MÜDRİKLİK SƏLAHİYYƏTİ

 

Görkəmli maarif xadimi, gözəl alim, böyük vətəndaş, əvəzsiz dost Zahid İbrahim oğlu Qaralov 80 yaşının aydınlığı içindədir. Bu çox gözəl bir bayramdır. Çox insanlar, xüsusən ziyalılarımız buna sevinəcək. Çünki ziyalılığın ibtidaisi və əsası olan Azərbaycan maarifinin qurucularından olan bir kişinin yubileyidir.

Zahid müəllim adı böyük hərflərlə yazılacaq, bu millətin başını uca edən kişilərdəndir.

Mən onun tərcümeyi-halından, keçdiyi şərəfli həyat yolundan da danışa bilərəm. Amma düşünürəm ki, bunu Zahid müəllimlə uzun illər bir yerdə çalışan alimlər, müəllimlər etsələr, daha obyektiv olar. Mən əvvəllər də tanıdığım Zahid müəllimi daha yaxından 1992-ci ilin iyul ayından tanımışam. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji İnstitutuna uzun illər rəhbərlik etmiş, Respublika Maarif Nazirinin müavini kimi məsul bir vəzifədə çalışmış, Respublikada Pedaqoji elmlərin koordinasiya şurasının sədri olmuş Zahid müəllim onda institutun direktoru idi. Biz onun otağında görüşdük və elə o gündən də Yeni Azərbaycan Partiyasının quruculuğunda həmişə bir yerdə olduq.

Elə ilk gündən Zahid müəllimin həm böyük müəllim, həm böyük alim, həm də qeyrətli vətəndaş kimi gərgin fəaliyyətinin şahidi oldum. Zahid müəllim öz mövqeyi, öz sözü olan kişidir. Bəyənmədiyi, istəmədiyi işə qol qoymaz, sevdiyi, bəyəndiyi, təqdir elədiyi işi isə ürəkdən edər. Burada köhnə kişilərə məxsus böyüklük var, bütövlük var, həm də əslində böyük ziyalılığın əsası var.

Mən bunu dəfələrlə qeyd etmişəm. Yeni Azərbaycan Partiyası quruculuğunun ilk söhbətləri, ilkin mərhələsinin fikirləri “Əlincə” Cəmiyyətində —riyaziyyat institutunun altıncı mərtəbəsində olub. İkinci qərargahsa Zahid müəllimin otağı olub. Bunu xatırlamasam, qeyd eləməsəm, ədalətsizlik olar. Niyə? Çünki o vaxt, vaxtilə Heydər Əliyevdən bəhrələnən, yararlanan, yaxşılıqlar görən müxtəlif rəhbər vəzifələrdə çalışan adamlar var idi. Amma sinəsini qabağa verən Zahid Qaralov oldu.

“Əlincə” Cəmiyyəti Fərəməz Maqsudovun rəhbərlik etdiyi institutda yerləşirdi. Partiya quruculuğu işi genişləndikcə, vəziyyət tələb etdi ki, başqa-başqa yerlərdə yığıncaqlar keçirək. 1992-ci il iyul ayının 15-də Naxçıvana —Heydər Əliyevin yanına gedib-gələndən sonra bizim ikinci qərargahımız, demək olar ki, Zahid Qaralovun kabineti olub. Partiyanın nizamnaməsinin də, proqramının da ilkin variantı professor Zahid Qaralovun otağında yazılıb.

Düzdür, bir neçə vaxt keçdikdən sonra Pedaqoji Universitetdə, Elmlər Akademiyasının binasında, Xətai rayonunun Protez Bərpa Mərkəzinin akt zalında bu tədbirləri keçirmək üçün şərait yaradan cəsarətli dostlar tapıldı. Daha sonra Heydər Əliyevin tapşırığı ilə rəhmətlik Rəfael Allahverdiyev Nərimanov rayonundakı Energetika İnstitutunda bir neçə otağı icarəyə götürdü. Ancaq o çətin məqamda ürəkdən bu işə can yandırmaq, böyük risk etmək, bir addım belə olsun geri çəkilməmək, başqa bir şeydi. O vaxt heç bir qanuna məhəl qoymayan, ən ali dəyərləri belə ayaqlamaqdan çəkinməyən rəhbərlər Zahid Qaralovu nəinki institut direktoru vəzifəsindən kənarlaşdıra bilərdi, hətta hər cür təhqirlərə məruz qoyaraq cürbəcür təxribatlar da edə bilərdilər.

O vaxt respublikada Heydər Əliyevin dalınca getmək istəyən tanınmış, ürəkli, qeyrətli ziyalılar elə də çox deyildi. Ziya Bünyadov idi, Fərəməz Maqsudov idi, Murtuz Ələsgərov idi, Səfiyar Musayev idi, Sirus Təbrizli idi... Allah hamısına qəni-qəni rəhmət eləsin.

Mən o dövrdə çox adamlarla görüşmüşəm, çox adamların qapısını döymüşəm. Və bu gün çömçəsini qabağa uzadanların da hansı iyrənc sifətlərə malik olduğunu görmüşəm. Sadəcə bu gün o “psevdoziyalılar” kimi çayxana disskusiyası açmaq fikrindən uzağam.

İndi danışmağa nə var ki, çoxlarına o dövr asan, adi gələ bilər. Amma belə deyildi axı. Nə isə... hər cür çətinliyi görə-görə öz əqidəsinə doğru cəsarətlə addımlayan kişilərdən gördüm Zahid müəllimi. Burda, bu məqamda necə də yerinə düşür Çörçilin sözləri: “Adam nə etməlidirsə, heç bir çətinliyə, təzyiqə, təhlükəyə və şəxsən özü üçün hansı nəticəsi olacağına baxmayaraq edirsə, buna yüksək əxlaq deyirlər”.

