Şəkinin bu günü daha gözəldir

 

Son illər Şəki özünün əsrarəngiz gözəlliyi, səliqə-sahmanı ilə göz oxşayır. Aparılan quruculuq Şəkinin simasını tamamilə dəyişmiş, onu sözün həqiqi mənasında dilbər guşəyə çevirmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Nizami İsmayılov qazanılan uğurların əsasında icra hakimiyyəti rəhbərliyinin can yanğısının və ən başlıcası isə dövlət qayğısının durduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Şəki şəhərinin rəhbərliyində dəyişiklik aparıldıqdan sonra şəhərdə həyata keçirilən tikinti, abadlıq, bərpa işləri 2011-ci ildən başlayaraq daha iri həcmdə olmaqla geniş sahələri əhatə edir. Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 sentyabr 2011-ci il tarixli 1710 nömrəli sərəncamını fəaliyyət planı kimi əldə rəhbər tutan şəhər icra hakimiyyəti Şəkinin milli memarlıq ənənələrinin üslubunun qorunub saxlanılması şərtilə, tarixi-memarlıq abidələrinin bərpası, küçələrin təmiri, müasir işıqlandırma sistemlərinin quraşdırılması, yaşıllıqların salınması, park və xiyabanların abadlaşdırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı istiqamətində mühüm irəliləyişə nail olmuş, Şəkinin qədim simasını yeni görkəmdə bərpa etməklə xeyli dəyişikliklər aparmışdır.

Şəki şəhərinin müasir şəhərsalma qaydalarına uyğun olaraq abadlığı, təmizliyi və səliqə-sahmanı üçün cavabdeh olan təşkilatların qüvvəsinin bir məcraya yönəldilərək bu qədim diyarı nümunəvi saxlamaq o qədər də asan başa gəlməmişdir. Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin son üç ildə apardığı gərgin işlər bu gün öz gözəl bəhrəsini verməkdədir. Hər il minlərlə turistin üz tutduğu bu diyarın gözəlliyi, təmizliyi indi göz oxşayır. Həmsöhbətlərimiz şəhərin gözəlliyinə, səliqə-sahmanına cavabdeh olan xidmət təşkilatlarının rəhbərləridir.

İntiqam Əşirov Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru:

Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə yerinə yetirdiyi müxtəlif növ kommunal xidmətləri müqabilində büdcədən ayrılmış, ayrı-ayrı müəssisə-təşkilatlar, mülki əhali, kommersiya strukturları və s. ilə bağlanmış müqavilələr əsasında təsərrüfathesablı olmaqla maliyyələşərək fəaliyyət göstərir.

Şəkimizin təmizliyini təmin etmək, yaşıllıq zolaqlarını daha da artırmaq və onu qorumaq bu gün burada yaşayan hər bir vətəndaşın borcudur. Məhz bu kommunal xidmətlərin yerinə yetirilməsində biz kommunal işçilərinin üzərinə daha böyük vəzifə və peşə məsuliyyəti düşür.

Birliyin şəhərdə yerinə yetirdiyi planına, ayrı-ayrı prospekt-küçələrin mexaniki və əl üsulu ilə süpürülməsi, su arxlarının təmizlənməsi, yolların maşınlarla yuyulması, tullantıların yığılaraq daşınması, mövsümi qaydada olaraq prospekt-küçələrin qar-buz örtüyündən təmizlənərək qum-duz-kəpək qarışığının səpilməsi və yaşıllıqlara qulluq kommunal xidməti işləri daxildir.

Hazırda Birlikdə bu müxtəlif növ kommunal xidməti işlərin yerinə yetirilməsi üçün ayrı-ayrılıqda 4 böyük şöbə fəaliyyət göstərir.

Bunlar “Təmizlik”, “Avtonəqliyyat”, “Yaşıllıq” və “Abunə” şöbələrindən ibarətdir. Hər bir şöbə ayrılıqda müəyyənləşdirilmiş planları və qrafıklər əsasında üzərlərinə düşən xidməti işləri yerinə yetirir. Bütün peşə işçilərindən vaxtı öz xidməti vəzifə borclarına əmək intizamı qaydalarına nizamlı şəkildə əməl etməklə yerinə yetirmələri tələb olunur. Bununla yanaşı, rəhbərliyin nəzarəti altında onların ailə-məişət, həmçinin sosial-maddi tələblərinin müəssisənin maliyyə imkanları daxilində yerinə yetirilməsi istiqamətində onlara xüsusi qayğı göstərilir.

