İMİŞLİDƏ
KƏND TƏSƏRRÜFATININ İNKİŞAF
ETDİRİLMƏSİNƏ XÜSUSİ ÖNƏM
VERİLİR
İmişli rayonunda aqrar-sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramlar ardıcıl olaraq həyata keçirilir, insanların daha firavan yaşamasından ötrü ardıcıl tədbirlər görülür. Son vaxtlar rayonun təsərrüfat həyatı mühüm göstəricilərlə zəngin olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin aprel ayında keçirilmiş iclasında kənd təsərrüfatının problemlərinin həllinə yönəltdiyi diqqət sakinləri öz işlərini məhz dövlət başçısının tələbləri istiqamətində qurmağa ruhlandırır.
Səlim Məhərrəmov, RİH başçısının aqrar məsələlər üzrə müavini:
— Aqrar sahə rayon iqtisadiyyatının bel sütununu təşkil edir. Prezident İlham Əliyevin torpaq üzərində çalışan sahibkarlar üçün yaratdığı şəffaf iqlim, mükəmməl iş şəraiti, kənd sakinlərinin gərgin əməyinə verilən yüksək qiymət və göstərilən dəstək insanların işləmək həvəsini qat-qat artırmışdır. Xüsusən bu ilin aprel ayında keçirilmiş Nazirlər Kabinetinin iclasında ölkə başçısının verdiyi tapşırıqlar onların ürəyindəndir, insanları yeni-yeni qələbələrə ruhlandırır, daha mətin və dözümlü olmağa sövq edir.
Rayonun torpaqları olduqca bərəkətlidir, bütün ərazidə məhsuldarlığı artırmaqdan ötrü münbit şərait mövcuddur. Pambıqçılıq, taxılçılıq və heyvandarlıq rayon əməkçilərinin əsas məşğuliyyət sahələridir. Bütün torpaq mülkiyyətçiləri, adlı-sanlı fermerlər çox əməksevər insanlardır. Onlar torpağın qədrini bilir, onun nemətlərindən yetərincə faydalanırlar,
Prezident İlham Əliyevin xüsusi sərəncamları əsasında fermerlərə güzəştlərin edilməsi, buğda istehsalçılarına əlavə pul vəsaitlərinin verilməsi aqrar sahənin əməkçilərinin doğma işə münasibətini və həvəsini daha da yüksəltmiş, zəmilərə göstərilən aqrotexniki xidmətin getdikcə yaxşılaşmasına səbəb olmuşdur.
Cari ilin birinci rübündə rayon üzrə mal-qaranın sayı 90676 başa, davarların sayı 242539 başa, quşların sayı 1276231 başa çatmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən mal-qara 1172 baş, davarlar 2075 baş, quşlar 1011 baş artmışdır. Hazırda 11971 hektar buğda, 5435 hektar arpa zəmilərinə intensiv qulluq göstərilir. Sahələrdə 178 hektarda kartof, 82 hektarda tərəvəz, 22 hektarda qarğıdalı, 136 hektarda şəkər çuğunduru əkilmişdir. Rayonun göz işlədikcə uzanıb gedən düzlərində əkinlərin sahəsi ilbəil artırılır, onlara ilboyu aqrotexniki qaydalar əsasında qulluq edilir, mineral və üzvi gübrələrin verilməsi, suvarma tədbirləri düzgün təşkil olunmuşdur. Kollektorlarda 179 min, suvarma kanallarında 388 min kubmetr lildəntəmizləmə işləri aparılmışdır.
İlin bütün fəsillərində əhalini təzə məhsullarla təmin etmək məqsədilə 10 hektarlıq istixananın inşasına başlanılmışdır. Yeni iş yerlərinin yaradılması üçün xarici investorları cəlb etmək məqsədilə 4 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, “MKT” MMC-yə 3813 hektar əkin sahəsi verilmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında “Aqrolizinq” ASC-nin rayonda fəaliyyət göstərən filialı ciddi fəaliyyət göstərir. Fermerlər üçün hər hansı texnika sarıdan heç bir məhdudiyyət yoxdur və bütün sifarişlər filialın imkanları daxilindədir. Birinci rübdə əkinçilərə 17 adda müxtəlif texnika ilə xidmət göstərilmiş, fermerlərə güzəştli qiymətlərlə 187,5 ton ammonium-nitrat gübrəsi satılmışdır.
Qəti əminliklə demək olar ki, İmişlinin kənd əməkçiləri qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gələcəklər.
