Ümummilli liderimizin ideyaları daim
yaşayacaqdır
Azərbaycan–müasir ölkəmizin dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq. Ulu öndər əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan Azərbaycanı qoydu. Heydər Əliyev deyirdi: “Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.
Heydər Əliyev 1969-cu il iyulun 14-dən 1982-ci il noyabrın 22-də Siyasi Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər Soveti sədrinin I müavini seçilənə qədər Azərbaycan SSR-ə başçılıq etmişdir. Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək SSRİ-nin dotasiyasız işləyən iki respublikasından birinə çevrilmişdir. Məhz Heydər Əliyevin titanik əməyinin, qeyri-adi işgüzarlığının, fitri rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan keçmiş SSRİ-nin ən nüfuzlu subyekti idi. Respublikamızda sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, respublikamızın intellektual, elmi-texniki və iqtisadi potensialı ölçüyəgəlməz dərəcədə artmışdı. 60-cı illərə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan artıq 70-ci illərdə dünyanın 65 ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft, qaz avadanlıqları istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilirdi. Moskvanın, Leninqradın, Kiyevin, Minskin nüfuzlu ali məktəblərində Azərbaycanın gələcəyi üçün çox nadir ixtisaslar üzrə milli kadrların hazırlanması bilavasitə Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc həmin ali məktəblərdə kvotadan kənar üsulla təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdi və bu gün də göstərir.
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr ərzindəki titanik fəaliyyəti doğma vətənin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Heydər Əliyevin işləyib hazırladığı milli dövlətçilik strategiyasının məhək daşını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin ən intensiv inkişaf mərhələsini təşkil edir. Ümummilli lider sözün əsl mənasında Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Nəticədə Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.
Tale XX yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş etmişdir. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl demişdir: “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə də yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini dünyaya tanıtmışdır. Dünya Azərbaycan dövlətini sadəcə tanımaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır”. Bu doğrudan da belədir. Heydər Əliyev 34 il rəhbəri olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Göründüyü kimi, Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və davamlı sosial-iqtisadi inkişaf kursunun cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir.
Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
Fikrət
MƏmmƏdov,
“Gilanlift”
MMC-nin baş direktoru.
Respublika.-2014.-9
may.-S.7.