ŞƏFQƏTLİ ÜRƏK SAHİBİ

 

Hər ilin bahar ayları gələndə ən öncə xatirimə Azərbaycan xalqının böyük övladları, dünya şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyev akademik Zərifə Əliyeva gəlir. İndi təkcə respublikamızda deyil, xarici ölkələrdə də  bu böyük insanlar haqqında xoş sözlər söyləyir, onları xalqımızın və millətimizin fədakar övladları hesab edir, bəşəriyyətə nümunə göstərirlər.   

Zərifə xanımın necə böyük bir müəllim, alim, tibb elminin dərin-dərin qatlarını fəth etməyə qadir olduğunu hələ tələbəlik vaxtlarımda dərk etmişəm. Daim fəxr edirəm ki, Zərifə xanımın mühazirələr söylədiyi auditoriyalarda, klinikalarda dəfələrlə olmuşam, onun ölməz əsərlərindən öyrənmişəm, indi də öyrənirəm. O, adamların gözlərinə işıq bəxş etmək kimi müqəddəs bir sənətin sahibi olmuşdur, nurunu itirmək təhlükəsində olan gözlərə işıq gətirmişdir. Zərifə xanım ömrünü-gününü  bu yolda qoydu. Ona görə də bu böyük insanın adı heç vaxt dillərdən düşmür, insanlar üçün elədiyi yaxşılıqlar itmir. İllər bir-birini əvəz etsə də, qayğıkeş müəllim, əvəzedilməz insan, görkəmli alim Zərifə Əliyevanın xatirəsi unudulmur.

Çünki ötən əsrin sonlarında oftalmologiya təbabəti sahəsində yaxşı nə vardısa, onu ərsəyə gətirənlərin ən irəlidə gedəni Zərifə xanım idi, bu böyük alimin bitib-tükənməyən amallarının bəhrəsi idi. O böyük insanın yaradıcılıq irsi  indi  minlərlə insanın gözlərinə nur gətirir, qurub-yaratmaq həvəsini artırır, ellərə-obalara ərməğan edir, unudulmaz xatirələri dönə-dönə dilə gətirir.

Zərifə Əliyeva xoşbəxt bir insan idi, ona görə ki, Əziz Əliyev kimi görkəmli dövlət xadiminin, xeyirxah və alicənab bir insanın ailəsində doğulmuşdu. İnsanların rifahına, cansağlığına vicdanla, qeyrətlə xidmət etmək, həkimlik sənətinə məhəbbət və sədaqət kimi keyfiyyətlər də ona böyüklərindən keçmişdi. Əziz Əliyev öz övladlarına əsl mənəvi, humanist duyğuların sahibi olmaq keyfiyyətlərini aşılamışdı.

Zərifə xanım hər kəsə qismət olmayan bir ömür yaşadı. O, 1923-cü ilin aprel ayında İrəvanda anadan olmuş, sonradan valideynləri ilə Naxçıvanda yaşamış, daha sonra Zərifə xanımın atası Əziz Əliyevin ailəsi Bakıya köçmüşdür.

Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək Tibb İnstitutuna daxil oldu, elə tələbəlik illərində nə qədər dərin zəkaya malik olduğunu dəfələrlə sübuta yetirdi. Sonra elmin dərinliklərinə baş vurdu. 1947-ci ildə ali təhsilini uğurla başa vuran Zərifə xanım Moskvada Ümumittifaq Həkimləri Təkmilləşdirmə İnstitutunda təcrübə qazandı, elmi-tədqiqat müəssisələrində işlədi, dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı. Keçmiş SSRİ-nin bütün guşələrində artıq onu yaxşı tanıyır, elmi təcrübələri ilə maraqlanırdılar. 50-ci illərdə artıq yetkin təcrübəyə və nəzəri biliklərə sahib olan Zərifə xanım respublikanın bölgələrində tüğyan edən traxoma xəstəliyinə qarşı mübarizədə böyük işlər gördübu dövrün şahidləri onu həmin işlərin rəhbəri qismində tanıyırdılar. Zərifə xanım xalqına, Vətəninə xidmət edirdi, rayonlarda olarkən bəzən ailələrin ehtiyaclarının ödənilməsini öz üzərinə götürürdü.

Daha sonra Zərifə xanımın səsi dünyanın müxtəlif elmi təşkilatlarından, elmi-nəzəri tədbirlərin tribunalarından gəldi. O, Moskvada “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək  tibb elmləri doktoru elmi dərəcəsi aldı. 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı nailiyyətlərə, elmi təcrübələri praktikada geniş tətbiq etdiyinə, yüksək ixtisaslı kadrların hazırlanmasında bilavasitə iştirak etdiyinə və digər uğurlarına görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Əslində  Zərifə xanımın əsas vəzifəsindən əlavə o qədər ictimai işləri olurdu ki, onların öhdəsindən bir qadın kimi necə gəldiyini təsəvvür etmək çətin olurdu. Lakin onun ən çox sevdiyi, ürəyini verdiyi, bütün şüurlu həyatını həsr etdiyi bir əsas peşəsi vardı: göz həkimi.      