Namiq Şirinov, rayon Dövlət toxum müfəttişliyinin rəisi:
— Regionların sosial-iqtisadi inkişafına, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramları aqrar bölmənin dinamik inkişafını təmin etmək üçün toxumçuluğun inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi meydana qoymuşdur. İmişli rayonunda 8 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Onlar torpaq mülkiyyətçilərinin toxumlara olan bütün tələblərini və ehtiyaclarını lazımınca ödəyirlər. Toxumçuluq təsərrüfatları müasir dövrdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiyanın mahiyyətini yaxşı başa düşür, aqrar sahənin yüksəldilməsində öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışırlar.
Başqa sahələr kimi bu xidmətin təşkili də dövlət başçısının kənd əməkçilərinə göstərdiyi hərtərəfli dəstəyin bir nümunəsidir. Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, taxılçılıq sahəsində təcrübələrin ölkənin iqtisadiyyatında əhəmiyyəti danılmazdır, kəndli-fermer təsərrüfatları bu xidmətdən lazımınca istifadə etməlidirlər. Fəaliyyətimizə verilən yüksək qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.
Ötən il fermerlər 2550 ton yüksək reproduksiyalı taxıl toxumları tədarük edərək İmişlinin, həmçinin qonşu Beyləqan, Ağcabədi rayonlarının təsərrüfatlarına satmışlar. Əsasən “Əzəmətli-95”, “Qobustan”, “Aran”, “Qarabağ-22”, “Bərəkətli-95”, “Cəlilabad-19” taxıl sortları artırılır və inkişaf etdirilir. Fermerlərdən Qədim Abuzərov, Kərim Həsənov, Vidadi Məmmədov, Akif Həsənov, Əziz Məmmədov, Mirdamət Sarıyev və başqaları bu sahədə artıq xeyli təcrübə qazanmışlar, onların becərdikləri torpaqlar əsl təcrübə sahələrinə çevrilmişlər. Payızda toxumluq material əldə etmək məqsədilə 1430 hektarda səpin aparılmışdır. Hazırda həmin sahələrdə alaq otlarına və ziyanvericilərə qarşı ciddi mübarizə tədbirləri görülür. Təsərrüfatlarda yonca toxumçuluğunun inkişaf etdirilməsinə də diqqət artırılmışdır. Bu il 51 hektarda toxumluq yonca əkilmişdir.
İsa Rüstəmov, “Aran” kəndli-fermer təsərrüfatının rəhbəri:
—Nazirlər Kabinetinin aprel ayında keçirilmiş iclasında Prezidentin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi barəsində dəyərli fikirləri fermerlər üçün yaşıl işıqdır. Bütün bunları görəndə bir daha yəqin edirik ki, digər təsərrüfatlarla bir sırada bizim təsərrüfatımızın da böyük gələcəyi vardır. Dövlətin iqtisadi siyasət strategiyası imkan verir ki, kənd təsərrüfatında bütün tədbirlərin sanbalı artsın, intensiv inkişaf təmin olunsun.
Bizim təsərrüfat 1996-cı ildə Oruclu kəndində yaradılmışdır. Maldarlıqla və əkinçiliklə məşğul oluruq. İlk vaxtlar 135 baş qoyun alıb bəsləməyə başlamışdıq. Hazırda təsərrüfatda 1000 başdan artıq davar vardır. Bundan başqa, 60 baş iribuynuzlu heyvan da saxlayırıq. Məhsullarımız bazarlarda yaxşı satılır, eyni zamanda işçilərimiz də ağartı ilə daim təmin edilirlər.
Müəssisəmizin öhdəsində 150 hektar asudə torpaq sahəsi vardır. Bundan başqa, 160 hektar qışlaq sahəsindən də istifadə edirik. 20 hektarda arpa, 18 hektarda buğda, 35 hektarda yonca əkmişik. Bu ilki iqlim şəraitinin taxılçılıq üçün o qədər də münasib olmamasını nəzərə alaraq sahələrə aqrotexniki qulluğu, alağa və ziyanvericilərə qarşı mübarizəni intensiv surətdə aparırıq. Hazırda yem istehsalına başlamışıq. Traktorlar, otbiçən və dərzbağlayan maşınlar, kombaynlar mövsümə vaxtında hazırlanmışlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə yönəltdiyi tədbirlər hamımızın qolumuza qüvvət bəxş etmişdir. Vaxtlı-vaxtında maliyyə yardımlarının verilməsi, işlərimizin nəticəsinə verilən qiymət bizi yeni-yeni qələbələrə ruhlandırır.
