Dəniz
neftçilərinin böyük uğuru
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin kollektivi bütün bacarıq və daxili imkanlarından səmərəli istifadə edərək, 2014-cü ilin I rübündə nəzərdə tutulan neft hasilatı üzrə tapşırığı 64 900 ton əvəzinə 76 678 ton, yəni 118,1 faiz yerinə yetirərək, əlavə 11 778 ton artıma nail olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 22 165 ton artmışdır və artım tempi 40,7 faiz təşkil etmişdir.
Bu dövr ərzində neft təhvili üzrə tapşırıq 64 900 ton əvəzinə 75 650,6 ton, yəni 118,2 faiz yerinə yetirilmişdir və 11650,6 ton plandan əlavə neft təhvil verilmişdir. Keçən il ilə müqayisədə neft təhvili 21 927,3 ton, yəni 40,8 faiz artmışdır.
Qaz
hasilatı üzrə plan 104,2 faiz yerinə
yetirilmişdir. Nəzərdə tutulan 10 mln 990 min kubmetr əvəzinə
11 mln 457 min kubmetr yəni plandan əlavə 467 min kubmetr
artıq qaz hasil edilmişdir. Keçən illə müqayisədə
qaz hasilatı 341 min kubmetr artmışdır və artım
tempi 3,1 faiz təşkil etmişdir.
Qaz təhvili planı da 107 faiz yerinə yetirilmişdir. İdarə üzrə 7
mln 326,9 min kubmetr qaz təhvil
verilmişdir. Artım 476,9 min kubmetr təşkil
etmişdir. Keçən il ilə
müqayisədə qaz təhvili 5 faiz artmışdır.
Bu il aprelin əvvəlinə
Neftqazçıxarma İdarəsi üzrə istismarda olan
quyu fondu 557 quyu təşkil etmişdir, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 38 quyu
çox olmuşdur.
Fəaliyyətdə
olan quyu fondu da bu il keçən ilə
nisbətən 55 quyu artıb və I rübün sonuna 497 quyu
təşkil etmişdir.
İlin əvvəlindən fəaliyyətsiz quyu
fondundan 10 quyu təmir edilərək istismara daxil edilib, nəticədə
1 730 ton neft hasil edilib. Bu göstərici üzrə də
keçən ilə nisbətən hasilat 1091 ton artıb.
İdarə üzrə bu ilin birinci rübündə
qazmadan istismara 7 quyu daxil edilib, nəticədə bu quyulardan 1
519 ton neft hasil edilmişdir. Keçən il
ilə müqayisədə istismara daxil olan quyuların
sayı 3 quyu artıb, onlardan hasil edilən neft də 299 ton
artıb.
Keçici fonddan 73 429 ton neft hasil olunub və planda nəzərdə
tutulduğundan 9 454 ton əlavə neft hasil edilmişdir. Keçən il ilə müqayisədə bu il keçici
fonddan 20 775 ton artıq neft hasil edilib.
“Abşeronneft” NQÇİ-də bütün istismar
üsulları ilə çıxarılan neft də plana nisbətən
artıqlaması ilə yerinə yetirilib. Köhnə quyularda neft
hasilatının səviyyəsini saxlamaq məqsədi ilə
2014-cü ilin I rübündə 202 texniki tədbir həyata
keçirilmişdir və bu tədbirdən 1 118,5 ton neft hasil edilmişdir. Keçən il ilə
müqayisədə tədbirlərin sayı 9, hasil edilən
neft 77,5 ton artıb.
Bu müddət ərzində mədənlər üzrə
26 geoloji tədbir keçirilib və bu tədbirlərdən
2 042 ton neft səmərə alınıb. Keçən ilə nisbətən
bu il tədbirlərin sayı 10 tədbir və
bu tədbirlərdən alınan neft də 1 771 ton artıb.
Quyularda hasilatın səviyyəsinin saxlanması
üçün geoloji-texniki tədbirlərlə
yanaşı, əsaslı və cari təmirlərin də
aparılması vacıb amildir. Bu baxımdan 2014-cü ilin I
rübündə 14 yeraltı təmir briqadaları vasitəsi
ilə 590 yeraltı və 10 əsaslı təmir
briqadaları vasitəsi ilə 46 əsaslı təmir həyata
keçirilmişdir. Əsaslı təmirdən sonra təmir
olunmuş quyulardan 2 457,6 ton əlavə
neft hasil olunmuşdur ki, bu da keçən ilin müvafiq
dövrünə nisbətən 1 471,6 ton çox olmuşdur.
