Yeni Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin tikintisi uğurla gedir
Ölkəmizdə həyata keçirilən yeni layihələrdən biri də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksidir ki, bu gün tikintisi sürətlə və ugurla gedir. Bu sahədən daha ətraflı məlumat almaq ücün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Elçin Mirzəyevə müraciət etdik. O dedi:
—Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan liman, keçən bir əsrdən artıq dövr ərzində daim inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilmiş və Trans-Xəzər ticarətində mühüm rol oynayır.
Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, tarixi İpək Yolunun bərpası olan TRASECA layihəsində körpü rolunu oynayır. Son on ildə Trans-Xəzər neft daşımalarının və neft avadanlığının Azərbaycana idxalının əhəmiyyətli dərəcədə artması fonunda limanın bir nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artmışdır.
Yeni Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin ölkəmiz üçün əhəmiyyəti nəqliyyat sahəsində tarixi baxımdan çox qədim olan İpək Yolunun bərpası ilə yaradılan Avrasiya dəhlizi Çinin Lyanyunqan limanından başlayaraq Avstriyanın paytaxtı Vyana şəhərinədək ən qısa marşrut ilə (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi — TRASECA) məhz ölkəmizin ərazisindən keçir. Bununla əlaqədar olaraq Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycanın yük axınlarından, eləcə də tranzit xidmətlərindən faydalanacağı reallıqdır. Xəzərin sahillərində yerləşən digər limanlardan yük axınlarının cəmlənərək TRASECA xətti də daxil olmaqla, Bakıdan keçməsi Bakı dəniz limanının geniş imkanlara malik olmaqla müasir tələblər çərçivəsində genişləndirilməsini, yenidən qurulmasını gündəmə gətirmiş və formalaşdırmışdır.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi və yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasının bu nəqliyyat dəhlizinə qoşulması yük axınlarının artmasına səbəb olacaqdır.
Prezident İlham Əliyev bütün bu amilləri əvvəlcədən nəzərə alaraq 2007-ci il oktyabrın 18-də “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi haqqında” sərəncam imzalamışdır.
2010-cu il noyabrın 3-də kompleksin Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində Beynəlxalq Dəniz Ticarət Limanının təməli qoyuldu.
Prezident İlham Əliyev limanın təməlqoyma mərasimini ölkə tarixində çox əhəmiyyətli hadisə adlandırmaqla yanaşı, bu nəhəng kompleksin istifadəyə veriləcəyi günün də maraqla gözləniləcəyini yada saldı: “Bu gün və limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik. Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan imkanlarımız və qonşu ölkələrdə nəzərdə tutulan layihələr bizə imkan verəcək ki, limanın tikintisində sadəcə olaraq birinci mərhələ ilə fəaliyyətimizi məhdudlaşdırmayaq. İkinci, üçüncü mərhələlər də olacaqdır. Ancaq əlbəttə ki, bunu təmin etmək üçün yüklərin həcmi daha da artmalıdır”.
Liman kompleksi təxminən 400 hektar ərazidə yerləşəcək. Tikinti işlərinin üç mərhələdə aparılması nəzərdə tutulur. Birinci mərhələdə Bərə terminalının quru yük və konteyner terminallarının istismara veriləcəyi gözlənilir. Bu mərhələ başa çatdıqdan sonra mövcud liman ora köçürüləcək. İlkin mərhələdən sonra liman kompleksində ildə 12 milyon tona qədər yük və TEY standartlarında 60 min konteyner işlənilməsi planlaşdırılır. İkinci mərhələdə bu rəqəmlərin müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılması nəzərdə tutulmuşdur. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücünün ildə 25 milyon tona və 1 milyon konteynerə çatacağı gözlənilir.
Dövlətimizin
başçısı bütün böyük investisiya layihələrinə
çox ciddi
yanaşıldığını vurğulayaraq
bildirib ki, bu limanın layihələşdirilməsində
dünyanın tanınmış xarici
şirkətləri fəal iştirak edib. İri infrastruktur layihələrin reallaşdırılması
yeni iş yerlərinin
yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Layihəyə görə Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının istismarı zamanı birinci mərhələdə 1400, ikinci və üçüncü
mərhələlərdə isə üç
min Azərbaycan vətəndaşı
işlə təmin olunacaq. Bu da bir sıra
sosial problemlərin aradan qaldırılmasına
təsir edəcək.
