Xeyirxahlığın ünvanı: Heydər Əliyev Fondu

 

Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 10 illiyi tamam oldu. On il ərzində fond möhtəşəm uğurlara nail olmuş, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini vermişdir. Heydər Əliyev Fondu həmçinin ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində yorulmaz fəaliyyət göstərmişdir.

Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşayiət olundu. Bu hərəkatın önündə isə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, fondun prezidenti Mehriban Əliyeva gedirdi. Mehriban xanım Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Bu fəaliyyət vətənsevərliyə, iradəyə və qüdrətə kökləndi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyirxahlıq yolunu seçmişdir, yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. Məhz bu əbədiyaşar prinsiplər onun fəaliyyətinə dünyada böyük maraq qazandırmış, bu isə ona təqdim olunan çoxsaylı mükafatlarda əks olunmuşdur. Lakin bütün təltiflərdən ən əzizi, təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan mükafatdır. Böyüknadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Ulu öndər Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. Ümummilli liderin adını daşıyan Fondu xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: ulu öndərin zəngin irsini yaşatmaqla yaxşılıq etmək.

Prezident İlham Əliyev Mehriban Əliyevanın xidmətlərini 2009-cu ildə — ulu öndərin anadan olmasının 85-ci ildönümündə ona Heydər Əliyev mükafatını təqdim etməklə dəyərləndirmişdir.

Mehriban xanım Əliyeva ailənin ilk övladı olub, Azərbaycan xalqının birinci xanımı kimi adı dillərdən düşməyib. İndi isə Azərbaycanın dünyada birincilər sırasında olması üçün əlindən gələni əsirgəmir. O, Moskvada ali təhsil alıb, bir çox mükafatlara layiq görülüb.

İxtisasca həkim olan Mehriban xanım dünyanın gözlərini Azərbaycan həqiqətlərinə açmağa çalışır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım həmçinin XXI əsrin dərin siyasi fırtınalarında bərkdən-boşdan çıxmış və dahi şəxsiyyət Heydər Əliyevin siyasi məktəbində yetişmiş, incə maraqları qadın müdrikliyi ilə həll edən bir siyasətçidir.

Mehriban xanıma bu mübarizlik, dədə-babalarından keçmiş irsi bir bəxşişdir. Onun ata babası görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevana babası, tanınmış jurnalist, alim-pedaqoq Nəsir İmanquliyev cavanlıqdan dost olublar. Mir Cəlal müəllimlə Nəsir müəllim ömürlərinin sonuna kimi yazıb yaratdılar və alnıaçıq, üzüağ, şərəflə yaşadılar. Nümunəvi ailələri, oğul-uşaqları oldu. İş elə gətirdi ki, onların övladları hər iki ailəyə qohumluq körpüsü saldı. Mehriban xanımla, bacısı Nərgiz xanım nənələrinin nəvazişiylə, diqqət və qayğıyla böyüyüblər. Bəlkə elə uşaqlıqdan xüsusi ata-ana, nənə-baba tərbiyəsi aldıqları və dərin mənəvi keyfiyyətlə qidalandıqları üçün bu bacılar öz zümrələrini doğruldan bir övlad kimi əsil-nəsillərinə başucalığı gətirdilər. Babalarının özlərindən sonra qoyduğu örnək məktəbi onlara ömür boyu gözəl nümunədir. Mir Cəlal müəllimlə Nəsir müəllim istər tələbələri, istərsə də övladlarına zəngin bir mənəvi irs, insanlıq və xeyirxahlıq xəzinəsi bağışlamışlar.

Mənim bu faktları önə çəkməkdə məqsədim odur ki, Mehriban xanım haqqında yazarkən həyati faktlara, hadisələrə arxalanım. Çünki, insanı ilk növbədə əsil-nəcabəti ilə tanıyırlar. Mehriban xanım ulu öndərin ailəsində də böyük hörmət qazanıb. Əslində prezident gəlini, prezident xanımı olmaq o qədər də asan deyil, elə Mehriban xanım da, mən deyərdim, dünyanın müdrik siyasətçisinin ailə üzvü olmaqla bu nəsilə gözəl, yüksək səviyyəli övladlar bəxş edib. Övladları da ona yalnız fəxarət hissi gətirib.

