Milli bədii fikrin inkişafında İlyas Əfəndiyev fenomeni

 

XX əsr ədəbi-nəzəri fikrində formalaşmışİlyas Əfəndiyev ədəbiyyat tariximizdə fenomendir”—qənaəti son iyirmi ilin siyasi, ədəbi-mədəni, nəzəri-metodoloji reallıqlarının şərtləndirdiyi müstəvidə yeni, görünməyən çalarları ilə dövriyyəyə gəlir. XX əsrin klassiki XXI əsrin bədii-estetik meyarları ilə üz-üzə dayanır, tarixi-bədii yaddaş yeni tarixi-ədəbi meyar, yeni zövqdünyagörüşün sınağına çəkilir. Tarixi-ədəbi proses bu məqamda çağdaş nəzəri fikrə öz təhlil və qiymətləndirmə prinsiplərini, ideya-bədii meyarlarını müəyyən etməkdə yardımçı olur.

Ədəbi-nəzəri fikrin yaddaşına nəzər yetirdikdə, İlyas Əfəndiyev fenomenini müəyyən edən və yekdil qəbul edilmiş estetik amillər bunlardır: ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiyateatr tariximizdə “İlyas Əfəndiyev” teatrının banisi. İlyas Əfəndiyev yaradıcılığının bütün istiqamətləri 1950-1990-cı illər ümumittifaq ədəbi prosesində gedən daxili inkişaf prosesini özündə təcəssüm etdirirdi. Hətta deyərdim ki, 50-ci illərin ikinci yarısında cəmiyyətdə baş verən “mülayimləşmə” amilini İlyas Əfəndiyev daxili sənət fəhmi ilə qabaqlamışdı. Bu, yazıçı fərdiyyətindən, psixologiyasından irəli gəlirdi və İlyas Əfəndiyev ilk əsərləri, ilk qəhrəmanları ilə bədii fikirdə yaradıcılıq sıxıntısı keçirdiyini büruzə verirdi.

XX əsr (sovet dövrü) ədəbiyyatının nüfuzlu tədqiqatçıları 50-ci illərin ikinci yarısından ədəbi fikirdə gedən yeniləşməni, ilk növbədə şəxsiyyət konsepsiyası ilə bağlayırlar. Çünki şəxsiyyət konsepsiyası özündə sosial, siyasi, ideoloji fonu əks etdirir. Bu, öz növbəsində bədii əsərin poetik quruluşuna, yazıçı üslubuna təsir edir, onun qəhrəman və xarakterlərinin səciyyəsini təyin edir. Təsadüfi deyil ki, şəxsiyyət konsepsiyası incəsənətdə bədii cərəyanın invariantı hesab olunur. İlyas Əfəndiyevin ədəbi irsi bu gün birona görə yaşarlıdır ki, o ilk hekayələrindən son xatirə romanlarına qədər keçdiyi böyük yaradıcılıq axtarışlarında mənəvi təkamülünün elə məqamlarını ümumiləşdirib ki, bunlar şəxsiyyətlə cəmiyyət arasındakı münasibətlərin aparıcı cəhətləridir. İlyas Əfəndiyevin ədəbi-estetik fikirdə qəbul edilmiş lirik-psixoloji üslubunu da müəyyən edən belə sənət prinsipləri idi. Bu gün cəsarətlə demək olar ki, İlyas Əfəndiyevin fərdi lirik-psixoloji üslubu ümumən XX əsr ədəbiyyatımızın (sovet dövrü) bədii-estetik məzmun yönümünə böyük təkan verdi. 30-40-cı illər ədəbi prosesində mövcud olan ritorika, sosial-ictimai reallığı olmayan pafos ədəbiyyata öz ali missiyasını icra etməyə mane olurdu. Belə bir məqamda İlyas Əfəndiyevin hekayələri ədəbi aləmə yenilik gətirdi. Həyata, gerçəkliyə bədii münasibətdə fərdin mənəvi obrazı önə keçdi. Bu, hekayə janrının poetik strukturuna orijinal bir yenilik gətirdi. Bu yeniliyin zəminində hadisələrin, münasibətlərin zahiri, ritorik təsviri əvəzində yazıçı “mən”i, onun obrazlarda reallaşan düşüncə və iztirabları önə keçdi. “Kənddən məktublar” adlı ilk hekayələr kitabı ədəbi prosesdə yazıçının orijinal fərdi ifadə tərzinin göstəricisi oldu, daha sonra “Aydınlıq gecələr”lə İlyas Əfəndiyevin ədəbi-estetik görüşlərinin əsası qoyuldu.