İdarə
üzrə bu ilin I rübündə 1 ton əmtəəlik
neftin maya dəyəri faktiki 265 man 24 qəp təşkil
etmişdir və keçən il ilə müqayisədə
bu göstərici 32 man 02 qəp azalmışdır.
1000 kubmetr əmtəəlik qazın maya dəyəri
173 man 08 qəp. təşkil etmişdir və
keçən ilə nisbətən 49 man 99 qəp
azalmışdır.
NQÇİ-nin ekologiya sahəsində, təbii sərvətlərdən
səmərəli istifadə və ətraf mühitin
mühafizəsinə dair təsdiq olunmuş tədbirlər
planı üzrə xeyli işlər
görülmüşdür. 3 ay ərzində 425 metr neft
kollektoru, 75 metr qaz xətti, 331 metr atqı xətti təmir
edilmişdir. Neft yığma məntəqəsində
planda nəzərdə tutulmuş 9 ədəd su və 31 ədəd
neft nasosları təmir edilmişdir. 38 ədəd
müxtəlif ölçülü siyirtmə və ventillər
təmir edilmişdir.
İdarənin daxili imkanları hesabına 2 ha yol kənarları
təmizlənib və hamarlanıb, ərazi məişət
və istehsalat tullantılarından təmizlənmiş və
abadlaşdırma işləri aparılmışdır.
Quyuların
yeraltı və cari təmiri zamanı qapalı yuma qurğularından istifadə olunur.
Ətraf mühitin sağlamlığı məqsədi ilə
idarədə ilin əvvəlindən 200 ədəd zeytun, 300
ədəd Eldar şamı ağacları və 100 ədəd
mövsümi güllər əkilib. Ayrı-ayrı
dəniz özüllərində, sex və mədən ərazilərində
vaxtaşırı monitorinqlər keçirilib.
“Abşeronneft” NQÇİ-nin Əməyin mühafizəsi
şöbəsi tərəfindən 2014-cü ilin I
rübü ərzində struktur bölmələrdə əmək
şəraitinin yaxşılaşdırılması,
istehsalatda baş verə biləcək qəzaların,
yanğınların, bədbəxt hadisələrin və
peşə xəstəliklərinin qarşısını
almaq məqsədilə müəyyən işlər
görülmüşdür.
2014-cü ilin I rübü ərzində idarənin əməyin
təhlükəsizliyi üzrə daimi fəaliyyət
göstərən komissiyası və əməyin mühafizəsi
şöbəsi tərəfindən bütün struktur
bölmələrində əmək şəraitinin vəziyyəti
kompleks yoxlanılıb və aşkar olunmuş nöqsanlar,
çatışmazlıqlar aradan
qaldırılmışdır.
“Azneft” İstehsalat Birliyi bu ilin I rübü ərzində
idarəmizdə 11 yoxlama aparmış və ümumilikdə
52 nöqsan və pozuntular aşkar etmişdir ki, bunlar da aradan
qaldırılmışdır.
İşçilərin
təhlükəsizliyinin təmin edilməsi, onlara təhlükəsiz
iş üsullarının öyrədilməsi, onların
biliyinin artırılması, işçilər arasında
maarifləndirməni gücləndirmək məqsədilə
struktur bölmə rəhbərlərinin, baş mütəxəssislərin
iştirakı ilə slayd formasında prezentasiyalar
keçirilmişdir. Belə prezentasiyalar
odsöndürücülərdən istifadə edilməsi,
işlərin təhlükəsiz icrası prosedurları,
riskin qiymətləndirilməsi, təxliyyə raportu, insident
raportu, ilk yardımın göstərilməsi, “Mənim fəaliyyətim”,
elektrik təhlükəsizliyi və sairə müxtəlif
mövzular üzrə rüb ərzində 10 prezentasiya
keçirilmişdir. Bundan əlavə, işçilər
arasında hesabat dövründə: yanğın zamanı
ilkin yanğınsöndürmə vasitələrindən
istifadə və davranış qaydaları, xəsarət alana ilk tibbi yardımın göstərilməsi
və belə hallarda davranış qaydaları, fontana
qarşı təlim, işçilərin təxliyyəsi
mövzuları üzrə 48 təlim-məşqlər
keçirilmişdir.