Mehriban xanım xeyirxahlıq göstərərkən elə edir ki, onu mənəvi borc kimi qələmə versin. Xüsusilə xəstə, şikəst uşaqların ümid dolu gözlərindəki kədəri görəndə onun ana ürəyi ağlayır. Bu uşaqları bağrına basıb onlara uşaqlıqlarını yaşatmaq istəyir. Yalnız Azərbaycan övladlarını deyil, bütün dünya uşaqlarını xoşbəxt görmək istəyir. Buna görə ehtiyacı olan hər kəsə kömək edir. Bu xidmətlərinə görə o, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri kimi şərəfli bir ada layiq görülüb. Azərbaycan xalqı onun Vətəninə, millətinə olan sədaqətinə inanır. Çünki Mehriban xanımın gördüyü bütün gözəl işlər, xeyirxahlıqlar göz qabağındadır. Mehriban xanım Əliyeva həmçinin keçmişin mənəvi dəyərlərini qoruyub saxlamağa çalışır. Şifahi xalq ədəbiyyatının, musuqi folklorunun dünyada təbliğinə görə YUNESKO-nun xoşməramlı səfiri adını alıb. 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti seçiləndən sonra Azərbaycan milli musiqisinin, muğam sənətinin geniş təbliğinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü ilə “Muğam mərkəzi” yarandı. Azərbaycanın “Avroviziya Mahnı Müsabiqəsi”ndəki qələbələri dillərə düşdü. Bu müsabiqənin Azərbaycanda keçirilməsi dünyanı heyrətə gətirdi.

Ölkədə idman sahəsinin inkişaf etməsində dövlət başçısı İlham Əliyevin və Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Hələ ta qədimdən Azərbaycanda xalq arasında məşhur oyunlar olurdu. Bayramlarda nümayiş etdirilən ağırlıqqaldırma, kəndirbazlıq “çövkən” oyunları, cıdır düzlərində at çapmaqs. Sonradan pəhləvanlar meydana gəldi, məsələn Sarı Süleymanın, Çingiz pəhləvanın adı dillərə düşdü. Sovet dövründə yeni-yeni idman növləri ilə məşğul olan  gənclər yetişdi. Lakin Azərbaycanda idmanın əsl inkişaf dövrü müstəqillik dövrünə düşdü. Gənclər və İdman Nazirliyi yarandı. Ölkənin hər güşəsində idman kompleksləri tikildi. Azərbaycan gəncləri DünyaAvropa çempionatlarında yüksək mükafatlar qazanıb, ölkəmizin bayrağını şərəflə ucaldıblar. Qələbə şərəfinə nail olan Azərbaycan Respublikasının himni uzaq-uzaq ölkələrdə səslənib.

İlk dəfə Azərbaycanda bədii gimnastika yarışlarının keçirilməsində Mehriban xanımın xüsusi xidməti olub. Xalqımızın güləşçiləri, boksçuları, cüdo, karate və digər ustaları dünya rinqlərində uğurla çıxış ediblər. Dövlət başçısının və birinci xanımın xüsusi qayğısı nəticəsində Azərbaycanda idman günü-gündən inkişaf edir. Ölkəmizin demək olar ki, bütün regionlarında möhtəşəm Olimpiya kompleksləri tikilib, Qusarda Şahdağın yüksəkliklərində qış-yay idmanturizm kompleksi yaradılıb.

Avropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu dəfə dünya idman korifeylərinin mübarizə maraqları bu gözəl diyarda toqquşacaq. Həmin Avropa oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevadır. Şübhəsiz ki, bu möhtəşəm tədbirə indidən hazırlıq başlayıb. Ümid edirik ki, Azərbaycan xalqı, idmançılar ordusu belə bir məsuliyyətli sınaqdan üzüağ çıxacaqlar. Çünki indi dünyanın diqqəti bura tuşlanacaq. Mən çox istərdim ki, insanlar bir-birinə qalib gəlmək əvəzinə daxillərindəki kin-küdurətə və nifrətə qalib gəlsinlər.

Arzu edirəm ki, Azərbaycan xalqının üzünə açılan sabahlar yalnız qələbə ilə açılsın və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycanı dünyada birincilər sırasında görsun.

 

Efruz S MÜDÜROĞLU,

Muduroglu LTD”.

Respublika.-2014.- 21 may.- S.5.