Terrorizmlə beynəlxalq
mübarizə
Müasir dövrümüzdə beynəlxalq münasibətlərin
normal gedişinə təhlükə yaradan, kütləvi
insan ölümlərinə səbəb olan və
bütün dünyanın diqqət mərkəzində olan
qorxulu problemlərdən biri də terrorizmdir. Terrorizmin tərifi əksər
ədəbiyyatlarda demək olar ki, eyni cür göstərilmişdir.
“Bir qurum və ya təşkilat tərəfindən
öz məqsədlərinə çatmaq üçün cəmiyyətdə
və yaxud digər dövlətlərdə qorxu
yaradılmasına, qeyri-qanuni güc və hədənin tətbiq
olunmasına terrorizm deyilir” fikri yəqin ki, hər kəsə
məlumdur. Lakin
terrorizm bu tərifdə göstərildiyi qədər sadə
bir proses deyildir. Terrorizmin baş verməsinin
müxtəlif səbəbləri olduğu kimi, onun
formaları da, həyata keçirilmə üsulları da
müxtəlifdir. Bu müxtəliflik,
çoxşaxəlilik terrorizmə qarşı mübarizəni
olduqca çətinləşdirir.
2001-ci il 11 sentyabr hadisələri terrorizmlə
mübarizə sahəsində universal hüquqi və təşkilati
mexanizmlərin təkmilləşdirilməsinə təkan
vermişdir. BMT Təhlükəsizlik
Şurası antiterrorizm üzrə əməli tədbirlərin
həyata keçirilməsi ilə bağlı bir sıra qətnamələr
qəbul etmiş və BMT-nin Əks-Terrorçuluq üzrə
Komitəsi yaradılmışdır. Məhz
bu kimi faktlara görə 11 sentyabr hadisələri terrorizmlə
mübarizədə yeni eranın başlanğıcı kimi
qiymətləndirilir. Lakin təəssüflə qeyd etmək
lazımdır ki, qlobal səviyyədə görülmüş
tədbirlərə baxmayaraq, Türkiyə, Rusiya,
Böyük Britaniya, Səudiyyə Ərəbistanı və
s. ölkələrdə həyata keçirilmiş terror
aksiyaları antiterror fəaliyyətinin o qədər də səmərəli
getmədiyini göstərir. Eyni zamanda terror
aktlarının kütləvi qırğın silahları
vasitəsilə törədilməsi ehtimalı bəşəriyyətin
gələcəyinə qarşı yönəldilmiş təhdidlərin
daha da gücləndiyini və intensivləşdiyini göstərir.
Terrorizmə qarşı mübarizənin mürəkkəb
məsələ olmasının əsas səbəbi onun
kökündə siyasi səbəblərlə yanaşı
sosial səbəblərin də durmasıdır. Bəzi müəlliflərin
fikrincə, terrorizm bəzən insanların maddi vəziyyəti,
yoxsulluğu, yaşadıqları çətinliklər, məruz
qaldıqları işgəncələr,
qarşılaşdıqları ədalətsizliklərdən
də qaynaqlanır. Burada bir məsələni
də qeyd edək ki, sırf siyasi maraqları naminə terrora əl
atanlar öz çirkin niyyətlərini həyata keçirmək
üçün çox vaxt sosial çətinliklərdən
yararlanırlar. Bu, terrorun qarşısının
alınmasını çətinləşdirir. Çünki bəşər cəmiyyəti
yarandıqdan bəri dünyanı ədalətsiz hesab edən
və onu bərpa
etmək istəyən insanlar hər zaman mövcud olmuşdur.
Məhz bəzi terrorist təşkilatlarının
belə insanlardan faydalanması nəticəsində terrorizm
dünyada günü-gündən genişlənir.
Beləliklə, terrorizm siyasi maraqlara xidmət etsə
belə, onun kökündə “sosial problemlər” durur. Lakin terrorizm
problemini daha dərindən anlamaq üçün tarixə nəzər
saldıqda görürük ki, terrorizm bir anlayış kimi
XX əsrdə yaransa da, onun ilk formaları hələ lap qədim
dövrlərdə belə mövcud olmuşdur.
Çətinliklərdən biri də terrorizmin müxtəlif
formalarının olmasıdır. Bunlardan biri dövlət
terrorizmidir. Bu özü də iki formada təzahür
edir. Birincisi, dövlətin öz daxilində
olan müxalifət qüvvələrinə, etnik azlıqlara
və etirazçı təbəqələrə
qarşı terror törətməsi, ikincisi isə, dövlətlərin
böyük maliyyə vəsaiti ilə ekstremist qeyri-hökumət
təşkilatlarını, terror qruplaşmalarını dəstəkləməsidir.
