Akademik Validə Tutayuq təbiət vurğunu idi

 

Qədim Azərbaycan dünya elminə görkəmli alimlər bəxş etmişdir. Onlardan biri də Azərbaycanın ilk qadın akademiki Validə Tutayuqdur.

Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Qarabağın dilbər guşəsi Şuşada anadan olmuşdur. O, 1930-cu ildə Şuşa şəhər 9 illik orta məktəbini bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olur.

1932-ci ildə həmin institutun bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən V.Tutayuq bu vaxtdan etibarən institutda axşam təhsili ilə yanaşı, əmək fəaliyyətinə başlayır.

Validə Tutayuqun atası Xaspolad Tutayuq  təhsilini Peterburqda Meşə Akademiyasında almışdır. Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra Qarabağ meşələrinə meşəbəyi təyin edilmişdir. Xaspolad bəyin Azərbaycana üz tutmasının iki səbəbi var idi. Əvvəla, o, Peterburqa oxumağa gedərkən anası vəfat etmiş, atası yenidən evlənmişdi. Buna görə o, vətəninə - atasının yanına qayıtmamışdı. İkinci səbəb Peterburqda dahi bəstəkar Üzeyir bəylə dostluq edən zaman Üzeyir bəyin Qarabağın füsunkar təbiəti və meşələri haqqında söhbətləri və onu təkidlə Azərbaycana dəvət etməsi olmuşdu.

Şuşada təyinatla meşəbəyi işləyən Xaspolad bəy uzun müddət ailə qurmamışdır. İllər keçdikdən sonra nəhayət, o zaman Şuşada Qızlar Gimnaziyasında müəllimə işləyən, dövrünün ən savadlı və rus dilini mükəmməl bilən Südabə adlı xanımla tanış olmuş, ailə qurmuşdur. Bu ailədən pərvazlanan Xaspolad bəyin oğlu Murad Tutayuq çox savadlı fizika-riyaziyyat müəllimi idi. Murad müəllimin sevimli tələbələri - Həsən Əliyev, Həsən Abdullayev kimi görkəmli alimlər, Heydər Əliyev kimi dahi siyasətçilər nəslinin yetişməsində böyük əməyi olmuşdur. Ulu öndərimiz Heydər Əliyev xatirələrində qeyd edirdi ki, Murad müəllim mənim ən sevimli müəllimim olmuşdur. O, mənimlə dərsdən əlavə də məşğul olurdu. O, sözün əsl mənasında pedaqoq idiöz işini çox sevirdi.

Gəncədə dəmiryolçu ailəsində doğulan professor A.A.Yatsenko-Xmelevski, akademik V.P.Jukovski, A.A.Feodorov, A.Q.Doluxanovs. görkəmli  rus alimləri  şəxsi  xatirələrində qeyd edirdilər ki, Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunun botanika kafedrası bizimSSRİ-nin görkəmli botaniklərinin doğma evinə çevrilmişdi. Biz Talış, BöyükKiçik Qafqaz dağlarında botaniki  ekspedisiyalardan sonra həmin kafedrada herbarilərin təyin edilməsi, elmi məsləhətlərin alınması, yerli şəraitin geomorfoloji xüsusiyyətlərinin öyrənilməsini həyata keçirirdik. Bəzən bu ekspedisiyalara azərbaycanlı tələbələr də cəlb edilirdi. Belə tələbələrdən biriöz çevikliyi və savadı ilə diqqəti cəlb edən hamımızın sevimlisi Validə idi. Herbarilərin hazırlanmasında, təyin olunmasında və elmi diskussiyalarda o, yaxından iştirak edirdi. Rus dilini çox mükəmməl bilirdi. Ekspedisiyaların çoxunda bizimlə iştirak edirdi.