Ona görə də il ərzində istər bayram, istərsə də istirahət günlərində işçilərimiz xüsusi əmək fədakarlığı göstərərək şəhərdəki xidməti işləri böyükciddi məsuliyyətlə yerinə yetirirlər.

Bu işlərdə məxsusi olaraq qeyd edirəm ki, müəssisəmizə ən böyük diqqət və qayğı icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən göstərilir. Birliyin yerinə yetirdiyi işlərə görə müəssisəmizə ayırdığı maliyyə vəsaitinin həcminin artırılması, buna uyğun olaraq işçi kontingentinin sayının və eyni zamanda onların əmək haqlarının artırılması burada işləyən hər bir peşə işçisində böyük ruh yüksəkliyi yaradıb.

Birlik tərəfindən şəhərdə aparılan təmizlik işləri ilə paralel yaşıllıq zolaqlarına qulluq kommunal xidməti işləri də genişlənir.

Təkcə 2013-cü ildə şəhərdə aparılmış tikinti-quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma sahəsindəki xidmətlər də göz qabağındadır. Belə ki, şəhərin ayrı-ayrı ərazilərində yeni yaşıllıq zolaqları, qazonları salınaraq onların əraziləri genişləndirilmiş, bir sıra qol-budaq atmış yaşıllıq ağacları aqrotexniki qaydada budanmış, xeyli müxtəlif və qiymətli yaşıllıq ağacları əkilmişdir ki, bu da şəhərimizin gözəlliyini daha da artırmışdır. Analoji işlər 2014- ildə də bu istiqamətdə tərəfimizdən davam etdirilir.

Birlik tərəfindən şəhərdə aparılan təmizlik işlərində də irəliləyişlər var. Şəki Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə son 2-3 ildə Birliyə xeyli sayda əhalinin məqsədli istifadəsi üçün dəmir tullantı konteynerləri və kiçik həcmli urnalar gətirilərək qoyulmuşdur ki, bunların da şəhərdə təmizliyin qorunub saxlanmasında müstəsna əhəmiyyəti vardır.

Birlik tərəfindən şəhərdə aparılan müxtəlif növ kommunal xidməti işlərinin yekunu sonda ayrı-ayrı kommunal xidməti təyinatlı maşın-texnikaların köməyi ilə daşınaraq tamamlanır.

Ona görə də müəssisəmizin gələcəkdə daha rahat, səmərəli və keyfiyyətli işinin təşkili üçün orada maşın-texniki bazasının daha da böyüdülməsi və gücləndirilməsi əsas şərtdir.

İcra hakimiyyəti rəhbərliyinin şəhərimizə, onun vətəndaşlarına, eyni zamanda Birliyə göstərdiyi xüsusi qayğısının təzahürü olaraq 2013-cü ildə və 2014-cü ilin aprel ayı daxil olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin rayonlara müəyyənləşdirdiyi bölgüsü və Maliyyə Nazirliyinin maliyyə dəstəyi ilə ümumilikdə 8 ədəd müxtəlif təyinatlı maşın-texnikalar gətirilmişdir.

Belə ki, 2013- ildə 2 ədəd iritutumlu müasir tələblərə cavab verən “MAZ HALLER” markalı tullantıdaşıyan maşınlar, 2014- ilin aprel ayında isə 2 ədəd “JAC” markalı tullantıdaşıyan maşın, 1 ədəd ZOC MLİON markalı avtokran, 1 ədəd JONVAN markalı ekskavator, 1 ədəd HDD 630B vərdənəni və 1 ədəd isə HD 255 avto qreyderi gətirilmişdir.

Maşın texnikaların sayının bu tempdə artırılması bizə imkan yaradacaq ki, hazırda Birliyin balansında olub texniki istismar müddətlərini çoxdan başa vurmuşiqtisadi baxımdan səmərəsiz olan tullantıdaşıyan maşınları çıxdaş edək.

Hazırda müəssisəmizdə “bu gün dünənkindən yaxşı, sabah isə bu gündən daha yaxşı işləməli”, prinsipi qarşıya qoyulmuşdur.

