Şərəfli
ömür yolu
Vətən sevgisi böyük vətəndaşlıqdan başlayır. Vətəninə, xalqına, bir dəfə ucalan, enməyəcək müqəddəs bayrağına, ulu öndər Heydər Əliyevə böyük sevgisiylə tanınan Nəbi Qəmbər oğlu Yusifov Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan ziyalılarımızdan biridir.
1954-cü ildə Goranboy rayonunun Qaraqoyunlu kəndində doğulan Nəbi Yusifov Azərbaycan Dövlət Politexnik İnstitutunun memarlıq və inşaat fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1976-cı ildə təyinatla Gəncə şəhərinə göndərilmişdir. Gəncə Baza İnşaat Texnikumunda əmək fəaliyyətinə başlayan gənc mütəxəssis çalışqanlığına, yüksək intellektinə, ixtisas bacarığına görə tezliklə texnikumun memarlıq və sosial tikintilər şöbəsinin müdiri təyin edilmiş, 1992-ci ildə isə texnikumun direktoru vəzifəsinə irəli çəkilmişdir.
1993-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetində müəllim kimi fəaliyyətə başlayan, sonra isə baş müəllim kimi çalışan Nəbi müəllim həm də Gəncədə Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Nəbi Yusifov YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü və 39 saylı Kəpəz 1-ci Dairə Seçki Komissiyasının üzvü kimi səmərəli fəaliyyət göstərmiş, dövlətçiliyimizə, müstəqilliyimizə ziyalı kimi öz töhfəsini vermişdir.
Əsl ziyalı olmaq, Vətən, millət qarşısında ictimai borcun sərhədlərini dərk etmək, bu borcu sona qədər ləyaqətlə, şərəflə yerinə yetirmək hər kəsə nəsib olmur. Sadəliyi, səmimiliyi, yurd təəssübkeşliyi ilə seçilən Nəbi müəllimi Gəncədə hər kəs ağır günün dostu kimi tanıyır, sevir, hörmət edir. Doxsanıncı illərin əvvəllərində xalqın güvəndiyi bir çox ziyalıların çaşqınlıq içində olduğu, tərəddüd etdiyi bir vaxtda Nəbi Yusifov ulu öndər Heydər Əliyevi dəstəkləyən, onun hakimiyyətə gəlməsi üçün əlindən gələni əsirgəməyən ziyalılar sırasında idi. Hadisələrin dramatikləşdiyi, təhlükəli hal aldığı zamanda Gəncə kimi bir şəhərdə sözükeçən ağsaqqalların, ziyalıların fikrinə böyük ehtiyac var idi. Məhz belə bir vaxtda el ağsaqqalı, akademik Məmmədtağı Cəfərov Heydər Əliyevlə görüşmək üçün Naxçıvana üz tutdu. O günləri xatırlayan Nəbi Yusifov deyir: “1992-ci ildə Naxçıvanda xalqımızın qeyrətli, yenilməz oğulları ilə birgə Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yarandı. Və yerlərdə partiyanın təşkilatlanması zərurəti ortaya çıxdı. Ölkədə vəziyyət çox gərgin idi. Hakimiyyətdə olan qüvvələr yerlərdə Yeni Azərbaycan Partiyasının təsis konfranslarının keçirilməsinə mane olurdular. Heydər Əliyev tərəfdarları qarabaqara izlənir, təqib edilirdilər. Belə bir anda Kənd Təsərrüfatı Akademiyasının rektoru, akademik Məmmədtağı Cəfərov məni yanına çağırdı və bildirdi ki, təcili Gəncədə Yeni Azərbaycan Partiyasının özəyini yaratmalıyıq. Və biz bütün çətinliklərə, təqib və təzyiqlərə baxmayaraq, Gəncədə partiyanın özəyini yaratdıq. O günlər ömrümün ən unudulmaz anlarıdı. Özümü xoşbəxt sayıram ki, ulu öndərin ideyalarının həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının bir əsgəri kimi mən də iştirak etmişəm.
