FİZİKİ
MƏDƏNİYYƏTİN İDEYA-MƏNƏVİ D
ƏYƏRLƏRİ
Gənclərin layiqli vətəndaş kimi yetişməsində, onların gələcək həyata hazırlanmasında ideya-mənəvi tərbiyənin rolu çox böyükdür. Düzgün dünyagörüşü formalaşdıran, xalqın, vətənin mənafeyini şəxsi maraqlardan üstün tutan, həqiqəti anlamağa və duymağa kömək edən ideyalar eyni zamanda ictimai prosesləri sürətləndirir, ədalətin, yeniliyin bərqərar olmasına xidmət edir. Başqa sözlə, ideya-mənəvi tərbiyə, dövlət quruculuğunda, düzgün siyasət aparılmasında, dövlət strukturlarının fəaliyyətində də mühüm əhəmiyyətə malikdir.
İdeya-mənəvi tərbiyənin məzmunu, onun həyata keçirildiyi ictimai-siyasi şəraitlə sıx bağlıdır. Sonuncu yeniləşdikcə, gənclərin ideya-mənəvi tərbiyəsinin məzmunu və vəzifələri də ciddi surətdə dəyişir.
Məhz bu baxımdan gənclərdə elmi dünyagörüşü, əxlaqi əqidəlilik formalaşdırmaq müasir təhsil ocaqlarının qarşısında duran ən ümdə məsələlərdəndir. Bu sahədə fiziki mədəniyyətin də özünəməxsus imkanları vardır. Belə ki, gündəlik iş prosesində idmançılara lazımi fiziki keyfiyyət və bacarıq aşılamaqla yanaşı, onları vətəndaşı olduğu ölkənin ideya əsasını öyrənməyə, cəmiyyətin birgəyaşayış qaydalarını mənimsəməyə istiqamətləndirməyi bacarmaq lazımdır.
Məşhur gürcü idmançısı, 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında hündürlüyə tullanmaqda dünya azarkeşlərini heyrətə gətirən Robert Şavlakadzenin Amerikada yarışda olarkən yerli televiziya ilə çıxışlarının birində dediyi aşağıdakı sözlər diqqəti cəlb edir. O demişdir ki, mən idman vasitəsilə yalnız qələbə rekordları, böyük nailiyyətlər qazanmaqla kifayətlənmirəm. Hansı ölkələrdə olmağımdan asılı olmayaraq, mən özümü, hər şeydən öncə, gürcü xalqının səlahiyyətli nümayəndəsi hesab edirəm. İştirak etdiyim görüşlərdə, verdiyim müsahibələrdə və s. mən xalqımın adət-ənənəsi, milli xüsusiyyətləri, tarixi, mədəniyyəti, incəsənəti haqqında müəyyən dərəcədə olsa da məlumat verməyi özümə mənəvi borc hesab edirəm.
İdmanın siyasi, ideya-mənəvi əhəmiyyətindən danışarkən göstərilməlidir ki, hətta tarixən düşmən olan, əks ictimai-siyasi qurulularda yaşayan, bir-birinə zidd ölkələrin yaxınlaşmasında idmanın rolu əvəzsizdir. Etiraf etməliyik ki, yaxın keçmişdə yaşadığımız SSRİ adlı imperiya idmanın müxtəlif növləri üzrə yığma komandaları Amerika, Yaponiya, Çili, Almaniya, CAR, Cənubi Koreya, İsrail, Çin, İran və başqa “düşmən” ölkələrin qapısını məhz idman vasitəsilə açaraq onlar ilə səmimi münasibətlər yarada bilmişdilər. Yaxud da başqa bir misal.