Görülən işlərin qəzasız və
yüksək səviyyədə yerinə yetirilməsində
kadrların rolunun böyük olduğunu nəzərə
alaraq, rəhbər və mühəndis texniki işçilərin
təhlükəsizlik texnikası üzrə biliklərinin
artırılması məqsədi ilə hesabat dövründə
73 nəfər mühəndis-texniki işçilərin bilikləri
yoxlanılmışdır.
İdarə üzrə 2014-cü ilin I rübü ərzində
Dənizdə İnsan Həyatının Mühafizəsi
üzrə Təlim Mərkəzində təşkil olunan
stasionar dəniz platformalarının və üzən qazma
qurğularının heyətləri üçün təhlükəsizlik
üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
kurslarına və digər kurslara istehsalatdan ayrılmaqla
ümumilikdə 42 nəfər göndərilmişdir.
Təhlükəsiz
iş şəraiti yaratmaq, təhlükəsizlik texnikasının
norma və tələblərinə əməl
etmək istehsalatda zədəsiz işləmək deməkdir.
Qeyd olunanları həyata keçirmək
üçün fəhlə və qulluqçular qayda və
qanunları lazımi səviyyədə bilməlidirlər.
Bu məqsədlə əməyin mühafizəsi
kabineti təşkil olunmuşdur. Kabinet
lazımi texniki vasitələrlə təchiz olunmuşdur, bu
da işçilərə əyani surətdə əməyin
mühafizəsi və təhlükəsizlik texnikası sahəsində
daha dolğun məlumat almaq üçün təşkil
edilmişdir.
“Abşeronneft” NQÇİ əməyin mühafizəsi
sahəsində əldə olunan yüksək göstəricilərə
görə Azərbaycan Respublikası Həmkarlar
İttifaqı Konfederasiyası tərəfindən ölkə
üzrə ən yüksək yerə layiq
görülmüşdür.
“Abşeronneft”
NQÇİ-də 2014-cü il 1-ci
rübündə işçilərin sosial məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
müəyyən işlər görülmüşdür. 2014-ci ilin I rübündə işçilərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün 3
saylı NQÇS-nin xidməti və istehsalat təyinatlı
binalarının tikintisi davam etdirilir. İşçilərin
məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə
xüsusi geyimlərin qurudulması üçün 4 ədəd
vaqon evciklər hazırlanmış və Dəniz
Özüllərinə yerləşdirilmişdir.
Zərərli
iş şəraitində calışan işçilərə
süd məhsullarının verilməsi məqsədi ilə
mart ayı üçün 8000 ədəd “Pal süd”
alınaraq paylanılmışdır. İşçilərin
iş yerlərində su ilə təchizatını
yaxşılaşdırmaq məqsədi ilə 3 ay ərzində
582 ədəd “Bonaqua” mineral suyu alınmış və
işçilərə paylanmışdır.
ARDNŞ-in işçilərinə maddi yardım verilməsi
haqqında “Əsasnamə”yə müvafiq olaraq maddi
yardımların göstərilməsi davam etdirilmişdir.
“8 Mart” qadınlar bayramı və Novruz bayramı ilə
əlaqədar olaraq bayram tədbirləri keçirilmiş,
NQÇİ-nin sex və sahələrinə bayram hədiyyələr,
xonçalar paylanılmışdır.
“31 Mart Azərbaycanlıların Soyqırımı” və
“Yaşlı nəslin təcrübəsindən faydalanaq”
mövzularında tədbirlər keçirilmişdir.
“Azneft” İB-nin telefonoqramına əsaslanaraq
NQÇİ-nin inzibati binası, sex və sahələrin həyətlərində
iməciliklər keçirilmiş, bu istiqamətdə işlər
davam etdirilmişdir.
“Abşeronneft” NQÇİ-nin dəniz və quru sahəsində
təmirə ehtiyacı olan məişət
avadanlıqları (kondisioner, soyuducu, televizor və s.) barədə
“Azneft” İB-yə məktubla müraciət edilmiş və
avadanlıqlar “A-Kond-1” MMC tərəfindən təmir edilmişdir.
Şübhəsiz ki, qarşıda görəcəyimiz
işlər hələ çoxdur. Bu işləri
yüksək səviyyədə icra etmək üçün
kollektivin səyləri səfərbər edilmişdir.
Şahmar HÜSEYNOV,
“Azneft” İB-nin
“Abşeronneft” NQÇİ-nin rəisi.
Respublika.-2014.-
24 may.- S.4.