Böyük öndərə ümumxalq məhəbbəti
əbədidir
XX əsr çox böyük şəxsiyyətlər yetirmişdir. Ulu öndər Heydər Əliyevin bu şəxsiyyətlər içərisində xüsusi yeri vardır. Heydər Əliyev millətini, vətənini dərin məhəbbətlə sevən lider kimi onu böyük dövlətlərin cərgəsinə çıxaran dahi insandır. Azərbaycan xalqı öz böyük və dahi oğlu ilə fəxr edir. Çünki onun Azərbaycanda gördüyü bütün işlər millətin firavanlığı naminə edilib.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə qurub-yaratdıqları ilə qurtarmır. Onun fəaliyyəti elmimizin, təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında, dilimizin, ədəbiyyatımızın inkişafında, ordumuzun möhkəmləndirilməsində özünü əks etdirib.
Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. İllər, on illər keçəcək, qədirbilən xalqımız Heydər Əliyevin adını nəsillərdən-nəsillərə ötürəcək və əbədi yaşadacaq.
Məlum olduğu kimi, 60-cı illərin ortalarında Azərbaycan keçmiş ittifaq respublikaları içərisində bütün göstəricilər üzrə çox geridə qalırdı. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə vəziyyət dəyişdi. 14 il ərzində Heydər Əliyev Azərbaycanın şöhrətini göylərə qaldırdı. Xalqımıza, Azərbaycana olan münasibət dəyişdi. Azərbaycan yüksək tərəqqi yoluna qədəm qoydu. Cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliklər baş verdi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk növbədə qarşıda duran vəzifələr respublikanın suverenliyinin möhkəmləndirilməsi, daxildə ictimai-siyasi sabitliyin yaradılması idi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz iqtidar kreslo, vəzifə üstündə mübarizə aparırdı. Ölkənin taleyi haqqında, demək olar ki, düşünən belə yox idi. 1993-cü ildə Azərbaycanın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni bürümüş xaosa, özbaşınalığa son qoyuldu. İlk növbədə Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində ciddi tədbirlər görüldü, müstəqilliyimizə mane olan təhlükələr dəf olundu. Ölkədə xalqın arzuladığı sabitlik bərqərar olundu. Yüksək dövlətçilik təcrübəsi olan Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən xilas etdi və Azərbaycanı böyük gələcəyin yoluna çıxardı.
Artıq bugünkü Azərbaycan müasir Azərbaycandır. Son illər ərzində həyatın bütün sahələrində aparılan islahatların, görülən böyük işlərin uğurlu nəticələri respublikanın tərəqqisinin stimullaşdırılması üçün kifayət qədər güclü potensialın yaranmasına səbəb olub. İndi bütün sahələrdə böyük irəliləyişlər var və şübhəsiz ki, qazanılmış nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasət və bu siyasətin möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin bir istiqaməti də azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafıdır. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının başlıca məqsədi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindən və xalqın mənlik şüurunun yüksəldilməsindən ibarət olmuşdur.
Milli ideologiya milli şüur kimi təcəssüm etdiyi üçün onun sosial bazasının formalaşması birbaşa iqtisadi dirçəlişlə bağlıdır. Odur ki, iqtisadi potensialın zəif olduğu ictimai mühitdə cəmiyyətin əqidə birliyi və mütəşəkkilliyini yaratmaq çətinləşir, şəxsi maraqlar milli mənafeləri üstələyir. Bu isə cəmiyyətin bütövləşməsi qarşısında çox ciddi maneəyə çevrilir.
İctimai şürun bazasında milli şüurun yaradılması cəmiyyətin müstəqil, sərbəst və azad bir subyekt kimi formalaşmasında aparıcı amil olduğu üçün Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu 1969-cu ildən başlayaraq ölkənin iqtisadi dirçəlişinə çox mühüm diqqət yetirdi. Sovet dövründə milli şüurun formalaşdırılmasının çox çətin problem olmasına baxmayaraq, ümummilli liderimiz buna nail oldu. Müstəqillik dövründə isə milli şüurun formalaşdırılması üçün münbit şərait yarandı.
Heydər Əliyev hər bir vətəndaşımıza azərbaycançılığı təlqin etdi, xalqın birliyinə nail oldu. Məncə, bu dahi şəxsiyyətin heç zaman unudulmayacaq tarixi xidmətlərindən biridir.
Otuz beş ildən artıq müddətdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, bir millət kimi tarixin sıqanlarından çıxaran və dünya dövlətləri birliyinə qovuşduran ümummilli liderimiz Heydər Əliyev özünün güclü şəxsi keyfiyyətlərini geniş məkanda bir daha təsdiq edərək adını dünyanın məşhur dövlət xadimlərinin sırasına yazdı. Hələ sağlığında xalqı qarşısındakı misilsiz xidmətləri ilə canlı əfsanəyə çevrilmiş və millətin mənəvi atası səviyyəsinə yüksəlmiş Heydər Əliyevin mahir idarəçilik istedadı bəşəri miqyas alıb.
Müasir Azərbaycan tarixinin böyük bir hissəsi dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, həmişə ölkəsinin inkişafı qayğısına qalıb. Ziyalılarımızı imperiya maşınının caynağından qoruyub, elmi, təhsili inkişaf etdirib. Bütün sahələrdə milli kadrlarımızın hazırlanması işinə xüsusi diqqət və qayğı göstərib. İkinci dəfə Azərbaycana rəhbərlik etdiyi on ildə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib.
Heydər Əliyev müdrik şəxsiyyət idi. Onun şəxsi nüfuzu sayəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzu da yüksəldi. Heydər Əliyevin nadir siyasi zəkası və təcrübəsi sayəsində Azərbaycan güclü iqtisadiyyata, güclü orduya malik, qanunların aliliyi təmin olunan bir dövlətə çevrildi.
Ümummilli liderimiz həmişə xalqın istək və arzularını da ifadə edib, onların həyatda əksini tapmasına çalışıb. Bütün şüurlu həyatını buna həsr edib, azadlıq, müstəqillik, demokratik cəmiyyət, hüquq bərabərliyi daim xalqımızın amalı olub. Bu amalı böyük azərbaycanlı Heydər Əliyev həyatda gerçəkləşdirdi və dünyaya sübut etdi ki, Azərbaycan xalqı qədim, zəngin mədəniyyətə malik, demokratik ruhlu, müdrik xalqdır.
Son 10 ildə böyük öndərimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ideyaları uzaqgörənliklə, peşəkarlıqla davam etdirir. Xalqına, Vətəninə xidmət göstərir. Çünki xalqın da, rəhbərinin də amalı birdir. Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir prezident kimi deyil, Azərbaycanın müasir inkişafına güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimi münasibət bəsləyir”.
Aradan çox-çox zaman ötəcək, lakin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyaları daim yaşayacaqdır.
Kəmaləddin
HƏSƏNOV,
Gəncə regional Ədliyyə Şöbəsinin rəisi.
Respublika.-2014.-9 may.-S.7.