1972-ci ildə Yaponiyanın Sappora şəhərində keçirilən qış Olimpiya oyunlarında sovet idmançılarının gözəl və parlaq çıxışları, yüksək əxlaqi-mənəvi davranışları, dərin vətəndaşlıq məsuliyyəti bütün Yaponiyanı vəcdə gətirmişdi. Belə misilsiz uğurlardan sonra Sovet səfirliyində qəbul zamanı səfir yarış iştirakçıları qarşısında çıxış edərək böyük fərəh hissi ilə: “Səfərliyin iyirmi ildə görə bilmədiyi ideya-siyasi işi, siz idmançılar iyirmi gün ərzində yerinə yetirdiniz” - deyərək, təvazökarcasına etirafını bildirmişdir. Dünya xalqlarının yaxınlaşmasında, sülhün və həmrəyliyin bərqərar olunmasında idman misilsiz rol oynayır. Bir sözlə, idman, ölkələr arasında sülh və həmrəylik körpüsüdür. İdmanın həm də çox böyük səfərbəredici imkanları vardır. Məsələn, 1970-ci ildə Braziliya futbolçuları üçüncü dəfə dünya çempionu olanda ölkədə amnistiya və ikigünlük ümumxalq şənlikləri elan edilmişdi.
Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanda xalqının böyük fəlakətə düçar olmasına baxmayaraq, ölkəmizdə idmanın çox geniş inkişaf etdirilməsinə, onun güclü maddi-texniki bazasının yaradılmasına, vətənimizin ayrı-ayrı bölgələrində müasir dünya standartlarına müvafıq olimpiya bazalarının, idman qurğularının, stadionların, üzgüçülük hovuzlarının və s. inşasına xüsusi diqqət yetirilir. İlk dəfə keçiriləcək Avropa Olimpiya oyunları kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə birmənalı olaraq idmanın bir daha misilsiz inkişafından xəbər verir. Bir vaxtlar biz ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Suriya, Livan, Yunanıstan və s. kimi dövlətlərdə erməni lobbisinin min bir hiylə ilə qurduğu səddi yarıb keçə bilmirdik. Lakin bu gün ümumi mədəniyyətin mühüm tərkib hissəsi, həm də çox böyük təbliğat vasitəsi olan idmanın bu sahədə görə biləcəyi əhəmiyyətli işləri indi daha uğurla görə bilmişik.
Gəncləri düzgün tərbiyə etmək isə, hər şeydən öncə, onlarda elmi dünyagörüşü, mənəvi əqidəni formalaşdırmaq, siyasi və mənəvi keyfiyyətləri tərbiyə etmək deməkdir. Buna görə də onlarda mənəvi ideallar tərbiyə edərkən ictimai görüş dairəsini elmi dünyagörüşlə əsaslı şəkildə bağlamaq, təbiət və cəmiyyət qanunlarının inkişafını dərk etmələrinə çalışmaq lazımdır.
Gənclərin elmi dünyagörüşü həyat, təhsil və tərbiyə prosesində, əmək fəaliyyətində, bütün ictimai mühitin təsiri altında yaranır. Bu işdə bəşəriyyətin topladığı biliklər sərvətinin əsaslarına yiyələnmək çox vacibdir. Onların kollektivçilik əhval-ruhiyyəsinə malik olması, siyasi cəhətdən yetkinliyi, xalqın rifahı üçün vicdanla çalışması və sağlam həyat tərzi keçirməsi, ümumilikdə fəal həyat mövqeyinin formalaşmasının əsasıdır. Odur ki, bu gün bədən tərbiyəsi dərslərinin hər bir mövzusu və onun ideyalılığı müasir həyatla, ictimai-siyasi vəziyyətlə sıx əlaqələndirilməlidir. Yeniyetmə idmançı, məşqçi-müəllimin rəhbərliyi ilə dünyada baş verən hadisələri təhlil edir, usta idmançıların xoşməramlı oyunlarda, habelə digər yarışlarda iştirakına öz münasibətini bildirir. O, həyatın mənasını dərk etməklə yanaşı, yaşadığı mühitin ictimai-siyasi mahiyyətini anlayır və öz fəaliyyətini bu baxımdan təşkil edir. Bu proses həm də idmançıda ideya aydınlığı, yüksək əxlaqi-siyasi fəallıq formalaşdırır.
