Respublika Gününə həsr olunmuş tədbir

 

Bu günlərdə Bakının Nərimanov rayonunun ərazisində yerləşən “ESR İnşaat” MMC- 28 May—Respublika Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdə cəmiyyətin direktoru Emil Tağıyev çıxış edərək demişdir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrin əvvəllərində başlanmış və imperiyanın süqutu ilə daha da genişlənən milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalq Cümhuriyyəti ölkəmizin həm də sivil və bəşəri dəyərlərə sədaqətini nümayiş etdirirdi. Cümhuriyyətin həyata keçirdiyi siyasət müstəqil dövlətimizin əsaslarının yaradılmasını və gələcək inkişaf yolunun müəyyənləşdirilməsini nəzərdə tuturdu. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımızda istiqlalsuverenlik qürurunu yaşada bilmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda azad yaşamaq və müstəqil dövlətin vətəndaşları olmaq fikirləri qəlblərə hakim oldu”.

1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrasa da, ilk demokratik respublika xalqımızın qan yaddaşına əbədi həkk olundu və sonrakı nəsillər üçün mübarizə simvoluna çevrildi. Milli dövlətçilik tariximizin bu şərəfli səhifəsini yaşadanistiqlal arzularını daim müqəddəs tutan xalqımız XX əsrdə ikinci dəfə azadlığını qazandı və dövlət müstəqilliyini bərpa etdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. 1993-cü ildə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ənənələrinin bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüququ bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları təsbit olundu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşdü.

Emil Tağıyev bildirdi ki, bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə siyasi nüfuzunuiqtisadi qüdrətini daha da artırır. Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini nəinki qoruyub saxlayıb, həm də onu daha da möhkəmləndirib və dünyanın ən qüdrətli ölkələrindən birinə çevirib.

 

Qədir ASLAN,

Respublika.-2014.- 24 may.- S.5.