Görülən abadlıq və yenidənqurma işlərində əsas diqqət bu məqsəd üçün ayrılmış vəsaitdən səmərəli istifadə etmək, işi yüksək keyfiyyətlə görmək, uzunömürlü təmir, tikinti işlərini həyata keçirməyə yönəldilmiş və diqqətəlayiq nəticələrə nail olmuşdur. Əvvəlki illərdə şəhər ərazisində ümumilikdə 5000 kvadratmetr yaşıllaşdırma işləri aparıldığı halda, 2011-ci ilin ikinci yarısından cari ilin müvafiq dövrünə kimi 15236 m2 ərazidə yaşıllaşdırma işləri aparılmış, 328 ədəd dekorativ ağac, 13676 ədəd dekorativ gül kolları və 7400 ədəd çoxillik çiçəklər əkilmişdir. B.Vahabzadə parkında əlavə mənbələr hesabına 6000 m2 ərazidə yaşıllaşdırma işləri aparılmış, işıqlandırma sistemi yenilənmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına ümumi ərazisi 7 hektar olan M.F.Axundzadə adına mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurulmuş, ayrılmış vəsaitdən əlavə olaraq parkda iki ədəd fontanlı hovuz, tutumu 5000 kubmetr olan şəlaləli süni göl yaradılmış, 70 ədəd müxtəlif ölçülü oturacaqlar qoyulmuş, gəzinti yollarına və meydançalarına 2680 m2 qranit plitələr döşənmişdir. 35000 m2 ərazidə yaşıllıq işləri görülmüş, 35 adda 1000 ədəd dekorativ ağac, 10 adda 200 ədəd dekorativ kol, 2000 ədəd mövsümi çiçək əkilmiş, yeni suvarma sistemi qurulmuş, M.Ə.Rəsulzadə prospekti boyu iki kiçik park salınmış, şəlaləli hovuz tikilmişdir. Müddət ərzində şəhərin 4 küçəsində 54000 kvadratmetr ərazidə yollar genişləndirilməklə, asfalt-beton örtük salınmaqla yenidənqurma işləri aparılmış, şəhərin müxtəlif küçələrində ümumilikdə 127854 kvadratmetr asfalt örtüyü salınmaqla əsaslı təmir işləri aparılmış, 21983 poqonmetrdən artıq yol boyu yeni suötürücü arxlar , kanalllar tikilmiş, köhnə su arxları əsaslı surətlə bərpa edilmiş, 11880 kvadratmetr səkilər yenidən qurulmuşdur.

Salman İsmayılov, Şəki İşıqlanma İdarəsinin rəisi:

-Şəki İşıqlanma İdarəsi Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olmaqla kommunal xidmətləri həyata keçirir.

Şəki şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri 2011-ci ildən başlayaraq daha iri həcmdə olmaqla geniş sahələri əhatə edir. Aparılan abadlıq-quruculuq işləri Şəkinin memarlıq üslubuna uyğun yerinə yetirilir. Turizm şəhərlərindən biri olan Şəki şəhərində küçə və prospektlər, turist marşurutu üzrə yol kənarında olan binaların fasadları, şəhər sakinlərinin istirahət etdiyi parkların və meydançaların işıqlanma sistemi ilə təchiz olunması daim diqqət mərkəzində saxlanılmışdır.

Hazırda küçə və prospektlər, binaların fasadları, parklar 4000-ə yaxın işıqlanma nöqtəsi ilə işıqlandırılır. Şəki şəhərində ümumi uzunluğu 198 kilometr olan küçə və prospektlərin 73 kilometr hissəsi tam işıqlandırılmışdır. Şəki şəhərində son 3 il ərzində H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov və N.Nərimanov prospektlərində, S.Mümtaz, Otaq eşiyi, Oğuz şosesi, Bağbanlar, S.Rəhman, 20 Yanvar, M.Müşviq və A.Məmmədov küçələrində 43,9 kilometr məsafədə müasir tipli 1174 ədəd işıq dirəyi quraşdırılmış, 1462 ədəd işıq nöqtəsi yaradılmışdır.

Qədim memarlıq abidələrindən olan “Yuxarı” və “Aşağı” karvansaray binaları, Qala divarları, M.F.Axundov prospektlərində olan digər memarlıq binalarının da fasadları müxtəlif formalı işıqlandırıcılar ilə işıqlandırılmışdır.