Beynəlxalq aləmdə terrorla
qızğın mübarizə getdiyi bir dövrdə, beynəlxalq
siyasətin əsas aktorları olan dövlətlərin terror
törətməsi, ya da terrora gizli şəkildə də
olsa dəstək verməsi bu mübarizənin çox
qarışıq şəkildə getməsini bir daha isbat
edir. Terrorizmə qarşı effektiv
mübarizə aparıla bilməsi üçün, ilk
öncə, dövlətlərin bu kimi hallardan əl çəkməsi
vacibdir.
80-ci illərdən sonra keçirilmiş konfranslarda
terrorun bütün forma və təzahürləri pislənmiş,
yalnız bundan sonra müəyyən irəliləyişlər
əldə edilmişdir. Lakin müasir dövrün terrorla
mübarizə arenasını qarışıq bir məkana
çevirən digər bir amil isə millətçilik və
separatçılıqdır. Hansısa bir dövlətin
ərazisində
yaşayan bir etnos həmin dövlətdən əldə
edəcəyi ərazisi hesabına öz milli dövlətini
qurmağa çalışır. Bu, əlbəttə
ki, separatçı terrorizmdir.
Təəssüflər olsun ki, Azərbaycan
Respublikası da erməni terroru ilə üzləşən
ölkələrdəndir. Bəzi dövlətlər
erməni quldurlarının törətdikləri terror
aktlarına göz yumaraq Dağlıq Qarabağın
işğalına guya ermənilərin öz müqəddəratını
təyin etməsi kimi baxırlar. Bu isə
Qarabağı Azərbaycandan qoparmağa çalışan
erməni separatçılarının maraqları ilə
uzlaşır. Ermənilər
Dağlıq Qarabağın ətrafındakı rayonları
da işğal etmişdir. Bu isə
onların məqsədinin Azərbaycan torpaqlarının
işğalı və azərbaycanlılara qarşı
kütləvi terror həyata keçirmək olduğunu
göstərir. Əgər terrorizm bu qədər
ziddiyyətli bir problem olmasaydı, bəzi dövlətlər
bu məsələyə də ikili standartlardan yanaşmasa
idilər, ermənilər kimi bədniyyətli xalqlar ondan
istifadə edə bilməzdi.
Terrorizmlə mübarizə sahəsində ən səs-küy
doğuran məsələ din amilidir. Terrora səbəb olan faktorlar
arasında yer alan din, insanlar üzərindəki
təsirindən dolayı hər zaman bəzi qüvvələr
tərəfindən istifadə edilmiş, bir çoxları
terror hərəkətlərinə dini don geyindirərək bəraət
qazandırmağa çalışmışdır. Eyni zamanda terror təşkilatlarının din
adı altında fəaliyyət göstərməsinin bir səbəbi
də odur ki, insanları din və cihad adı ilə müəyyən
terror aktlarına cəlb etmək daha asandır, nəinki
ideologiya, yaxud siyasət ilə. Tarixin
bütün mərhələlərində müəyyən
qurumlar məqsədlərinə çatmaq üçün
dindən istifadə etmiş, din pərdəsi altında qırğınlar
törətmişlər. “Dini” terror təşkilatlarının
ən əsas özəlliyi də ondan ibarətdir ki,
onların hədəf kütləsi çox genişdir.
Bu təşkilatların əksəriyyətinin
ideologiyasına görə onların dinini inkar edən hər
kəs düşməndir və ölümə layiqdir.
Günümüzdə “dini” terrora ən bariz
nümunə Əl-Qaidə terror təşkilatının həyata
keçirdiyi terror aktlarıdır. Lakin
bütün bunlara baxmayaraq, hansısa din adının terrorla
bərabər çəkilməsi yolverilməzdir. Terrorun qarşısının alınmasının əvəzinə
bu dini ədavəti daha da dərinləşdirir,
düşünülməsi çox çətin olan nəticələrə
gətirib çıxarır. Gəlin unutmayaq ki,
terrorçular öz milli, irqi, dini, siyasi, sosial vəziyyətindən
asılı olmayaraq bütün insanları özlərinə
nişan seçmiş fərdlərdir. Və heç bir din günahsız insanları
öldürməyi məsləhət görmür.
Lakin istər
“böyük Ermənistan”, istərsə də din pərdəsi
altında erməni terror təşkilatlarının, xüsusən
də ASALA-nın bütün bəşəriyyətə
qarşı törətdikləri soyqırım və terror
aktları daha dəhşətlidir. Onun
qurbanları arasında Türkiyə və Azərbaycan vətəndaşları
üstünlük təşkil edir. Bu
terrorun daha dəhşətli forması olan
soyqırımdır. Təkcə XX əsrdə
ermənilər Azərbaycan xalqına qarşı iki dəhşətli
soyqırım törətmişdir. 1918-ci il mart soyqırımı və 1992-ci il
Xocalı soyqırımı erməni vəhşiliyinin bariz
sübutudur. Bu soyqırımlar zamanı erməni
terroristlərinin minlərlə günahsız uşaqları,
qadınları və yaşlı insanları öldürməsi
təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə
qarşı dəhşətli bir cinayətdir.
