O, həyatın hər sınağından üzüağ çıxıb

 

O, aramla danışır, hərdənbir titrəyən barmaqları ilə yaşarmış gözlərinin nəmini silirdi. Böyük bir həyat tarixçəsinin səhifələrini ehtiyatla vərəqləyir, yaddaşında qalanları elə səlist danışırdı ki, bu yaşda hafizəsinə qibtə etməyə bilmirdim. Abdulla müəllim danışdıqca sanki məni də özü ilə heç vaxt görmədiyim, o yerlərin nisgili ilə yaşayanların söylədiklərinə əsasən xəyalımda canlandırdığım laləli, bənövşəli, yarpızlı, kəklikotulu, buz bulaqlı Qərbi Azərbaycan torpaqlarına aparırdı. Uşaqlığını, gəncliyini, xoş-acı xatirələrini qoyub gəldiyi, dədə-baba yurd yerlərinə...

1918-ci ildə Əsəd düzündə doğulanda bütün mahal, el-oba qaçqın idi, erməni daşnakları qırdıqlarını qırmış, əsir götürdüklərini əsir götürmüşdülər. Bu müsibətlər baş verəndə o, hələ heç dünyaya da gəlməmişdi... Bakıdakı Maarif Texnikumuna daxil olana kimi həyatın o qədər sərt üzünü görmüş, əzab-əziyyət çəkmişdi ki, onunvaxtsa bitəcəyinə inamı da qalmamışdı.

Amma Tanrı ondan heç də birdəfəlik üz çevirməmişdi, tələbə adını qazananda tezliklə müəllim olacağı günü səbirsizliklə gözləyir, özündə xəyallar da qururdu; vaxtilə oxuduğu Yuxarı Çirətac kəndindəki doğma məktəbində işləmək, hər dəfə dərsdən evə dönəndə kədərlə seyr etdiyi Əsəd düzündə, sinif yoldaşları ilə qarağat, alça yığdığı meşələrdə, döşündən quşəppəyi dərdiyi dağlarda bir daha olmaq arzusu bu yeniyetməyə qol-qanad verirdi sanki. Texnikumun II kursunu bitirəndə eşitdiyi acı bir xəbər isə onun bütün arzularını gözündə qoydu.

1938-ci ildən Avropanın kiçik dövlətlərini özünə ram etdirən alman faşizmi dünyaya ağalıq etmək iddiasına düşmüşdü. 1941-ci ildə SSRİ-yə qarşı müharibəyə başlaması, yenicə özünə gələn sovet dövləti üçün əsl zərbə idi. Artıq Azərbaycanda da hərbi səfərbərlik başlamışdı, əli silah tutan cəbhəyə göndərilirdi.

1939-cu ildə dərslərini başa vurub Qafana qayıdan Abdulla İbrahimov kənd məktəbində pioner baş dəstə rəhbəri kimi kiçik işə başlamış, bir müddət sonra ibtidai sinif müəllimi təyin edilmişdi.

Elə müharibənin ilk günlərində səfərbərliyə alınan Abdulla İbrahimov yenicə təşkil olunmuş hərbi hissənin tərkibində yaradılmış rabitəçi kursuna götürülür. Onun texnikumda təhsil alması, rus dilini az-çox bilməsi işinə yaramışdı. Bir müddət Bakıda hərbi hazırlıq keçən gənc rabitəçi radiostansiyaya keçirilir. Cəbhədən isə ağır xəbərlər gəlir, düşmən sürətlə irəliləyirdi.

Nəhayət, Abdullanın da olduğu hərbi hissə Dağıstana yola düşür, artıq düşmən onun sərhədlərində idi, əsgərlər arasında inamsızlıq getdikcə artır, fərarilik baş verirdi. Abdulla isə əksinə, işinə canla-başla əməl edir, verilən tapşırığı operativ şəkildə yerinə yetirirdi. Bütün bunlar isə rəhbərliyi, nəzərindən qaçmırdı. Onun nümunəvi işi çoxlarına örnək olaraq göstərilirdi.

