Bitki mühafizəsi tədbirləri gücləndirilir

 

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının da inkişafına xüsusi qayğı göstərilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də elmi əsaslandırılmış aqrar siyasət həyata keçirilir. Kənd təsərrüfatında elmi əsaslandırılmış aqrar siyasətin əsas komponentlərindən biri bitkilərin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirlərinə keçiddən, mübarizə tədbirlərinin strategiya və taktikasına biosenoloji prinsipinin əlavə edilməsindən və ətraf mühitdə bioloji tarazlığın bərpa edilməsindən ibarətdir.

Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanından, “2008-2015- ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin üzərinə böyük vəzifələr düşür.

Yaz fəslinin gəlməsi bitkilərin oyanması ilə yanaşı, zərərli orqanizmlərin də fəallaşmasına səbəb olur. Zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli həyata keçirilməsi məqsədilə fermerlərin və torpaq mülkiyyətçilərinin (istifadəçilərinin) kənd təsərrüfatı bitkilərinin zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından mühafizə edilməsi istiqamətində tövsiyə xarakterli məlumatlarla maarifləndirilməsi aktual əhəmiyyət daşıyır.

Aqrobiosenozlarda və dövlət fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilər xüsusi rola malikdir. 2014-cü ildə siçanabənzər gəmiricilərin çoxalması üçün əlverişli şəraitin olması gəmiricilərin artım dinamikasına ciddi nəzarət edilməsini tələb edir.

Respublikamızda son illərdə gəmiricilərə qarşı mübarizə məqsədi ilə sink fosfid (hər hektarda 75 qram), Garantex (0,5 kq/ha) və Brodifakum (3kq/ha) preparatları tətbiq edilir. Sink-fosfid preparatından istifadə etdikdə gəmiricilərin qidası olan buğda dəni və günəbaxan tumundan istifadə etməklə aldadıcı yem hazırlanaraq tətbiq edilir.

Aldadıcı yem hazırlamaq üçün hər 100 kq buğda üzərinə zəhərli maddənin yapışmasını və cəlbediciliyini təmin etmək üçün 3 kq bitki yağı tökülərək qarışdırılır, daha sonra 2,5 kq sink fosfid preparatı əlavə edilərək yenidən yaxşıca qarışdırılır. Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır, bir dəfə istifadə olunan qablara doldurulur və qaşıqla hər işlək yuvaya 10-12 ədəd dən qoyularaq ağzı tapdalanıb örtülür.

09 aprel 2014-cü il tarixdə Şəki şəhərində respublika ərazisində yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə hazırlanmış məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının təqdimatına dair I regional müşavirə keçirilmişdir. Müşavirədə yovşanyarpaqlı ambroziyanın müşahidə olunduğu Balakən, Zaqatala, Qax və Şəki rayonlarının dövlət qurumlarının nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rayon Bitki Mühafizəsi mərkəzlərinin və regional Bitki Karantini məntəqələrinin əməkdaşları və fermerlər iştirak etmişlər.

Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstükök sistemi sayəsində bu alaq otu torpağı çox qurudurmünbitliyini azaldır. Belə ki, ambroziya 1 ton quru maddə əmələ gətirməsi üçün torpaqdan 15,5 kq azot, 1,5 kq fosfor və 950 litr su istifadə edir. Onun transpirasiya əmsalı darı və qarğıdalıdan 2 dəfə, sorqodan isə 4 dəfə yüksəkdir. Taxıl bitkilərinə nisbətən daha çox kalium, kalsium, maqnezium və digər mikroelementləri (bor, dəmir, manqan, sink, qalay, nikel, xrom) mənimsəyir. Bitki intensiv surətdə mədəni bitkilərin boy atmasını ləngidən xlorogen, izoxlorogen turşuları və müxtəlif efir yağları sintez edir. Nəticədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kəskin azalır, güclü zibillənmə zamanı isə tamamilə məhv olurlar.

11 aprel 2014- il tarixdə İmişli rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin, rayon Bitki Mühafizəsi mərkəzlərinin, regional bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 120 nəfərin iştirakı ilə II-ci regional müşavirə keçirilmişdir.

Müşavirədə İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarının dövlət fondu torpaqlarında Mərakeş çəyirtkəsinə və digər çəyirtkəkimilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, mübarizə tədbirlərinin çevikliyinin və etibarlılığının təmin edilməsi, ultra kiçik həcmli çiləyici aqreqatların vasitəsi ilə pestisidlərlə işləmələrin texnoloji prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilmişdir.

Kənd təsərrüfatı bitkilərinin ən təhlükəli zərərvericilərindən biri də çəyirtkəkimilərdir. Onlar qədim vaxtlardan kütləvi çoxaldığı illərdə müxtəlif kənd təsərrüfatı bitkilərinə, xüsusilə dənli taxıl bitkilərinə böyük zərər vurmuşlar. Çəyirtkələrin kütləvi çoxalmasını insanlar uzun illər təbii fəlakət kimi qəbul etmişbu fəlakətlə mübarizədə gücsüz olmuşlar. Lakin bitki mühafizəsi elmi inkişaf etdikcə, çəyirtkəkimilərin əleyhinə aqrotexniki və kimyəvi mübarizə tədbirləri işlənib hazırlanmışdır və müvəffəqiyyətlə tətbiq edilməkdədir.

