Azərbaycan türklərinin İslamaqədərki tarixi” kitablarının təqdimatı

 

Bugünə qədər Azərbaycanın tarixinə, türk-etnogenizmə aid çoxlu kitablar yazılmışdır. Bu coğrafiyada yaranan dövlətlərin tarixi, sınırları, mədəni və sosial durumu geniş təsvir olunmuşdur. Lakin bu ölkədə yaşayan, burada dövlətlər quran, minillər boyu etnik-mədəni dəyərləri nəsildən-nəsilə ötürən insanların tarixi kölgədə qaldığından bu gün sayı 50 milyonu aşan Azəri türklərinin tarixi haqqında indiyə kimi tutarlı bir əsər yazılmamışdır. Halbuki son illərdə bu yöndə aparılan tədqiqatlar öncə bəlli olmayanya bəlli olsa da, bilərəkdən əhəmiyyət verilməyən çoxlu tarixi qaynaqlar, gərəkli bəlgələr ortaya çıxarmışdır. Prof. Dr. Firudin Ağasıoğlunun bu ölkənin möhtəşəm tarixini yaradıb onu günümüzə kimi yaşadan Azəri türklərinin tarixini bugünkü nəslə çatdırmaq amalı ilə qələmə aldığı “Azərbaycan türklərinin İslamaqədərki tarixi” kitabı (üç cilddə) bu qəbildəndir.

Prof. Dr. Firudin Ağasıoğlunun tarixi qaynaqlar, tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər əsasında apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxan üçcildlik “Azərbaycan türklərinin İslamaqədərki tarixi” kitablarının “Avropaotelinin konfrans zalındla keçirilən təqdimat mərasimini giriş sözü ilə açan Prof. Dr. Ramiz Əskər qeyd etdi ki, bu kitablarda milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Azəri türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeolojidaş bəlgələr, qayaüstü rəsmlər, yazıöncəsi işarələr, damğalar və yazının yaranması digər türk xalqlarının tarixilə əlaqəli şəkildə tədqiq olunurtürk etnosunun formalaşma tarixindən başlayaraq İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxilində gözdən keçirilir.

Tədbirdə çıxış edən akademik Vəli Əliyev, professorlar Nizami Xudiyev, Qəzənfər Paşayev, Yavuz Əli Akpınar, millət vəkilləri Adil Əliyev, Fazil Mustafa və başqaları bu kitablarda türkologiyada ilk dəfə İslamaqədər qonşu xalqlar və dövlətlərlə olan əlaqələrin verildiyini, tarixi faktlarla türklərin ilkin Atayurdunun Ön Asiya olmasının göstərildiyini xüsusi vurğuladılar.

Xatırladaq ki, bu, Atatürkün uzaqgörənliklə “Anadoluda 7 min il öncə də türklər vardı” deyiminin gerçəkliyini üzə çıxarır.

Bütövlükdə türk xalqlarının tarixini yeni konsepsiya ilə ortaya qoyan bu kitablar tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklormifologiyada azəri türkcəsinin tarixisöykökü kimi ayrı-ayrı cildlərdə verilən mövzuları əhatə edir.

Təqdimat mərasiminin yüksək səviyyədə keçməsindən razılığını ifadə edən Prof. Dr. Firudin Ağasıoğlu bildirdi ki, ən qədim dövrlərdən başlayaraq, İslamlaşma çağlarında ilk ərəb istilaları dövrünü də əhatə edən və yeni Urmi nəzəriyyəsinin elmi əsaslarını ortaya qoyan bu əsərdə Alban, Aran, Atropaten, Azərbaycan və Ərməniyə adlarının əvvəlki etimologiyalarından fərqlənən yeni açımı verilir. Bu ölkə adlarının (xoronimlərin) yeni yozumu qədim yazılı qaynaqlardakı bəlgələrin etnolinqvistik tədqiqi ilə yorumlanır.

 

Şükür ƏLİZADƏ,

Respublika.-2014.- 25 may.- S.3.