Müasir İKT-nin geniş tətbiqi Azərbaycanın sığorta-pensiya modelinin səmərəliliyini təmin edir

 

Azərbaycanda sosial siyasətin strateji istiqamətlərindən biri mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sistemində beynəlxalq normalara inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatların aparılması ilə əlaqədardır. Ona görə də ölkəmizdə iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması, sahibkarlar sinfinin yaranması, fərdi əmək fəaliyyəti ilə məşğul olanların və mülkiyyətində torpaq sahəsi olan vətəndaşların sayının ilbəil artması, rəsmi qeydiyyata alınmış işsizlərin mövcudluğusair amilləri nəzərə almaqla, vətəndaşlara müasir tələblərə, beynəlxalq standartlara cavab verə biləcək sosial müdafiə xidmətlərinin göstərilməsi həmişə aktualvacib məsələyə çevrilib. Digər tərəfdən, son illərdə respublikamızda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin yüksək templi inkişafı sosial müdafiə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və sosial müdafiə sistemində uğurlu islahatların aparılması zərurətini meydana çıxarıb.

 Bu baxımdan da Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə, xüsusilə də sığorta-pensiya sistemində elektronlaşdırılma prosesinin həyata keçirilməsi mühüm əhəmiyyətə və rola malikdir. Çünki elektronlaşdırılma və elektron xidmətlərin təşkili proseslərinə başlanılmazdan əvvəl Azərbaycanda sosial müdafiə və pensiya təminatı məsələlərində müəyyən problemlər özünü büruzə verirdi. Həmin problemlər arasında sosial müdafiə sistemi sahəsində idarəetməyə dair məlumatların şəffaflığının aşağı olması, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydiyyatı və onlardan məcburi dövlət sosial sığorta haqlarının yığılması məsələlərinin müasir tələblərə cavab verməməsi, toplanmış vəsaitlərin istifadə olunma prinsiplərinin izahının və təbliğinin qənaətbəxş səviyyədə olmaması və sair var idi. Üstəlik, pensiya təminatı sisteminin işinə nəzarət prosedurları mürəkkəb, bahalı, vaxt aparaninsan faktorundan çox asılı idi. Pensiyaların təyin olunmasında insan faktorunun yüksək olması bu sahədə neqativ halların baş verməsinə zəmin yaradırdı. Pensiya təyinatı sahəsində işlər əsasən kağız üzərində aparıldığından bu amil sosial təminat sahəsində maliyyə xərclərinin və sərf olunan vaxtın artmasına, sənədlərin arxivləşdirilməsi və saxlanması prosedurlarının bahalı, yer tutan və etibarsız olmasına gətirib çıxarırdı. Amma DSMF-də müasir İKT-nin geniş tətbiqi, ödəniş sisteminin təkmilləşdirilməsi Azərbaycanın sığorta-pensiya modelinin səmərəliliyinin təmini istiqamətində atılan uğurlu addımlardan biri oldu. Bu məsələdə məcburi dövlət sosial sığorta haqlarının toplanmasının, pensiya və müavinət təyinatının, həmçinin pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması mühüm rol oynadı. Qeyd edək ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunmaqdadır. Bu sistemə keçid sığortaolunanlar üçün ödənilən sosial sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsaslanmaqla aparılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olur, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir. Bütün respublika ərazisində bu sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “Mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, İKT-nin tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Bu baxımdan İKT əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi və sosial sığorta haqlarının fərdi uçot prinsipləri əsasında toplanması təmin edilir. Bütün sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların qısa zamanda fərdi şəxsi hesablarda əks etdirilərək sığortaolunanlara çatdırılması mühüm vəzifə olduğundan hazırda bütün ölkə üzrə iriorta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Bununla yanaşı, DSMF-nin yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlaratorpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir.

