1941-1945-ci İLLƏR
MÜNARİBƏSİ AZƏRBAYCAN SOVET
TARİXŞÜNASLIĞINDA
Müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixşünaslığının qarşısında bir çox yeni vəzifələr durdu. Bunlardan biri də Azərbaycanın sovet dövrü tarixinin bəzi mərhələlərinin obyektiv araşdırılması problemidir. Buraya ölkəmizin İkinci Dünya Müharibəsində iştirakı məsələsini də aid etmək olar.
Bu müharibə həm sovet, həm də Azərbaycan sovet tarixşünaslığında sosializmlə kapitalizm arasındakı savaş, irtica və imperializmə qarşı, həmçinin xalqların azadlığı uğrunda mübarizədə qələbə kimi təbliğ olunmuş, Sovetlər Birliyinin dünyada sülhün və qardaşlığın qoruyucusu kimi göstərilmişdir. Bu cür yanaşma müharibənin başlanması, hərbi əməliyyatların gedişi və azərbaycanlıların müharibədə iştirakı, o cümlədən, qələbənin əldə olunmasında Azərbaycan SSR-in iqtisadiyyatının rolunun tam əks olunmamasında özünü göstərmişdir.
Hər şeydən əvvəl, 1941-1945-ci illər müharibəsinin aid olduğu İkinci Dünya Müharibəsinin başlanma səbəbləri sovet tarixşünaslığında qərəzli olaraq kapitalizmin böhranı, yeni bazarlar və müstəmləkələr, xalqları əsarət altına almaq kimi təbliğ edilirdi. SSRİ isə dünyada ədalət hamisi, sülhün dayağı kimi göstərilirdi. Hansı ki,1939-cu ilin avqust ayının 23-də Almaniya və SSRİ arasında imzalanmış Ribbentrop-Molotov paktı bir-birinə hücum etməmək haqqında deklarasiya idi. Bu pakt Almaniyanın Avropadakı işğallarının SSRİ tərəfindən “tanıması” mahiyyətini daşıyırdı. Həmçinin həmin məxfi sənədə əsasən, Litva və Qərbi Polşa Almaniyanın, Latviya, Estoniya, Finlandiya, Bessarabiya və Polşanın şərq vilayətləri isə SSRİ-nin maraq dairəsinə aid edilmişdir. Bu pakt sübut edir ki, Avropada müharibə ocağının yaranması və Faşist Almaniyasının şirnikləndirilməsində SSRİ-nin də rolu olmuşdur. Beləliklə, bu pakt Azərbaycan sovet tarixşünaslığına SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək müqaviləsi kimi daxil olmuş və Hitlerin SSRİ-yə hücumu həmin paktın pozulması kimi qələmə verilmişdir.
Bu paktdan sonra 1939-cu ilin sentyabr ayının 1-də Almaniyanın Polşanı işğalına cavab olaraq Fransa və İngiltərə Almaniyaya müharibə elan etmiş, bununla da II Dünya Müharibəsi başlanmışdır. Həmin ilin sonunda sovet qoşunlarının Finlandiyaya basqın etməsi isə SSRİ-nin şimal və şərq torpaqlarının təhlükəsizliyi kimi qeyd olunmuşdur. Qeyd edək ki, 1939-cu ilin sentyabr ayının 28-də Almaniya ilə SSRİ arasındakı daha bir protokol da imzalanmışdır. Bu protokola əsasən, Baltikyanı ölkələr, Bessarabiya, Finlandiyanın bir hissəsi və Şimali Bukovina SSRİ-yə ilhaq edilmişdir. Beləliklə, II Dünya Müharibəsinin başlanmasının əsas məsuliyyəti yalnız faşist Almaniyasının üzərinə qoyulmuş,1941-ci ildə iyun ayının 22-də Almaniyanın SSRİ-yə basqını sovet tarixşünaslığında Böyük Vətən Müharibəsi kimi daxil edilmişdir.
