MELİORASİYA SAHƏSİNƏ DÖVLƏT QAYĞISI

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları ilə bağlı iclasında aqrar sahənin daha güclü inkişafını əhatə edən tədbirlər silsiləsində torpaqların meliorasiya cəhətdən  yaxşılaşdırılmasına, təsərrüfatların suya olan ehtiyaclarının ödənilməsinə dair bir sıra layihələrin həyata keçirilməsinə xeyli yer verilmişdir. İmişli rayonunun su təsərrüfatı kollektivləri bu sahədə öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışır.

Nizami Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi:

Son vaxtlar minlərlə hektarda kompleks meliorasiya tədbirləri görülmüş, həmin sahələrdən keçən kollektor-dren şəbəkəsi təmizlənmiş, hidrotexniki qurğuların böyük bir qismi təmir edilmişdir. Əkinlərin suvarılmasını təşkil etmək sahəsində xeyli görülmüş, suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirilmişdir. Hazırda 41551 hektar suvarılan ərazilərə xidmət edirik. İlin birinci rübündə bütün suvarma tapşırıqlarına artıqlaması ilə əməl edilmişdir. 17500 hektar taxıl əkinləri ikinci dəfə suvarılmış, 1800 hektar pambıq sahələri arata qoyulmuşdur. Bundan başqa, 600 hektar çuğundur sahəsi, 4441 hektar həyətyanı sahə, 18 min hektar yem bitkiləri sahələri də keyfiyyətlə suvarılmışdır.

Hazırda yay aylarında görüləcək tədbirlərə hazırlaşırıq. KürAraz çaylarında suyun səviyyəsinin aşağı düşməsi ehtimalı nəzərə alınaraq magistral və təsərrüfatdaxili kanallar lildən təmizlənir, 18 nasos stansiyasının hər birində işlək vəziyyətə nəzarət edilir, texniki vasitələrdə olan bəzi nasazlıqlar aradan qaldırılır. Suvarma tədbirləri ilə bağlı yeni qrafik tərtib olunaraq yerlərə çatdırılmış, müəssisədə işçilərin sosial rifahının yüksəldilməsi, və məişət şəraitinin yaxşılaşdırılması tədbirləri həyata keçirilir. İnsanların güzəranının, maddi rifahının yüksəldilməsi idarə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Allahverdi  Əliyev,  Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin rəisi:

—Ölkəmizin ərzaq təhlükəsizliyinə layiqli töhfələr verməyə çalışan Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi  1969-cu ildə yaradılmışdır. Ötən illər o qədər də böyük olmayan kollektiv üçün həmişə uğurlu olmuşdur. Biz, fermer təsərrüfatlarının, daha dəqiq desək, onların bəslədikləri davarların, otlaq sahələrinin su ilə təminatı ilə məşğul oluruq. İşimiz həmişə başımızdan aşır, çünki xidmət etdiyimiz təsərrüfatlarda, rayonun öz təsərrüfatlarında xırdabuynuzlu heyvanlar çoxdurbunlar gündən-günə artmaqdadır. Yeri gəldikcə yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə də köməyimizi heç vaxt əsirgəmirik.

Xidmət etdiyimiz 50 min hektar ərazidəki otlaqlarda əsasən İmişli, Saatlı, Lerik, Yardımlı, Biləsuvar rayonlarından qışlama dövrü üçün gətirilmiş heyvan sürülərini, yataqları və kommunikasiyaları su ilə təmin edirik. Əsasən 6 artezian quyusundanasbest boru su kəmərlərindən istifadə edirik, 6500 kubmetrlik su anbarımız var. Su itkisinə yol verməməkdən ötrü yataqlarda nəzarət və qulluq işlərini genişləndirmiş, su kranları qoymuşuq.

İlin birinci rübündə 7 ədəd hidrotexniki qurğuda 1267 manatlıq, 15 kilometrlik su kəmərlərində 77444 manatlıq cari təmir işləri görülmüşdür. Subartezian quyularında, istismar yollarında və mülki binalarda da xeyli cari təmir aparılmışdır. VV-5-1 və VV-4 su kəmərlərində isə 16276 manatlıq əsaslı təmir işləri həyata keçirilmişdir. Hazırda bütün su xətləri və hidrotexniki qurğular saz və işlək vəziyyətdədir.

Qasım Qasımov, Mərkəzi Muğan Kollektorlar İstismarı İdarəsinin rəisi:

—Respublikanın hər yerində olduğu kimi, İmişli rayonu da   daim inkişaf edir, rayonun sakinləri həmişə olduğu kimi, 2014-cü ildə də  yeni qüvvə və ruh yüksəkliyi ilə  yaşayır və işləyirlər.  Burada kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində müxtəlif iri layihələr üzərində fəal gedir.

Biz, əsasən torpaqların suvarılmasında istifadə olunan kollektordren şəbəkəsinin təmiri işləri ilə məşğuluq,  yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə köməyimizi heç zaman əsirgəmirik. Qısa müddətdə 67 kilometr kollektorları təmir etmişik. Müəssisədə çalışan 156 nəfərin hamısı öz işinin öhdəsindən ləyaqətlə gəlir. Onlardan Tərxan Mehdiyevin, Vaqif Tarıverdiyevin, Qabil Məmmədovun, Balaxan Fətəliyevin, Azad Əliyevin adları kollektivdə hörmətlə çəkilir. Texnika parkımız bizi qane edir, 3 “Hyunday” markalı buldozer, 11 ekskavator saz halda işləyir.

Mirqoca Mirişov, Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi:

—Bəhramtəpə hidroqovşağı 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Bəndin inşasında əsas məqsəd MilMuğan düzlərini suvarma suyu ilə təmin etməkdir. İndi həmin vəzifə uğurla həyata keçirilir. İmişli, Biləsuvar, Cəlilabad, Saatlı və Sabirabad rayonlarının əkin torpaqları fasiləsiz olaraq su ilə təmin edilir.

2013-cü ildə 1100 min manatlıq istismar tədbirləri görülmüş, 238 min manatlıq əsaslı təmir işləri aparılmışdır. 40 hidrotexniki qurğu, 3 inzibati bina, 20 kilometrlik beton kanal, 780 metr kanal yamaclıqları təmirdən çıxmışdır. 7 ekskavator və 2 buldozer vasitəsilə 78 kilometr uzunluqda kanallarda lildən təmizləmə işləri aparılmışdır. Bu hesaba əkin sahələrinə 941,7 min kubmetr əvəzinə, 1153,5 min kubmetr su ötürülmüşdür.

Yay öncəsi suvarma işçilərinin qayğıları daha da  artmışdır. Qəti əminəm ki, onlar  hansı fəsildə, hansı şəraitdə olursa-olsun, meliorasiya tədbirlərini daha yüksək səviyyədə aparacaqlar.

Materialı hazırladı:

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.- 23 may.- S.6.