Oğuz turizm bölgəsidir

 

Neçə illər bundan öncə söz-söhbətlərdə, danışıqlarda ifadə olunan bu fikir artıq reallığa çevrilir. Son üç-dörd ildə dövlətin diqqət və qayğısı, bundan güc, qüvvə tapan rayon rəhbərliyinin bu məsələyə  xüsusi önəm verməsi sayəsində həmin istiqamətdə inamlı addımlar atılmışdır. Rayonda sosial-iqtisadi həyatın digər bölmələri kimi, turizmin inkişafı sahəsində də xeyli işlər görülmüşdür. Ona görə də gəzməli, görməli və mənalı istirahət etməli bu ünvana pənah gətirənlər deyirlər ki, Oğuz dünənki Oğuz deyil. Bu gün elinin, obasının qədrini bilib onun üçün ürəklərinin hərarətini, qollarının qüvvəsini əsirgəməyənlərin səyi ilə yaradılan xarüqələr adamı valeh etməyə bilmir. Bölgə müxbirimizin  Oğuzda turizmin bu cür sürətli inkişafı onun ölkəmizin sayılıb-seçilən turizm ünvanları ilə bir sırada addımlaması istiqamətində görülən işlər barədəki marağını rayon mədəniyyət və turizim şöbəsinin müdiri Ulduz Baxışova belə cavablandırmışdır.

Böyük Qafqazın ətəklərində yerləşən Oğuz bənzərsiz təbiət gözəlliklərinə malikdir. Onun dağ və dağətəyi meşəlikləri, buz bulaqları, coşğun dağ çayları, şəlalələri ilin isti aylarında dincəlmək və istirahət etmək üçün olduqca əlverişlidir. Öz memarlıq abidələrinə, flora və faunasına, insanlarının qonaqpərvərliyinə, milli mətbəxinə, çeşidli şirniyyat növlərinə, ekoloji cəhətdən təmiz hava məkanına malik olması ilə Oğuz bir çox xarici ölkələrin turistlərini valeh edir.

Sevindirici haldır ki, Oğuzun siması son illər tanınmaz dərəcədə dəyişmişdir. Şəhərimizdə yeni parklar, xiyabanlar salınmış, yollar asfaltlaşdırılmış, sosial obyektlər və fərdi tikintilər inşa edilmişdir. Yaxşı haldır ki, Oğuzda son illər bir sıra turizm obyektləri inşa edilərək istifadəyə verilmişdir. Rayonumuzda 2008-ci ildən fəaliyyət göstərən “AFRA” otel bu sahənin inkişafına xeyli təkan vermişdir.

Baş Daşağıl kəndindəki “Saf Təbiət”, Xaçmaz kəndindəki “Təpə yeri”, şəhərin şimalında yerləşən “Oğuz turizm” istirahət mərkəzlərində hər il yüzlərlə turist dincəlir. Hazırda Oğuzda 14 ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. “Palma”, “Oğuz eli”, “Qaynama”, “Farel”, “Gözəllik” ailəvi istirahət mərkəzlərində rayonumuzun qonaqlarına və turistlərə nümunəvi xidmət göstərilir. Bir neçə yeni otel və ailəvi istirahət mərkəzləri inşa edilməkdədir. 2012-ci ildə rayonumuza 4300 turist gəlmişdirsə, 2013-cü ildə rəqəm 12 min nəfər olmuşdur. Turizmin inkişaf etdirilməsində tarix və mədəniyyət abidələrinin, tarixi yerlərin əhəmiyyəti böyükdür. Bu baxımdan Oğuz qədim və zəngin bir tarixə malik bölgədir. Rayonumuzun müxtəlif ərazilərinə səpələnmiş tarixin bütün dövrlərinə aid abidələr qayğı ilə qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiqlənmiş 32 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülmüşdür. Bu abidələrdən qədim Alban məbədləri, Muxas qülləsi, Gavur qala, Kərimli türbəsi, Surxayxan qalası, məscidlər və sair daha çox maraq doğurur. Şöbə tərəfindən 5 yeni abidə haqqında məlumatlar hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir.

Rayon Tarix Diyarşünaslıq Muzeyi tərəfindən vaxtaşırı olaraqOğuzun tarixini öyrənək” devizi altında tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilir.

Şöbəmiz tərəfindən də turizmin inkişaf etdirilməsi, onun təbliği sahəsində xeyli işlər görülmüşdür. Son illər Oğuzun turizm potensialını təbliğ edən “Oğuza xoş gəlmişsiniz”, “Oğuz əcdadlarımızın nəsillərə əmanəti – Oğuz abidələri”, “Cənnətməkan diyar Oğuz” adlı 3 mindən artıq buketlər çap olunaraq rayonumuzun qonaqlarına və turistlərə paylanmışdır. Oğuzun təbiət gözəlliklərini, tarixi abidələrini əks etdirən bannerlər hazırlanaraq yol kənarlarına vurulmuşdur. Rayonumuzun turizm potensialı, milli mətbəxi, sənətkarların əl işləri, 2012-ci ilin mart ayında Moskva şəhərində keçirilən ümumdünya turizm və səyahətlər sərgisində, 2013 və 2014-cü ilin aprel ayında Bakı şəhərində keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində nümayiş etdirilmişdir. Hər il rayonumuzun turizm potensialı, tarix və mədəniyyət abidələri, milli adət-ənənələrimiz və mətbəximiz haqqında verilişlər hazırlanaraq, müxtəlif televiziya kanallarında nümayiş etdirilmişdir. Turizmin təbliği məqsədilə rayonumuzda ilk dəfə olaraq 2013-cü il sentyabr ayının 27-də Dünya Turizm Günü münasibətilə geniş tədbir keçirilmişdir.

Mədəniyyət evlərində və klublarda turizmin təbliği məqsədi ilə sənətkarların əl işlərindən ibarət sərgilər, tarixi abidələrimizi əks etdirən fotostendlər təşkil edilmişdir. Milli adət-ənənələrimizi əks etdirən yeni folklor kollektivləri təşkil edilmişdir. Rayon mədəniyyət evində “Xalçakəsdi” folklor, “Bayram” zurnaçılar kollektivi, Filfilli, Baş Daşağıl, Bucaq və Kərimli kənd klublarında folklor rəqs qrupları yaradılmışdır. Çovkan komandası hər il Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən Milli Atüstü oyunlar festivalında uğurla çıxış edir. Milli kulinariyamızın təbliğinə həsr edilmiş Qəbələ şəhərində ilk dəfə keçirilən mürəbbə festivalında rayonumuzun nümayəndələri üçüncü yerə layiq görülmüşdür. Rayon rəhbərliyi tərəfindən Oğuzda aparılan geniş quruculuq və abadlıq işləri onun yaxın gələcəkdə gözəl turizm məkanına çevriləcəyindən xəbər verir.

 

Rasim AMANOV

Respublika.-2014.- 17 may.- S.6.