Respublikamızın bir sıra şəhər, rayon və kənd məktəblərində aparılan tədqiqatlar göstərir ki, idmanla məşğul olan şagirdlərin müvəffəqiyyəti, elmi biliklərə yiyələnməsi və ictimai-siyasi fəallığı bir-birilə qarşılıqlı surətdən asılıdır və biri-digərini tamamlayır. Daha dəqiq deyilsə, idmançı şagirdlərin ictimai-siyasi fəallığının artması onları idrakı, dünyagörüşü və elmi bilik səviyyəsinin yüksəlməsi ilə paralel gedir. Sürətlə mürəkkəbləşməkdə olan müasir həyat tələb edir ki, gənclər elmin əsaslarına daha əzmlə yiyələnsinlər, dərin nəzəri və peşə hazırlığına, yüksək mənəvi keyflyyətlərə və intellektual səviyyəyə malik, dilini, tarixini, torpağını, Vətənini sevən, öz xalqının ləyaqətli varisi kimi böyüsünlər.
Pedaqoji araşdırmalar göstərir ki, idmançılarda elmi dünyagörüşün formalaşdırılmasında Yaşar Məmmədov, Ağalar Axundzadə, Hafiz Cəfərov, Yaqub Məmmədov, Məmməd Eyvazov kimi yüksək pedaqoji ustalığı ilə seçilən səriştəli məşqçi-müəllimlərimiz zəngin təcrübə toplamışlar. Azərbaycan idmanının yetirmələri, Avropa, dünya və Olimpiya çempionları C.Məmmədov, N.Bağırov, İ.Hamışova, M.Allahverdiyev, K.Məcidov, X.İsayev, İ.Məmmədov, Z.Hüseynova, F.Ağayev, F.Musayev, M.Ağayev, N.Hüseynov, N.Abdullayev, A.Məmmədov, T.Rəcəbov, F.Mənsurov, E.Məmmədli, Toğrul Əsgərov, Şərif Şərifov və başqaları buna sübutdur. Onlar yüksək ideya inamına və vətəndaşlıq fəallığına, dərin milli əqidəliliyə malik yeni nəsil yetişdirməkdə mühüm rol oynayırlar. Dünən məktəb partasında əyləşən idmançıların bu gün keçdikləri şərəfli idman yolu sübut edir ki, onlar Vətənin idman şərəfini qorumaqla yanaşı, həm də yüksək mənəvi keyfiyyətlərə malik olan layiqli vətəndaşdırlar.
İdmançı gənclərin ideya-mənəvi tərbiyəsinin vacib komponentlərindən biri onların aldıqları bilik və məlumatların daxili əqidəyə çevrilməsidir. Belə ki, insanın cəmiyyətə, adamlara, sosial problemlərə münasibəti əqidədə özünün daha dolğun ifadəsini tapır. O, insana öz davranışı və hərəkətlərində müstəqil mənəvi yol və xətt-hərəkəti seçməyə imkan verir. Əqidəli insan özünün ictimai borcunu dərk edir, mənəvi cəhətdən daim təkmilləşməyə çalışır. Kamil insan tərbiyəsinin yeganə və əsas rolunu əqidə əzmində görən görkəmli pedaqoq K.D.Uşinski yazırdı ki, insan tərbiyəsinin ən başlıca yolu əqidədir, əqidəyə isə yalnız əqidə ilə təsir etmək olar. Böyük alim həm də qeyd edirdi ki, əgər müəllimin özü möhkəm əqidə sahibi deyilsə, o, öz şagirdlərində əqidə yaratmağa nail ola bilməz.
Dahi bəstəkar, xalqımızın böyük maarifpərvər oğlu Ü.Hacıbəyli göstərirdi ki, yüksək ideyası və möhkəm əqidəsi olmayan adamlardan yüksək əxlaq gözləmək olmaz. Əqidəsini tez-tez dəyişən, gündə müxtəlif sifətlərə girən prinsipsiz adamlar naqis əxlaq sahibidirlər.
Bunu aşağıdakı misaldan da görmək olar. Həmyerlimiz,
Olimpiya çempionu Nazim Hüseynov 1996-cı ildə Barselonada
(İspaniya) keçirilən Olimpiya oyunlarında dalbadal parlaq
qələbələri ilə finala yaxınlaşdıqda,
ona uduzmaq üçün böyük məbləğdə
pul təklif olunmuşdur. Lakin o, öz Vətəninin
şərəfinə gətirəcəyi şöhrəti hər
şeydən üstün tutaraq həmin təklifı rədd
etmişdi.
