuğunda yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim diqqət göstərilmiş, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Məhkəmələrin müstəqilliyinin təmin olunması, onların fəaliyyətinə müdaxilələrin qarşının alınması üçün Ədliyyə Nazirliyində fəaliyyət göstərən “Məhkəmə qərarları idarəsi” ləğv edilmişdir. Azərbaycanda qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədi ilə 2000-ci ildə ulu öndərin təşəbbüsü ilə üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ilk dəfə olaraq test üsulu ilə yeni hakim korpusu formalaşdırılaraq onların yüksək statusu müəyyən olunmuşdur. Eyni zamanda çox geniş səlahiyyətlərə malik, hüquqi dövlətin və demokratiya inkişafında mühüm təsisat olan Konstitusiya Məhkəməsi təsis edilmiş və fəaliyyətə başlamışdır. Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı” ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmiş və 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunu qəbul edilmişdir.
17 yanvar 2000-ci il tarixli “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi” haqqında fərman hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədi ilə yüksək məhkəmə sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan tədbirlər görülmüşdür.
Dahi öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan höküməti tərəfindən Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı kimi qeydə alınmışdır. 22 noyabr Respublikamızda hər il ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Ulu öndərin şəxsi təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq 1993-cü ildən Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulmuş, 03 fevral 1998-cü ildə onun tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə ölüm cəzasının ləğvi ilə bağlı müraciət edilmiş və 10 fevral 1998-ci ildə Milli Məclisin qərarı ilə ümummilli liderin müraciəti təmin edilərək ölüm cəzası birdəfəlik ləğv edilmişdir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyi və onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmışdır. Azərbaycanın Avropa şurasının üzvü olmasından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuristiksiyasını tanımasından ilkin olaraq Azərbaycan vətəndaşları faydalanmış, onlar Avropa məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir.
Ağlını, zəkasını, biliyini, savadını, səriştəsini, sağlamlığını, ümumilikdə bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyev 30 ildən artıq rəhbərlik etdiyi Azərbaycan xalqına 1 oktyabr 2003-cü ildə müraciət edərək prezidentliyə namizədlikdən siyasi varisi Azərbaycan xalqının gələcək lideri İlham Əliyevin xeyrinə imtina etməklə bir daha əqidəsinə və xalqına sadiq olduğunu nümayiş etdirdi.
Ulu öndər seçiciləri prezidentliyə namizəd İlham Əliyevi dəstəkləməyə çağıraraq qeyd edirdi: O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən laiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inamram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin müraciətinə səs verən xalq 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verərək onu özünün Prezidenti və lideri seçdi. Həmin vaxtdan keçən 11 il ərzində İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olduğunu əməlləri ilə təsdiq etmişdir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı dövlətləri səviyyəsinə qalxmış, bu davamlı tərəqqi ilə yanaşı, təməli Ulu Öndər tərəfindən qoyulmuş Məhkəmə Hüquq İslahatlan da davam etdirilmişdir. Əminəm ki, hər il ümummilli liderin doğum gününü böyük məhəbbət və təntənə ilə qeyd edən Azərbaycan xalqı daima öz milli liderini xoş xatirələrlə yad edəcək və onun qoyduğu irsdən faydalanacaqdır.
Ələddin
MƏCİDOV,
Şəki Apelyasiya Məhkəməsinin hakimi.
Respublika.-2014.-9
may.-S.7.