Gənclərin VII forumu
Səbail Rayon İcra Hakimiyyətinin iclas zalında rayon iqtisadiyyatının bütün sahələrində – elm, mədəniyyət, təhsil, səhiyyə, biznes və s. hüquq-mühafizə orqanlarında çalışan, ali təhsil müəssisələrində təhsil alan gənclərin, həmçinin rayon rəhbərliyi, ağsaqqallar, veteranlar, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Səbail rayon gənclərinin VII forumu keçirilmişdir.
Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının himnini ifa etmişlər.
Tədbiri açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov bildirmişdir ki, Səbail rayon əhalisinin təqribən 26,0 faizini gənçlər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gəncləri salamlayaraq qeyd etmişdir ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması, yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və ulu öndərin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi.
Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin Gənclər ili elan edilməsi, Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın son illərdə gördüyü işlər və həyata keçirdiyi layihələr gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Forumda çıxış edən Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Toğrul Niyazlı, 6 saylı tam orta məktəbin müəllimi Arzu Kazımova, Səbail İdman Klubunun məşqçisi Xəyyam Orucov, “Museum İnn” otelinin baş meneceri Akif Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Musayev, Bakı şəhər Gənclər və İdman baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları əldə etdikləri uğurlar, görülən işlər, problemlər və onların həlli istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat vermişlər.
Azərbaycan Gənclərinin VII Forumuna Səbail rayonundan 27 nəfər nümayəndə seçilmiş, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olunmuşdur.
Forumun sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Məhəmməd VƏLİYEV,
Respublika.-2014.- 24
may.- S.5.