Akademik Validə xanım Tutayuq  xatirələrində qeyd edirdi ki, mənim bir alim kimi formalaşmağımda görkəmli rus alimləri ilə birlikdə çöl ekspedisiyalarında iştirak etməyimin mühüm rolu olmuşdur. Validə Tutayuq hələ tələbə ikən professor S.V.Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Cənubi Qafqaz bölgəsində aparılan ekspedisiya xüsusilə maraqlı və məhsuldar oldu. Burada Validə xanım ekspedisiyaya rəhbər təyin olundu. Onun başçılıq etdiyi ekspedisiyaya müxtəlif yaşayış məntəqələrinin meyvə bağlarını sərbəst tədqiq etmək tapşırığı verilmişdi.

Professor S.Krainski onu qozmeyvəlilər üzrə toplanmış materialın tədqiqi işinə cəlb etmişdionlar ikilikdə 100-ə qədər yunan qozu və fındıq bitkisinin botaniki  təsvirini vermişdilər. Bu, Validə Tutayuqun ilk elmi işi idi.

Bu dövrlərdə artıq Moskva, Leninqrad kimi şəhərlərin təhsil ocaqlarında Azərbaycanın milli kadrları yetişirdi. Validə Tutayuqun fenomenal qabiliyyətini görən akademik P.Jukovski gənc tədqiqatçı kimi ona çoxləçəkli çiçəyi olan bitkilərlə, xüsusilə onun ən maraqlı növü - çoxləçəkli çiçəklə məşğul olmağı təklif etdi. Çoxləçəkli təbiətin nadir yetirməsi olmaqla özündə təkraredilməz gözəllik təcəssüm etdirdiyindən bəzək bağçılığında belə bitki yüksək qiymətləndirilir.

V.Tutayuqun namizədlik dissertasiyası “Şəbbügülündə çoxləçəkliliyin təbiəti” adlanırdı. O, bu üzərində birinci dəfə kiçik ixtira edir. Şəbbügülün xaricdən steril çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyi də inkişaf edir. Şəbbügülündə çoxləçəklilik nişanəsi ilə müəyyən faiz çoxləçəkli nüsxələri adi çiçəyə malik toxumları vasitəsilə nəslə keçir.

K.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında aspiranturanı bitirdikdən sonra V.Tutayuq Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. Eyni zamanda, SSRİ-nin müxtəlif zonalarında örtülütoxumlu bitkilərin nümunələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli çiçəklərin öyrənilməsinə aid bütün materiallar doktorluq dissertasiyasında yekunlaşdırılır. “Çoxləçəkli örtülütoxumluların embriologiyası” adlı dissertasiya işini 1949-cu il mayın 11-də Leninqradda (Sankt-Peterburq), SSRİ Elmlər Akademiyası V.Komarov adına Botanika İnstitutunun elmi şurasında müdafiə edir. V.Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.

Özünəməxsus tədqiqat üsulu və yaratdığı elmi əsərlər onu SSRİ-də və xarici ölkələrdə məşhurlaşdırır. V.Tutayuq 1959-cu ilin avqustunda botaniklərin Kanadada (Monreal) keçirilən Beynəlxalq konqresində çoxləçəkli çiçəklərin çoxillik tədqiqatının nəticələrinə dair məruzə ilə ingilis dilində çıxış edir.

Bu konqresdəki məruzəsi və “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyasının dərc edilməsi müəllifi və onun tədqiqatlarını nəinki SSRİ-nin müttəfiq respublikalarında, hətta bir sıra xarici ölkələrdə də tanıtdırdı. Monoqrafiyaya dair onun ünvanına genetik Stebbins (Kaliforniya Universiteti, Berkli), Conson (Kaliforniya Universiteti, Los-Anceles), anatom Katerin Ezau (Harvard Universiteti Biologiya İnstitutunun direktoru), Marri Teylor (Vaşinqton), Londondakı Britaniya təbiət muzeyindən professor C.Dandi, Yerusəlim Universitetindən professor Faan, professor Mostovoy (Çexoslovakiya), görkəmli alim Qyude Mişel (Fransa) və başqa tanınmış alimlərdən rəylər gəlirdi. Bu, azərbaycanlı alimin artıq dünya botanikləri tərəfindən daha çox tanınmasına səbəb olur.