İdeya-mənəvi tərbiyədə vətəndaşlıq
şüurunun və yetkinliyinin formalaşdırılması
ümdə şərtlərdəndir. Çünki
bu keyfiyyətlər hər bir adamın ümumi ideya-mənəvi
istiqaməti və əqidəsindən ayrılmazdır.
Gənclərdə onların
aşılanması, vətəndaşlıq qüruru və
dəyanəti yaradır, milli mənlik şüuru və
milli iftixar hissi ilə yanaşı, həm də borc, vicdan, məsuliyyət,
vətəndaşlıq ləyaqəti tərbiyə edir.
İdmançılar digər sənət
adamlarına nisbətən xarici ölkə vətəndaşları
ilə görüşmək, ünsiyyətdə olmaq
imkanlarına malik olduğundan, onlar eyni zamanda geniş bilik, dərin
əqidə, zəngin mənəvi aləmləri ilə də
müstəqil ölkəmizin layiqli elçiləri rolunu
oynaya bilirlər.
Bugünkü
və sabahkı gələcəyimizə fiziki kamilliyi,
şücaəti və dəyanəti ilə nümunə
olan Ramiz Qəmbərov, Vəzir Orucov, Şirin Mirzəyev,
Etibar İsmayılov, Mətləb Quliyev, Salatın Əsgərova,
Qaratel Əsgərova kimi Milli Qəhrəmanlarla bərabər,
həmin şanlı ada, fəxri titula layiq görülən
Əliyar Əliyev, Allahverdi Bağırov, İlqar
İsmayılov kimi neçə-neçə güclü
idmançılar Vətənimizin ərazi
bütövlüyü və suverenliyini qorumaq yolunda, habelə
rəzil, müstəbid erməni qəbskarlarına
qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlar
göstərmişlər.
Yad ölkələrdə keçirilən idman
görüşlərində Azərbaycanın üçrəngli
bayrağı və himninin əzəmətli sədaları
altında qalib idmançılarımız doğma yurdu ilə
bağlı müqəddəs, ən əziz hisslər
yaşayır, xalqının şöhrətini uca zirvələrə
qaldırdığı üçün fəxr edir. Bu mənada beşqat
dünya çempionu, dzyudoçu idmançımız
Zülfiyyə Hüseynovanın dediyi sözlər necə də
böyük qürurla səslənir: “Mənim çətin
çıxışlarım az olmayıb,
görüşün son anlarında hiss edirəm ki,
mübarizə aparmaq üçün bütün qüvvəm
tükənmişdir. Elə bu dəqiqələrdə
öz Vətənimi xatırlayıram. Düşünürəm
ki, qələbə qazansam, mənim üçrəngli
bayrağım bütün bayraqlardan yüksəyə
qalxacaqdır. Dərhal yorğunluğumu unudaraq, var
gücümlə qələbəyə can atıram. Məni nə medal, nə də ki mükafat
maraqlandırır. Mənim
üçün öz doğma, əzəmətli himnimizin sədaları
altında qaldırılan Vətənimin bayrağının
qələbə rəmzi olaraq ən uca yerdə
dalğalanmasını görməkdən doğan həzzdən
böyük şey yoxdur”.
İnsanların milli mənəvi dəyərlərə
yiyələnməsində mənəvi borcun başa
düşülməsi mühüm əhəmiyyət kəsb
edir. Onun anlaşılması və layiqincə yerinə
yetirilməsi insanın əxlaqi yetkinliyinə bilavasitə dəlalət
edir. İdeya-mənəvi tərbiyənin
bu vacib tərkib hissəsi birdən-birə yaranmır, uzun
sürən əxlaqi tərəqqinin məhsulu olub, cəmiyyətin
və fərdlərin qarşısında qoyduğu vəzifələrin
məcmuu kimi çıxış edir.
İdmançı öz fəaliyyəti zamanı ailə,
məktəb, kollektiv, bütövlükdə cəmiyyət
qarşısında müxtəlif vəzifələr
daşıyır. O, bu vəzifələri layiqincə yerinə yetirirsə,
onda vicdanlı adam sayılır. Əksinə, yetirmirsə pislənir, əxlaqca
cılız, mənəviyyatca qüsurlu və naqis hesab
edilir. Bu mənada mənəvi borc, həm
də əxlaqi sərvətdir.
