Milli Ordumuzun qüdrəti daim artır
Anadan olmasının 91 illiyini təntənə ilə qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevin yaradıcılıq potensialına, mətin iradəsinə, mətinliyinə heyrətlənməmək olmur. Bu cəhətləri dünyanın ən tanınmış politoloqları, ictimaiyyəti dönə-dönə qeyd etsələr də, biz Azərbaycan vətəndaşları öz gözlərimizlə görmüşük. Xalqımızın dəyanətli övladının uzaqgörən siyasəti, parlaq dühası ilə ölkəmizə yeni həyat, yeni nəfəs, onun vətəndaşlarına tükənməz ruh yüksəkliyi qismət olmuşdur. Bu müdrik siyasət öz bəhrələrini verir, tariximizə qızıl səhifələrin yazılmasını təmin edir.
Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan ölkəmizdə irəliyə doğru sıçrayış baş verdi. O, xalqımızın iradəsi əleyhinə yönəldilmiş bütün cəhdləri qətiyyətlə rədd etdi, millətlərin, etnik azlıqların respublikada bərabər hüquqlar əsasında yaşamaq haqqını təmin etdi.
Heydər Əliyevin səyi nəticəsində respublikada qısa müddətdə iri sənaye müəssisələri yaradıldı, yeni mədəniyyət ocaqları fəaliyyətə başladı, yaşayış binaları, yollar, körpülər inşa edildi, insanların yaşayış səviyyəsi qat-qat yüksəldi, Azərbaycan dinamik inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycan dövlətinin və milli dövlətçilik ənənələrimizin təşəkkülü ötən əsrin son onilliklərində elə bir səviyyəyə yüksəldi ki, bunu əsl qəhrəmanlıq adlandırmaq olar. Bu dövrü Azərbaycanın intibahı dövrü kimi qiymətləndirənlər heç də yanılmırlar. Heydər Əliyev sözün müstəqim mənasında yeni bir mərhələnin əsasını qoydu, ömrünün sonuna kimi bu yolda zəkasını, biliyini, həyatını əsirgəmədi.
Heydər Əliyev yüksək təşkilatçılıq bacarığı nəticəsində dünyanın super dövləti olmuş keçmiş SSRİ-nin rəhbərlərindən biri oldu. Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, Heydər Əliyev o zaman yüz milyonlarla əhalinin böyük sevimlisi olmuşdu, keçmiş çoxmillətli ittifaqın vətəndaşları onu böyük məhəbbətlə sevirdi.
Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlığının əsasını qoydu, 1969-1982-ci illərdə siyasi hakimiyyətdə olduğu dövrdə, xüsusən 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra fövqəladə bacarığı və təşkilatçılığı ilə respublikamızı bütün dünyaya tanıtdı, elə bir mühit yaratdı ki, hətta ötən yüzilliyin sonlarında dərin siyasi təlatümlər, iqtisadi böhran bizi sarsıtmadı. 1993-cü ildən sonra həyata keçirilən qlobal proqramlar, irimiqyaslı layihələr, Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət etdi, ölkəyə investisiya axını gücləndi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu bir daha yəqin etdi, Azərbaycanın suverenliyinə inam artdı.
Heydər Əliyevin öz xalqı qarşısında xidmətlərindən biri, bəlkə də ən mühümü milli ordunun yaradılması idi. Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən bu məsələ ilə ciddi məşğul olmağa başladı.
Ozamankı vəziyyət hamının xatirində yaxşı qalmışdır, mütəşəkkil ordunun yaradılması o vaxt millətimiz üçün hava və su kimi zəruri idi. Və Heydər Əliyev qısa müddətdə milli ordumuzu formalaşdırdı.
İndi bizim güclü ordumuz vardır, fəxr edirik ki, bu ordunun əsgəriyik. Bir hərbçi kimi deyə bilərəm ki, bu gün milli ordumuzun qüdrətinə, potensialına, döyüş bacarığına heç bir şübhə yoxdur. Əsgərlərimizin vətəni qorumaq ruhu, vətənpərvərlik hissləri olduqca güclüdür. Qoy bu, düşmənlərimizdə şübhə oyatmasın! Biz torpaqlarımızı erməni işğalından azad etməyə qadirik, bu məqsəd uğrunda çarpışmağa hazır olan vətənpərvər gənclərimizlə fəxr etməyə haqqımız çatır.