Validə xanımın Azərbaycanda milli kadrların yetişməsində böyük əməyi olmuşdur. Çox maraqlı bir epizodu yada salmaq istərdik. Validə xanım Leninqraddakı elmi konfransların birində Tofiq Məmmədov adlı bir gəncin elmi məruzəsinə qulaq asır. Konfransdan sonra Tofiq Məmmədov ona yaxınlaşır və Leninqradda  uşaq evində böyüdüyünü, valideynlərinin müharibədə blokadada öldüyünü və onların Tovuz rayonundan olduğunu söyləyir. Leninqrad Meşə Akademiyasını bitirən Tofiq Məmmədov Validə xanımın dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda özünün təşəbbüsü ilə yaradılan meşəçilik fakültəsində işə başlayır. Validə xanımın köməyi ilə Vətəninə gələn və qohumlarına qovuşan Tofiq müəllim ona həmişə minnətdar olduğunu söyləyirdi.

Validə xanımın yetirdiyi  tələbələri nəinki botanika kafedrasının formalaşmasına, həmçinin Azərbaycanda botanika elminin inkişafına töhfələr verirdilər. 1957-ci ildə  V.Tutayuq Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunur. Bu dövrdə onlarca azərbaycanlı gənc LeninqradMoskva şəhərinə - BotanikaFiziologiya İnstitutuna müxtəlif ixtisaslar üzrə aspiranturaya göndərilmişdir.

V.Tutayuqun rəhbərliyi altında Azərbaycan Dövlət Aqrar Universitetinin botanika kafedrasında Kiçik Qafqazın və  qərb rayonlarının otlaq sahələrinin, Naxçıvan MR-in otlaqlarının geniş  geobotanika tədqiqatı  aparılmış və onların yaxşılaşdırılmasına dair təkliflər hazırlanmışdır.

Qarabağı və əsasən doğma Şuşanı hədsiz dərəcədə sevən Validə xanım orada bitki aləminin öyrənilməsi üçün böyük elmi ekspedisiya təşkil etmiş, Qarabağın nadirendem bitkiləri toplanaraq çoxlu elmi məqalələr yazılmış,  100 minə yaxın herbari toplanmışdır. İndi həmin herbari Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının herbari fondunun əsasını təşkil edir. Elmi surətdə təyin edilmiş  bu herbarilər əsasən Kəlbəcər-Laçın ərazisindən toplanmışdır. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ ekspedisiyasına 100 nəfər alim və tələbə cəlb edilmişdi. Düşərgədə çadırlar qurulmuşdu. Bitkilər toplanır, elmi təyinat aparılırdı. Biz nə qədər yuxudan tez dururduqsa,  görürdük ki, Validə xanım atı minərək dağlara qalxır, tədqiqatla məşğul olurdu.

Şuşanın Cıdır düzünün “Xarı bülbül  bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə olaraq Tutayuq  tərəfindən öyrənilərək elmi məqalə formasında çap edilmişdir. Bundan sonra bütün dünya botanikləri bu nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul etmişlər.

Akademik V.Tutayuq Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və morfologiyası, sitologiyası və filogeniyası sahəsində elmi işlər aparmış, Azərbaycanın  milli bitki anatomiyası məktəbini yaratmışdır.

O, Azərbaycan dilində ilkBitki anatomiyası və morfologiyası” (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus dilinə (1972,1980), gürcü dilinə (1984) və başqa dillərə tərcümə edilmişdir.

Akademikin rəhbərliyi altında Ü.Ağamirov, G.Ağayev, İ.Qədirov, S.Qədimova, L.Sadıqova, L.Turçaninova, C.Bağırov, B.Mehtiyeva, B.Əliyev, Y.Allahverdiyev, Z.Hümbətov, Z.İsmayılova və digər alimlər müxtəlif iqlim torpaq şəraitində bitən ağac, kol, bəzək, meşə yem bitkilərinin morfo-anatomikekoloji xüsusiyyətləri, ağac, kol bitkilərinin assimilyasiya etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti, talış meşələrinin üçüncü dövrü nümayəndələrinin morfo-anatomik morfoloji xüsusiyyətlərinin öyrənilməsi, örtülü toxumluların mənşəyi və onların qədim qrupları, çiçəyin teretologiyası, talışın ağac reliktləri və s. kimi əsərlərlə botanikanın bu sahəsinə töhfələr vermişlər.