Hazırda M.Ə.Rəsulzadə, S.Rəhman və N.Nərimanov küçə və prospektlərində yeni müasir işıqlanma sistemləri tam başa çatmaq üzrədir. Bundan başqa, aralıq küçələrdə də işıqlanma işləri aparılır. Son bir il ərzində Ə.B.Haqverdiyev, Giləhli, Yunuslar, L.Abdullayev küçələrində də işıqlanma sistemi tam başa çatmışdır.

İşıqlanma işlərinə gündəlik nəzarət etmək məqsədi ilə hər gün axşamlar yanma vaxtı işıqlanan küçələr yoxlanılır və sıradan çıxmış lampalar və digər elektrik avadanlıqları dəyişdirilir. Bütün sistem üzrə elektrik sayğacları quraşdırılmışdır. İşin normal təşkili üçün zaman relelərindən istifadə edilmişdir.

Etibar Əkbərov: Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri:

—Şəkinin milli memarlıq üslubuna uyğun olaraq M.F.Axundzadə prospektinin şəhərin tarixi-memarlıq qoruğundan keçən hissəsində M.Ə.Rəsulzadə və Heydər Əliyev prospektlərində yol kənarındakı evlərin həyətə giriş qapıları 2000 kvadratmetrdən artıq taxta materiallarla üzlənmiş, evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdiyi binaların 13300 kvadrametrdən artıq dam örtükləri kirəmitlə yenidən qurulmuş, binaların 3000 kvadrametrdən artıq fasadları qədimi forması saxlanılmaqla bərpa edilmiş, müxtəlif küçələrdə 720 kubmetr həcmində istinad divarı və daş hasar inşa olunmuş, 1496 kvadratmetr ərazidə daş-fərş örtük salınmışdır. Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə aparılan təmir və yenidənqurma işləri qədim memarlıq ənənələrinə uyğun yerinə yetirilməklə prospektin görkəmini tamamilə dəyişmişdir. Belə ki, prospekt boyu yerləşən evlərdə 3197 kvadratmetr dam örtüyü kirəmit materialı ilə yenilənmiş, 466 kvadratmetr sahədə taxta 878 kvadratmetr sahədə qaya daşı ilə üzlənmə işi aparılmış, prospektin S.Mümtaz küçəsi ilə kəsişdiyi hissədə qədim memarlıq elementlərindən istifadə olunmaqla qala divarları və qala qapıları şəklində tikili inşa olunmuş, böyük dairə qurulmuş, 1053 kvadratmetr yaşıllıq zolağı salınmış, 71 ədəd dekorativ ağac əkilmişdir.

Şəhər icra hakimiyyətinin sifarişi ilə rayonun Qoxmuq kəndində 840 şagird yerlik, Baş Göynük kəndində 640 şagird yerlik, Şin kəndində 280 şagird yerlik, Baş Şabalıd kəndində 120 şagird yerlik, Göybulaq kəndində 180 şagird yerlik orta məktəb binalarının, 90 yerlik şəhər 14 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın, şəhər 9 və 17 saylı uşaq bağçalarının əsaslı təmir işləri aparılır. Şəhər icra hakimiyyəti başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq respublikanın digər komitə və nazirliklərinin də diqqəti rayonumuza yönəldilərək onların da sifarişi əsasında rayonumuzda yeni təhsil müəssisələrinin tikintisi işləri aparılmış və hazırda da davam etdirilir. Belə ki, keçən müddət ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə Baş Kəldək ümumi orta məktəbi üçün 180, Şorsu kənd tam orta məktəbi üçün 360, şəhər 5 saylı məktəb üçün 500 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmiş, Qaratorpaq kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Qırxbulaq kənd tam orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının, Qarışıq tipli internat məktəbinin əsaslı təmiri, yeni tədris korpusu, akt, idman zallarının və yeməkxana binasının, şəhər uşaq-gənclər idman məktəbinin binasının tikintisi üçün layihələndirmə işləri başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərdə 2012-ci ilin mayiyun aylarında baş vermiş zəlzələdən tam yararsız vəziyyətə düşmüş 12,14 və 17 saylı məktəblər üçün yeni, müasir tələblərə cavab verən binalar tikilərək istifadəyə verilmiş, hazırda həmin nazirliyin sifarişi ilə Baltalı və Baş Zəyzid kənd tam orta məktəblərinin əsaslı təmiri və şəhər 2 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi məqsədilə layihələndirmə işləri başa çatdırılmışdır.

Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Kiş kəndində 75 yerlik uşaq bağçası binası tikilmiş, şəhər peşə məktəbinin binası əsaslı təmir olunmuş, şəhər 15 saylı uşaq bağçasının əsaslı təmiri işlərinə başlanmışdır.

Ulu öndər Heydər Əliyevin “.... Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir...” fikrinə sadiqlik ifadə edən möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə Azərbaycanın bölgələrində kənd əhalisinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətinin nəticəsi olaraq kəndlərimizdə yol infrastrukturunun yaxşılaşdırılması üçün böyük işlər görülmüşbu günbu işlər ardıcıl olaraq davam etdirilir. Belə ki, cənab İlham Əliyevin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”kı 2012-ci ilin sentyabr və 2013-cü ilin avqust aylarında imzaladığı sərəncamlara əsasən Şəkinin 8 min nəfər əhali yaşayan 8 yaşayış məntəqəsini əhatə edən 30,4 km uzunluğunda Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun və 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 17,1 km uzunluğunda Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinə başlanılmış, cənab Prezidentin iştirakı ilə 2013-cü ilin avqust ayında Aşağı Küngüt-Aydınbulaq avtomobil yolu istismara verilmiş, digər yolda tikinti işləri davam etdirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq şəhər icra hakimiyyətinin başçısı tərəfindən sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsi olaraq rayonumuzda son üç il ərzində sahibkarlar tərəfindən irimiqyaslı layihələr həyata keçirilmiş, bir sıra sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmiş və yenilərinin tikintisi davam etdirilir. Belə ki, hazırda fəaliyyətdə olanQreen Hill” mehmanxanası, “Şəki Palaceotel kompleksi, Şəki şərab zavodu, 16 min tonluq anbarı və sutkalıq istehsal gücü 500 ton olan un dəyirmanı, “Xalq bank”ın Şəki filialının inzibati binası, “Unubank”ın Şəki filialının inzibati binası, Azərbaycan Beynəlxalq Bankının Şəki filialının inzibati binası bu qəbildən olan sahibkarlıq obyektləridir. Hazırda sahibkarlar tərəfindən yeni müasir texnoloji avadanlıqların tətbiq olunması ilə çörək zavodunun, iri quruculuq kompleksinin, “Şəki Şərq bazarı” kompleksinin, “Monolit-D Plaza” mehmanxanasının tikinti işləri davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin Şəki şəhərinə olan böyük diqqət və qayğısının nəticəsidir ki, son bir neçə ildə Şəki sanki böyük bir tikinti meydanına çevrilmişdir. Son üç il ərzində cənab Prezidentin Şəkiyə 4 dəfə gəlişi, “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 4 sərəncam imzalaması və iri obyektlərin açılışında şəxsən iştirakı onun Şəki və şəkililərə diqqətinin bariz nümunəsidir. Qardaş Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğanla Şəki şəhərinə birgə səfər etməsi və onu şəhərimizdə aparılan böyük quruculuqtikinti işləri, tarixi-memarlıq abidələri ilə tanış etməsi cənab Prezidentin kadr siyasətinin nə dərəcədə düzgün olduğunu bir daha sübut etmişdir.

Şəhər rəhbərliyi son illərdə görülmüş işlərlə kifayətlənməyərək daha böyük layihələr üzərində dayanmadan çalışır. Təkcə onu qeyd etmək lazımdır ki, cari ildə açılışı nəzərdə tutulmuş ən iri 14 obyektdə tikinti işləri sürətlə davam etdirilməkdədir. Rayon əhalisinin sosial-məişət ehtiyaclarının ödənilməsi məqsədilə bir sıra yeni layihələrin üzərində gərgin davam etdirilməkdədir və yaxın gələcəkdə qədim Şəkinin siması tam yeni görkəmdə olacaqdır.

 

Səhifəni hazırladı:

İlham PƏNAHOV,

Respublika.-2014.- 22 may.- S.6.