Pensiya və müavinət təyinatının, həmçinin pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmış mühüm vəzifələrdən biri də məhz müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatıdır. Ona görə də Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıldı. Bir sözlə, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulmasına, DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılmasına start verildi. Hər bir sığortaolunanın sığorta haqqı ilə onun pensiya təminatı arasında birbaşa əlaqənin təmini pensiyaların hesablanmasında daha müasir, yeni və ədalətli qayda müəyyənləşdi. Bu baxımdan hər bir sığortaolunanın internet vasitəsilə müvafiq avtomatlaşdırılmış sistemə daxil olaraq pensiyasını dəqiq şəkildə hesablaya bilmək imkanına malik olması şəffaflığa xidmət edən mütərəqqi islahatların ən mühüm uğurlarından biridir. Üstəlik, pensiyaya çıxanlar üçün internet vasitəsilə müraciət etmək imkanının yaradılması da tətbiq olunan mühüm yeniliklərdən biridir. Çünki pensiya yaşına çatan və 12 illik sosial sığorta stajı olan vətəndaşlar DSMF-nin elektron ünvanına daxil olub pensiyaya çıxmaqla bağlı müraciət edə biləcəklər. Bu zaman vətəndaş heç bir əlavə sənəd təqdim etmədən, sadəcə, yaşadığı yerirayonu göstərəcək. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Adıçəkilən fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadanvaxt itirmədən “Çağrı Mərkəzi”nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Sözügedən islahat tədbirləri isə sığorta-pensiya sistemində şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradıb. Başqa sözlə, sığorta-pensiya sistemində pensiya məbləğlərinin təyini və artırılması mexanizmlərinin tamamilə sadələşdirilməsi, hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünün hesablayaraq dəqiqləşdirməsinə imkan verilməsi maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama hallarının tamamilə aradan qaldırılması ilə nəticələnib. Digər tərəfdən, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradıb. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırıb.

Onu da əlavə edək ki, DSMF dövlət başçısının əmək pensiyalarının istər baza, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamlarının icrasını avtomatlaşdırılmış qaydada həyata keçirir. Bu artımların DSMF-də yaradılmış mükəmməl sığorta-pensiya sistemi əsasında dəqiq hesablanması da sözügedən sistemdə şəffaflığın təmini istiqamətində mühüm addımlardan biridir.

Xatırladaq ki, hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. DSMF-nin mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 22-yə çatdırılıb və “Elektron Hökumət” portalının statistikasına əsasən, bu fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.

Yeri gəlmişkən, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası davam etdirilirbu proqram çərçivəsində DSMF-nin son illərdə təbliğat və maarifləndirmə işini gücləndirməsi, yəni televiziya kanallarında sosial çarxlar yerləşdirməsi, bukletlər nəşr etdirməsi, internet səhifəsi vasitəsilə məcburi dövlət sosial sığorta haqlarının yığımına, işləyən əhalinin sosial sığortaya cəlb olunması məsələlərinə, fərdi uçotun təşkilinə, informasiya texnologiyalarının tətbiqinə dair məlumatlandırmaya geniş yer ayırması da müsbət nəticələrini verir. Ona görə də elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təqdimatı və bu xidmətdən yararlanma ilə bağlı davamlı maarifləndirmə işlərinin aparılması DSMF-nin fəaliyyətində prioritet təşkil edir. Bu baxımdan DSMF müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Bundan başqa, “Call center” - “Mərkəzləşdirilmiş Çağrı Sistemi” vətəndaşların məcburi dövlət sosial sığortasına, fərdi uçotun təşkilinə, pensiya məsələlərinə aid suallarının operativ cavablandırılmasına imkan yaradır ki, bu da əhalinin maarifləndirilməsində özünəməxsus yer tutur.

İnanırıq ki, İKT-nin geniş tətbiqi, ödəniş sisteminin təkmilləşdirilməsi Azərbaycanda pensiya islahatlarının uğurla aparılması imkanlarını genişləndirəcək, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verəcək, ölkəmizdə sığorta-pensiya sisteminin yüksək səviyyədə qurulması əhalinin bu sistemin üstünlüklərindən maksimum yararlanmasına şərait yaradacaq.

 

Müşfiq CƏFƏROV,

Respublika.-2014.- 24 may.- S.5.