İlyas Əfəndiyev ədəbiyyata hekayə janrı ilə gəlmişdir və bu janr onun yaradıcılığının mühüm bədii-estetik dəyərlərini özündə ehtiva edir. 1939-cu ildə qələmə alınmış “Gözlənilməyən sevgi” hekayəsində ədəbiyyata yeni gəlmiş yazıçını fərqləndirən sənət sirləri nə idi? Yazıçı təhkiyəsindəki poetik intonasiya, dilin şəhdi-sirəsinə bələdlik, obrazın yaşadığı psixoloji gərginliyi ifadə istedadı? Daha nə? İlk növbədə yeni obraz, yeni qəhrəman sənətin qəribsədiyi, insan qəlbinə, duyğusuna məlhəm bir dillə danışırdı: Gülara bu istehzalı gurultunu hiss etməyirmiş kimi qəribə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatırımdan çıxmayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı. Mən gözəl qızın bu həzin və incə təbəssümündə, yaşla dolmuş gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız könlünün pərişan, əzgin həyəcanlarını duydum”.

Adətən böyük şairlərin ilk şeirlərinin sənətkarlığı ilə yaradıcılığının sonrakı mərhələləri arasında “Çin səddi” olmur və adətən deyirlər ki, filankəs ilk şeirlərindən şair idi. İlyas Əfəndiyev də ilk hekayələrindən ədəbiyyata püxtə bir yazıçı kimi gəlmişdi. Şübhəsiz, insan psixologiyasının daha dərin qatlarına nüfuz etməkdə bədii istedadla həyat təcrübəsi birləşirdi. “Qarımış oğlan”, “Uxajor”, “Durna”, “Qoca tarını çaldı”, “Su dəyirmanı”, “Daş hasar”, “Qırçı və qırmızı çiçək” hekayələri müxtəlif zamanlarda yazılmışdır. Lakin bu zaman gedişatında müəllifin hekayə qəhrəmanlarının mahiyyəti, daxili aləmi, gərgin psixoloji ovqat yaradan situasiyalarda açılır. Bu hekayələrdə yazıçı müşahidəsi ilə mütaliə yaddaşı həmahəngdir. “Qarımış oğlan” hekayəsinin qəhrəmanı Vəlinin xarakterini yazıçı təbiətdə müşahidə etdiyi, kədər, sonsuzluq, mənəvi puçluq ovqatı yaradan aşağıdakı lövhədə ifadə edir: “Belə insanlara adamın nə qədər yazığı gəlir... Meyvə ağaclarında heç xöşək görmüsünüzmü? Vaxtından əvvəl şişir, başqa meyvələr boy atdıqca, onlar saralır, ... saplaqları quruyur. Nəhayət, qopub düşürlər... Onları nə insan yeyir, nə də torpaq qəbul edir... insanların da belə xöşəyi olur”.