Lakin qazanılmış uğurlarla kifayətlənməməliyik. Mən hərbi vətənpərvərlik təliminin müxtəlif cəhətlərini, tələblərini yaxşı bilirəm. Vətənpərvərlik tərbiyəsini, orduda xidmətə hazırlığı hər bir ailədə uşaq yaşlarından başlamaq lazımdır. Valideyn özü ailədə oğlan uşağı doğularkən onu əsgər görmək arzusu ilə yaşamalıdır, övladına verdiyi tərbiyəni də bu əsasda qurmalıdır. Bilmək lazımdır ki, bu uşaq gələcəkdə hökmən ana vətənin keşiyində durmağa hazır olacaq, lazım gəlsə, həyatını qurban verəcəkdir. Hər kəs aydın dərk etməlidir ki, həqiqətən “torpaq, uğrunda ölən varsa, Vətəndir” və bu ideya heç də şüar deyil, cəmiyyətimizin hər bir üzvünün həyat norması, amalı, yazılmamış qanunu olmalıdır.
Orduda əsgər-zabit münasibətlərinin səviyyəsinin yaxşılaşması, xidmət şəraiti, çağırışaqədər və çağırışyaşlı gənclərin qeydə alınması, hərbi hissələrə yola salınması prosesinin təşkili, xoşagəlməz halların minimuma enməsi son dövrün mühüm görüntüləridir. Həqiqi hərbi xidməti başa vuran gənclərin işlə təminatı nizama düşür, hərbi hissələrlə əhalinin əlaqələrinin möhkəmləndirilməsi kimi vacib tədbirlər indi daha tez-tez keçirilir. Ali Baş Komandan İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır, ordunun müdafiə qabiliyyətinin möhkəmləndirilməsindən ötrü bütün lazımi tədbirləri görür. Bununla belə, orduya, gecə-gündüz səngərlərdə düşmənlə üz-üzə dayanmış övladlara qayğı hər kəsin doğma işi olmalıdır. Əsgər bizi hər an öz yanında görməlidir, diqqət və qayğı hiss etməlidir. Bizim gücümüz, ordumuzun hər bir əsgərinin vəziyyətinin nə dərəcədə yüksək olmasındadır. Ölkə başçısının sərəncamı ilə respublikamızda yaradılmış Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq, gənclərin hərbi xidmətə çağırılmasında obyektivlik daha çox nəzərə çarpır. İndi hərbi xidmətə yola düşən gənclərin hamısı sağlam və xidmətə yararlıdır. Onlar həkim komissiyasında mütəmadi olaraq yoxlanılır.
Heydər Əliyevin memarı olduğu müasir ölkəmizin vətəndaşları əsasən yaradıcı insanlardır, doğma el-obanın səadəti üçün hər an fədakarlığa hazır olan adamlardır. Bu yurdun qurucu adamları, qabaqcıl ziyalılıarı yetərincədir və bu da bir faktdır ki, ölkəmizdə ziyalılığın bünövrəsi olan təhsilə diqqət və qayğının səviyyəsi getdikcə yüksəlir, milli təhsilimiz bu qayğıdan güc alaraq dünya standartları səviyyəsinə qalxır. Heydər Əliyevin başladığı təhsil islahatının uğurla həyata keçirilməsi ümumdövlət və ümumxalq işinin tərkib hissəsinə çevrilmişdir. Ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, onun dinamik vüsəti, əhalinin maddi və mədəni həyat şəraitinin durmadan yaxşılaşması sağlam, bilikli, zəkalı və geniş dünyagörüşlü nəslin yetişdirilməsinə imkanlar yaradır. Ulu öndərimiz demişdi: “Bizim məqsədimiz müstəqil Azərbaycan üçün daha bilikli, daha zəkalı gənclər hazırlamaqdır”. Bu qiymətli kəlam bu gün bütün cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edən, uca məqsədlərə aparan yollarımızı nurlandırır. Bax, elə bu konsepsiyanın özü ordumuz üçün döyüşçü hazırlamağın təməl daşıdır.
Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və Avropa birliyində nüfuzu getdikcə artan, siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının əsas müddəaları uğurla həyata keçirilir. Regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da inkişaf konsepsiyasının düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından və uğurlu həyata keçirilməsindən irəli gəlir.
Müstəqil ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir. Ölkənin hansı bölgəsinə yolumuz düşsə, orada əmin-amanlıq və sabitliyin, davamlı inkişafın şahidi olarıq.
Ölkəmizin nailiyyətlərindən söhbət açarkən istər-istəməz dahi rəhbərimizin nurlu siması gözlərimiz önünə gəlir. O, cismən aramızda olmasa da, mənən hər an bizimlədir.
Valeh NƏCƏFOV,
Səfərbərlik
və Hərbi Xidmətə çağırış
üzrə Dövlət Xidməti
Cəlilabad rayon şöbəsinin
rəisi, polkovnik-leytenant.
Respublika.-2014.- 18 may.- S.6.