Pedaqoji tədqiqatlar təsdiq edir ki, əxlaqi borcun
şüurlu şəkildə yerinə yetirilməsi, şəxsiyyətə
ağır yük olmur, əksinə, ona mənəvi zövq
verir. İnsan müəyyən mənəvi borc
daşıyırsa və bu borca əməl etməyi öz həyat
qanunu hesab edirsə, bu onun azadlığını əlindən
almır, onu daxilən, mənəvi cəhətdən daha da
zənginləşdirir. Vaxtilə qədim Roma
yazıçısı və siyasi xadimi Siseron yazırdı
ki, o adam azad yaşayır ki, öz mənəvi
borcunu ödəməkdən fərəh duyur. Təsadüfı
deyildir ki, bəşəriyyətin bir çox görkəmli
şəxsiyyətləri və etik nəzəriyyəçiləri
əxlaqi borcu mənəvi saflığın ən
mühüm əlaməti kimi qiymətləndirmişlər.
Şagirdlərlə
və tələbə gənclərlə iş apararkən
Azərbaycan idmançılarının qazanmış
olduqları zəngin əxlaqi sərvətləri onlara təlqin
etmək lazımdır. Təcrübələr
sübut edir ki, idmançının ustalığı nə
dərəcədə yüksək olarsa, o daha çox
cavabdehlik hissi daşıyır. Öz
komandası və kollektivi qarşısında idman borcunu dərk
edərək müvəffəqiyyətsiz
çıxışı üçün daha çox məsuliyyət
daşıyır. Belə şəxslər
idman yarışlarında təmsil etdiyi kollektivin,
komandanın etimadını doğrultmaq üçün dərin
həyəcan hissi keçirir və öz idman borcunu
yaxşı dərk edir. Vətənin
idman şərəfini şüurlu surətdə müdafiə
etməsi, həmin atletin bilavasitə ən yüksək əxlaqi
borcudur. Hazırda sərbəst güləş
üzrə planetin ən mötəbər turnirlərinin
qalibi olmuş həmyerlimiz Namiq Abdullayev 1996-cı ildə
Atlantada keçirilən Olimpiya oyunlarının final
görüşündə hakimlərin ədalətsizliyi
ucbatından məğlub sayıldı. Cisminə,
xislətinə riyakarlıq, müxənnətlik, əzazillik
kimi mənfur hisslərə bələnmiş erməni millətli
həmin jürinin hakimlərdən biri, Namiqin türk
övladı kimi uğur qazanmasına xəbislik etdi. Buna baxmayaraq, soydaşımız yüksək dəyanət
göstərərək həmin görüşü hünərlə
başa vurdu. Soydaşımız yeddiqat
dünya çempionu İordanova çox azacıq hesabla
uduzdurulsa da, o, qalib kimi bütün azarkeşlərin və
yoldaşlarının sürəkli alqışına nail
oldu. Nəticədə o, yüksək vətənpərvərlik
borcunu yerinə yetirməklə bərabər, həm də
misilsiz rəşadət, ləyaqət, milli mentalitetimizə
xas olan mədəniyyət təcəssüm etdirmişdi.
“Məğlub” idmançımız “qalib” rəqibini
qucaqlayıb öpərək xalçadan ötürdü,
sonra isə ona “hörmət” göstərmiş hakimlərə
təzim göstərərək türk övladına xas ədəb
və mərifət qaydalarını nümayiş etdirdi.
Karate
idmanı üzrə planetin ən güclü atletlərindən
biri kimi tanınan həmyerlimiz Füzuli Musayevin vətəndaşlıq
mövqeyi, milli ləyaqəti və vətənpərvərlik
hissi hər bir azərbaycanlıya ən gözəl əxlaq
və ədəb nümunəsi ola bilər.
