Azərbaycan
sivilizasiyalararası dialoq sahəsində
münasibətlərə nümunə və tolerant
ölkədir
Xalqımızın tolerantlığı artıq dünyada təsdiq olunan faktdır. Bu sosial-humanitar keyfiyyət hazırki gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunədır. İqtisadi, siyasi əlaqələr həmişə mili və dini münasibətlərlə müşayiət olunur.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan tarixən beynəlxalq iqtisadi, siyasi və sosial əlaqələrin qovşağı olmuşdur. Buna ən parlaq misal Çindən Avropaya qədər olan tarixi Böyük İpək Yolunun ölkəmizin ərazisindən keçməsidir. Bu qədim beynəlxalq ticarət tranzit yolunu hazırda avtomobil, dəmiryolu və hava yolları əvəz edir. Gələn il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da bu dəhlizin yeni, ən müasir şəraitdə fəaliyyətinə imkan verəcəkdir. Azərbaycan lap qədimdə olduğu kimi, bu gün də mühüm, nəqliyyat təhlükəsizliyini təmin edən və etibarlı tərəfdaş olan ölkədir. Nəqliyyat infrastrukturunun müasirliyi, transmilli əhəmiyyət kəsb etməsi sayəsində ölkə həm öz iqtisadiyyatının inkişafı, həm də beynəlxalq tranzit əlaqələr istiqamətində fəaliyyəti üçün lazım olacaq təminatı əldə edib. Dövlət bu sahənin müasir və tələbatı ödəyəcək səviyyəyə yüksəlməsi üçün daim lazımi həcmdə investisiya ayırır. 2003-2014-cü illər ərzində bu istiqamətdə 21 milyard ABŞ dollar həcmində sərmayə xərclənib. Bu vəsaitin 13,6 milyardı avtonəqliyyat sektorunun, 1,3 milyardı dənizçiliyin, 2,7 milyard dolları hava nəqliyyatınınn payına düşüb. Hazırda tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlaynda birinci mərhələdə yükdaşımalarda 10 milyon ton, daha sonra isə 20 milyon ton artıma imkan verəcəkdir. Bir faktdir ki, istismarda olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri geniş bir məkanda, Cənubi Qafqazın, həm də regionun enerji xəritəsini tamamilə dəyişmişdir. Bu layihələr qarşılıqlı maraqları təmin edən mühüm əməkldaşlıq nümunəsidir. Nəzərə alaq ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox önəmli rol oynayır və icrasına start verilmiş TANAP və TAP layihələrinin istismara verilməsi ilə bu iştirak çox mühüm strateji mərhələyə yüksələcəkdir. Azərbaycanın ixrac etdiyi neftin 28 faizinin Asiyadakı tərəfdaşlarının payına düşdüyünü nəzərə alsaq, bu zaman ölkəmizin Avrasiyada nə kimi mühüm mövqe qazandığı aydın olar. Göründüyü kimi, ölkəmizin beynəlxalq əməkdaşlığının çox böyük xəritəsi və pepsektivi vardır. Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfəri zamanı Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədəki çıxışında demişdir: “Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm... Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək , iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır... Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir”.
Xarici əlaqələr gücləndikcə və müxtəlif sahələrdə əməkdaşlıq genişləndikcə dövlətlərarası iqtisadi və siyasi əlaqələr də sıxlaşır.
Əməkdaşlıq zamanı miqrasiya prosesi qaçılmazdır. Hazırda qədimdə olduğu kimi, yenə də Azərbaycana istər Asiya, istər Avropa, istərsə də Amerika və digər qitə dövlətlərindən müxtəlif dinə mənsub, milli-mədəni dəyərlərin daşıyıcıları olan miqrantlar axını başlasyıb. Təbii ki, onlar özləri ilə bərabər milli xüsusiyyətlərini, dəyərlərini və inanclarını da ölkəmizə gətirirlər. Aydındır ki, qədim Azərbaycanda tolerantlıq və milli dözümlülük olmasaydı, qədim İpək Yolunun bu ərazidən keçməsi də mümkün deyildi. Beləliklə, tolerantlıq və multikulturalizm bizim xalqın mənliyində və yaşam tərzindədir, mentalitetimizə aid ayrılmaz mühüm və zəruri mənəvi keyfiyyətdir. Bu gün də xalqımız öz tarixi ənənələrinə sadiq qalaraq hər bir xalqa və millətə qarşı milli və dini dözümlülük göstərir. Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında, mədəniyyətlərarasıl dialoqda öz müsbət rolunu oynamışdır.
Bu keyfiyyət yalnız ta qədimdən milli dövlətçilik xüsüsiyyətini özündə daşıyan, təkmilləşdirən xalqa mənsub ola bilər. Azərbaycan bəşəri dəyərləri özündə ehtiva edən dövlətçilik nümunəsi göstərir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tolerantlığa, milli dözümlülüyə münasibətindən danışarkən demişdir: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi qurluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub”. Dövlət başçısı bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır. Fərmanda bu qurumun təsisinin səbəbləri və fəaliyyətinin mahiyyəti barədə deyilir: “Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir”.
