Dövlət
mükafatına təqdim olunmuş monoqrafiya
Qərb Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aakademiyasının professoru Fuad Məmmədovun DİA-nın Böyük Elmi Şurası tərəfindən Dövlət mükafatına təqdim olunması üçün irəli sürülmüş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilmişdir. Tədbirdə çıxış edən ADİİ-nin kafedra müdiri, professor Bəhruz Abdullayev qeyd etdi ki, professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” kitabı hələ keçən əsrin 90-cı illərinin axırında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən respublika alimləri və siyasətçiləri qarşısında irəli sürülmüş, Qərb ölkələrinin təcrübəsi əsasında Azərbaycanın milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi vəzifəsinə uyğun olaraq hazırlanmışdır. O, elmi ictimaiyyətimiz və ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. BDU-nun professoru Şahlar Əsgərov, Milli Məclisin deputatı, professor Asim Mollazadə və başqalarının çıxışlarında qeyd olundu ki, Fuad Məmmədovun fundamental əsərləri və dərs vəsaitləri Azərbaycanın maddi mədəniyyəti, dövlət quruculuğu və respublikanı idarə etmək üçün kardların hazırlanmasına və tərbiyə edilməsinə yönəldilmişdir. Bu, respublikamız üçün çox əhəmiyyətlidir, çünki hər bir xalqın gələcəyi onun intellektual və mənəvi mədəniyyətindən asılıdır.
“İdarəetmə mədəniyyəti” fundamental əsəri Azərbaycanın milli inkişaf strategiyası baxımından çox böyük elmi və praktik əhəmiyyətə malikdir, eyni zamanda universal bilikləri əhatə edən gözəl dərs vəsaitidir. Əsərin Dövlət mükafatına layiq görülməsi cəmiyyətimizin bütün sahələri və təbəqələrində diqqəti onun elmi və praktik dəyərinə yönəltməyə və ondan milli maraqlarımızda istifadə etməyə imkan verəcəkdir.
Həmçinin müzakirələrdə Azərbaycanda Kuba Respublikasının fövqəladə və səlahiyyətli səfiri Ömər Medina, BDU-nun kafedra müdiri, professor Kamil Səlimov, BDU-nun kafedra müdiri, professor İzzət Orucov, BDU-nun professoru Fərman İsmayılov, ADPU-nun professoru Eldar Abbaszadə iştirak etmişlər.
Şəlalə
KƏSƏMƏNLİ,
“Simurq” AMA-nın
mətbuat katibi.
Respublika.-2014.-
17 may.- S.6.