İlyas Əfəndiyevin hekayələrində M.Lermontovun məşhur sözləri ilə desək, “xalqın tarixi qədər zəngin olan qəlbin tarixi”ndən danışılır. Daxili bütövlük, mənəvi zənginlik zahiri qüsurları kölgədə qoyur. “Gözlənilməyən sevginin gözlənilənliyini yazıçı ustalıqla, açıq mövqe bildirmədən təsvir edir. Klassik ənənələri olan bu motivi gənc yazıçı ustalıqla qələmə alır, saf insani hisslərin əbədiliyinə inanır. Unudulmaz tənqidçimiz Y.Qarayev haqlı olaraq yazırdı: “Bütünlükdə bu yaradıcılıqda məhz lirik psixologizmdən qiymətli sərvət, sevgidən və ürəkdən böyük mənəvi dəyər yoxdur”. İlyas Əfəndiyev hekayələrində silsilə qadın obrazları yaratmışdır. Gülara, Durna, Güllər, Gülacar, Bəyim, Südabə, Firəngiz kimi obrazlar yazıçının romandram qəhrəmanları qədər məşhur olmasalar da, hər biri öz taleyi, fərdi mənəvi düşüncə və baxışları ilə yaddaqalan surətlərdir. Bu obrazların prototipləri 50-70-ci illərin adi adamları idi, lakin yazıçı bu adilərin bir-birinə bənzəməyən dünyalarını yaratmışdır. Bu adi qəhrəmanların bədii ifadəsi geniş, panoram təsvir və tərənnümündən həyatın adi, ilk baxışda çox empirik görünən məişət lövhələrinin, milli-tarixi məişət gerçəkliklərinin müxtəlif tərəflərinə geniş yer verilməsi müasir insani münasibətləri bütün mürəkkəbliyi və zənginliyi ilə göstərmək niyyətindən irəli gəlirdi. Nəzəri fikirdə “adi adamlar”, “adi” və “böyük” ədəbiyyat ətrafındakı mübahisələr 60-70-ci illərdə meydana çıxmış hadisə deyildi. Hələ 40-cı illərdə ədəbiyyatı “adi” və “böyük” ədəbiyyat deyə iki yerə bölənlərə qarşı çıxış edən Səməd Vurğun yazırdı ki, “Mənim nəzərimdə kiçik insan yoxdur, yalnız kiçik sənətkarlar vardır. Adi dəmir yolu fəhləsini, sürücüsünüya kənd müəllimini bütöv, müəyyən zəngin bir şəxsiyyət kimi bizə sevdirən, bədii fikrin müasir həyata, xalqın keçmişinə, onun mənəvi varlığına məhəbbətlə yanaşması, hər şeyi, insan ləyaqətini, onun mənlik və qeyrətini ucaltmaq üçün səfərbər etməsindədir”. Səməd Vurğun bu cür adi insanların təsvirində İlyas Əfəndiyevin də nəsrini misal gətirirdi. İlyas Əfəndiyevin müraciət etdiyi bütöv janrların baş qəhrəmanı yazıçı özüdürbu hekayə, povest, roman və dramların cəmliyində reallaşan yazıçı üslubudur.  İlyas Əfəndiyevin poetikasının tarixi təkamülü və yaradıcılıq metodu xüsusi tədqiqatın predmetidr. Bircə onu deməklə kifayətlənirik ki, İlyas Əfəndiyevin yaradıcılığında gerçəkliyin bədii dərki, bədii reallaşması hakim estetik prinsiplərin çərçivəsinə sığmırdı. Ona görə də ədəbi tənqid yeni estetik hadisəni süni əxlaq kredosu ilə dəyərləndirirdi. İlyas Əfəndiyev öz müasirlərinin çoxundan fərqli olaraq ədəbiyyatımızda ziyalı mühitinə, ziyalı obrazlarına xüsusi yer verirdi. Bunlar onun real müasirlərinin obrazı idi. Lakin bu obrazlar cəmiyyətin üst qatında dəbdə deyildilər və yazıçı öz müasirlərindən daha zəngin mənəvi keyfiyyətlər umurdu. Bu keyfiyyətləri isə qəbul etməyə cəmiyyət bəzən hazır olmurdu. Təsadüfi deyil ki, İlyas Əfəndiyevin qəhrəmanları ədəbi aləmdə həmişə böyük əks-səda doğurmuş və kəskin mübahisələr predmetinə çevrilmişdir.

