Müasir Azərbaycan dövlətinin qurucusu

 

Zəngin keçmişə malik Azərbaycan xalqının  XX əsr tarixinin ən parlaq səhifələrini əhatə edən 1969-cu ildən sonrakı dövr məhz ümummilli lider Heydər Əliyevin adı fəaliyyəti ilə bağlıdır. Tariximizin bu şanlı dövrü Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan olduqca böyük və sürətli inkişaf yolunu keçib.

Ulu öndər rəhbərliyinin bütün mərhələlərində doğma xalqına sonsuz məhəbbət, qurub-yaratmaq amalı ilə yaşamışdır. Onun polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir, müstəqil Azərbaycanın möhkəm bünövrəsi qoyulmuşdu. Ulu öndərimiz ölkəmizin gələcək inkişaf perspektivləri barədə danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikamızın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydınlanır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Ümummilli liderimiz özünün şərəfli həyatı və fəaliyyəti boyu həmişə öz xalqına arxalanıb. O bu barədə qürur hissi ilə demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”. Qədirbilən xalqımız da həmişə özünün böyük, bənzərsiz oğlu Heydər Əliyevə arxalanıb, ən çətin günlərində, çıxılmaz vəziyyətlərdə ona müraciət edib.

1993-cü il iyun ayının əvvəllərində ölkəmizdə cərəyan edən hadisələr Azərbaycanın dövlətçiliyini və müstəqilliyini böyük təhlükə altında qoymuşdu. Siyasiiqtisadi böhranla üzləşmiş respublikamızda ictimai-siyasi vəziyyət son dərəcə ağır və çıxılmaz bir xarakter almışdı. Xalqımız öz tarixinin çox çətin, olduqca acınacaqlı və qarışıq dövrünü yaşayırdı. Ölkəmizin bir dövlət kimi mövcudluğu artıq təhlükə qarşısında idi. O dövrdə Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarın ucbatından, bir-birilə hakimiyyət, kürsü davası  aparmaları ucbatından ölkədə xaos, anarxiya, hakimiyyətsizlik hökm sürürdü. Respublikamız vətəndaş qarşıdurmasına sürüklənmişdi. Xalq yaxşı başa düşürdü ki, belə bir ağır, olduqca çıxılmaz vəziyyətdən onu yalnız Heydər Əliyev dühası çıxara bilər və xalq ayağa qalxdı üzünü öz xilaskarı böyük öndərə tutdu, əldən gedən müstəqilliyini qorumaq üçün Heydər Əliyevi Naxçıvandan təkidlə Bakıya, ölkə rəhbərliyinə dəvət etdi. Xalqının taleyinə biganə qalmayan Heydər Əliyev xalqının səsinə səs verdi. 1993-cü ilin iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tariximizin ikinci dövrü başlandı. Respublikamız onu gözləyən fəlakətlərdən, vətəndaş müharibəsindən, dövlətçiliyin məhvindən xilas oldu, hökm sürən xaosa, hakimiyyətsizliyə son qoyuldu, sabitlik bərqarar olundu.

Beləliklə, Azərbaycanda demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizi davamlı, dinamik inkişaf yoluna çıxardı və bu istiqamətdə islahatlar həyata keçirdi. 1994-cü ilin sentyabrında aparıcı dövlətlərin neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla isə Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm əsasını qoydu.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası ölkənin inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki mərhələsində ölkə rabitəsinin inkişafına da böyük qayğı ilə yanaşmışdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə bütün sahələrdə olduğu kimi, rabitədə də çoxlu problemlər var idi. Onun diqqəti sayəsində rabitədə müasir inkişaf mərhələsinin əsası qoyuldu. 1970-ci il iyun ayının 24-də Azərbaycan KP MK-nın BürosunaRespublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələnin çıxarılması bunun əyani təsdiqidir.

O dövrdə poçt sahəsinin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bakı şəhərində mövcud olan Bakı poçtdaşıma şöbəsi istehsalat sahələrinin darısqallığı və şəraitsizliyi məktubların, qəzet və jurnalların, bağlamaların vaxtında çeşidlənib göndərilməsinə imkan vermirdi.

Bütün maneələri aradan qaldırmaq məqsədilə ulu öndərin dəstəyi ilə Bakı şəhəri Dəmir Yoluyanı Poçtamt binasının tikintisinə başlanıldı. Müasir texnika və avadanlıqla təchiz edilmiş bina 1980-cı ildə istifadəyə verildi. 1970-1980-ci illərdə poçt rabitəsində bir çox tədbirlər planı həyata keçirildi və nəticədə maddi-texniki bazası xeyli yaxşılaşdı. Bakı şəhərində və respublikanın kəndlərində poçt rabitəsinin əlavə xidmətlərinin gəliri hesabına 300-dən çox rabitə şöbəsi üçün binalar tikilib istifadəyə verildi.

“Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” deyən ümummilli liderimizin uzaqgörən siyasəti sayəsində ölkəmiz ulu öndərin strateji inkişaf kursunu bacarıq və müdrikliklə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz inkişafına görə dünya rabitə sistemində xüsusi yer tutur.      

Heydər Əliyev vurğulayırdı ki, müasir informasiya-kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət açmaq olmaz. O, Azərbaycanın rabitə sisteminin dünya rabitə sisteminə sürətli inteqrasiyasını təmin etmək  məqsədilə 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya üzrə Milli Strategiya (2003-2012-ci illər)” ölkənin rabitə sistemində böyük inkişafa səbəb oldu. Bu gün poçt rabitəsinin inkişaf edərək beynəlxalq tələblər səviyyəsində olması məhz Heydər Əliyev siyasətinin nəticəsidir. Son illər Azərbaycan poçtu müasir texnologiyalar əsasında yenidən qurulur, modernləşir, xidmətin keyfiyyəti yüksəlir, zamanın tələbindən doğan yeni qeyri-ənənəvi xidmətlər həyata keçirir. Bu gün həm Bakıda, həm də bölgələrimizdə yeni-yeni poçt filiallarının inzibati binaları, poçt şöbələri müasir üslubda tikilirmaddi-texniki təchizatı təmin edilir.

Son illər rabitə sahəsində aparılan islahatlar poçt rabitəsinin inkişafına güclü təkan vermişdir. Təsadüfi deyil ki, öz işini müasir tələblər səviyyəsində quran “Azərpoçt” MMC üzrə yüksək maliyyə, iqtisaditexniki göstəricilərə nail olunur. “Azərpoçt” MMC 2014-cü ilin I rübü üzrə tarif gəliri proqnozunu 128 faiz icra etmişdir. 2014-cü ilin investisiya proqramına uyğun olaraq cari ilin 3 ayı ərzində RİTN-nin vəsaiti hesabına 11 ədəd inzibati və 4 ədəd PŞ binalarının əsaslı təmiri, 2 ədəd PŞ binalarının isə tikintisi başa çatdırılmışdır. Hazırda 4 ədəd Poçt filialının inzibati və 4 ədəd PŞ binalarının təmir, eyni zamanda 1 ədəd (Qobustan PF) inzibati və 10 ədəd PŞ  binalarının tikintisi işləri aparılır. Poçt xidmətlərinin daha da yaxşılaşdırılması məqsədilə yeni tikilmiş poçt binaları mebeltexniki avdanlıqlarla təmin olunmuş, poçt mübadiləsi üçün 7 ədəd avtomaşın alınmışdır.

Ümummilli liderin doğum günü münasibəti ilə “Azərpoçt” MMC-də tədbirlər planı hazırlanmışdır.

“Azərpoçt”un tabeçiliyində olan müəssisələrdə təşkil olunan tədbirlərdə “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarıdır” mövzusunda mühazirələr oxunur. Bundan başqa, bu ərəfədə Ağstafa  PF Poylu vağzal poçt şöbəsinin istifadəyə verilməsi, Quba PF 1 saylı şəhər PŞ-nin istifadəyə verilməsi, Tərtər PF Köçərli PŞ-nin istifadəyə verilməsi və s. yubileyə töhfə kimi qiymətləndirmək olar.  İstifadəyə verilən müəssisələrdə 13 yeni yeri açılmışdır.

Bu gün Azərbaycan sürətlə, dinamik inkişaf edir, iqtisadi artımına görə dünyada lider mövqedədir. Bütün bunların təməlində Heydər Əliyev siyasi kursu dayanır. 1992-ci ildə noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ulu öndərin ətrafında birləşən partiya üzvlərinin sayı 600 minə yaxındır. Yeni Azərbaycan Partiyası inkişafdadır və gənc nəslin partiyaya axını getdikcə artır. Bu gün Səbail rayonu “Azərpoçt” ərazi təşkilatının sıraları da artır.  “Azərpoçt”un  işçilərinin böyük əksəriyyəti YAP-ın üzvüdür. Bunların da əksəriyyəti gənclərdir. Partiyanın üzvləri Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, bu siyasi kursu inamla davam etdirirlər.

 

Vüqar ƏFƏNDİYEV,

YAP Səbail rayonu,

“Azərpoçt” ərazi təşkilatının sədri.

Respublika.-2014.-9 may.-S.8.