Yer kürəsində demoqrafik inkişaf güclüdür, əhalinin sayı 6 milyarddan çoxdur və daim artır.. Miqrasiya nə qədər güclü olarsa, o qədər də iqtsadi, sosial və nəhayət, siyasi balansda tarazlıq pozula bilər. Buna görə də hər bir dövlət miqrasiyanı idarəolunan səviyyədə saxlamaq istəyir. Bundan başqa, miqrantları qəbul edən dövlətlərdə milli-mədəni dəyərlər elə səviyyədə olmalıdır ki, zərərli təsirləri neytrallaşdıra bilsin, əvəzində öz üstün keyfiyyətlərini onlara təlqin etsin.
Hazırda qloballaşma prosesində aydın görünən iki amil vardır. Birincisi, regional dövlətlərarası iqtisadi və siyasi əməkdaşlığın genişlənməsi və sürətlənməsi, ikincisi, dünyanın müxtəlif bölgələrində siyasi, iqtisadi və sosial kataklizmlərin baş verməsi və birində baş verən prosesin sürətlə digərinə sıçramasıdır. XXI əsrin prosesləri göstərir ki, dünyada siyasi sabitlik prosesində və sosial-iqtisadi inkişafda ən önəmli olan beynəlxalq iqtisadi inteqrasiyanı sürətlə və səmərəli, qarşılıqlı maraqlara əsasən həyata keçirməkdir. Bu inteqrasiya nəticəsində bəzi ölkələr tranzit dövlətlərə çevrilir, bəziləri müxtəlif iqtisadi birliklər yaradır, bəziləri də ərazilərində azad iqtisadi zonalar təşkil edir və s. İnteqrasiya prosesində humanitar məsələlər aktual problem kimi qarşıya çıxır. Buna görə də bu problem də dövlətləarası sazişlərlə, beynəlxalq normalarla öz həllini tələb edir. Azərbaycanın bu sahədə nümunəvi fəaliyyəti artıq dünyada etiraf edilir. Dövlətimizin beynəlxalq əməkdaşlığının durmadan artması, ölkəmizdə demək olar ki, hər gün mühüm beynəlxalq tədbirlərin keçirilməsi dövlət başçısının nə qədər real və doğru addım atdığını bir daha təsdiq edir.
Artıq Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilir. Siyasi bağlantıların getdikcə güclənməsi, ölkələrlə həyati-zəruri əlaqələrin qurulması, şaxələnməsi çox böyük bir məkanda sabitliyə təminat və inteqrasiyaya güclü təkan verir. Bu gün Avropa İttifaqı dünyanın siyasi və iqtisadi həyatında aparıcı rol oynayır və bu nüfuzu artırmaq, inkişafı dinamikləşdirmək və aktivləşdirmək istəyir. Bu məqsəd üçün isə ona geosiyasi məkanda etibarlı tərəfdaş olan ölkə lazımdır. Azərbaycan müstəqillik qazandıqdan, sərvətlərinin sahibi olduqdan sonra Avrasiya məkanında öz iqtisadi, siyasi və sosial fəaliyyəti ilə etibarlı tərəfdaş olduğunu təsdiqləyib.
Bu gün ölkəmiz şaxələndirilmiş enerji və digər nəqliyyat marşrutlarına malikdir.
Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut demişdir ki, Azərbaycan mültikulturalizmin daşyıcısıdır, Ermənistan antisemitizm səviyyəsinə görə MDB ölkələri arasında liderdir, monoetnik dövlətdir. Azərbaycanda antisemitizm faktları heç vaxt olmamışdır. Biz – İsraildə yaşayan yəhudilər Azərbaycan diasporu kimi bununla qürur duyuruq. Azərbaycan həqiqi sivilizasiyalararası dialoq nümunəsidir.
Təsadüfi deyil ki, Qarabağ uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların da övladları erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Bu, isbata ehtiyacı olmayan aksiomdur ki, onlar Azərbaycanı Vətən seçdikləri üçün onun uğrunda da döyüşmüş, şəhid olmuşlar. Bunun səbəbi isə təbii ki, xalqımızın qeyri-millətləri özündən ayırmaması, tolerantlığı, dözümlülüyü, onlara həqiqi vətən məhəbbətini bəxş etməsidir. Bu birlik hazırki beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nadir nümunə olacaq bir mesajdır. Ölkə başçısı Azərbaycanda millətlərarası və dinlərarası münasibət barədə bəhs edərkən vurğulayıb: “Bu, doğrudan da hesab edirəm ki. dünyada çox nadir hallarda rast gəlinən bir fenomendir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda nə milli, nə dini zəmində heç bir münaqişə və qaqrşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, Azərbaycanın inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafında öz töhfələrini verirlər”.
Azərbaycan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ilə həm ölkəmizdə multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzi olduğunu dünyada daha geniş tanıdılmasını təmin edəcək və həm də digər ölkələrdəki multikulturalizm modellərinə xas fəlsəfi, siyasi, və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin yüksək, dövlət səviyyəsində təqdir edilməsi ilə beynəlxalq sülhə, qarşılıqlı sosial-iqtisadi inkişafa, sivilizasiyalararası dialoqa mühüm və zəruri töhfəsini vercəkdir.
Ataş CƏBRAYILOV,
Respublika.-2014.- 25
may.- S.1.