DÜNYA MİQYASLI BÖYÜK ŞƏXSİYYƏT

 

Müasir Azərbaycan tarixini ulu öndərimiz Heydər Əliyevin həyat fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 30 ildən artıq bir dövrü—istər keçmiş ittifaq dönəmində,  istərsə də müstəqillik illərində qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri  xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, dünyanın aktual çağırışlarına cavab vermək qüdrətində olan ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyinə və  inkişafına nail olmaqla yanaşı, dünya  birliyində  mövqelərimizin möhkəmləndirilməsinə, qüdrətimizin daha da artmasına təminat verən siyasi kursu qətiyyətlə həyata keçirib.

Taleyin zəmanəmizin bu dahi şəxsiyyətinə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əilyev Azərbaycanın dünəni, bugünü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin möhtəşəm səyləri sayəsində yeni impuls, yeni inkişaf parametrləri kəsb edərək özünün yeni  mərhələsinə qədəm qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada, azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir.

Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə torpaqlarımızın bir hissəsinin işğal edilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Belə son dərəcə ağır, taleyüklü məqamda Heydər Əliyev xalqın xahişi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdaraq böyük bir qətiyyətlə müstəqilliyimizi qorumağa başladı. Bu elə bir mürəkkəb dövr idi ki, Azərbaycanın taleyi həll olunurdu. Ölkəni parçalamaq, xaosa yuvarlatmaq istəyən daxilixarici qüvvələr yenə də fəallaşmışdılar. Lakin ulu öndərimiz Heydər Əliyev öz polad iradəsi, qeyri-adi qətiyyəti ilə Azərbaycanı dərin ictimai-siyasi böhrandan çıxara və ölkədə sabitliyi bərqərar edə bildi. Heydər Əliyevə olan sarsılmaz inam xalqımıza o dövrün çox böyük çətinliklərinə sinə gəlməyə kömək etdi. Məhz möhkəm və davamlı sabitlik müstəqilliyimizi möhkəmləndirməyə, onu əbədi prosesə çevirməyə,  həyatımızın bütün sahələri üzrə genişmiqyaslı islahatlara başlamağauğurla həyata keçirməyə əsaslı zəmin yaratdı.

Azərbaycan çox zəngin təbii sərvətlərə və insan resurslarına malikdir, strateji coğrafi-iqtisadi məkanda yerləşir. Lakin uzun illər xalqımız bu əlverişli imkanlardan yararlana bilməmişdi. Öz milli sərvətlərinin əsl sahibi deyildi, insan resurslarından düzgün istifadə olunmurdu. Məhz Heydər Əliyevin müdrikliyi, yeritdiyi düzgün siyasət nəticəsində bütün bu mühüm amillər Azərbaycanın və xalqımızın mənafelərinə yönəldildi. Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur.  Milli neft strategiyası Azərbaycanın uzunmüddətli uğurlu  inkişaf epoxasının təməlini qoyub. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycan özünü dünyaya təqdim edib, ilk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılıb və  ölkəmizin sayəsində  Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi

mövqelərini möhkəmləndirməklə  yanaşı,  iqtisadiyyatımızın,  xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına  güclü təkan verib. Bu dövrdə neft-qaz sektoruna  on milyardlarla dollar həcmində xarici sərmayə cəlb olunub, neftqaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya qəbul edilib. Təbii qaz ehtiyatları 1,2 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz  yatağının  istismara verilməsi ilə Azərbaycan nəinki özünün  daxili tələbatını  ödəmək  imkanı qazanıb, üstəlik böyük həcmdə qaz ixracatçısına çevrilib. Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkənin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi.

Hər bir dövlətin bu günü və gələcəyi həm də onun intellektual potensialından asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu sahənin inkişafına yatırılan investisayalar gələcəyimizin təminatıdır. Bu gün azərbaycanlı gənclərin dövlət hesabına xarici dövlətlərin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi də məhz Heydər Əliyevin vaxtilə qoyduğu gözəl ənənənin uğurlu davamıdır.

Heydər Əliyevin ən layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərimzin müdrik siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda “qara qızıl”ı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli pozitiv dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması Azərbaycanda həyata keçirilən islahatların əsas mahiyyətini təşkil edir. “Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, onları izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir.  Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalarbütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir”, —deyə dövlət başçısı vurğulamışdır. Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər diqqəti xüsusi cəlb edir. 2007-2013-ci illərdə 1000-ə yaxın istedadlı azərbaycanlı gənc dövlət hesabına dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.

Ulu öndərimizin müdrik siyasi kursu Azərbaycanın uğur modelidir. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir. Son 10 ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 minə yaxın yeni yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diasporlobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

Xalqımız ulu öndərimizin anadan olmasının 91-ci ildönümünü böyük qürur və təntənə ilə qeyd etdi. Heydər Əliyevin siyasi kursu, ideyaları yaşayır və daha da inkişaf etdirilir.

 

Ələkbər ƏLİYEV,

Səbail rayonundakı E.Əliyev adına

162 saylı orta məktəbin direktoru,

fizika-riyaziyyat elmləri namizədi, dosent.

 Respublika.-2014.- 21 may.- S.5.