Validə xanımın tələbələrə dediyi hər bir mühazirəsi onlar üçün bayrama çevrilirdi. Onun aydın  diksiyası, səs tonunun ahəngi, təqdim olunan mövzunun tələbələrə elmi dəlillər və həyati misallarla çatdırılması  mühazirəni sanki nağıllar aləminə çevirirdi. Onun mühazirəsini dinləyən tələbələri indi də mövzuları yaddan çıxara bilmir, universitetimizdə Validə xanımın yaratdığı biologiya kafedrasında bu ənənəni davam etdirirlər. Onun aspirantları və  kafedranın digər müəllimləri tələbələrlə bərabər mütəmadi olaraq Validə xanımın mühazirələrində iştirak edirdi. Validə xanım özünü çox xoşbəxt sayırdı, həmişə deyirdi ki, onun məktəbini davam etdirən belə tələbələri vardır. Zaur Hümbətov, Bəhman Əliyev, Svetlana Qədimova, Zemfira İsmayılova və s.

Elə bir an olmur ki, biz kafedrada onun xatirəsini yad etməyək, onun elmə verdiyi töhfələri sadalamayaq. Apardığımız hər bir elmi tədqiqat işinin mövzusunu xəyalən sanki onunla  razılaşdırırıq. Çünki biz  elmi üzərində çalışmaq təcrübəsini və pedaqoji  tərbiyəni  məhz Validə xanımdan almışıq. Biz onun tələbəsi olmağımızdan həmişə qürur duymuşuq.

Yaxşı yadımdadır, 2006-cı ildə Sankt-Peterbuqda Botanika İnstitutunda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edirdim. Çıxışdan sonra bir qrup alim mənə yaxınlaşaraq soruşdular ki, siz həqiqətən akademik Validə Tutayuqun tələbəsisiniz!  Mən çox qürurla onun tələbəsi olduğumu dedim. Sonra onun elmi araşdırmaları və kitabları barədə diskussiya başladı. Hətta görkəmli alim professor          S.Çerepanov dedi ki, ona Validə Tutayuqla görüşüb söhbət etmək nəsib olub. Belə hallar iştirak etdiyim əksər beynəlxalq elmi məclislərdə də olurdu.

Moskvada Rusiya Elmlər Akademiyasının Baş Nəbatat İnstitutunda  dissertasiya müdafiə edirdim. Rusiya Elmlər Akademiyasının  akademiki V.Tixomirov mənimlə görüşərkən çox fərəhlə qeyd  etdi ki, Tutayuq məktəbi yaşayır və davam edir.

Azərbaycan  elminin  inkişafında, yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının, habelə elmi-pedaqoji kadrların hazırlanmasında yüksək xidmətlərinə görə akademik V.Tutayuqa  Əməkdar  Elm  Xadimi fəxri adı verilmiş, bir sıra ordenmedallarla təltif olunmuşdur.

Validə xanım ulu öndərimiz  Heydər Əliyevə çox böyük rəğbət bəsləyirdi. O, öz tələbələrinə Heydər Əliyevlə görüşləri haqqında həmişə ürəkdolusu danışırdı. Yaxşı yadımdadır, Validə xanım Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçiləndə çox sevinirdi. O, poçta gedib Heydər Əliyevə təbrik teleqramı göndərdi. Dediyi bu sözlər isə heç vaxt yadımdan çıxmır: “Heydər Əliyev Azərbaycanın qəhrəman oğludur, o, xalqımızın gələcəyidir, onun Siyasi Büroya üzv seçilməsi Azərbaycana çox xeyir gətirəcəkdir”.