İkiqat dünya çempionu Füzuli Meksikada
keçirilən dünya çempionatında yüksək əzmkarlıq,
əsl pəhləvan rəşadəti və yenilməz iradi
dözüm göstərərək fəxri
kürsünün ən uca pilləsinə qalxmağa haqq
qazanır. Fəxri kürsünün ən
uca pilləsində məğrurla dayanmış atletimiz
doğma himnimizin həzin melodiyasından gah kövrəlir,
gah da çoxminli tamaşaçıların gözü
önündə köynəyinin üstündəki milli
dövlət gerbimizi öpür. Bəli,
həqiqətən də dünyanın çoxmilyonlu idman
tamaşaçıları Vətənin belə mərd, nəcib
və qeyrətli oğluna həsət aparır.
Atlanta
olimpiadasının gümüş
mükafatçısı, boks üzrə
bir çox beynəlxalq turnirlərin qalibi Malik Bəyləroğluya,
“Özünüzü qaliblər kürsüsünün ən
uca pilləsində görərkən hansı hisslər
keçirirsiniz?” sualına məşhur idmançımız
birmənalı cavab vermişdir: “Qalib gəlib kürsüyə
qalxarkən, Azərbaycanın bayrağını səmalara
ucaldarkən özümü dünyanın ən xoşbəxti
hesab etmişəm. Həmin an qürur
duyduğumdan həm sevinmiş, həm də kövrəlmişəm.
Bəlkə də həmin anları təkrar
yaşamaq üçün çempion olmağı hər dəfə
qabağıma məqsəd qoymuşam”.
Pekin
olimpiadasının qalibi Elnur Məmmədli bütün rəqibləri
üzərində vaxtından əvvəl qələbə
çalıb fəxri kürsünün ən yüksək
pilləsində boynundan qızıl medal
asdırmamışdan öncə doğma himnimizin sədaları
altında əlçatmaz arzuları gerçəkləşmiş
xoşbəxt bir adam kimi üzərində
türklük, müasirlik və islamçılıq rəmzi
olan üçrəngli bayrağımızı bütün
zal boyu gəzdirir.
Vətəndaş yetkinliyi ilə bağlı digər
bir nümunəni biz Avropa və dünya çempionu, Afina
olimpiadasının bürünc mükafatçısı
Ağasi Məmmədov barədə də deməliyik. Ölkəmizin
ən uğurlu boksçusu Tailandda keçirilən dünya
çempionatında rəqibinin ona qarşı göstərdiyi
kobud, qaba və həddən ziyadə ədəbsiz hərəkətlərinə
qarşı, idmançımız millətinin milli mentalitetinə
xas olan, olduqca yüksək ədəb-ərkan göstərərək
əsl centlmen kimi saysız azarkeşlərin sürətli
alqışlarını qazanmışdır.
Barselona
Olimpiadasının qəhrəmanı, mənşəcə
Türkiyə türkü olan Naim Süleymanoğlu dünya
idman azarkeşlərini özündən qat-qat
ağırlıq qaldırmaqla ağılasığmaz
rekordları ilə milyonları heyrətə gətirib
meydanı tərk edərkən, Alp Arslanın, Sultan Bəyazidin,
Sultan Mehmetin, Sultan Süleymanın, Atatürkün... layiqli
varisi qəflətən geri dönür və idman köynəyinin
ustündəki öz türk gerbini dərin qürur və fəxarətlə
tamaşaçılara göstərir. Bu, məşhur
atletin yalnız Vətənə olan hədsiz və bitməz
sevgisi, ona sonsuz sayqı və məhəbbətinin təzahürüdür.
Vətənsevərlik -Vətənə olan intəhasız
sevgi hissidir. Vətəni sevməklə
yanaşı, onun yüksəlişi yolunda yorulmadan
çalışmaq, lazım gələrsə canından
keçmək, vətənsevər şəxsin mənəvi
simasını səciyyələndirən ən ümdə, ən
başlıca cəhətdir.