Zahid müəllim eyni zamanda Gürcüstan azərbaycanlılarının, borçalılıların ağsaqqallarından biridir, bütün Azərbaycan müəllimlərinin tanıdığı böyük müəllimdir. Elə bircə öz adı, nüfuzu ilə bu dəstəyə qoşulması YAP-ın quruculuq işlərinə çox böyük təsir göstərdi. Peyğəmbərimizin hədisində deyildiyi kimi: “Təbliğatda məqsədin özünü xalqına sevdirməkdirsə, çalış ki, xalqın sevdiyi insanlar sənin təbliğatçıların olsun”.

O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı əvvəlcədən düşünülmüş məqsədyönlü işlər gedirdi. Bu işlərdən biri də qəzetlərdə ayrı-ayrı ziyalıların, qrupların yazılarının, müraciətlərinin çap olunması idi.

Zahid Qaralovun o çətin günlərdə qəzet səhifələrində “Heydər dağına kölgə salmaq olmaz” başlığı ilə çap olunmuş 3 sanballı yazısı cəmiyyətdə böyük əks-səda doğurdu. Bu hansısa adi bir adamın yazısı deyildi, bu, xalqın ən tanınmış, ən nüfuzlu ziyalılarından biri olan Zahid Qaralovun yazısı idi. Və Heydər Əliyev böyüklüyünü göstərən bu yazılar o vaxtkı hakimiyyətin canına qorxu salmaqla yanaşı, cəmiyyətdə müsbət rezonans yaratmışdı.

Bütün bunlarla yanaşı, o, artıq YAP-ın qurucularından biri kimi partiyanın rəhbərliyində təmsil olunurdu. Əvvəl təşkilat komitəsində, sonra isə idarə heyətinin üzvü kimi Azərbaycanın bütün rayonlarında partiyanın təşkilatlanması işində yaxından iştirak edirdi. Eyni zamanda Bakının mərkəzi rayonu olan Səbail rayonunda partiyanın təşkilatlanması işi Zahid müəllimin adı ilə bağlıdır. Və bu güno, bu təşkilata rəhbərlik edir.

Türk şairi Ziya Paşaya məxsus bu sözlər Zahid müəllimə çox yaraşır:

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərindən.

1992-ci ilin oktyabr ayında başıpozuq dəstələr çaxnaşma yaradaraq Heydər Əliyevi devirmək istəyəndə burada Bakıda “Heydər Əliyevi müdafiə komitəsi” yaradıldı. Bu çətin məqamda kimin müdafiə komitəsinin sədri olması sualı ortaya çıxanda Zahid Qaralov yenə kişi kimi sinəsini qabağa verdi. Burda necə də yerinə düşür yuxarıda dediyim Çörçilin sözləri... Bəli, bu, o idixalq arasında sözü keçən, qaynar odun üzərinə su səpməyi bacaran, xalq diplomatiyası işini gözəl bilən, anında qılınc kimi sıyrılan böyük kişi, böyük azərbaycanlı, təpədən-dırnağacan türk oğlu Zahid Qaralov.

Yadıma gəlir, 1993-cü ildə Heydər Əliyevin yanında təyinatlarla bağlı söhbət olanda kimsə Zahid Qaralovun Gürcüstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olması barədə təklif irəli sürəndə ulu öndər demişdi:Zahid Qaralov burda bizə lazımdı”. Və elə Zahid Qaralovun məsləhəti ilə Hacan Hacıyev Gürcüstan Respublikasına səfir təyin olunmuşdu.

Heydər Əliyev Zahid Qaralovu alim kimi də, vətənpərvər kimi də, dövlət xadimi kimiçox yüksək dəyərləndirmişdir. Ad günündə Zahid Qaralova müraciətlə dediyi: “Biz həmişə bir yerdə olmuşuq. Bu günbir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz hələ çoxdur”, —sözləri fikirlərimi təsdiq edir.

Hesab edirəm ki, Zahid müəllimin yaşadığı həyata mükəmməl ömür desək, yanılmarıq. Yaxşı yadımdadır, 1973-cü ildə universitetdə böyük ziyalı, görkəmli alim və gözəl müəllim Maqsud Cavadovun 70 illik yubileyində ona söz verdilər. Maqsud müəllim çıxışında dedi ki, məndən soruşsalar ki, yenidən səni gəncliyinə qaytarsaydılar, nə edərdin, həyatını necə yaşayardın? Mən deyərdim ki, keçdiyim yolu təkrar edərdim. Güman edirəm ki, Zahid müəllimin keçdiyi şərəfli yol, nüfuzu, müdriklik səlahiyyəti ona da eyni cavabı təkrarlamağa haqq verər.

Zahid Qaralov etibarlı dost, sədaqətli insan, millətinin başını uca edən kişidir. Mən onu belə tanıyıram. Hər bir namuslu azərbaycanlı fəxr edər ki, onun adının yanında “Zahid Qaralov bunun dostudur” sözləri yazılsın.

Hər dəfə o mənə zəng edəndə dəstəyi qaldırarkən gümrah, işıqlı, qayğıkeş səsini eşidirəm: “Ay qardaş, niyə bir xəbər yoxdur?”. Mənə dediyi buqardaş” sözüylə Zahid müəllim nə qədər doğma, nə qədər əziz insan olduğunu göstərir. Bu, mənim üçün ən böyük mükafatdır.

Tanrı özü sənə yar olsun!

 

Əli Nağıyev, professor.

Respublika.-2014.- 17 may.- S.7.