SSRİ-də kolxoz quruculuğu və repressiyalar, kütləvi həbslər sovet vətəndaşları arasında böyük inamsızlıq yaratmışdı. Odur ki, sovet-alman müharibəsinin Böyük Vətən müharibəsi kimi təqdim olunması sovet rəhbərliyinə ideoloji mübarizə baxımından çox lazımlı idi. Bütün bunlar Azərbaycan sovet tarixşünaslığında bütün sovet xalqının böyük vətəninin müdafiəsində ədalətli müharibə kimi təqdim olunmuşdur.
Müharibənin ilk illərində cəbhəyə 40 minə yaxın azərbaycanlı könüllü olaraq getmişdir. Sonrakı illərdə azərbaycanlılardan ibarət təşkil olunmuş atıcı diviziyalar, düşmən arxasındakı partizan hərəkatı, Qafqazın və Moskvanın müdafiəsində azərbaycanlıların rəşadəti Azərbaycan sovet tarixşünaslığında əks olunsa da, İttifaq tarixşünaslığında, onların döyüş yolları barədə ətraflı məlumat verilməmişdir. Müharibə dövründə Azərbaycanın azadlığı naminə döyüşən milli legionlar isə vətən satqını kimi qələmə verilmiş, Berlində yaradılmış Azərbaycan Mühacir Hökuməti Almaniyanın əlaltısı kimi göstərilmişdir. Həmçinin, Azərbaycan sovet tarixşünaslığında Almaniya tərəfdən əsir alınmış azərbaycanlıların Məmməd Əmin Rəsulzadə tərəfindən xilas edilməsi və s. bu tipli faktlara toxunulmamışdır. Azərbaycanlı döyüşçülərin ön cəbhədə qəhrəmanlıqları bu dövrü araşdıran müəlliflər tərəfindən qeyd olunsa da, onların fədakarlığına səthi qiymət verilmişdir. Onu da qeyd edək ki, ümumiyyətlə, dövrün ideoloji təsirinə baxmayaraq, bəzi tarixçilərimiz azərbaycanlıların müharibədə iştirakını yüksək qiymətləndirmiş, faşizm üzərində əldə olunan qələbədə əsgərlərimizin əməyinə böyük dəyər vermişlər.
Azərbaycan sovet tarixşünaslığında da bu müharibə Böyük Vətən Müharibəsi kimi təqdim olunmuş, cəbhədə 600 mindən çox azərbaycanlının iştirak etdiyi, 128 nəfərin Sovet İttifaqı Qəhrəmanı adını alması göstərilmişdir. 1941-1945-ci illər müharibəsini araşdıran Q.Mədətov, M.Abbasov və digər tarixçilərimizin əsərlərindən məlum olur ki, Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılmış, həmçinin, 77, 223, 396 və 402 saylı milli atıcı diviziyalar təşkil edilmişdir. Hərbi hissələr üçün 15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdır.
“Motorlar müharibəsi” adlanan bu müharibədə SSRİ-yə qələbənin qazanmasında Bakı neftinin əvəzsiz əhəmiyyəti olmuşdur. Müharibə üçün SSRİ-də hasil edilən neftin 80 faizə qədəri — 17 mln ton neftin 13 mln tonu, aviasiya benzininin 85 faizi Azərbaycanın payına düşürdü. Cəbhə üçün 200-ə yaxın yerli məhsulun istehsal edilməsinin xüsusi əhəmiyyəti olmuşdur. Bütün bu faktlar tarixşünaslığımızda təsvir olunsa da, SSRİ rəhbərliyi Bakının qəhrəman şəhər adlanmasına biganə yanaşmışdır. Bir sözlə,1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakı dövrün ideoloji təsiri altında yazılmış, azərbaycanlı döyüşçülərin təkcə SSRİ ərazisində deyil, Avropadakı antifaşist müqavimət hərəkatında iştirakı səthi verilmiş, Azərbaycan iqtisadiyyatının qələbə üçün əvəzsiz xidmətləri geniş qabardılmamışdır.
Müstəqillik əldə etdikdən sonra tarixşünaslığımız üçün əhəmiyyətli olan bu dövrün obyektiv araşdırılması hərbi vətənpərvərliyin təbliğ olunması baxımından əhəmiyyətlidir.
Şəfa
MÖVSÜMOV,
AMEA-nın Tarix İnstitutunun
doktorantı.
Respublika.-2014.- 18 may.- S.5.