Heydər Əliyev “İmzalar içində imzası olmayan” millətini dünyaya tanıtdı. Müasir, müstəqil, azad Azərbaycanın qurucusu, yaradıcısı, memarı kimi adı tariximizə qızıl hərflərlə yazıldı”.
Nəbi müəllim ulu öndər Heydər Əliyevə olan sevgisini Vətən sevgisi adlandırır. Çoxları Heydər Əliyevdə həm də Vətənini—böyük Azərbaycanını tapdı.
Həqiqəti niyə danaq, Heydər Əliyev yer üzünə səpələnmiş dünya azərbaycanlılarının hər birinə kimliyini tanıtdı, Vətənin sınırlarını göstərdi, hər şeydən ucada Vətəndi, anamız Azərbaycandı dedi.
Nəbi müəllim bu gün də Heydər Əliyev ideyalarının ən fəal təbliğatçılarından biridir. Onun auditoriyalarda tələbələr qarşısında, ictimaiyyət arasında çıxışları, dövlətçiliyimizin möhkəmlənməsi ilə bağlı fikirləri hamı tərəfindən razılıq hissi ilə qarşılanır. Respublikanın müxtəlif mətbuat səhifələrində, dərgilərdə çap etdirdiyi rəngarəng yazılarda Azərbaycanın son 20 ildə qazandığı böyük uğurlar, ulu öndərin vətən qarşısında tarixi xidmətləri, Prezident İlham Əliyevin son 10 ildə gördüyü möhtəşəm işlər öz əksini tapmışdır.
Nəbi Yusifovun “Dünyanın ən ideal tarixi şəxsiyyəti” kitabında toplanmış yazıları isə bütövlükdə gül buketinə bənzətmək olar. Bu yazılarda ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinin şahidi oluruq. Bu yazıların hər birində canlı həyatın bir parçası var. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü o qədər koloritli verilmişdir ki, vaxtın, zamanın sürəti belə o istiliyi, o bəşəri doğmalığı azalda bilmir. Nəbi müəllim ulu öndərə olan xalq məhəbbətini, xalq sevgisini əsl insana verilən ən böyük qiymət kimi dəyərləndirir.
İnsanın gündəlik yaxşı işi, səmərəli fəaliyyəti Vətənə xidmətdir. Nəbi müəllim ulu öndərin də ən çox sevdiyi Gəncədə yaşayıb fəaliyyət göstərdiyi üçün qürur hissi keçirir.
Nizami yurdu qədim Gəncənin gənclik şəhəri kimi dünyanın diqqət mərkəzində olması Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir,—deyir.
Nəbi müəllimi başqa ziyalılardan fərqləndirən bir gözəl keyfiyyəti çox bəyənirəm. Bu, tək-tək ziyalılara xas olan məktub yazmaq mədəniyyətidir. Gördüyü, oxuduğu, təqdir etdiyi hər şey haqqında münasibət bildirməsi, insanları sevindirməsi onun böyüklüyüdür. Onun ölkə başçısı İlham Əliyevə, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevaya ünvanladığı təbrik məktubu da bu cəhətdən xarakterikdir.
Düşünürəm ki, urbanizasiyanın az qala fəlakət həddinə gətirdiyi böyük şəhərlərə axın zamanında Nəbi müəllim kimi ziyalılarımızın yerlərdə olması, boy göstərməsi təqdirəlayiqdir. “Bu gün dünyada intellekt yarışı gedir. Bu yarışda bir millət kimi ön sıralarda olmamızın ilkin şərtlərindən biri də bölgələrdə sürətli inkişafın getməsidir. Bu aydın həqiqəti dünyada ən yaxşı dərk edən və həyata keçirməyə çalışan dövlət başçılarından biri, bəlkə də birincisi İlham Əliyevdir”.
Nəbi Qəmbər oğlu Yusifovun bu sözlərində böyük həqiqət var.
Böyük yollar çığırlardan başlayır.
Biz də xalqına, dövlətinə sədaqətlə xidmət edən, qəlbində böyük arzuları olan Nəbi müəllimə həm pedaqoji, həm də ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Zülfüqar ŞahsevƏnli,
Respublika.-2014.- 18
may.- S.5.