Asif Əliyev, “MKT” İmişli rayon filialının mütəxəssisi:
—İmişli rayonu ulu öndərimiz Heydər Əliyevin başladığı islahatların həyata keçirilməsində ən böyük mübarizə meydanlarından biridir. Respublikanın hər yerində olduğu kimi, bölgəmiz də daim inkişaf edir, insanlar öz firavan həyatlarını təmin edirlər. Rayonun sakinləri həmişə olduğu kimi, 2014-cü ildə də yeni qüvvə və ruh yüksəkliyi ilə yaşayır və işləyirlər. Burada kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində iri layihələr keçirilir.
Son illərdə respublikamızda pambıq istehsalının artırılması, keçmiş şöhrətin qaytarılması üçün mühüm tədbirlər görülür, dövlətin və onun başçısının bu sahəyə diqqət və qayğısı xeyli güclənmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin aprel ayında keçirilmiş iclasında söylədiyi nitqi ilə yaxından tanış olmuşam. Görürəm ki, pambıqçılığa dəstək heç vaxt indiki kimi olmamışdır. Məhz bunun sayəsində filialımız da qısa zaman ərzində xeyli irəliləyişə nail olmuşdur, burada kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli baza yaradılmışdır. Bu ilin məhsulu üçün 1300 hektar sahədə 40 nəfər mülkiyyətçi ilə müqavilə bağlamışıq. Bunlar əsasən vətəndaşların pay torpaqlarından ibarətdir. Sahələrə əsasən “Ağ qızıl”, “Karisma” sortları əkilmişdir. Bütün sahələrdə yüksək səviyyəli çıxış alınmışdır. Pambıq əkinlərinin becərilməsi üçün onların sahiblərinə şumlamadan tutmuş məhsul yığımına kimi hər cür texniki vasitələrlə kömək göstəririk, onlara nağd pul şəklində vəsaitlər ödəyirik. Mütəxəssislərimiz daim əkinçilərin yanındadır, onlara hər cür məsləhətlər verirlər. Rayonun Aranlı, Məzrəli, Çaxırlı və digər kəndlərində keçirilən birgə təcrübələr yaxşı nəticələr vermişdir. Bu isə onu göstərir ki, cari ildə məhsul bol olacaq.
Vüqar
Ağayev, “MKT” innovasiya
filialının direktoru:
—Bizim filialın fəaliyyəti son vaxtlar tətbiq edilən irili iqtisadi layihələr sırasına
aiddir. Filial üçün
ötən il
3813 hektar torpaq sahəsi ayrılmışdır.
Bu il 1100 hektarda çiyid səpini aparılmışdır,
bütün sahələrdə
yaxşı cücərti
alınmışdır. Qısa müddətdə
əkin sahələrinə
11 kilometr uzunluqda suvarma kanalı çəkilmişdir. Burada güclü
nasos stansiyası, 13 hektar ərazini əhatə edən su anbarı, 6 süni yağışyağdıran
aqreqat vardır.
Kür çayından axıdılan
su ilə sahələrin hamısında
suvarma aparmışıq.
Hazırda suvarma tədbirləri
intensiv surətdə davam etdirilir. Əkin sahələrində “Ağ
qızıl” pambıq
sortlarının becərilməsinə
üstünlük veririk.
Becərmə üçün texniki vasitələr, maşın və mexanizmlərlə kifayət
qədər təmin olunmuşuq. Onların hamısı
saz haldadır.
Bu il pambıq
sahələrinin hər
hektarından 25-30 sentner
yüksək keyfiyyətli
məhsul götürmək
əzmindəyik.
Filialda 52 nəfər
işçi çalışır,
onların hər biri doğma peşəyə öyrəncəlidir,
təcrübələri ilə
bir-birinə yaxından
kömək göstərirlər. İşimiz həmişə, necə deyərlər, başdan aşır. Çünki hər fəslin öz qayğıları var, bu bahar
günlərində kənd
təsərrüfatı işləri
getdikcə çoxalır.
Burada indidən yayda görüləcək işlərə
mütəşəkkil hazırlıq
görülür, yeni
ehtiyatlar yaradılır.
Materialı hazırladı:
Sabir MUSTAFAYEV,
Respublika.-2014.- 18 may.- S.4.