Qeyd edək
ki, tikintisinə 100 milyonlarla manat vəsait xərclənəcək
bu liman 2015-cü ildə istifadəyə veriləcəkdir. Limanın Bakını Azərbaycan-İran
sərhədi ilə birləşdirən magistral
yolun 66-cı kilometrliyində,
həmçinin Bakını
Gürcüstan və
digər istiqamətlərlə
əlaqələndirən avtomobil
və dəmir yollarının yaxınlığında,
Xəzər dənizinin
sahilində tikilməsi
bu beynəlxalq obyektin əhəmiyyətini
xeyli artırır. Sahildən 4 kilometr aralıda olan Gil adası bu liman üçün
təbii dalğaqıran
rolunu oynayacaq.
Məlumdur ki, keçən əsrin əvvəllərindən
fəaliyyət göstərən,
mərkəzdə yerləşən
Bakı limanı daşımaların, xüsusən
də multimodal daşımaların
təşkili baxımından
əlverişli mövqedə
yerləşmirdi. Yük dövriyyəsini təmin edən Şimal-Cənub, Şərq-Qərb
beynəlxalq magistral avtomobil və dəmir yolları liman ərazisindən on kilometrlərlə aralıdan
keçirdi. Nəticə
etibarilə kifayət
qədər ağırtonnajlı
yük avtomobilləri
və qatarlar əsas magistral xətdən uzaqlaşaraq
hərəkət təhlükəsizliyini
azaltmaqla bərabər,
ekoloji duruma ciddi ziyan vurmaqla
Bakının əks kənar nöqtəsində,
mərkəzdə yerləşən
limana daxil olur və oradan
da əksinə hərəkət edir.
Azərbaycanın geostrateji məkanda, eləcə də tarixi İpək Yolunun üzərində yerləşməsinin bu gün ölkəmizi nəqliyyat qovşağına
çevirməsi danılmaz
faktdır. Bakı-Tbilisi-Qars dəmir
yolu xətti istifadəyə verildikdən
sonra isə bu imkanlar daha
da genişlənəcəkdir.
Bu mənada yeni
liman daha böyük tutuma malik olacaqdır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin Bakı-Tbilisi avtomobil yolunun üzərində yerləşməsi müəyyən
yükdaşıma, nəqliyyat
xərclərini, həm
də zaman müddətini azaltmağa
da imkan verəcəkdir. Bundan əlavə
Bakı şəhərində
sıxlığın mövcudluğu
bərədən yola
salınan vaqonun təxminən 16 saat sonra Biləcəri qəsəbəsinə çatmasına
imkan verir. Yeni liman bu baxımdan
da böyük üstünlüklərə malik
olacaqdır.
2013-cü
ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə 6884,0 min ton yük aşırmışdır
ki, bu da
2012-ci illə müqayisədə
8 faiz artıqdır.
Bu həcmin 1418,0 min tonu və ya
20,6 faizi Dübəndi
terminalında aşırılan
neft və neft məhsullarının
(ötən illə müqayisədə artım
1 faiz, 4187,0 min tonu və ya 60,8 faiz Bərə terminalından keçən
vaqonların və digər təkərli texnikanın (ötən illə müqayisədə
artım 10 faiz), qalan hissəsi isə 1279,0 min ton quru (ötən illə müqayisədə artım
10 faiz), qalan hissəsi isə—1279,0 min ton quru
yük terminal vasitəsilə
aşırılan yüklərin
payına düşür.
2013-cü ildə liman
körpüləri vasitəsilə
3528 TEU konteyner qəbul
edilib yola salınmışdır.
Perspektivləri nəzərə alsaq, qətiyyətlə demək
olar ki, tikintisi davam edən yeni liman kompleksi yaxın gələcəkdə
Azərbaycanın strateji
əhəmiyyətli, Avrasiya
ölkələrinin iqtisadiyyatını
bir-birinə qovuşduran
beynəlxalq nəqliyyat
şəbəkəsinin əsas
mərkəzlərindən birinə çevriləcəkdir.
B.BƏYBALAYEV,
Respublika.-2014.- 18 may.- S.6.