İlk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər
Əliyevin mart soyqırımına hüquqi qiymət verməsi
ilə bu vəhşiliklər bütün dünyaya
nümayiş etdirilmiş, hər kəs erməni terrorunun dəhşətli
miqyasını görmüşdür. Hazırda da
respublikamızın yeritdiyi uğurlu siyasət nəticəsində
Xocalı soyqırımını tanıyan və
erməni terrorunu pisləyən
dövlətlərin sayı ildən-ilə artır. Lakin ermənilər hələ də, gizli vasitələrlə
də olsa, öz terror əməllərindən əl çəkmirlər.
Onlar, lazım olduqda digər millətlərə
qarşı da terror aktları törətməkdən çəkinmir,
öz çirkin məqsədlərinə çatmaq naminə
minlərlə günahsız insanın ölümünə
bais olurlar. Lakin gec, ya da tez, bütün
terror əməlləri kimi, erməni terroru da öz cəzasını
tapacaqdır.
Terrorizm hansı səbəblərdən və hansı
qüvvələr tərəfindən həyata keçirilməsindən
başqa, hansı vasitələrlə və hansı şəraitdə
həyata keçirilməsinə görə də müxtəlif
növlərə bölünür və bu müxtəliflik
terrorizmlə mübarizəni daha da çətinləşdirən
amillərdən biridir. Məsələn, istifadə olunan vasitələrin
xarakterinə görə terror aktları ənənəvi və
texnoloji olmaqla iki qrupa ayrılır. İnsan
və maddi obyektlərə qəsd etmək üçün
istifadə olunan vasitələrin siyasi məqsədlərlə
tətbiqi ənənəvi terrora aiddir. Radioaktiv və
yüksək təhlükəli, zəhərli maddələrdən, kimyəvi,
bioloji vasitələrdən istifadəni nəzərdə
tutan terror texnoloji terrora aiddir. Texnoloji terrorun fərqləndirici
xüsusiyyəti onun yeni texnologiyalara əsaslanan qəsdetmə
arialının daha geniş olmasıdır. Texnoloji terrorizmin ən qorxulu forması atom terrorudur
ki, müasir dövrdə onun başvermə ehtimalı
çox yüksək qiymətləndirilir.
Deməli, yeni texnologiyaların tətbiqi elmin
inkişafına nə qədər yardım etsə də,
terrorizmin də inkişafına səbəb olmuşdur. Müasir
informasiya texnologiyalarının müxtəlif sahələrə
tətbiqi informasiya mühitində yeni növ fəaliyyətlərin—informasiya
qarşıdurması, informasiya hücumu, kibercinayətkarlıq,
kiberterrorizm və buna bənzər bir sıra xoşagəlməz
hadisələrin yaranmasına səbəb olmuşdur. Bu gün dünyada milli informasiya təhlükəsizliyinin
təmini məsələsi çox aktualdır. Buna görə kiberterrorizm də müasir dövrdə
ən geniş yayılmış terror üsullarından biri
sayılır.
Göründüyü
kimi, terrorizmin bu qədər çoxşaxəli və ziddiyyətli
bir proses olması ona qarşı mübarizənin əsas
çətinliyidir. Əgər terrorizmin bütün bu
növləri tam anlamı ilə dərk edilsə, dövlətlər terror hərəkətlərinə
yol verməsələr, insanlar dinə xidmət adı ilə
onların beynini yuyan terrorçu qruplara aldanmasalar, informasiya
vasitələri daha güclü müdafiə olunsa,
separatçılığı və milli müqəddəratın
təyin olunmasını bir-birindən ayıran konkret
kriteriyalar qəbul edilsə, yalnız o zaman terrorizmlə beynəlxalq
səviyyədə effektiv mübarizə aparmaq mümkün
olar. Terrorizmlə mübarizə, ilk növbədə
şüurlarda aparılmalıdır. Bütün
dünya terrorizmin mənfi xüsusiyyətlərini dərk etməli
və ondan üz döndərməlidir. Çünki
bütün ədalətsizliklərə baxmayaraq, heç kəsə
digərlərinin günahsız həyatı bahasına ədaləti
bərpa etmək haqqı verilməmişdir.
Fərhad İSLAMOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Beynəlxalq
münasibətlər və diplomatiya
ixtisası üzrə magistrant.
Respublika.-2014.- 18 may.- S.6.