Qələbə günündə görüşənədək

 

Həyatın hər bir üzünü görüb Abbas müəllim, 91 illik ömür tarixçəsində o qədər maraqlı məqamlar var ki... İndi yaşının bu çağında çətinliklə də olsa olub-keçənləri, yaşadıqlarını xatırladıqca gah kövrəlir, gah sevinir.

1923-cü il may ayının 9-da Laçın rayonunun Böyük Seyidlər kəndində dünyaya göz açan Abbas Məmmədovun uşaqlığı indi erməni tapdağı altında qalan dədə-babalarımızın bu qədim yurd yerində keçib. Yaşıdları ilə birgə kənd məktəbində oxuyub, doğma kəndinin laləli-bənövşəli düzlərində, çəmənlərində qurşaq tutub güləşib, sıx meşələrində bitən ağaclardan meyvə dərib, suyu dişi sızladan bulaqlardan doyunca içib, təmiz, gözəl havasını udub... Və həmin anlarda özünü bəlkə də xoşbəxtliyin zirvəsində görüb.

İnqilabdan sonra bütün sovet xalqları kimi laçınlılar üçün də ağır, çətin olan o məqamlarda zəhmətə qatlaşıb, lakin təhsilini yarıda kəsməyib, oxuyub orta məktəbi yüksək qiymətlərlə bitirib. Ən böyük arzusu oxumaq, ali təhsil almaq idi. 1941-ci ildə alman faşizminin Sovet İttifaqına hücumu onun bu arzusunu gözündə qoyur.

Abbas Məmmədov könüllü olaraq cəbhəyə yollanır, onun döyüş yolu 402-ci diviziyadan başlayır. Tarixi qələbənin qazanılmasında digər həmyerliləri kimi onun da böyük xidmətləri var. Abbas müəllim o ağır günləri belə xatırlayır: “Mənim 18 yaşım yeni tamam olmuşdu, silahın, döyüşünolduğunu bilmirdim. Birdən-birə dəhşətli bir müharibəyə düşmüşdüm. Bütün xalqların nümayəndələri bir yerdə döyüşürdü. Azərbaycanlılar isə istər ön, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərirdi. Azərbaycanda yaradılan milli diviziyalar şərəfli döyüş yolu keçmiş, bir çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü”.

Abbas Məmmədovun döyüş yolu Qələbə gününədək uzanmışdı. O, 839-cu alayda, sonra isə 90-cı əlahəddə atıcı alayında döyüşüb, dəfələrlə yaralanıb, sağalar-sağalmaz yenidən döyüş meydanına atılıb, Vladiqafqaz, Mozdok, Nalçikbaşqa istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərib, komandanlığın təşəkkürünü alıb, mükafatlarla təltif olunub.

1946-cı ildə müharibə başa çatanda or

dudan tərxis olunub doğma Vətənə qayıdır, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Tələbəlik illərində universitetin ictimai həyatında fəal iştirak edir, biliyi ilə başqalarından fərqlənir, oranı fərqlənmə diplomu ilə başa vurur. 1952-ci ildə əmək fəaliyyətinə başlayır, uzun illər prokurorluq orqanlarında çalışır, çoxlarına nümunə olur. 1985-ci ildən təqaüddədir.

Müstəqilliyimizin ilk illərində bir çox dəyərlərə münasibət dəyişmişdi, o cümlədən Böyük Vətən müharibəsinin iştirakçıları da haqsız qınaqla üzləşmişdilər. Bir vaxt cəmiyyətin ən hörmətli üzvləri olan veteranlar tamam unudulmuş, qayğıdan, diqqətdən kənarda qalmışdılar. Veteranlara dövlət qayğısından danışan bu müdrik qoca, keçmiş döyüşçü, əmək döyüş veteranı belə deyir: “Bu işdə ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri var. 9 May – Qələbə Gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi qeyd olunması məhz onun qəbul etdiyi müdrik qərarın nəticəsidir. Bilirsiniz veteranların şəxsi hünəri Azərbaycan milli diviziyalarının şanlı tarixi bugünün gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev ulu öndərin ənənələrini yaşadır, veteranları diqqətdən, qayğıdan kənarda qoymur.

Alman faşizmi üzərində tarixi qələbənin 69-cu ildönümü ərəfəsində ölkə başçısı daha bir sərəncam imzaladı. Sərəncamda veteranların onların ailələrinin, onlara bərabər tutulan şəxslərin mükafatlandırılması nəzərdə tutulur. Bütün bunlar biz veteranları daha da ruhlandırır”.

İnsan bu yaşda çox kövrək olur, Abbas müəllim doğma Laçını, doğulduğu kəndi, uşaqlığını, yeniyetməliyinin keçdiyi o yerləri tez-tez xatırlayır. Ən böyük arzusu dünyaya göz açdığı el-obanı bir daha görməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günü səbirsizliklə gözləyir.

Müharibə dəhşətdir, ölümdür, faciədir. bu ölüm-dirim savaşında sağ qalmaq tale işidir. Bu çətin, ağır sınaqdan üzüağ çıxıb vətəni, xalqı üçün ömrünün sonunadək, qüvvəsi tükənənədək çalışmaq isə şərəfdir. Sırası getdikcə seyrələn veteranların adları, xeyirxah əməlləri unudulmamalıdır. Daha bir qələbənin sevincini dadmaq ümidi ilə yaşayan Abbas Məmmədov da bu sıradadır... Qələbə günündə görüşənədək...

 

Z.ABDULLAYEVA,

Respublika.-2014.-9 may.-S.12.