ELM FƏDAKARLARI SEVİR
Bəşər övladı yarandığı gündən bu vaxta qədər həyatda və təbiətdə gedən hadisələri öyrənməyə, bu proseslərin kökünü, səbəblərini araşdırmağa çalışıb. Elmi texnologiyaların inkişaf etdiyi bugünkü günümüzdən dönüb arxaya baxanda tarixin müxtəlif mərhələlərində aparılan araşdırmalar, söylənilən fikirlər bir qədər sadə yanaşma kimi görünsə də reallıq ondan ibarətdir ki, bütün zamanlarda alim sözü, elmi düşüncənin nəticəsi hər zaman başqa yanaşmalardan üstün olmuşdur.
Azərbaycanda Yer elmlərinin öyrənilməsi sahəsində çox görkəmli alimlər olmuşdur. Bu gün də öz elmi araşdırmaları və apardığı tədqiqatları ilə nəinki Azərbaycan, ümumilikdə dünya səviyyəsində elmi nəticələrə nail olmaq uğrunda yorulmadan çalışan alimlərimiz var. Onlardan biri də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Cəlal oğlu Yetirmişlidir. 35 ildən artıqdır ki, fəaliyyətini seysmologiya elminin öyrənilməsinə sərf edən Qurban Yetirmişli bütün dünya elmi üçün hələ də bir çox suallarının cavabı açıq qalan seysmologiya elminin daha dərindən öyrənilməsi istiqamətində yorulmadan çalışır. Onun rəhbərliyi ilə son illər mərkəzdə aparılan elmi tədqiqatlar zamanı bir sıra mühüm elmi nəticələrin əldə olunması da məhz bu fədakarlığın, böyük zəhmətin və əməyin məhsuludur. Belə ki, o, işlədiyi dövrdə mühüm araşdırmalarla məşğul olmuş, müasir elmi texnologiyaların Mərkəzin işində tətbiqinə böyük səy göstərmiş və bu sahədə mühüm nailiyyətlər əldə etmişdir.
Onun rəhbərliyi altında ilk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir. Həmçinin ilk dəfə olaraq Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuş, elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır. Q.Yetirmişlinin rəhbərliyi altında aparılan tədqiqatlar nəticəsində Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmiş və bu, həmin zonalarda seysmik aktivliyin inkişafını izləməyə imkan vermişdir. Azərbaycanda baş verən palçıq vulkanlarının zəlzələ ilə əlaqəsi ilk dəfə olaraq Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulla Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi, Şıxzəirli vülkanının altı püskürmə prosesi müəyyən olunub. Hər bir püskürmənin davamlılığı, dərinliyi və ayrılan enerjisi təyin olunmuşdur.
Qurban Yetirmişli geodinamik şəraiti mürəkkəb olan seysmoaktiv zonalarda, dərin qatlarda neft-qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir sıra elmi-nəzəri işlər aparmışdır.
1975-ci ildə AMEA-nın Geologiya İnstitutunda baş laborant vəzifəsində işə başlayan, 1977-1978-ci illərdə “Geofiziki cihazqayırma” XKB mühəndis, 1978-1980-ci illərdə Geofizika Elmi Mərkəzində baş mühəndis, 1980-1984-cü illərdə AEA Təcrübi-Metodiki Geofiziki Ekspedisiyanın Seysmoloji Partiyasının rəis müavini, 1984-2000-ci illərdə AEA Təcrübi-Metodiki Geofiziki Ekspedisiyanın rəis müavini, 2000- 2008-ci ilə qədər baş direktorun müavini, 2008-ci ildən bu günə qədər AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Baş direktor kimi fəaliyyət göstərən Qurban müəllim 2000-ci ildə geofizika ixtisası üzrə “Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması” mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə isə “Neftli-qazlı sahələrin seysmikliyi (Cənubi Xəzər çökəkliyinin timsalında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır. 100-dən çox elmi əsərin, bir monoqrafiyanın müəllifi, bir monoqrafiyanın isə həmmüəllifi olan Q.Yetirmişli dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, ARDNŞ-in Elm Fondunun, Avrasiya Fondunun, CRDF, STCU və NATO təşkilatlarının elmi qrantlarına layiq görülmüşdür. Hazırda ARDNŞ-in Elm Fondunun, NATO və STCU qrantları çərçivəsində aparılan layihələrə rəhbərlik edir.
“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” elmi jurnalının baş redaktoru olan Q.Yetirmişli həm də Amerika Geofizika İttifaqının (AGU), İRİS, ORFEUS və Avropa Seysmoloji Komissiyanın, Azərbaycan Milli Geofiziklər Komitəsinin üzvü və Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidentidir. Azərbaycanda elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun elmi rəhbərliyi ilə Azərbaycanda iki elmlər namizədi hazırlanmışdır.
Q.Yetirmişli 2003-cü ildə AMEA Rəyasət Heyətinin fəxri fərmanı, 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
O, ilk dəfə 1998-ci ildə Azərbaycanda kosmik geodeziya (GPS) şəbəkəsini təşkil etmiş və geodinamik tədqiqatların əsasını qoymuşdur. Elmi tədqiqatlarının əsas istiqamətlərini yer fizikasının və geodinamikanın fundamental məsələləri təşkil edir.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün dünyanın aparıcı ölkələri və beynəlxalq seysmoloji təşkilatları ilə yaxından əməkdaşlıq edir. Mərkəzin ABŞ və Yaponiya seysmoloqları ilə əməkdaşlığının genişlənməsi nəticəsində ilbəil burada aparılan işlərin həcmi də böyüyür. Bütün bu uğurların əldə olunmasında mərkəzin rəhbəri kimi Qurban müəllimin böyük əməyi vardır.
Müdriklərin belə bir sözü var: “Elm fədakarları sevir”. AMEA nəzdində RSXM-in onun rəhbərliyi altında daha böyük elmi nəticələrə imza atacağına əminik.
Fikrimcə, həm Azərbaycanda aparılan seysmoloji tədqiqatların səviyyəsinin yüksəldilməsi və son illər bu sahədə əldə edilən uğurlu nəticələr, eyni zamanda bir alim kimi aldığı elmi nəticələr və bu nəticələrin elmi ictimaiyyətə çatdırılması baxımından o, Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatını almağa ən layiqli namizəddir. Düşünürəm ki, bu mükafatın Qurban Yetirmişliyə təqdim olunması Azərbaycan seysmoloqlarının daha böyük uğurlara imza atmasına təkan olacaqdır.
Mənijə İsayeva,
geologiya-mineralogiya elmləri doktoru,
“Əməkdar elm xadimi”.
Respublika.-2014.- 21 may.- S.6.