Çəyirtkələr ildə bir nəsil verir. Azərbaycan Respublikası ərazisində ən çox zərər vuran Mərakeş çəyirtkəsidir. Onun bədəni sarımtıl-boz, üzərində tünd xallar vardır, əmgək çökəkliyi enlidir, qabaq kürəkcik üzərində “X” şəklində naxış vardır.

Öyrənilmişdir ki, yazda yumurtaların inkişafı və sürfələrin çıxma dövründə yağıntıların miqdarı 100 mm-ə yaxın olduqda zərərvericinin inkişafı üçün çox əlverişli, 100 mm-dən azya çox olduqda kütləvi çoxalma üçün əlverişsiz hesab olunur.

Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi üsküklər içərisində torpağın 5-6 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 üskük qoyur və hər üskükdə 18-48 yumurta olur.

2013-cü ilin payız mövsümündə çəyirtkələrin qışlamaya gedəcək yumurtalarını aşkar etmək məqsədilə monitorinqlər aparılmış 81 min hektar ərazidə üsküklərin olması aşkar edilmişdir. Vahid sahəyə düşən üsküklərin miqdarı və digər faktorlar nəzərə alınaraq 116 min hektar ərazidə kimyəvi mübarizə aparılması proqnozlaşdırılmışdır.

2014-cü ilin yaz aylarında havaların əlverişli keçməsi əksər ərazilərdə çəyirtkələrin kütləvi çoxalması üçün münbit şərait yaratmışdır. Respublika ərazisində sürü əmələ gətirən (əsasən Mərakeş çəyirtkəsi) çəyirtkələrin əsas yayılma ocaqları Ceyrançöl, Haramı düzü, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir.

Kimyəvi mübarizə işlərinə 11 apreldə, sürfələr kiçik yaşda ikən başlanmışdır.

Qışlaq sahələrində yağıntının az olması səbəbindən ot bitkiləri çox zəif inkişaf etmiş, bu səbəbdən çəyirtkə sürfələri ötən illərdən fərqli olaraq daha tez 2-3 yaş mərhələsində ikən miqrasiya etməyə başlamışdır. Kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almış, kənd təsərrüfatı bitkilərinə zərər vurmasına imkan verilməmişdir.

Bu il ilk dəfə olaraq çəyirtkələrə qarşı mübarizə işində ultra kiçik ölçülü “AU 8115 M” markalı çiləyicidən sınaq məqsədilə 800 ha sahədə istifadə edilmişdir. Göstərilən çiləyici ilə gün ərzində insektisid, boy maddələri və ya daha müasir ətraf mühit üçün az təhlükəli bioloji preparatlardan istifadə etməklə 500 hektara qədər sahədə mübarizə aparmaq olar.

Çiləyicinin əsas üstünlükləri onun yüksək sürəti, bioloji səmərəsi, yüngülmobil olması, asan istifadəsi və təhlükəsiz olmasıdır. Bu çiləyicidən pambıq və dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə işlərində də istifadə edilə bilər.

Mərakeş çəyirtkəsi ilə yanaşı, bu il Zaqatala rayonunun ərazisində 200 ha, Qax rayonunda 50 ha ərazidə İtaliya çəyirtkəsi, Şəki rayonunda 300 ha ərazidə Türkmən çəyirtkəsi, 200 ha sahədə isə yaşıl şala qeydə alınmışdır. Mübarizə tədbirləri nəticəsində müəyyənləşdirilmiş ocaqlar tamamilə ləğv edilmişdir.

İşğal olunmuş ərazilərdə fitosanitar tədbirlər hər il aparılmadığı üçün bu ərazilərdə də çəyirtkəkimilər, xüsusilə də Mərakeş çəyirtkəsi kütləvi çoxalır və may ayının 3-cü ongünlüyündən etibarən işğal olunmuş ərazilərdən Ağdam və Tərtər rayonlarına Mərakeş çəyirtkəsinin miqrasiyası başlayır. Eyni zamanda may-iyun aylarında Gürcüstan Respublikasından və İran İslam Respublikasından respublika ərazisinə Mərakeş və İtaliya çəyirtkələrinin miqrasiyası baş verə bilir. Bu halları nəzərə alaraq bütün hazırlıq tədbirləri görülmüşdür.

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi maarifləndirmə işləri aparılmış, onlara lazımi metodiki köməklik göstərilmişdir. Mərkəz tərəfindən regionalarda həyata keçirilən mübarizə tədbirləri respublikanın bütün dövlət və özəl televiziya kanallarında, həmçinin Azərbaycan Televiziyasının “Kənd Saatı” verilişində geniş işıqlandırılmış, xəbər saytlarında və qəzetlərdə geniş məlumat verilmiş, əvvəlki illərə nisbətən bu il mübarizə tədbirlərinin vaxtında və çevik həyata keçirildiyi qeyd edilmişdir. Mübarizə tədbirlərinin operativ həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə tövsiyə və maddi-texniki dəstəyinin xüsusi rolu olduğu qeyd edilmiş, həyata keçirilən mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısının alındığı üçün fermerlərin və vətəndaşların nazirliyə minnətdarlıq etdikləri vurğulanmışdır.

 

Camal Quliyev,

Kənd Təsərrüfatı Nazirliyi yanında

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi, biologiya üzrə fəlsəfə doktoru.

 Respublika.-2014.- 18 may.- S.7.