“Cəfər
Cabbarlının tərcümələri” kitabının təqdimatı
XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan dramaturgiyasının banisi, mili mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də, Bakının yaxınlığındakı Xızı kəndində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. 1902-ci ildə yazıçının ailəsi Bakıya köçmüş və şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşamışdır.
Ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan (“Eşidənlərə” və “Şücaətim” adlı ilk şeirləri 1911-ci il 5 noyabr tarixində “Həqiqəti-əfkar” qəzetinin 2-ci nömrəsində dərc edilmişdir) Cabbarlı sonralar bir sıra lirik və satirik şeirlər yazsa da, yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirmişdir.
Azərbaycanda bədii tərcümə sənətinin inkişafında yeni yüksəliş dövrü XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bu sənətin yaranması və inkişafında böyük rol oynayan şəxsiyyətlərdən biri Cəfər Cabbarlı olmuşdur. Onun bu sahədəki xidmətləri, ədəbiyyatımıza bəxş etdiyi gözəl tərcümə nümunələri indi də öz bədii gözəlliyi ilə seçilir. C.Cabbarlının Qərb və rus klassiklərindən etdiyi tərcümələrin siyahısı böyük, janrları müxtəlif, üslubu zəngindir. Ədib V.Şekspirin “Hamlet”, “Otello”, F.Şillerin “Qaçaqlar”, K.Bomarşenin “Fiqaronun toyu”, C.Uelsin “Yeraltı dünya”, A.Afinagenovun “Qorxu”, L.Slavinin “Müdaxilə”, F.Düşenin “Tamilla”, N.Qoqolun “Müfəttiş”, L.Tolstoyun “Hacı Murad”, “Çocuqluq” əsərlərini böyük peşəkarlıqla Azərbaycan dilinə tərcümə etmişdir.
Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına kitabxananın direktoru Kərim Tahirov dedi ki, bu gün “Cəfər Cabbarlının tərcümələri” adlı yeni kitabda görkəmli yazıçı, istedadlı tərcüməçi Cəfər Cabbarlının dünya klassiklərindən etdiyi bir sıra ədəbi nümunələr ilk dəfə oxuculara təqdim olunur. Kitab böyük dramaturqun 115 illiyi münasibəti ilə Cəfər Cabbarlının ev-muzeyinin layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyninin sifarişi ilə “Şərq-Qərb” Nəşriyyat Evində işıq üzü görmüşdür.
Təqdimat mərasimində yazıçılar, alimlər, ədəbiyyat və mədəniyyətimizin tanınmış simaları iştirak və çıxış etmişlər.
Sonda Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər xanım Bağırova tədbir iştirakçılarına Cabbarlı ailəsi adından öz minnətdarlığını bildirdi.
N.Cavadov,
Respublika.-2014.- 23 may.- S.7.