Xaçmazda kitabsevərlər bayramı

 

Həmin gün şəhərin mərkəzində möhtəşəm tarix-diyarşünaslıq muzeyinin qarşısındakı parkda əsl bayram təmtərağı, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Rayonun bütün kitabsevərləri Xaçmazın gül-çiçəyə qərq olunmuş fəvvarəli, səliqə-sahmanlı bu guşəsinə yığışmışdı. Tədbirin keçirildiyi əraziyə xüsusi tərtibat verilmişdi. Üzərində “Heydər Əliyev-91” sözləri yazılmış iri portret parkın görkəmli yerində asılmışdı. Ulu öndərin kitab haqqında fikirləri də diqqəti uzaqdan cəlb edirdi. Parkda səslənən bir-birindən gözəl musiqilər, “Haxışta” folklor qrupunun rəqsləri tədbirin ahənginə əlavə rəng qatırdı. Burada ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi kitab bayramı keçirilirdi.

Müxtəlif başlıqlarla sərgilənmiş kitablara tədbir iştirakçılarının marağını aydın sezmək olurdu. Hətta elə buradaca özünə anket açdıraraq kitab alanlar da vardı. Rayon kitabxanaçıları oxucularına bu gün də həvəslə xidmət göstərirdilər. “Elektron nəşrlər”, “Yeni kitablar”, “Uşaq kitabları”, “Nağıllar aləmi”, “Xaçmazlı yazarların kitabları”, “Tariximiz kitablarda” və sairə 40-a yaxın bölümdə 2500-dən çox müxtəlif adda kitab nümayiş olunurdu. Burada həmçinin respublikaKitab yayımı” assosiyasiyası tərəfindən 160 adda yeni çap olunmuş “Azərbaycan nəşrləri” nümayiş olunurdu.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayeviniştirak etdiyi tədbirin rəsmi hissəsi oldu. Giriş sözü ilə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev çıxış etdi. Tədbirin əhəmiyyətindən danışdı. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Azad Əlifxanov kitab təbliği sahəsində aparılan işlərdən danışaraq qeyd etdi ki, kitab bayramının keçirilməsində məqsəd rayon kitabxanalarının vəziyyətini öyrənmək və son illər dövlətimizin kitabakitabxanaya olan qayğısını nümayiş etdirməkdən ibarətdir. “Kitabxana informasiya sahəsinin inkişafına dair” 2008-2013-cü illər üzrə qəbul edilmiş Dövlət Proqramı başa çatmışdır. Bu istiqamətdə kitabxana quruculuğunda, xüsusən də insanlara kitabla, informasiya ilə xidmət işində xeyli görülmüşdür. Hər il kitabxanalarımıza latın qrafikalı minlərlə yeni nəşrlər daxil olur. Hazırda fondumuzda 130 mindən çox latın qrafikalı ədəbiyyat vardır. Kitabxanalarımızın məzmunu da illər keçdikcə dəyişməkdədir. Artıq kitabxanalarımızda müasir oxucuya informasiyanın operativ çatdırılması üçün yeni texnologiyalar tətbiq edilməkdədir. Mərkəzi kitabxanauşaq kitabxanasında xidmət işində elektron resurslardan istifadə edirik. Bu gün kitabxanalarımızın xidmətindən 1200 nəfərdən çox virtual oxucu istifadə edir.

Kitab heç bir zaman unudulmayan, mənəviyyatımızı daim zənginləşdirən bir vasitədir. Bir daha məlum bir həqiqəti təkrar etmək istəyirik: kitab bilikdir, mədəniyyətdir, dünyagörüşüdür, söz ehtiyatıdır.

 

Ziyafəddin Bayramov,

Respublika.-2014.- 24 may.- S.5.