Validə xanım danışırdı ki, Heydər Əliyevlə görüşəndə ona 11 kitabımı və elmi monoqrafiyamı bağışlamışdım. Üstündən xeyli keçmişdi.  Azərbaycan  Milli  Elmlər Akademiyasının  50  illik yubileyində  Heydər  Əliyev məruzə edərkən dedi ki, Validə xanım mənə 11 kitabını bağışlayıb, mən onlarla tanış oldum, kitabda Azərbaycan təbiəti və  bitkilər aləmi  elmi dəlillərlə tədqiq olunur. Bu  kitablar elmin inkişafı   ilə bərabər, Azərbaycanın  dünyada tanınmasına da xidmət edir, digər alimlər də öz işlərində Validə xanım kimi olmalıdır.

Ulu öndər Heydər Əliyevin 2000-ci ildə  Gəncə sakinləri ilə görüşlərində mən Validə xanımın tələbəsi olduğumu ulu öndərə dedim. Onun üzündə təbəssüm yarandı və qeyd etdi ki, bəli, mən Validə xanımı yaxşı tanıyırdım. O, çox böyük alim idi, ona böyük hörmətim var idi. Allah ona rəhmət eləsin! Mən Naxçıvanda orta məktəbdə oxuyanda Validə xanımın böyük qardaşı Murad Tutayuq mənim fizika müəllimim olubdur.  Murad Tutayuq çox yaxşı müəllim idi. Əlbəttə, onda mən Validə xanımı tanımırdım. Mən gənc idim. Orta məktəbi 16 yaşında bitirmişdim. Amma 16 yaşına qədər biz üç il fizika keçdik - onu Validə xanımın qardaşı Murad Tutayuq aparırdı və mənə də çox yaxşı  təhsil verdi. Mən bütün elmləri yaxşı öyrənmişdim, amma fizikanı, riyaziyyatı daha yaxşı bilirdim. Çünki bu fənləri Murad Tutayuq tədris edirdi.

Validə xanım təbiət vurğunu idi. O, bitkilərin insanı başa düşməsini və pis niyyətləri hiss etməsini, hətta onların  küləklə rəqs  etməsini, nəğmə deməsini poetik surətdə izah  edirdi. O, eksperimental surətdə musiqinin çiçəklərin asanlıqla açılmasına və daha da təravətli olmasına  təsirini sübut etmişdi. Söyləyirdi ki,  Şuşada yay aylarında  Cıdır düzündə hamı gəzintiyə çıxardı, yemək yeyib musiqi  dinləyərdilər. Mən  özüm  şahidi olmuşam ki, muğamatın həzin səsindən  orada bitən xarı bülbül və digər çiçəklər tez açılırdı.

Təbiəti,  poeziyanı və  yaradıcılığı çox sevən Validə  xanım  dahi bəstəkarımız Fikrət Əmirov ilə birgə “Xarı bülbül” adlı opera yazmağa başlamışdılar, ancaq amansız ölüm hər iki korifeyin işlərini yarımçıq qoydu.

Validə xanım mənəvi cəhətdən çox sağlam bir insan idi. Allaha çox inanırdı, Qurani-Kərimi otağında saxlayırdı, İraq səfərindən qayıdanda çox xoşbəxt görünürdü. Bizi yığıb səfər haqqında təəssüratlarını danışırdı. Deyirdi ki, Kərbəlada olanda sovet səfirliyindən icazə alaraq İmam Hüseynin qəbrini ziyarət etdiyimə görə çox xoşbəxtəm. Ziyarətgahda  xalqıma, ailəmə xoşbəxtlik arzuladım.

Validə xanım 1980-ci il dekabrın 12-də dünyasını dəyişdi. Bu, onun doğmaları ilə bərabər, biz tələbələri üçün də ağır itki idi.

 

Zaur HümbƏtov,

Azərbaycan  Dövlət  Aqrar

Universitetinin akademik

V.Tutayuq adına biologiya

kafedrasının müdiri, biologiya elmləri doktoru.

 Respublika.-2014.- 17 may.- S.7.