Elçin yazır ki, “İlyas Əfəndiyev heç bir nəsr əsərini səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə qəbul etmirdi, “Pyes lap başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır”—deyirdi. Bu fakta onu əlavə edərdik ki, İ.Əfəndiyevin hekayələrindəki dramatizmin, gözlənilməz bədii keçidlərin bolluğu, təhkiyədəki dialoqların tutumu dram yaradıcılığındakı qədər zəngin idi.

Xalqın tarixi taleyi baxımından ən mühüm siyasi və mənəvi dəyərlərin, hadisələrin qələbə və faciələrin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi bədii janrların hər birində görürük. Epikdramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran İlyas Əfəndiyev öz oxucusunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir. Yaşar Qarayev İlyas Əfəndiyev haqqında böyük məhəbbət hissi ilə yazdığı kitabında obrazlı, lakin real bir sərrastlıqla yazırdı: “Qarabağın tarixi barədə klassik sənədlər—yeddi “Qarabağnamə” var. Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci “Qarabağnamə” hesab edirəm”.

İlyas Əfəndiyevin lirik-psixoloji üslubunun romantik çaları ona ədəbiyyatımızda yeni, bənzərsiz obrazlar yaratmağa imkan verdi. Bu baxımdan C.Cabbarlı və İlyas Əfəndiyevin obraz yaradıcılığı arasında güclü daxili əlaqə var. Bu iki böyük sənətkarın poetikasının müqayisəli təhlili ədəbi inkişafımızın bir çox estetik məqamlarını üzə çıxarmağa imkan verərdi. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” əsərləri 50-ci illərdə mövcud olan bədii vərdiş və ədəbi-ictimai meyarlaraböyük zərbə” oldu. Bədii sözün estetik məna və məzmunu haqqında mövcud təsəvvürlər yeni istiqamət aldı.

Bu gün Azərbaycan dramaturgiyası və teatrı tarixində İlyas Əfəndiyev məktəbi, İlyas Əfəndiyev teatrı hamının qəbul etdiyi tarixi bədii-estetik fakt və həqiqətdir. Azərbaycan teatrının tarixi barədə C.Cəfərovun sanballı tədqiqatının və digər əsərlərin dəyərini azaltmadan onu da qeyd etmək lazımdır ki, Azərbaycan dramaturgiyasının tarixi, o cümlədən İlyas Əfəndiyev teatrı barədə yeni tədqiqatlar haqqında düşünməyin vaxtı çatıb. İlyas Əfəndiyevin dramaturgiyası Azərbaycan ədəbiyyatının poetik sistem, poetik kateqoriyalarının tədqiqi üçün misilsiz mənbədir.

İlyas Əfəndiyev” teatrı eyni zamanda rejissorluq, rəssamlıq, aktyorluq, bəstəkarlıq sənətlərinin inkişafı deməkdir. 19 pyesinin səhnəyə qoyulduğu Milli Dram Teatrının müasir ədəbi-estetik reallıqlar müstəvisində yenidən İlyas Əfəndiyev sənətinə qayıdışı əslində teatrın bu sənətkara qaytaracağı mənəvi borcun bir hissəsidir.

Futuroloqlar gələcək haqqında proqnozlar verirlər. Bəzən yanlış, bəzən də reallığa yaxın. Gələcək üçün ən doğru mənbə milli bədii yaddaşdır, XX əsrin və ötən əsrlərin real bədii salnaməsi olan İlyas Əfəndiyev sənəti, onun yaşamaq, var olmaq qüdrətidir.

 

Şirindil Alışanlı,

filologiya elmləri doktoru, professor.

 Respublika.-2014.- 22 may.- S.7.