Görkəmli həkim peşə fəaliyyəti zamanı görmə orqanlarında əmələ gələn xəstəliklərin yayılmasının qarşısını almaq sahəsində səmərəli aparırdı. O, zavodlarda, fabriklərdə, istehsalatın digər sahələrində görmə orqanlarını müxtəlif təsirlərdən, toksinlərin müdaxiləsindən mühafizə etmək tədbirlərinin əsasını qoydu, təbabət elminin bu sahəsində böyük bir məktəb yaratdı. Həyatını sadə əmək adamının səhhətinə  həsr etmiş Zərifə xanım Bakı Məişət Kondisionerləri zavodunda “Görmə orqanlarının fiziologiyası və peşə patologiyası” adlı xüsusi laboratoriya yaradılmasına nail oldu, bununla da peşə patologiyasının öyrənilməsini yüksək səviyyədə təşkil etdi.

Zərifə xanımı düşündürən məsələlərdən biri həkim etikası idi. O, gənc həkimlərin tərbiyəsində, onları böyük həyata hazırlayanda məhz bu cəhəti əsas götürürdü, cavanlardan xəstələrə qarşı münasibətdə nəzakətli olmağı, gözəl davranmağı tövsiyə edirdi. Onun bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabını biz tələbələr dönə-dönə oxumuşduq, indinin özündə də orada yazılanlardan çox şey əxz edirik, görüb-götürürük. “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” əsərləri tibb işçilərinin stolüstü kitablarıdır.  Zərifə xanımın nəcib əməllərinin bəhrələrini Azərbaycanın bütün bölgələrində müşahidə etmək mümkündür. Hazırda səhiyyə ocaqlarında, xüsusilə oftalmoloji xəstəxanalarda, diaqnostika müəssisələrində böyük alimin işlərinin öyrənilməsi, geniş tətbiqi davam etdirilir, onun elmi irsinin mühafizəsinə hərtərəfli diqqət yetirilir. Hər yeni tibb ocağı istifadəyə veriləndə, hər bir nailiyyət qazanılanda elə hesab edirik ki, bu işlərdə Zərifə xanımın böyük əməyi var, bütün tədbirlərin arxasında onun amalları, arzuları dayanır. Biz xoşbəxtik ki, bu arzuların gerçəkləşməsinin şahidiyik.

Zərifə Əliyeva və Heydər Əliyevin ad günlərinin eyni ilə, eyni fəsilə, bahar çağına düşməsi bir daha göstərir ki, bu iki Azərbaycan övladı elə təbiətən bir-biri üçün yaradılmışdılar. Onların   övladları da məhz valideyn məktəbinin, Əliyevlərin yetirməsi olduğu üçün sevilir. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, xüsusən son illərdə regionların, şəhər və kəndlərimizin, vətəndaşların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması sahəsində atdığı möhtəşəm addımlar ona ümumxalq məhəbbəti qazandırmışdır. Onun imzaladığı fərman və sərəncamlarda, dərin məzmunlu çıxışlarında irəli sürdüyü müddəalarda əhalinin sosial müdafiəsinə qayğı və diqqət əsas xətt kimi keçir. Bunu  səhiyyə işçiləri daha aydın görür və dərk edirlər. Cəlilabad şəhərində regionda ən iri Rayonlararası Diaqnostika Mərkəzinin açılış lentini məhz hörmətli Prezidentimiz İlham Əliyev kəsmişdir.

İndi cənub bölgəsində ən mühüm səhiyyə ocaqlarından olan Cəlilabad Rayonlararası Diaqnostika Mərkəzinin  işçiləri öz nəcib peşələrinə sədaqətlərini nümayiş etdirərək, bütünlükdə tibb sisteminin ümumi fəaliyyət ritmi ilə eyni ahənglə çalışırlar. Burada hər cür müalicə və müayinə tədbirləri həyata keçirilir. Tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər, xüsusilə bu ilin əvvəlindən Prezidentin tapşırığı ilə keçirilən tibbi müayinələr  əhalinin ürəyincədir. Rayonun bütün sakinləri kimi, səhiyyə sahəsinin işçiləri də bu böyük diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürünü və səmimi minnətdarlıqlarını bildirirlər.

Akademik Zərifə Əliyevanın və onun ardıcıllarının həyat və fəaliyyət yolunu özünə örnək bilən həkim və tibb işçilərimiz bütün qüvvələrini nəcib peşəyə həsr edirlər, böyük şəxsiyyətin əsərlərindən, qiymətli təcrübəsindən öyrənirlər, insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmaqla, hər gün neçə-neçə xəstəyə xoşbəxtlik bəxş etməklə həkim ananın ruhunu şad edirlər. Son vaxtlar kollektivimizin işinə inam artmışdır. İndi təkcə Cəlilabaddan deyil, ətraf rayonlardan da müraciət edənlərin sayı getdikcə artır.

Biz səhiyyə işçiləri akademik Zərifə Əliyevanın adı ilə həmişə fəxr edəcək, onun işıqlı əməllərini, insansevərliyini, səmimiliyini daim hörmətlə xatırlayacağıq. Böyük alim-oftalmoloq bizim qəlbimizdə özünə əbədi bir abidə ucaltmışdır. Biz bu abidənin önündə hörmətlə baş əyirik.

 

Eldar HACIYEV,

Cəlilabad Diaqnostika

Mərkəzinin baş həkimi.

Respublika.-2014.- 23 may.- S.5.