1942-ci ildə Stalinqrad cəbhəsində sovet ordusunun həlledici döyüşü müharibənin gedişində dönüş yaradır...

Həmsöhbətim bir qədər söhbətinə ara verir, düşüncələrə dalır. Nə düşündüyünü isə təsəvvür etmək çətin deyildi. Odun-alovun içindən keçib sağ-salamat evinə dönmüş bir əsgər o, ağrılı günlərdən, anlardan başqa nə düşünə bilərdi ki?

İndi mən danışıram, bütün bunlar mənə bir yuxu kimi gəlir. Hərdən gözümü yumanda hər şey kino lenti kimi gəlib gözümün önündən keçir. Müharibə dəhşətli şeydir. Birgörürdün, ətrafa sakitlik çöküb. Elə bir anın içindəcə yer-göy titrəyir, təyyarələrdən yerə bomba yağış kimi ələnirdi. O qədər yaxşı oğlanlar həlak oldu ki, gözlərimin qarşısında...

Stalinqrad döyüşündən sonra Abdulla müəllimgilin hərbi hissəsi Ukraynaya istiqamət götürür. Düşmənlər məğlubiyyətdən hələ özlərinə gələ bilməmişdilər. Poltavaya çatan hərbi hissə 1943-cü ilə qədər bu istiqamətdə gedən döyüşlərdə iştirak edir, Rumıniyanın işğal olunmuş rayonları azad edilir və həmin hərbi hissə III Ukrayna cəbhəsinin tərkibində Bolqarıstan və Yuqoslaviyanın azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərir.

Qarşıda Macarıstan qalırdı. Balaton gölünün sahillərinə çıxanda vəziyyət bir qədər mürəkkəbləşmişdi. Geriyə çəkilmək əmri gəldiyindən bütün dəstə Balaton gölünün qərb sahili ilə 80 kilometr geriyə getməli olur. Abdulla müəllim sözünə davam edərək deyir:

Biz geriyə çəkilib Fokşana kəndinə çatdıq. Artıq irəliləmək mümkün deyildi, panton körpülərlə Dunaydan keçməli olduq. Çox çətin idi. O ərəfədə sağ qolum zədələndi, 15 gün orada qaldıq, həkim yox idi və mənə heç bir tibbi yardım göstərilmədi, qolum sınmışdı. Müharibədən sonra da mənə çox əziyyət verirdi. Nə etmək olardı...

Artıq Sovet ordusu sürətlə irəliləyir, düşməni qovurdu. Avstriyanın Kimberk şəhərinə girəndə bahar təzəcə gəlmişdi, qoşun tezliklə Vyanaya daxil oldu. Qələbəyə isə az qalırdı.

Beləcə, Abdulla İbrahimovun Bakıdan başlayan şərəfli cəbhə yolu Avstriyanın Vyana şəhərində başa çatdı.

1946-cı ilin fevralında ordudan tərxis olunduqdan sonra nümunəvi rabitəçi kimi sinəsi ordenmedallarla dolu Vətəninə qayıdır. Müxtəlif işlərdə çalışır, ömrünün çox hissəsini mətbuata həsr edir, dövri mətbuatda imzasını tanıdır, ömrünün qızıl anlarını yazdıqlarında əridir Abdulla müəllim.

İndi ömrünün müdrik çağındadır. Həyatın hər üzünü görmüş bu insan torpaq, el-oba niskilinə son qoyulacağı günü səbirsizliklə gözləyir:

–Hər il qələbə günü qeyd olunanda qəribə hisslər keçirirəm. Daha bir qələbə sevincini yaşamaq istəyi isə, hələ ki, yaşadır məni...

Hər şey Tanrının əlindədir. O qələbə sevincini bizyaşamaq istəyirik, özü də tezliklə. Və həm də bunu yaşamağa haqqı daha çox olan sizlərlə birgə...

 

Zümrüd QURBANQIZI,

Respublika.-2014.-9 may.-S.12.