Milli iftixarımız olan bu kimi dönməz məslək
və amal sahibləri - idmançılarımız həyatının
ən yaxşı vaxtlarını ağır, gərgin məşqlərə
sərf edirlər. Onlar rahat gəzmək, yatmaq, müxtəlif
xoş əyləncələrdən, bir sözlə, keyf və
işrətdən feyziyab olmaq əvəzinə, özlərini
həmin hisslərdən məhrum edib canlarına min bir əziyyət
verərək, ağır fiziki tapşırıqların
icrası üçün qan-tər tökərək ciddi
fiziki, iradi yaşantılar keçirirlər. Şübhəsiz ki, Vətənimizin şanlı
tarixinə şərəf gətirən bu kimi
idmançılarımızın xidmətləri qədərincə
dəyərləndirilməlidir. Haqlı olaraq bir
sıra əcnəbi ölkələrdə (məsələn,
italiyalı velosipedçi Faesto Koppi, macar boksçusu Laslo
Papp, kubalı boksçu Teofılo Stivenson, Belarus güləşçisi
Aleksandr Medved, həbəşistanlı marafon
qaçışçısı Əbu Bəkir, kubalı
qaçışçı Alberto Xuantareno, italiyalı Petr
Mineye və b.) qalib idmançılar öz ölkələrinin
Milli qəhrəmanı, habelə adlarını əbədiləşdirən
heykəllər, fəxri dövlət titulları kimi bu sayaq
şöhrətli atributlardan kənarda qalmırlar. Mənbələrin məlumatına görə VII,
VIII və IX Olimpia oyunlarının qəhrəmanı məşhur
fin qaçışçısı Paavo Nurmi 9 qızıl
medal sahibi kimi ona hələ sağlığında Helsinkinin
olimpiya stadionunun qarşısında möhtəşəm
abidə ucaldılmışdır.
Müasir dövrdə həm insanların əxlaq və
davranışında ədalətin bərqərar edilməsi,
həm də xalqlar və millətlər arasında mənəvi
münasibətlərin yaranmasına kömək göstərilməsi
əxlaqi tərbiyənin qarşısında duran ən
mühüm vəzifələrdəndir. Ədalət
şəxsiyyətin öz əməlini götür-qoy etməsi,
başladığı işi “insaf süzgəcindən”
keçirdikdən sonra reallaşdırdığı əməli
fəaliyyətin etalonudur. Yüksək ədalət
şüuru və hissi olan bir şəxs hər cür ədalətsizlik
hallarına, tüfeyliliyə, riyakarlığa,
cılızlığa, saxtakarlığa,
ikiüzlülüyə qarşı mübarizə aparır.
Öz nəcib əməllərindən, ləyaqətindən,
müsbət əxlaqi-etik keyfiyyətlərindən, Vətəni
borcunu namusla yerinə yetirməkdən həzz almağı,
habelə pis əməllərinə görə özünə
qarşı ikrah hissi duyan, əxlaqi hərəkət və
davranışlarını şərə qarşı qoyub tənzim
etməyi bacaran idmançını birmənalı olaraq kamil
şəxsiyyət kimi qəbul etmək olar.
Yeddiqat dünya çempionu olan samboçu Ceyhun Məmmədov,
habelə beşqat dünya çempionu Zülfiyyə
Hüseynova qalibi olduqları dünya birinciliyindən
qayıdarkən “keçmiş SSRİ, Avropa və dünya
çempionatlarındakı nailiyyətlərinizin əsasını
nədə görürsünüz?” - sualına eyni
cavabı vermişlər: “Əməksevərlik, intizam və
Vətənə sonsuz məhəbbət hissi”.
Azad və suveren ölkəmizin gələcəyi olan gənclərimizdə
milli mənlik şüurunun formalaşdırılması, vətəndaş
yetkinliyi və milli ləyaqətin tərbiyə olunması, Vətənimizin
dünya dövlətləri arasında öncül yerlərdə
qərarlaşmasında onların fiziki, mənəvi və əqli
yetkinliyinin vəhdətinin təmin edilməsi müstəsna
rol oynayır.
Bu gün müharibə şəraitində
yaşayan yurdumuzun övladlarının fiziki inkişafı,
cismani möhkəmliyi, fiziki-hərbi təlimlərə cəlb
olunması daha çox aktuallıq kəsb edir. Bunun üçün bütün təhsil
ocaqlarında fiziki tərbiyənin təbliğinə, təşviqinə
diqqətin son dərəcədə artırılması
üçün zaman hər birimizdən qeyrət və vicdan
tələb edir.
Mobil Aslanlı Huntürk.
Respublika.-2014.-9 may.-S.9.